İstiqlal şairi
Ümgülsüm
Adı
istiqlalımızla qoşa çəkilən Rəsulzadələr
ocağında doğulan, aylı-ulduzlu bayrağına
tapınan, türklüyü ilə qürur duyan, sözü
qılıncdan kəsərli, özü hələ
yazılmayan şeirlərin ən gözəli,
duyğuları çiçəklərin ləçəyindən
incə şair Ümgülsüm xanım haqqındadı bu
yazı.
O, Azərbaycanda
müstəqil dövlət quran, bayraq ucaldan M.Ə.Rəsulzadənin
əmisi qızıdır. O, Müsavat Partiyasının
yaradıcılarından biri, Cümhuriyyət dövründə
Parlamentin üzvü olan Məmmədəli Rəsulzadənin
bacısıdır. O, ən çətin məqamda-NKVD-nin zəhmi
dağlar yaran zirzəmilərində belə heç kəsin
üzünə durmağı özünə
sığışdırmayan, dünyadan kişi kimi
köçən, mərdliyi ilə əbədi ömür
qazanan yazıçı Seyid Hüseynin həyat
yoldaşıdır. O, Azərbaycanın istiqlalını tərənnüm
edən, Cümhuriyyətin süqutundan sonra sovet rejiminə
etiraz eləyən, nifrətini gizləməyən, 37-ci ildə
repressiyaya uğrayan yeganə xanım şairimizdir.
Ədəb-ərkanı,
incə əl işləriylə xanımlığa, həyat
yoldaşına sədaqətiylə qadınlığa,
övladlarına olan sevgisiylə analığa şərəf
gətirən, şeirləri, hekayə və məktublarındakı
düşüncələri, misraları, sətirləriylə
heyrət və qibtə doğuran bənzərsiz, təkrarsız
bir söz adamıdır.
(Əvvəli
ötən sayımızda)
Ümgülsüm
xanım ömrünün sonuna kimi Seyid Hüseyni elə
övladlarının cizgilərində axtarıb tapacaqdı.
Çünki 1938-ci ilin 5 yanvarında yazıçı Seyid
Hüseyni ailəsindən xəbərsiz
Qum adasında güllələmişdilər...Ümgülsüm
onda hələ Bayıl həbsxanasında idi. Oğlu
Cığataya yazdığı şeirdə Seyid Hüseyndən
bir xəbər gözləyirdi...
Oxudum
şeirini, sevimli gülüm,
Göz
ağladısa da, sevindi könlüm.
Bir həsrətim
budur, üzünü görüm,
Hər nə
olur olsun, xilqət olmasın.
Deyirsən
ki, mənə özündən söylə,
Mən də
karandaşı alıram ələ.
Yazmağa
yaxşı söz gəlməyir dilə,
Nə
söyləyim? Qoy şikayət olmasın.
Siz
yaxşı olsanız, mən də yaxşıyam,
Sevinərəm
tez-tez məktublar alsam.
Pis olmaram
əgər xatircəm olsam,
Məktub
göndər, könül həsrət olmasın.
Oğlum,
can sağ olsun, hər zəhmət keçər,
Dünya
gərdişidir, bu gəlib gedər.
Təcrübədir,
insanlara dərs verər,
Ayıq
olsun adam, qəflət olmasın.
Şerinin
mənimçün qiyməti çoxdur,
Bəzi
sözün qəlbə dəyən bir oxdur.
Babadan yaz
mənə, xəbərim yoxdur,
Dərdli
könül ta narahat olmasın.
Cığatayım,
məni çox yada salma,
Dərdimə
qal, amma özün dərd alma.
Gəl-get
bu yolları, lakin saralma,
İstəmərəm,
səndə halət olmasın!
Ümgülsüm
bu şeiri yazdığı vaxt Seyid Hüseynin güllələndiyi
gündən aylar keçirdi... Amma həbsxanada günlər
keçmirdi, orda nigarançılıq, qorxu, iztirab
içində həsrətdən uzun gecələr
vardı... Oxumaq nə qədər ağır olsa belə,
kaş ki, Ümgülsüm xanım bütün
duyğularını, bütün yaşantılarını
söz-söz yazıb azadlıqda qalan doğmalarına
ötürə biləydi. Təəssüf ki, yazılar
1938-ci ilin 21 aprelində bitir. Bayıl həbsxanasından
yadigar qalan bir "Qala xatirələrim", bir də bir
neçə şeirdi. Məşhur "Vətən
ayrısı" şeiri də o vaxt
yazılmışdı...
Mən
saralıb-sollam qərib ellərdə,
Sözüm
dastan olar bütün dillərdə.
Gözüm
qaldı çiçəklərdə, güllərdə,
Gül dərmədim,
düşdüm çəmən ayrısı,
Sürgünəm,
düşkünəm, Vətən ayrısı.
Ağlaram
gözümün yaş bitincə,
Sızıldaram
əlim sizə yetincə,
Şeirlər
düzərəm incədən-incə.
Canım
candan cüda, bədən ayrısı,
Sürgünəm,
düşkünəm, Vətən ayrısı.
Könül
həsrətidir gül bənizlərin,
Lalə
yanaqların, gülər üzlərin,
Xurmayı
tellərin, ala gözlərin,
Gül dərmədim,
düşdüm çəmən ayrısı,
Sürgünəm,
düşkünəm, Vətən ayrısı.
Onda
Ümgülsüm xanım hələ Bakıdaydı, ona bu
şeiri yazdıran sürgün havasıydı. "Xalq
düşməni"nin ailəsi kimi ora düşən hər
kəsin qismətində vətən ayrısı olmaq əzabı
vardı. Ümgülsüm xanımı da "Vətən
xaini"nin həyat yoldaşı kimi 8 il azadlıqdan məhrum
edib uzaq Mordvaya, Temlaq İslah Əmək Düşərgəsinə
göndərdilər...
lll
Evdə Rəsulzadələrlə
bağlı şəkillərin arasında qara geyimli,
dağınıq saçlı, yaxasında məhbus kimi
nömrə yazılmış yaşlı bir qadının
şəkli də var. Bu, Ümgülsüm xanımın
Bayıl qalasında çəkilən şəklidi. Həmin
şəkil çəkilən vaxt isə onun cəmi 37
yaşı vardı. Ömrünün qadın kimi
çiçəklənən, bar gətirən vədəsində
üzündəki məzhun ifadə, gözlərindəki kədər
adamın ürəyini didim-didim eləyir. Gözümü
şəkildən qaçırmaq istəsəm də, gündə
neçə dəfə baxışlarımız toqquşur.
O, sanki məndən "axı niyə belə oldu, bizim nə
günahımız vardı, məni niyə əzizlərimdən,
övladlarımdan ayrı saldılar?" suallarına cavab
istəyir. "Mənim nə məhbəsdə, nə də
sürgündə nələr
yaşadığımı, necə
yaşadığımı siz heç vaxt anlaya bilməyəcəksiniz,
çünki orda sözə sığmayan, dilə gətirilməyən
dəhşətlərdən, faciələrdən allahdan və
bizim özümüzdən başqa heç kəsin xəbəri
olmadı" - deyir.
Mən
ona cavab verməkdə acizəm. Mən bu qadının şəkildən
boylanan bu ağır suallarla dolu baxışları
qarşısında özümü günahkar sayıram. Bu
baxışlar qarşısında mən öz
yaşımdan, rahat yazı masamdan belə utanıram... Onun
gözündəki kədərsə böyüdükcə
böyüyür, gecənin səssizliyinə
qarışır... Qaranlıq gecənin səssizliyində
onun pıçıltılarını aydın eşidirəm.
Dustaq həyatının həmişəki ağır iş
günündən sonra bir küncə çəkilib
övladlarına məktub yazır:
"Əzizim
Oqtay! Sənin ilk məktubunu dünən axşam aldım.
Heç bilmirəm bu sevincimi nə cür izah edim. Elə bil
ki, mən bu gün anadan oldum.
Yazırsan
ki, Rəssamlıq məktəbini bitirmisən. Bu münasibətlə
səni təbrik edirəm! Mənim əziz Oqtayım! İndi
mən özümü dünyada ən xoşbəxt ana hiss
edirəm. Düşünürəm ki, indi bütün
xoşbəxtliyim, həyatım mənə qaytarıldı.
Təəssüflənirəm ki, sən imtahanlarını
verəndə, diplom müdafiə edəndə sənin
yanında olmamışam. Eybi yoxdur. Bütün bunlar
keçib gedər. Tezliklə mən evə qayıdaram,
inşallah, hamımız bir yerdə olarıq. Sən
yaxşı elədin ki, bu il oxumağa Moskvaya getmədin. Bəlkə
mən gələn il qayıtdım, evdə oldum, onda sən
arxayın gedib oxuyarsan.
Oqtaycan! Sən
mənə tez-tez məktub yaz. Yaz ki, harda işləyirsən,
nə ilə məşğul olursan, maaşın nə qədərdir?
İndi mən səndən alacağım ikinci məktubunun və
şəklinin həsrətilə yaşayıram.
Nə
üçün məktubunda xalan və onun ailəsi barədə
yazmamısan? Onlardan mənə tez bir xəbər yaz!
Öpürəm səni! Sən məktubunda məni öpməmisən,
amma mən səni bərk-bərk öpürəm.
Anan
Ümgülsüm, mart 1939"
"Təəssüflənirəm
ki, sən imtahanlarını verəndə, diplom müdafiə
edəndə sənin yanında olmamışam..." Bu bir
cümlədə nə qədər böyük ağrı,
təəssüf, həsrət var... Övladı ilə
bağlı sevincləri yalnız uzaqdan-uzağa yaşayan, o
sevinclərin yalnız sorağını eşidən
ananın əzabları var, amma özünü
sındırmır, övladına dərd verməməkçün
yenidən görüşəcəklərinə ümidini
itirmədiyindən yazır.
Ümgülsüm
xanımın oğlu Oqtayla bir neçə
yazışması var. Bu, təkcə məhbəs həyatı
yaşayan ananın və ana həsrətiylə yol gözləyən
oğulun deyil, iki sənət adamının
yazışmaları, məktublarıdı. Bu məktubların
hər sətrində bəlkə onların fərqində belə
olmadan biri-birinə ötürdükləri nə qədər düşüncələri,
sənətlə bağlı məlumatlar var.
Onun
1940-cı ilin 15 dekabr günü Oqtaya yazdığı məktubunda
belə sətirlər var: "Böyük və əziz
oğlum Oqtay! Məktublarını aldım. Özün bilirsən
ki, nə qədər şadam...
Bir
neçə gün bundan qabaq sexdə işlərkən
kultirnitsamız Tretyakov qalereyasının 58 illik müfəssəl
tarixini oxuyurdu (bizim bütün iş zamanlarımız qəzet
və kitab mütaliəsinə qulaq asmaqla keçir). Mən
onu çox diqqətlə dinləyirdim. Çünki o, sənin
məsləkinə və sənətinə aid idi. Qulaq
asdıqca deyirdim ki, kaş indi o kişi sağ olaydı, mənim
Oqtayımın da işlərinə qiymət verəydi.
Oqtay!
Axır vaxtlar məndə rəssamlığa qarşı bir
meyl, həvəs oyanmışdır. Onsuz da burada qadınlar
məni rəssam qoymuşlar. Çünki mən
özümdən yaxşı işlər tikirəm. Məni
bir-birlərinə tanıdanda naşa xudojnitsa Sadıxova
Gülsüm deyirlər. Heç xəbərin yox, anan Potmaya
gəlib rəssamlığı ilə
tanınmışdır.
Oqtay,
burada günəşin elə türlü qürub mənzərələri
var ki, heç deyilməklə başa gələn deyil.
Günəş doğarkən və batarkən üfüqdə
elə gözəl rənglər, elə gözəlliklər
yaranır ki, adam bunlara heyran qalır. Deyirlər ki, bu, bu yerlərin
xüsusiyyətidir. Bir çox rəssamlar buradakı
tülü və qürub mənzərələrini çəkmək
üçün gəlirlər".
Tanrı
incə ruhlu şeirlər yazan, gözəl əl qabiliyyəti
olan Ümgülsüm xanımdan
bəxtdən başqa heç nəyi əsirgəməmişdi.
Ömür vəfa eləsəydi, dünyanın düz
vaxtı olsaydı,
Ümgülsüm şeirlərini bir kitabda toplayar, bəlkə
çəkdiyi rəsmlərlə də vərəqlərini
bəzəyib-süsləyərdi. Amma Ümgülsüm
xanımın təkcə şeirləri, əl işləri
deyil, adi məktubları da onun sənətkarlığından
xəbər verir. Bu məktublar sanki hansısa bir əsərdən
parça kimi oxunur. Yəqin ki, Ümgülsüm xanım
yaşasaydı, illər sonra öz xatirələri əsasında
sürgün həyatı ilə bağlı böyük əsərlər
də yazardı. Təəssüf ki, ondan qalan yalnız bu məktublar
oldu: "Bu gün 30 dərəcə şaxta var idi. Biz
işə gedirdik. Təmiz və quru hava ilə
qarşılaşan nəfəsimiz buz bağlayıb
qaşlarımıza, kirpiklərimizə qonurdu. Havanın
saflığını ləkələyəcək nə
üfüqdə duman, nə göydə bulud var. Meşənin
üstündən yüksələn istisiz mart günəşi
öz şüalarını qarlı dağlara, bacalardan
çıxan tüstülərə, qaranlıq meşələrə,
ağaran çöllərə səpirdi. Bizi əhatə edən
çılpaq təbiətin bu gözəllikləri, görkəmi
qarşısında adam bir söz söyləməmiş dura
bilmir. Mən də özüm-özümə dedim: heç
olmasa Cığatayıma bunlarısa yazım...
Bir azdan
sonra meşə ağ xalatını çıxarıb
yaşıl köynəyə bürünəcək. onda biz
xoşbəxt olacağıq! Cığatay, burada təbiət
zəngindir. Ancaq bu zənginlik həmişə
işıqlı səhərlərdən, günəşli
göylərdən ibarət olmur. Təsəvvürünə
gətir ki, 40-45 dərəcəyə enmiş bir şaxta,
çox bərk qarlı günlər də olur. Şiddətli
küləklər, çovğunlar, boranlar, aysız-ulduzsuz
gecələr də olur. Mən-sənin memən işdən
çıxıb bu "zənginliklərin" arasında
zonaya gedir. Ölümləri xatırladan qəzəbli bir
tufan yeri göyə, göyü də yerə
qatmışdır. Qardan dərələr, təpələr
əmələ gəlmişdir. Qaşlar, kirpiklər qar
dustağı kimi burunların deşiyini də
bağlayır. Nə göz açmaq, nə də nəfəs
çəkmək mümkündü. Adama elə gəlir ki,
həyatın, daha doğrusu, dünyanın son günü,
son saatıdır".
Tale ona
qarşı çox amansız oldu. Yazı masası
arxasına keçib öz duyğularını,
yaşantılarını qələmə almaq belə ona
qismət olmadı. 1937-ci il onun həyatını
darmadağın elədi, bütün doğmalarından həmişəlik
ayrı saldı... Ümgülsüm xanım hər məktubunda
Qazaxıstana sürgün edilmiş bacısı
Ümbülbanunu və uşaqlarını soruşur, onlardan
bir xəbər gözləyirdi.
1940-cı
ilin yanvarında Səyyarəyə yazdığı məktubunda
belə sətirlər var: "Səyyarə, bu dəfə
pasılka ilə bacımla mənim bir yerdə olan şəklimizi,
Oqtayla Cığatayın matros paltarında olan şəkillərini,
Qumralın balacalıq şəklini və özünüz
beşiniz bir yerdə şəklinizi yaxşı çəkib
göndərin.
Lətifədən
və uşaqlardan mənə bir xəbər yazın.
Bacıgilə yazın ki, mən onlardan bir dəfə məktub
almışam, cavabını da yazmışam, onlardan
çox nigaranam, neyçün mənə məktub
yazmırlar? Siz onlara deyin mənə yazsınlar".
Sürgündə
olan bacısı-Məhəmməd Əmin Rəsulzadənin
həyat yoldaşı kimi Qazaxıstana sürgün edilən
Ümbülbanu, oğlu Azər imkan düşdükcə
Ümgülsümə yazırdı, elə Ümgülsümün
öz övladları da xalasıgildən ara-sıra
aldıqları məlumatları ona ötürürdülər,
amma bu məktublar ömürlük ayrı salınmış
bacıların həsrətini ovutmağa yetərli
deyildi.
1939-cu
ilin noyabrında Səyyarə Ümgülsümə məktubunda
yazmışdı: "Anam, Azərdən aldığımız
məktuba görə Azər bir naxçıvanlı
qızla evlənmişdir. Onların işi
yaxşıdır. Onlar işləyirlər. Musagil də
yaxşıdır. Onlar da işləyir".
Səyyarənin
naxçıvanlı qız dediyi - Naxçıvanda məşhur
olan Məşədi Böyük Ağanın nəvəsi
Şölə xanım idi. Atası Rəhim ağa Sultanov
sovet hakimiyyətini qəbul etmədiyindən bolşeviklərə
qarşı vuruşub dağlara çəkilmiş, daha sonra
Türkiyəyə mühacirət etmişdi. 1937-ci ildə
onun ailəsini-həyat yoldaşı Hümay xanımı
övladları ilə bərabər kulak adıyla
Qazaxıstana sürgünə göndərmişdilər. Azər
də Şölə xanımı orda görüb
sevmişdi...
Ümgülsüm xanıma bacısının bəy nəslindən olan əsilzadə gəlinini görmək nəsib olmadı. Şölə xanım çox gənc yaşlarında, iki övladı doğulduqdan sonra dünyasını dəyişdi, Rəsulzadələr ailəsinin sürgün həyatı yaşayan bütün üzvləri kimi məzarı belə qalmadı. Özü sürgündə neçə xəstəlik tapan, əlil olan Ümgülsüm xanımın onun sonrakı taleyindən, əlbəttə ki, xəbəri olmadı...
(Ardı var)
Nəcibə
BAĞIRZADƏ
525-ci qəzet.- 2018.- 5 iyul.- S.6.