Azərbaycan prezidenti 2018-ci ili Azərbaycan Xalq Cümhuriyyəti İli elan etmişdir

 

Müsəlman Şərqində ilk demokratik respublikanın elan edilməsinin 100 ilinin 23 ayı müstəqillik, 71 ili istila-fasilə dövrüdür. Vətəni tərk edib mühacirət həyatı yaşayan mücahidlər müstəqilliyin yenidən qələbəsi uğrunda mübarizələrini qətiyyətlə davam etdirmişlər. Mühacirət mətbuatı bu, istila-fasilə dövrünün canlı salnaməsidir. Nəzərdən keçirək.

 

Şirməmməd HÜSEYNOV

 

 

 

 

ZƏRDABLI MƏLİKZADƏ HƏSƏN BƏY

 

 Azərbaycan mətbuatının, yalnız Azərbaycan degil, çarlıq əsarəti altında qalan bütün türk dünyasının ilk qəzetəçisi Həsən bəy türklügə hizməti toxunmuş pək dəyərli zatlardan (şəxslərdən) birisidir.

Mərhum 1841-də Bakı vilayətində vaqe Zərdab qəsəbəsində doğulmuşdur. Edadi (orta) təhsilini tamam edərək 1869-da Rusiyada ali təhsilini bitirmiş Bakıya övdət etmişdi. İxtisası ülumi-təbiyyə və bilxassə (ağronomi) ziraət fənni idi. Bakı edadilərində (orta məktəblərində) ülumi-təbiyyə təliminə təyin olunmuşdu.

Edadi və ali təhsili rusca keçən Həsən Bəy yetişdigi ailənin o zamankı ənənəsinə tabeən bir miqdar islami tərbiyə aldığından türkcə oxumaq və yazmaq imkanında idi.

Azərbaycan türkləri arasında milli intibah və mədəni hərəkata saiq olan (qoşulan) ilk böyük sima türk tamaşanəvisi Mirzə Fətəli Axundzadə idi. Mirzə Fətəli ənənəsinin doğurduğu 2-ci böyük şəxsiyyət Həsən Bəydir.

Həsən Bəy böyük ədibin teatroya aid əsərlərini səhnəyə vəz etmək işini ümumiləşdirmək təşəbbüsü ilə millətə hizmət meydanına girmiş, sonra qonşu erməniləri təqlid ilə cəmiyyəti-xeyriyyə təsis etmək istəmişsə də müvəffəq olamamış, nəhayət “Əkinçi” qəzetəsinin təsisinə qərar vermişdir.

Həsən Bəy rəsmi vilayət mətbəəsində təsis edəcəgi qəzetənin təbini təmin eyləmiş, türkcə hərflər cəlbi üçün kəndisi bizzat İstanbula qədər gəlmişdi. Həsən Bəy vilayət mətbəəsində çalışan əcnəbi bir mürəttibi ərəb hərflərinin tərtibi ilə aşina edərək və kəndisi bizzat tərtib işinə yardım etmək surətilə “Əkinçi”yi çıxarmağa başlamışdır.

Bu qəzetə millət arasında elm və ürfan toxumlarını saçmaq etibarilə məcazən bir əkinçi olduğu kibi, naşirinin ixtisasından bilistifadə haiz olduğu mündəricat etibarı ilə həqiqətən də əkinçi idi.

 

Həsən Bəy nə kibi saiqələrlə (səbəblərlə) bu qəzetəyi təsis etdigi və hansı yüksək həyəcanlarla bu qədər maneələr önünə keçdigi baş məqaləmizdə təsbit edildigindən burada ondan bəhs etmiyoruz.

Həsən Bəyin Azərbaycan xalqına etdigi hizmət yalnız qəzetəçilik ilə tamam degildir. O Bakı türklərinin milli işlərində daima fəal bir rolda bulunmuş, ömrünün son dəmlərinə qədər Bakı bələdiyyəsində əza (üzv) olmuşdur. Çar dövründə bələdiyyələr xalq idarəsinə məxsus yeganə bir müəssisə idi. Pək məhdud səlahiyyət və hüquqa malik olsalar da, bələdiyyə məclisləri bir növü məhəlli parlaman hökmündə idilər. “Bakı parlaman”da mühüm bir türk mərkəzi olmasına rəğmən müsəlman əzanın miqdarı qanunən məhdud idi. Bu məhdud əzanın dəxi əksəriyyətlə rusca bilməyən və cəmiyyət işlərindən anlamayan xudayinabit Hacı və Kərbelayilərdən ibarət olduğu üçün Həsən Bəy kibi münəvvərlərin vəzifəsi pək mühüm və məsuliyyətli idi. Bu məsuliyyətli “lider”lik rolunu Həsən Bəy üçün müddət icra eyləmiş Topçubaşi oğlu Əli Mərdan və Ağa oğlu Əhməd Bəylər kibi cəmaət adamları yetişəncəyə qədər Həsən Bəy Azərbaycan Türklügünü təmsil edən yeganə mücahid olmuşdur.

Bundan maəda (başqa), rusca nəşr edilən “Kaspi” qəzetəsində dəxi Azərbaycan türklərinin hüququnu müdafiəyə aid pək çox nəşriyyatda bulunmuş, 1905-dən etibarən Bakıda intişara başlayan türkcə “Həyat” qəzetəsində ziraətə aid pək mühüm məqalələr nəşr eyləmişdir. Qəzetə məqalələrindən başqa Həsən Bəyin ziraətə aid sadə bir ifadə ilə yazılmış bir çox risalələri (kitabçaları) də nəşr edilmişdir.

 

 

Həsən Bəyin Azərbaycan intibah tarixində 2-ci mühüm sima olduğunu söylədik. İlk mücahid (Mirzə Fətəli) olurkən xitab etdigi mühitin laqaydisi içində tərki-həyat eyləmiş, hətta cahil mütəəsiblərin düşmənanə təzahürlərinə belə məruz qalmışdı. Həsən Bəy ondan daha məsud çıxdı. 1907-də vüqu bulan irtihalı (köçməni), milli intibah tarixində əmsalı nadir görülən möhtəşəm bir nümayiş halını aldı. İlk qəzetəçinin tərhimi-xatiri üçün Bakıda çıxan türkcə qəzetələr məqalələr dərc eyləmiş, ilk səhifələrini qara çərçivəli matəm elanları ilə doldurmuşlardı. O günü şəhərin türk hissəsi matəmə girmiş, bazar, bütün günü qapalı qalmışdır.

Hacı Qasım Bəy Camii havlusunda (ətrafında) milli alayı xatırlıyoruz. Müxtəlif cəmiyyətlər, müəssisələr və heyətlər naminə mütəəddid natiqlər söylüyor. Böyük tabuta qarşı son vəzifələrini ifa ediyorlardı. Bunlar miyanında müxtəlif qəzetələr naminə söz söyləyən üç mühərrir vardı.

Mürşid bir pir üçün bundan daha böyük müzahiriyyət olamaz. Fəqət Həsən Bəyin məzahiriyyəti yalnız bu qədərlə qalmaz, onun əziz xatirəsi, qızıl çizmələr altında çeynənən zavallı vətəndəkilərə milli ideal zövqünü yaşamaq fürsətini bəxş etdigi kibi, bizim kibi vətəncüda qəlbləri dəxi vüsal və istiqlal ümid və imanı ilə doldurur!

 

(Əvvəli ötən şənbə sayımızda)

(Redaksiya məqaləsi)

 

“Yeni Qafqasiya”

1 mart 1926, ¹9

 

 

 

AZƏRİ MƏTBUATININ ŞANLI XATİRƏSİ

 

 

Yarım əsirlik bir xatirə. Azərbaycan mətbuatının, çox müşküllər və maneələrə rəğmən keçdigi çətin bir yol!

Bundan 50 il əvvəl təsis etdigi “Əkinçi” qəzetəsinin milli tariximizdəki ənfisi (böyük) qiymətini təqdir edə bilmək üçün mətbuatın xalq həyatındakı afaqi (vacib) rolunu təsbit edəlim.

Qullandığımız 2 kəlmə vardır: milliyyət və millət. Bunlardan birincisi lisani, dini, irqi, qövmi, tarixi, coğrafi, iqtisadi və siyasi amillərin təsiri ilə hüsula gələn etnik bir mühiti ifadə etdigi halda, digəri bu mühitdə hüsula gələn məşəri (xəlqi) bir iradəyi ifadə edər.

 Mazinin məruf tərifinə görə “ərazinin, mənşəin, əxlaq və adətin və lisanın birligindən dolayı həyatında və ictimai vicdanında müvafiqət (uyğunluq) və iştirak husulə gəlmiş bir cəmiyyəti-bəşəriyyədir”.

Durkheim nəzəriyyəsi isə “etnik saiqlər (səbəblər) və yaxud sadə tarixi səbəblərlə eyni qanunlar altında yaşamaq və vahid bir dövlət təşkil etmək istəyən insan qrupuna millət deyilir”.

Durkheim, bu tərifini vaqeələrlə təyid edərkən “israrla təyid olunursa, bu məşəri iradənin, tətmin olunmaq haqqına malik olduğu və bunun dövlət qurmağa yeganə bir zəmin təşkil etdigi, şimdiki mədəni millətlər əndində artıq bir ümdə prinsipi halına gəlmişdir” diyor.

Bu iki tərif arasındakı ifadə fərqinə diqqət etmək lazım: Birincisində millət ünsürü və tarixi bir vaqeədir. İkincisində isə millət ictimai və iradi bir hadisədir. Ötəkində millətin təşəkkül seyri tərif olunuyor, bərikində millət bir “ümdə” şəklində ifadə edilmişdir. O rüşeymdir, bu çocuqdur. O ağacdır, bu meyvədir. O, müvəlliddir (doğurandır), bu vələddir. O, milliyyətdir, bu millətdir.

Lisanı, adəti, tarixi, dini, vətəni və sairəsi bir olan insanlar bir milliyyət təşkil edərlər, fəqət bir milliyyətin millət halına keçməsi ümumi şüur və məşəri iradəsinin təsisinə bağlıdır. Bu isə yalnız “ictimai hafizə” vəzifəsini görən orqanın (üzvün) təşəkkülü ilə vücud bulur. Bu orqan müxtəlif zamanlara görə dəgişir. Orta əsrlərdə bu vəzifəyi feodal zümrə görüyor, millətin ictimai həyat və ənənələrini qeyd və zəbt edən “hafizə” Xan sarayları ilə Sövalye qalalarından ibarət olub qalıyordu. Zaman dəyişdikcə bittəbii bu orqan da dəyişdi.

Burjuazinin zühuru ilə feodal sistem dağıldı. Mənəviyyat mərkəzi “qala”lardan şəhərlərə keçdi. Şəhərlərdə yetişən münəvvər zümrə millətin şüurunu ərbiyə və iradəsini təmsil edən bir sinif halına gəldi. Bu sinfin ən böyük aləti mətbuatdır.

Qonuşduğu lisanda, ilk qəzetəyə malik olan cəmiyyət, bir milliyyət ikən, millət olmağa başlamış deməkdir. Həyatında mətbuat ənənəsinə malik bulunan bir xalq isə artıq təəssüs etmiş bir millətdir.

Türkcə qəzetənin 50-ci təsis sənəsini qeyd edən Azərbaycan türkü, milli şüurunun doğmasında ən böyük rol oynamış bir amili qeyd ediyor!

Milli şüur, bir milliyyət içərisindən çıxan rəhbər zümrənin digər zümrə və fərdlər ilə daimi və üzvü bir münasibət və ixtilat təmin etməsilə doğar. Qəzetələrin bu xüsusdakı rolu aşikardır. Kəndi tərcümeyi-halına aid yazdığı sətirlərdə “Əkinçi” qəzetəsi təsisinin səbəblərini izah edərkən, qoca Həsən bəy hiss və idrakı ilə işə girişdigini isbat ediyor. İbtida cəmiyyəti-xeyriyyə təsisinə təşəbbüs edərək ədəmi-müvəffəqiyyətə uğrayan, sonra “teatro otağı” boş qaldığını görən fədakar müəssis “bu dünyada elmsiz dolanmağın mümkün olmadığını” nəzərə almış, “nə qayırmalı?” deyə düşünmüş “çağırıyoram gəlmiyor, göstəriyoram görmüyor, diyoram eşitmiyorlar” deyə, kədər etmiş. Nəhayət, “onları haraylayıb çağırmaqdan” başqa bir çarə olmadığına qənaət gətirmiş bu çarəyi dəxi “qəzetə çıxarmaqda” görmüşdür. “Olmaz ki, onun sözünü eşidən və qanan (anlayan) olmasın!”... Çünki “kağız üstünə yazılmış doğru sözlər qapı, pəncərələrdən keçər, o iman mənzillərinə çatar (yetişər). Çünki “doğru söz yerdə qalmaz, oxuyanlardan əllidə birisi oxuduğunu qansa (anlasa) onların qədəri (sayı) ilbəil artar....”

Bu məqsədlə girişdigi böyük işdən nələr bəklədigini, Azərilərin ilk qəzetəçisi, münəvvər təbəqəyə xitabən nəşr etdigi bir məqalədə “Əkinçi”də böylə anlatıyordu:

“İstiyorsunuzmu türk milləti yaşasın? Qabağa getsin? Elmi və mərifəti olsun?” Mədəniyyəti olsun? Ona dil verin. Türklər öz dillərini itiribdir. Sizin sözünüzü onlar anlamıyorlar. Onların dilini tapın verin onlar yaşasın, qabağa getsin”!

“Ədəbi lisanın xalq dilinə yaxınlaşması əsri millət məfkurəsinin ən böyük ünsürünü təşkil edər. Azərbaycanın xanlıqlar dövründən qalma klassik şeir və ədəbiyyat mühitinin inhitata (tənəzzülə) uğramış bir dövründə gələn “Əkinçi”nin, türk dili davası ilə meydana atılması bu təşəbbüsün nə dərəcədə milli olduğunu parlaq surətdə göstərir.

“Əkinçi”nin zühuru yalnız milli degil, eyni zamanda demokratik bir hadisə idi. Xanlıqlar dövrünün şairləri kibi o, saraylara və saray ətrafında toplanan mümtaz zövq ərbabına degil, bütün xalqa xitab ediyordu, məhəlli bir qərəz degil, milli bir məqsəd güdüyordu. Xalqı işıqlandırmaq, onun ən böyük məqsədi idi.

Xalqı işıqlandırmaq! Bundan 50 sənə əvvəl ortaya atılan bu şüarın nə kibi işıq keçirməz qaranlıq bir mühid içərisində parlamış bir nur olduğunu təsəvvür etmək mümkündür. Bu zülmətin kəsafəti haqqında bir fikir vermək üçün tariximizə təəllüq edən vəsiqələrdən uzaq bulunmaq kibi əlim bir zərurət içərisində bulun-masaydıq, bu nura qarşı, gözləri qaranlığa alışqan bulunan o məhud (qorxudulmuş) şairin tarixi həcvini buraya nəql edər. “Əkinçi”yi təqdir edən məşhur Azəri şairi Seyyid Əzim Şirvaninin bu zülmət məfkurəçisinə verdigi parlaq cavabı dəxi dərc edərdik.

Fəqət buna ehtiyac varmıdır? Qutenberqin ecazkar makinəsindən bixəbər bulunan bir mühitdə ilk qəzetə zühurunun nə demək olduğunu zatən təqdir edə biləriz. Mətbəəsizlik, mürəttibsizlik kibi maddi müşkülləri və mühitdəki təəssüb kibi mənəvi maneələri məfkurəvi eşq və əzimlə yenmək istəyən Həsən Bəy kəndisi kibi əsri elm və fənn cihazı ilə silahlanan, sayları məhdud, gənç münəvvərləri işə dəvət ediyor, diyordu ki:

“Ey elm təhsil edən cavanlarımız! Doğrudur, bizim vətən qardaşlarımız ilə üns tutmaq çətindir. Siz danışdığınızı onlar başa düşmüyor.... Sizə kafir deyib incidəcəklər. Doğrudur qeyri millətlər sizin kamalınızı görüb sizə artıq rütbə verəcəklər. Amma insaf degil ki, 5 gün ömrün ləzətindən ötrü milləti, qardaşlarınızı atıb onları kor və sərgərdan qoyasınız!”

Böylə yüksək bir məqsəd və ülvi bir dəvət ilə nəşriyata başlayan “Əkinçi” yolu üzərindəki ən böyük müşkülü rəf edəmədi, müstövlu rus idarəsi Həsən Bəyin milli şüur toxumlarını saçan bir əkinçi olduğunu, çox keçmədən fərq etdi. “Əkinçi”qapatıldı.

Üç sənə davam edən “Əkinçi”yi mütəaqib bir qaç sənə sonra çıxan və qapanan “Ziya” (Ziyayi-Qafqas) ilə “Kəşkül” qəzetələri müstəsna, Azərbaycan 1903 sənəsinə qədər mətbuatsız bir dövr yaşamışdır. 13 sənə davam edən bu dövr Azərbaycan intibahının ən müzlim dövrüdür.

Mətbuatın 2-ci dövrü 1903-də Tiflisdə çıxan “Şərqi-rus” qəzetəsini mütəaqib 1905-dən etibarən Bakıda təsis və davam edən qəzetələrlə başlamışdır.

Bundan etibarən Azərbaycan müxtəlif nam və ünvanlarla satışı minlərə baliğ və bəzən də tirajı 10 min keçən qəzetələrə malik olmuş, 21 sənə əsnasında Azəri türk mətbuatı pək böyük bir tərəqqiyə məzhər olmuşdur.

Həsən Bəy, saçdığı toxumların 26 sənə qədər uzun sürən bir qışdan sonra gələn feyzli baharda göyərib səmərələr verdigini bizzat gördü. Son çağlarında olsa da Bakıda intişar edən türkcə qəzetələrdə bizzat iştirak etmək səadətinə nail oldu.

Həsən Bəy öldü. Fəqət saçtığı toxumun səmərə verdigini görən müvəffəq bir əkinçi kibi faxir (parlaq) və məsrur (şən) olaraq bu dünyadan köçdü. O gün mətbuat siyaha büründü, şairlər mərsiyələr yazdı, teatrolar pərdələrini əndirdi, bazar və dükan qapandı. Bir kəlmə ilə millət matəm tutdu.

Çar dövründəki 13 sənəlik infisal (məcburi tənəffüs) Azərbaycanı mətbuatsız buraxmışdı. Komunizm dövründəki 6 sənəlik işğal isə Azərbaycanı istiqlalından, mətbuatını da “milli şüura” hizmətdən məhrum buraxmışdır.

Fəqət Rusiya çarizmi “milliyyəti” “millət” olmaqdan nasıl mən edəmədi isə, bolşevizm dəxi “milləti” “milliyyətə” çevirmək imkanında degildir.

Münəvvər Azəri gənçligi Azərbaycanın milli bir hökumət şəklində yaşamaq haqqındakı şiddətli arzusunu nəfsini fəda dərəcəsinə tərvic və bu məqsəd üzərində israr etməkdədir.

Əvət, milli mətbuatının şanlı xatirəsini təqdis edən Azəri xalqı əziz istiqlalının iadəsini, də çox çəkməz bayram edər!

 

 

 

“Yeni Qafqasiya”

 

1 mart 1926, ¹9

 

Afaqi - perspektivli

 

İKİNCİ İLƏ KEÇƏRKƏN

 

 

 

“Yeni Qafqasiya” 2-ci ilinə qədəm basıyor. Hər müəssisənin həyatında bir hesab dövrünü təşkil edən sənə başını “Yeni Qafqasiya” pək müstəsna bir zamanda dərk ediyor.

Əvət, biz bu sətirləri yazarkən, qanlı hadisələrə səhnə olan Qafqasiya qanına ğəltan bir halda çırpınıyor, Şimalın o qanlı və mənhus canavarı, yaralı köksünü istiqlal hissi ilə iltiyam edən (sağaldan) və intiqam əzmi ilə canlanan Prometeyi təkrar parçalıyor.

Qızıl rus kabusu, başda Gürcüstan olmaq üzrə bütün Qafqasiyayı cəhənnəmi bir dəhşət altına alaraq vəhşətlər icra ediyor. Bütün cahanı mədəniyyətə qarşı Sovet İttihadının təşəkkülünə, ittihada daxil bulunan bütün millətlərin bilfeil razı olduqlarını iddia edən Moskva diplomatiyasının üzünə, Qafqasiya üsyanı, müdhiş bir təkzib toqatı kibi əşk edildi. Hər kəs anladı ki, başqa əsir millətlərin hürriyyət və istiqlalına yardım etmək şüarı ilə ehtikar yapan Moskva politikanları, kəndiləri bizzat istilakar və qanlı qüvvətdirlər.

Həqiqətin bu şəkildə olduğu Türkiyə əfkari-ümumiyyəsincə də artıq təhəqqüq etmiş kibidir. Gürcüstan və ümum Qafqasiya üsyanı xəbərlərinin şüyuu (bəlli olması) üzərinə Türkiyə mətbuatı tərəfindən göstərilən əlaqə, türkün qəlbini, həqiqi təmayülatını bilənlər üçün pək təbii görülməklə bərabər, bu həqiqətə pək də vaqif olmayan bir qisim qafqasiyalılar üçün qeyri müntəzir bir hadisə kibi tələqqi edilmişdir. “İqdam” rəfiqimiz Qafqasiya üsyanına aid baş məqaləsində “Azərbaycan türklərinin və baxüsus ərbabı ürfanının uğradıqları fəcayi” tüklərimizi ürpədiyor. Tökülən qadın, çoluq-çocuq qanının acısı ilə icrayi məzalim edənlərə lənət oxuyoruz. İnsaniyyətdə müştərək olduğumuz həsəbiylə gürcülərə də o qədər acıyoruz. Qəlbimiz daş degil ki, duyğusuz olalım” - deyə yazmışdır. Bu sətirləri oxumuş bir gürcü münəvvəri kəmali-həssasiyyətlə “bunu tərcümə edib Makdonalda göndərməli, vəzifeyi-insaniyyənin Türklərdən öyrənməsini kəndisinə göstərməlidir” - diyordu.

Xristian bir qafqasiyalı üzərində bu dərəcədə dərin bir təsir icra edən nəşriyyata bundan bir sənə əvvəlisi təsadüf ediləməzdi. O zaman Türkiyə məhafili (yığıncaqları) hala III İnternasyonalın füsunkar şüarları ilə məshur olub (sehr edilmiş) olub qızıl sözləri eşitiyor, fəqət qara işləri haqqı ilə görəmiyordu. Bu bir sənə zərfində Türkiyə əfkari-ümumiyyəsinin bolşevik idarəsi həqiqi mahiyyəti haqqında pək çox tənəvvür etdigi (parıldatma) bir həqiqət, bir əmri vaqedir. Bu əmrin vüquuna zamanın və vücuatın pək böyük təsiri olmuşdur. Fəqət bununla bərabər bir sənəlik əsəri-həyatını təlxis edən “Yeni Qafqasiya” bu xüsusda kəndisinə bir hisseyi-şərəf dəxi təsəvvür etmək istər. Bolşevik siyasəti və Qafqasiya hadisat və həyatına aid mətbuati-mövqutəmizdə ara-sıra intişar edən məqalələrdən nəşriyyatımızın bihudə olmadığını məmnuniyyətlə görüyor, əfkari-ümumiyyədə xeyirli bir təsir icra eylədigimizi xüsusi təmaslarımız əsnasında dəxi kəmali-məsərrətlə hiss ediyoruz. Bundan maəda (başqa) Anadolunun çar ətrafına, İranın, Misirin, Hindin, Əfğanın və sair Şərq məmləkətlərinin mühüm mərkəzlərinə gedərək bolşevik məzalimi altında inləyən Türk və İslam millətlərinin düçar olduğu qədr və zülm haqqında həzin xəbərlər götürən “Yeni Qafqasiya”, Türk məhafili-milliyyəsi ilə qareləri (oxuyucuları)  arasında dəxi olduqca rəğbət və etina görmüşdür. Öylə ki Türk Ocağı Heyəti-Mərkəziyyəsi bütün şöbələri üçün məcmuəmizə abunə olmaq əlaqədarlığında bulunmaqla bizi mənən təşviq buyurmuşdur. Bu vasitə ilə bizə məmləkətin müəzzəz ruhunu təşkil edən milli hüceyrələr (Ocaqlar) vasitəsilə dərdimizi Türkiyənin həssas qəlbinə (türkcə zümrəyə) mütamadiyyən ehsas etdirmək imkanını vermişdir.

Azərbaycanda, Dağıstanda, Türküstanda, Şimalda və Krımdakı Türk və Müsəlmanların Qızıl Rusiyadan çəkdiklərini, Gürcüstanda və ümum Qafqasiyada davam edən istiqlal mücadiləsinin keçirdigi qanlı və çətin səfahatını Şərq əfkari-ümumiyyəsinə ərz etmək Qafqasiya daxilində dəxi pək mühüm təsuratı mucib olmuşdur.

“Yeni Qafqasiya” ilk nüsxəsindən etibarən bolşevik mətbuatının pək şiddətli tənqidatına, küfürlərinə və həzəyanlarına (hədyanlarına) məruz qalmışdır. Gün yoxdur ki, Bakı və ya Tiflis mətbuatı “Yeni Qafqasiya”yı şətm (qaba söz, söyüş) və kəndilərini ona qarşı müdafiə etməsinlər. Bu kibi münaqişələri ilə və müda-fiədən aciz biçarələrə məxsus hiddətli söyüşlərilə, bilməyərək, lehimizə propağında yapan bu nəşriyyatdan sərfi-nəzər, “Yeni Qafqasiya” tənqidatının siyasəti-cariyə üzərinə təəssürati-mühümmə icra elədigi dəxi mühəqqəqdir. Maarifi-milliyyənin az-çox təqviyəsi və idarələrin milliləşməsi haqqında nəşriyyati-vaqeəmizin pək mühüm təsirlər bəxş eylədigini məmnuniyyətlə xəbər alıyoruz. Bu, qayət də təbii bir şeydir. Xaricdə intişar etsə də, hürr bir qəzetənin istibdada qarşı təsiri aşikardır. Türk komunistlərindən biri, “xaricdəki milliyyətpərvər nəşriyyat olmasaydı Moskva idarələri türkləşdirmək məsələsini tamamilə ehmal edərdi” demişdir. Bakı Sovetində söz söyləyən Orconikidze, Azərbaycanın milliləşdirilməsindən və türkləşdirilməsindən bəhs edərkən “Biz bunu Rəsulzadə söylədigi üçün degil, kəndi arzumuzla yapıyoruz” deyərkən şübhəsiz ki, İstanbuldakı nəşriyyatın Bakıdakı inikasına zimni (güman edilən) bir cavab vermişdir.

Nəşriyyatımız şəraiti-hazirə daxilində, qismən olsun, Avropa məhafil və mətbuatında dəxi Azərbaycan və Qafqasiya haqqında mənbəi-həvadis rolunu oynaya bilmişdir.

Fəqət məcmuəmizin ən böyük bir hissi-məmnuniyyətlə tələqqi eylədigi şey əməlpərvər və milliyyətpərvər Azərbaycan gəncligi üzərinə icra eylədigi təsirdir.

Məcmuəmiz “bolşevizya”da sıxı “Çeka” təhdidi altında yaşayan, həyati-mühacirətin çəkilməz ələminə təhəmmül göstərən Azərbaycan gəncligi üçün bir növi mənəvi təşkil mərkəzi olduğunu görməklə bilsəniz nə qədər məsuduz! Tehrandan, Təbrizdən tutaraq ta Berlinə və Parisə qədər müxtəlif məmləkətlərə dağılan gəncligin məcmuəmizə maddətən və mənən göstərdigi mərbutiyyət (bağlılıq) bizə müfid (faydalı) bir işlə məşğuliyyətimizi hiss etdiriyor və o nisbətdə dərin bir zövqi mənəvi veriyor.

Biz ta ibtidayi-təəssüsdən bəri məcmuəmizi yalnız Azəri Türklügünə deyil, hüdudi-milli xaricində bulunan bütün Türklərə həsr eyləmiş və onların müavinəti-təhriyə və müştərəkəti-mənəviyyəsinə ərzi-ehtiyac göstərmişik. Rusiya təhdi-əsarətində yaşayan Türk dünyasının bəlli-başlı ərbabi qələmlərindən həyati mühacirətdə bulunan həmən kaffəsinin “Yeni Qafqasiya”ya iştirakları, bu xüsusda dəxi məcmuəmizin müvəffəqiyyətinə dəlil ola bilir. Finlandiya türklərinin “Yeni Qafqasiya”ya göstərdikləri əlaqə hər halda Azərbaycan türklərinin əlaqəsindən az degildir. Bu hal Şimallı qardaşlarımızın zindəligini göstərdigi kibi məfkurənin qüvvət və qüdrətini də göstərir.

Qarelərimiz biliyorlar ki, biz yalnız Qafqasiya dərdlərini nəşr ilə qalmayıb, başda Türkiyə olmaq üzrə, Şərqdə cərəyan edən pək mühüm hadisələrə dəxi, mümkün olduğu qədər laqeyd qalmaq ictəməmişiz. Türkiyədə bu sənə içərisində əsrlərə sığmayan tarixi pək böyük hadisələrə aid nöqteyi-nəzərimizi təsbid ilə bərabər, Şərqin 2-ci qədim dövlətini təşkil edən İran həyatını dəxi müntəzəmin təqib etmişiz. Şərq millətlərinin keçirməkdə olduqları istihalə (bir haldan başqa hala keçmə) zamanının milli hürriyyət və istiqlal dövrü olub bu dövrdə qəti təsanüd (keçid) və ittifaqa möhtac olduqlarını bildigimizdən buna əngəl olacaq hər növ nəşriyyatı müzurr bilmiş, əlimizdən gəldigi qədər, Şərqlilərin bir-birindən uzaqlaşmasına degil, yek-digərinə yaxınlaşmasına səy eyləmişiz. Bu xüsusda cüzi də olsa bir müvəffəqiyyət qazandığımıza qane olmaq istəriz.

Qarelərimizin hüsni-təvəccöh və müavinətləri və əlifbamızın xüsusi surətdə göstərdigi əlaqə sayəsində bir yaşını tamam edən məcmuəmiz 2-ci yaşına girdikdə bittəbii yeni proğram zikrinə ehtiyac görməz. Proğramımız bir sənəlik təcrübəmizdir. Bu sənə hədəf etdigimiz qayə, keçən sənə hizmət etdigimiz qayənin eynidir. Milliyyət və istiqlal qayəsi Qafqasiyanın halası, Azərbaycan istiqlalı! İştə məcmuəmizin bütün səmimiyyəti ilə təqib eylədigi əsas amal!

Bu amalına çatmaq üçün məcmuəmiz mündəricatının daha ziyadə tövsi (genişləndirmə), tənəvvü (çeşid-çeşid olma) və ciddiyyətinə əhəmiyyət verəcək, heyəti-təhririyyə bu xüsusata əlindən gələni bütün əzmiylə sərf edəcəkdir. Fəqət məcmuəmizin məslək və məqsədi ilə kəndi məslək və məqsədləri arasında mənəvi bir vəhdət hiss edən qarelərimizə (oxucularımıza) düşən bir vəzifəyi dəxi burada zikr etmədən keçmiyəcəgiz.

Milliyyətpərvər bir Azəri, istiqlalçı bir Qafqasiyalı, türk vəhdəti mənəviyyəsinə mövmin bir Türkiyəli, Şərq təsanüdünün lüzumuna qail bir İranlı və yaxud bir Şərqli salifüzzikr ümdələrin təhəqqüqünü ciddən arzu edərsə “Yeni Qafqasiya”yı bənimsəməli, onun davami-intişarını təmin üçün şu və ya bu fədakarlığı göstərməlidir.

Fəqət bu xüsusdakı vəzifənin ən böyügü bittəbii Azərilərə tərəttüb edər. Əvət, ey Azərilər, yazmaq bizdən, oxumaq oxutdurmaq sizdən!

 

 

“Yeni Qafqasiya”, 8 təşrini əvvəl (oktyabr) 1924, ¹1

 

Qeyd: Qardaş Türkiyə tədqiqatçıları bu məqalənin məcmuənin naşiri və baş yazarı M.Ə.Rəsulzadəyə aid olduğunu yazırlar. Əslində də belədir. - Ş.H.

 

 

 

AZƏRBAYCAN SOVETLƏR KONQRESİNDƏ

 

 

Martın 19-da, Bakıda 5-ci Azərbaycan Sovetlər Konqresi açılmışdır. Konqresin ilk iclasında rəsmi mərasimin arxasınca məmləkətin xarici və daxili vəziyyəti haqqında məruzədə bulunan komisarlar heyəti rəisi Musabəyov ənənəyə sadiq qalaraq vəziyyəti təsvir edərkən “Müsavat” ilə “Yeni Qafqasiya”yı, Rəsulzadə ilə mühacir azərbaycanlıları da unutmamışdır.

Məhəmməd Əmin “dünyanın ən böyük yalanını ictiqab ediyor” (söyləyir), “Yeni Qafqasiya”da “Azərbaycan Rusiyanın koloniyasıdır, Azərbaycanın Rusiya boyunduruğu altında yaşadığı hər kəsə bəllidir, burası Rusiyanın bir vilayəti halına düşmüşdür. Azərbaycanı Rusiyanın əlindən qurtarmaq lazımdır” diyormuş.

Musabəyov, “Yeni Qafqasiya”nın bu daimi mövzunu qeyd etdikdən sonra, “təsiri azaltmaq” üçün olacaq ki, Məhəmməd Əminlərin “Azərbaycanı Rusiyadan qurtardıqdan sonra Avropa və Amerikaya vermək istədikləri”ndən bəhs ediyor. Onun nəzərincə “Azərbaycan xam malını Avropaya satmaq, məmləkəti Avropa kaloniyası yapmaq” imiş. Məmləkətdəki rus işğal ordusunu bir hürriyyət ordusu kibi tələqqi etmək isə, bir şey degil, biləks bu, “inqilab, hürriyyət və istiqlal” imiş.

Biz “Bakıyı rus əmələsi ilə doldurduqdan sonra, bolşeviklər şimdi də Gəncəyi ruslaşdırıyorlar” demişdik. Bu fəqərəyi hökumət rəisi bolşeviklərə xas olan bu şəkildə təhrif edərək, diyor ki, guya biz əmələyə murdar demişiz. Halbuki, bizim şəhərlərin “əmələşdirilməsi” degil, “ruslaşdırılması” əleyhində olduğumuz aşikardır. Şunu da söyləməliyiz ki, bu fikirdən bəhs edərkən, biz, “murdar” kəlməsini qullanmamışıq. Bolşeviklər bu kəlməyi görüyorlarsa görsünlər. Fəqət bilsinlər ki, bizim “murdar” gördüyümüz şey “əmələ” degil, “rus”dur, “işçiləşdirmə” degil, “koloniləşdirmə”dir.

 

“Yeni Qafqasiya” nəşriyyatı ilə belə bəzmütad münqişə yapdıqdan sonra, komisarlar heyəti rəisi, əcnəbi dövlətlərlə münasibətindən bəhs edərkən Türkiyədən də bittəbii bəhs eyləmiş iki dövlət arasındakı münasibətin dostanə olduğunu qeyd etdikdən sonra, “Müsavat” nəşriyyatına xatimə verilmədiyi üçün” bəyani təəssüf eyləmişdir.

Musabəyov “xilafəti atan Türkiyənin müsavatçı kibi əskilik tərəfdarı ünsürlərə meydan verməsinə heyrət” ediyor. Fəqət bilmiyor - daha doğrusu - bilməməzlikdən gəliyor ki, III İnternasyonal ajanları “xilafətçi” dedikləri zümrə ilə təşriki-məsai etdikləri zamanlarda bu böyük və radikal hərəkatı bolşeviklərcə “Müsavat orqanı” deyə tanıtdırılan “Yeni Qafqasiya” məcmuəsi ilə mühərrirləri ən səmimi bir hislə qarşılamış və bənimsəmişlərdir!

 

 

Azəri (M.Ə.Rəsulzadə)

 

“Yeni Qafqasiya”, 1 nisan (aprel) 1927, ¹13

 

 

(Ardı var)

 

525-ci qəzet.-2018.- 7 iyul.- S.20-21.