İstiqlal şairi Ümgülsüm

 

Adı istiqlalımızla qoşa çəkilən Rəsulzadələr ocağında doğulan, aylı-ulduzlu bayrağına tapınan, türklüyü ilə qürur duyan, sözü qılıncdan kəsərli, özü hələ yazılmayan şeirlərin ən gözəli, duyğuları çiçəklərin ləçəyindən incə şair Ümgülsüm xanım haqqındadı bu yazı.

O, Azərbaycanda müstəqil dövlət quran, bayraq ucaldan M.Ə.Rəsulzadənin əmisi qızıdır. O, Müsavat Partiyasının yaradıcılarından biri, Cümhuriyyət dövründə Parlamentin üzvü olan Məmmədəli Rəsulzadənin bacısıdır. O, ən çətin məqamda-NKVD-nin zəhmi dağlar yaran zirzəmilərində belə heç kəsin üzünə durmağı özünə sığışdırmayan, dünyadan kişi kimi köçən, mərdliyi ilə əbədi ömür qazanan yazıçı Seyid Hüseynin həyat yoldaşıdır. O, Azərbaycanın istiqlalını tərənnüm edən, Cümhuriyyətin süqutundan sonra sovet rejiminə etiraz eləyən, nifrətini gizləməyən, 37-ci ildə repressiyaya uğrayan yeganə xanım şairimizdir.

Ədəb-ərkanı, incə əl işləriylə xanımlığa, həyat yoldaşına sədaqətiylə qadınlığa, övladlarına olan sevgisiylə analığa şərəf gətirən, şeirləri, hekayə və məktublarındakı düşüncələri, misraları, sətirləriylə heyrət və qibtə doğuran bənzərsiz, təkrarsız bir söz adamıdır.

 

(Əvvəli ötən sayımızda)

           

1941-ci ilin dekabrında Oqtay anasına yenidən xalası Ümbülbanunun ailəsi haqqında məlumat verirdi: "Dünən Azərdən məktub gəlmişdi. Ordakılar hamısı salamatdır. Sənin adresini bilmədikləri və özləri bir qədər başqa yerə köçdükləri üçün məktub yaza bilmirlər".

Amma bir-birinə deyiləcək o qədər sözləri vardı ki, bəlkə sürgündən qayıtmaq, bir yerdə oturub dərdləşmək imkanları olsaydı, yaşananları anlatmaq üçün onlara bir ömür belə bəs eləməzdi. 1943-cü ilin martında Oqtay anasına yazdığı məktubunda  yenidən Azər haqqında məlumat verir: "Azərin dəqiq ünvanını bilmirəm. Təkcə onu bilirəm ki, indi o, Alma-Ata şəhərində yaşayır və şəkər zavodunda işləyir. Onun oğlu dünyaya gəlib, uşağa deyəsən "Sahib", ya buna bənzər bir ad qoyublar. Qalanlar da hamısı sağ və salamatdı. Amma indi heç kəs əvvəlki ünvanda yaşamır".

 

Ümgülsüm bacısı və onun ailəsi haqqında uzaq Mordvaya gedib çıxan bu qıt xəbərlərlə belə təskinlik tapırdı. Çünki həyatındakı yeganə təsəllisi övladlarından aldığı məktublar idi. O məktubların sətirlərində iynə ulduzu boyda bir işıq vardı... Çünki sürgündə olsalar belə, bir-birindən ayrı düşsələr belə, hələ ki, hamısı sağ-salamat idi. Hərçənd ki, Ümgülsümün həyat yoldaşı Seyid Hüseyn və Ümbülbanunun oğlu Rəsul  çoxdan güllələnmişdi. Bacılar bu ölümlərdən xəbərsizdilər, onları üzən nigarançılıqdı. Günlərin birində həqiqətin üzə çıxacağına, bütün doğmaların qayıdacağına, bir yerə toplaşacağına inamını itirməyən Ümgülsüm Moskvaya - Stalinə, Beriyaya əfv olunması üçün məktublar yazırdı.

 

"Əziz İosif Vissarionoviç!

 

Səkkiz aydır ki, mən göz yaşı tökürəm. Sizdən gözü yaşlı xahiş edib yalvarıram ki, mənə və uşaqlarıma rəhm edəsiniz, məni onların yanına qaytarasınız. Mənə onları böyütməyə, tərbiyə etməyə imkan verəsiniz.

 

Sadıxova Ümgülsüm

 

15 iyul 1938"

 

 Bu məktubu yazanda Seyid Hüseyn artıq güllələnmişdi. Ümgülsüm faktiki olaraq ailənin yeganə ümid yeriydi, övladlarının yeganə valideyni idi. "Yuxarılar"da bunu çox yaxşı bilirdilər. Amma rejimin qəddarlığı sərhəd tanımırdı... Doğrudur, o vaxt Sovetlər Birliyində göz yaşı içində, övladlarından ayrı yaşamağa məcbur edilmiş minlərlə qadınlar vardı. Amma Ümgülsüm sıradan biri deyildi. O, Azərbaycanda dövlət quran Məhəmməd Əmin Rəsulzadənin əmisi qızı, məşhur olan yazıçı Seyid Hüseynin xanımı idi, özü də yazı adamı, qələm əhli, şairdi. Yəqin ki, Kremldə Azərbaycandan gələn bu məktubun fərqinə varanlar olmuşdu. Amma Stalin türk dünyasını bir-birindən ayrı saldığı üçün, üçrəngli bayrağı endirdiyi üçün ona və sovet rejiminə nifrət eləyən bu qadın şairdən  qisasını öz sükutuyla aldı...

Bir müddət sonra Ümgülsüm "Ellər atası"na növbəti məktubunu göndərdi.

 

"Əziz İosif Vissarionoviç!

 

İkinci dəfədir ki, mən öz dərdimi sizinlə bölüşürəm və ümid edirəm ki, Siz mənə rəhm edərsiniz. Mən, Ümgülsüm Əbdüləziz qızı Sadıqova Azərbaycan yazıçısı Seyid Hüseyn Sadıqovun həyat yoldaşı kimi 8 il müddətinə azadlıqdan məhrum edilmişəm. Altı ay Bayıl həbsxanasında qaldıqdan sonra Temlaqa göndərilmişəm. Mənim evdə dörd uşağım qalmışdır. Onlardan böyüyünün 17, kiçiyinin 8 yaşı var.

Əziz dahi rəhbərimiz! Uşaqlarla ayrılığın necə dəhşətli və ağır olduğunu Siz də bilərsiz. Mənim heç bir günahım yoxdur. Bir Azərbaycan atalar sözü var: "Ətlə dırnağı ayırmaq olar, ancaq ana ilə övladı yox...

 

"Mən hər cür fiziki ağrıya dözərəm, ancaq uşaqlarımla ayrılığa yox...

 

Siz bizə doğmasız. Bizi Siz cəzalandırmısız, Siz də bağışlaya bilərsiz..." 

Bu məktubda diqqətimi ən çox çəkən bir cümlə oldu: "Mən hər cür fiziki ağrıya dözərəm, amma uşaqlarımla ayrılığa yox..." Bu cümlədə sanki həm də Stalinə gizli bir meydan oxumaq var. Sanki Ümgülsüm "mən heç vaxt sənin kimi cəlladın qarşısında əyilməzdim, sənə yazmazdım, bunu yalnız uşaqlarıma görə edirəm" deyir.

Stalinin illərlə ev dustağı elədiyi, həyat yoldaşını, oğlunu həbsə atdırdığı Anna Axmatovanın "dahi rəhbərə" onları əfv etmək üçün yazdığı məktubları xatırlayıram:

 

"Çox hörmətli İosif Vissarionoviç!

 

Sizin ölkənin mədəni cameəsinə, xüsusən də yazıçılara diqqətli münasibətinizi bildiyimdən Sizə bu məktubla müraciət etməyə cəsarət edirəm.

Oktyabrın 23-də Leninqradda NKVD tərəfindən mənim həyat yoldaşım Nikolay Nikolayeviç Punin (Rəssamlıq Akademiyasının professoru) və mənim oğlum Lev Nikolayeviç Qumilyov (LDU tələbəsi) həbs ediliblər.

Iosif Vissarionoviç, mən bilmirəm onları nədə günahlandırırlar, amma Sizə həqiqi sözümdür, onlar nə faşist, nə xəfiyyə, nə də əksinqilabi cəmiyyətin üzvüdürlər.

Xahiş edirəm, İosif Vissarionoviç, mənim həyat yoldaşımı və oğlumu qaytarın, inanıram ki, heç kəs buna görə heç vaxt təəssüflənməyəcək.

 

Axmatova 1 noyabr 1935"

 

Axmatova məktubunu hətta rəsmi qaydada deyil, öz xəttiylə yazıb göndərmiş, Stalin də onun xahişini yerinə yetirmişdi. Amma ikinci dəfə rus poeziyasının gümüş dövrünün şahzadəsi Axmatovanın məktubu da cavabsız qalmışdı. Yəqin ki, bunun iki səbəbi vardı. Birincisi, Stalin insan kimi olduqca sərt, amansız və qəddar olduğundan bağışlamağı bacarmırdı. İkinci səbəb isə onun rejimi sarsıda biləcək ən kiçik maneələrdən qorxusuyla bağlıydı. Rusiyada Axmatova, Azərbaycanda isə Ümgülsüm kiçik maneələr deyildi. Onlar söz adamıydı və azadlıqda qaldıqca düşüncə, fikir formalaşdıra biləcək böyük qüvvə idilər. Demək ki, dünyanı lərzəyə salan sovet rejiminin başında dayanan diktator bu zərif qadınların sözü, poeziyası qarşısında mənən məğlub idi və bu məğlubiyyətin hayıfını onları ev dustağı eləməklə, doğmalarından ayrı salmaqla, sürgünə göndərməklə çıxırdı.

Axmatova bu təlatümlər içində uzun bir ömür yaşadı, amma Ümgülsüm xanım 44 yaşında həyatla vidalaşdı. Amma adamı onun ölümü qədər sağlığında çəkdiyi mənəvi əzablar da ağrıdır. 1941-ci ilin fevralında Ümgülsüm uşaqları ilə görüş almaq xahişi ilə Temlaqın 4 nömrəli düşərgə rəisinə ərizə yazmışdı: "Xahiş edirəm 14 yaşlı oğlum Toğrula, 11 yaşlı qızım Qumrala və onların qəyyumu 23 yaşlı Rzayeva Səyyarəyə mənimlə görüşməyə icazə verəsiniz. Onlar Bakı şəhərində Qəsr döngəsi, 74 nömrəli evdə yaşayırlar. Mən 1938-ci ilin may ayından düşərgədəyəm. Hələ bir dəfə də olsa, görüş almamışam. 2 nömrəli briqadada işləyirəm".

Bu görüş də baş tutmadı, Ümgülsüm uşaqlarının həsrətiylə yanıb-yanıb kül oldu. Övladlarına göndərdiyi məktublarında hər gecə onları yuxusunda gördüyündən yazırdı, amma bu yuxular heç cür çin olmurdu. 

1943-cü ilin noyabrında Səyyarəyə yazdığı məktubların birində belə sətirlər var: "Onu bilirəm ki, mən vaxtım qurtaranadək burada qalmayacağam. Əlilləri tez buraxırlar... Əlil olduğum üçün artıq məni gecə növbəsindən azad ediblər".

Sürgün həyatının ağırlığına dözmədiyindən gözünün nurunu, sağlamlığını itirib əlil olanda onun cəmi 43 yaşı vardı!.. O isə övladları ilə görüşünü tezləşdirdiyi üçün hətta əlilliyi ilə də barışmışdı. 1944-cü ilin aprelində onu azad etmək haqqında qərar verildi. Ümgülsüm xanım Bakıya iyun ayında gəlib çıxdı. Əslində, bu, onun vətənə yaşamaq yox, ölməkçün qayıdışı idi. Ona Bakıda yaşamağa icazə verilmədiyindən Ümgülsüm xanım qızı Qumralla birgə Şamaxıya köçdü. Bu, onun Bakıdan son gedişi idi... Sürgündə tapdığı xəstəliklərin əlində aciz qalan Ümgülsüm xanım növbəti ağrının məngənəsindən çıxa bilmədi. Onu Şamaxıda, məşhur Şah Xəndan məzarlığında torpağa tapşırdılar. Ölümündən uzun illər keçəndən sonra Ümgülsüm xanıma "bəraət" də verdilər.

 

ARAYIŞ

 

Sadıxova Ümgülsüm Əbdüləziz qızı, 1900-cü ildə Bakı şəhərində anadan olmuşdur. İbtidai təhsilli, evdar qadın.

Ailə tərkibi aşağıdakılardan ibarət olmuşdur:

Həyat yoldaşı: Sadıxov Seyid Hüseyn Mirkazım oğlu (SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının Səyyar Sessiyası tərəfindən əks-inqilabi millətçilik fəaaliyyətinə görə güllələnməyə məhkum edilmişdir) Oğlanları-Oqtay-1921, Cığatay-1923, Toğrul-1926, qızı-Qumral-1929

Sadıxova Ümgülsüm SSRİ  MİK 04.07.1934-cü il qərarına əsaslanaraq 10 noyabr 1937-ci ildə tutulmuşdur. SSRİ XDİK Xüsusi İclasının 9 aprel 1938-ci il qərarına əsasən Sadıxova Ümgülsüm Əbdüləziz qızı vətən xaininin ailə üzvü kimi Az.SSR CM.72,73 maddələri ilə təqsirli bilinərək cəzasını İslah Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Az.SSR Prokurorluğunun 14 mart 1990-cı il rəyinə əsasən Sadıxova Ümgülsüm Əbdüləziz qızına bəraət verilmişdir.

Görən Ümgülsüm xanım necə, Seyid Hüseyni min bir işgəncədən sonra Qum adasında güllələyənləri, onu günahsız yerə həbs edib sürgünə göndərənləri, övladlarından ayrı salanları bağışladımı?..

Hər payız Ümgülsüm xanımın ölümü bir yaş da qocalır. Özü isə elə o vaxtkı kimi cavan-44 yaşında qalır. O, hər bahar yenidən doğulur. 28 May gününün Günəşinə, işığına Ümgülsüm xanımın təbəssümü çilənir. Bir kərə yüksələn bayrağımızın ucalığına Ümgülsüm xanımın məğrurluğu qarışır. O, illərlə həsrətində olduğu, ona həyatı bahasına başa gələn bu şərəfli günün sevincini bizimlə birgə yaşayır. Biz Cümhuriyyətin 100 illiyi ərəfəsində ən çox xatırlanmağa haqqı olan, istiqlal sevgisiylə yaşayan yeganə xanım şairimizi görməzdən gəlsək də... Haqqı olan bir heykəli, bir büstü demirəm, 37-ci ildən "bağlı" qalan qapılarına bir xatirə lövhəsini belə çox görsək də... Bütün Rəsulzadələr kimi Ümgülsüm xanımın çiləsi də çox çəkər oldu... Amma bilirəm ki, bu düyün də çözüləcək. Ümgülsüm xanım ədəbiyyat tariximizdə də, könlümüzdə də təkcə İstiqlal şairi kimi deyil, istiqlal sevgisinin özü kimi əbədi yaşayacaq.

 

Son söz əvəzi

 

Sənədlər, məktublar vərəqləndi, xatirələr çözələndi. İndi məni onun özüylə-istiqlal şairimiz Ümgülsüm xanımla görüş gözləyir...

Yağmurlu bir yaz günüdü. Yağışın yağmasına rəğmən Şamaxıya doğru yol alıram. Buludlar qəlbimdən keçənlərin ən yaxşı tərcümanıdı...

Nəvəsi Gülər xanımın nişan verdiyi ünvana gedirəm. Vaxtilə Şamaxıya  gəlişində Ümgülsüm xanıma, sonradan məzarının tapılmasında övladlarına köməklik göstərən ailənin qapısını döyürəm.  Şamaxıda yaşanan bir neçə ayda Qumral xanımla dost olan Hənifə xanımın evidi bura. İndi bu evdə oğlu Vüqar öz ailəsiylə yaşayır. Qısa, amma çox mehriban bir tanışlıqdan sonra Vüqar bəydən mənə Ümgülsüm xanımın məzarını göstərməyi xahiş edirəm. O an evin gəlini Arzu xanım məni olduqca təsirləndirən bir hadisəni danışır: "O vaxt məzar tapılandan sonra övladları  onu Bakıya köçürmək istəyirdilər. Yuxuda gördüm ki, ağ geyimli arıq, hündür boylu bir oğlan mənə deyir: Anamın məzarını heç yerə aparmayın. Dedim ki, sən kimsən ki? Dedi-Cığatay. Mən zəng vurub bu yuxunu Qumral xanıma danışdım. Məzarı Bakıya köçürmək fikrindən daşındılar. Sonra Oqtay müəllim onu düzəltdirdi".

Demək ki, Cığatayın ruhu da bu dünyada sözə sığmayacaq qədər incidilmiş anasının heç olmasa məzarda rahatlığını qorumağa çalışıb. Belə övladlar böyütmüşdü Ümgülsüm xanım... Bu ağır düşüncələr, bir də aramsız ağlayan buludlarla birgə məzarlığa yollanırıq. Bu da nə övladlarından, nə vətənindən  doyan Ümgülsüm xanımın əbədi uyğuya daldığı həmin məzar. Sadə baş daşı üzərində "Ümgülsüm Əbdüləziz qızı Sadıqzadə (Rəsulzadə) 1900-1944 yazılıb. Sinə daşındakı yazını oxuyuram:

 

"Mən saralıb soldum

         qərib el lərdə.

Sözüm dastan oldu

          bütün dillərdə.

Gözüm qaldı çiçəklərdə,

          güllərdə.

Gül dərmədim düşdüm

         çəmən ayrısı,

sürgünəm düşkünəm

         vətən ayrısı

                    Ümgülsüm"

 

Yaxşı ki, yağış yağır... Gözümdən axan sellər yağan yağışa qarışır. Bu yaşımda heç kəsin mənim belə ağladığımı görməyini istəməzdim. Yüngülcə baş daşına toxunuram, gəldim, Ümgülsüm xanım, deyirəm. Gətirdiyim bu çiçəklər solana qədər məzarınızı öpüb oxşayacaq. Amma sizin yazdıqlarınız heç vaxt saralıb solmayacaq. Sizin qəmli həyat hekayəniz də, məğrur istiqlal sevginiz də dillərdə dastan olub əbədi yaşayacaq...

Onu bu yağmurların ümidinə qoyub Bakıya qayıtdığım üçün özümü qınayıram. Amma Ümgülsümün vətən sevgisini, istiqlal sevgisini bizdən sonra gələnlərə də ötürmək üçün mən qayıtmalıyam. Vüqar bəyə minnətdarlıq eləyib ayrılırıq...        

Yol boyu Bakının azad edilməsi uğrunda şəhid olan türk əsgərlərinin məzarlarını ziyarət eləyirəm. Türklüyü ilə qürur duyan Ümgülsüm xanım da belə eləyərdi, bilirəm... Onu da düşünürəm ki, Cümhuriyyətin 100 illiyinə sanılı günlər qalıb. İstiqlal poeziyamızın yeganə zərif nümayəndəsi olan Ümgülsüm xanımın xatirəsini əbədiləşdirmək üçün Bakıda və Şamaxıda yaşadığı evlərin qapısına bir xatirə lövhəsi vurulsa, adına bir küçə verilsə, büstü qoyulsa, şeirləri çap olunsa, istiqlalının 100 illiyini bayram eləyən bu məmləkətdə gözün aydın, Ümgülsüm xanım, sən daha vətən ayrısı deyil, ürəyimizdə olduğun kimi, vətənin də bir parçasısan, deyə bilərdik...

 

Nəcibə BAĞIRZADƏ

Bakı-Şamaxı, 2018

525-ci qəzet.-2018.- 6 iyul.- S.6.