Nizami qəhrəmanlarının dialoji mahiyyəti

 

Dialoji qəhrəman daxili dialoqlar əsasında yaradılan qəhrəmandır. Bu qəhrəman ikiləşir, onun daxilində öz səsi ilə özgə səsi toqquşur.

Özünüdərk prosesinin ifadəsi olan daxili ikiləşmə qəhrəmanın çoxcəhətli və mürəkkəb təbiətli bir qəhrəman kimi ortaya çıxmasının əsas şərtinə çevrilir. Belə çoxcəhətli və mürəkkəb qəhrəman tipi psixoloji romanlar üçün daha çox səciyyəvidir. Nizami Gəncəvinin mənzum romanlarında isə dialoji qəhrəman tipinin, təbii ki, müəyyən elementlərini müşahidə edirik. Başqa romantik sənətkarlar kimi real hadisədən çox ideal hadisəni təsvir obyektinə çevirən, ideallaşdırma səhnələrindən romantik sənətin tələblərinə uyğun şəkildə, yerli-yerində istifadə edən Nizami Gəncəvi özünün baş qəhrəmanlarını heç də bütləşdirmir, əksinə, onları ziddiyyətlər, bir-birini inkar edən cəhətlər fonunda təqdim edir. Poemalarında ayrı-ayrı obrazların mükaliməsinə, bir-birinə zidd mövqe və düşüncənin qarşılaşdırılmasına geniş yer verən Nizami Gəncəvi bu cür mükalimə və qarşılaşdırmanı baş qəhrəmanın ziddiyyətli təbiəti timsalında da təqdim etmək nümunəsi göstərir və bu baxımdan o, öz dövrünün əksər sənətkarlarından fərqlənir. Xosrov, Şirin, Bəhram, Məcnun, İskəndər və başqa qəhrəmanları ilə  Nizami Gəncəvi dünya romantik ədəbiyyatı tarixinə  həm də ikili xarakter daşıyan obrazlar müəllifi kimi daxil olur.

Nizami Gəncəvi qəhrəmanlarında dialoji mahiyyətin, başqa sözlə desək, ikiləşmə  hadisəsinin  ilk nümunələrini “Xəmsə”yə daxil olan ilk poemada - “Sirlər xəzinəsi”ndə görürük. Bu poemada “Tövbəsini pozan zahidin hekayəsi” başdan-başa qəhrəmanın daxili nitqi üzərində qurulur. Daxili nitqin mənzum hekayədə aparıcı  təhkiyə forması kimi seçilməsi heç də təsadüfi səciyyə daşımır. Müəllif bu cür təhkiyə  formasına qəhrəmanın daxili aləmini daha qabarıq şəkildə əks etdirmək üçün üz tutur. Mənzum hekayədə  haqqında danışılan adam bir zahid (məscid əhli) olsa da, o, şərab içməklə dərin bir günaha batıb. Bu adam günahını yumaq üçün tövbə edib, amma sonradan tövbəsini pozub. Qəhrəman öz əməlindən peşmandır. Peşmanlıq hissi qəhrəmanı özü ilə daxili söhbətə vadar edir. “Sirlər xəzinə”sinin şərhinə  on cildlik kitab həsr etmiş ədəbiyyatşünas Siracəddin Hacı bu barədə yazır: “Tövbəsini pozan zahidin iç mübarizəsi davam edir (Şair bu iç savaşı ifadə etmək üçün daxili dialoqa yer verir. Mənzum hekayədə zahid özü ilə danışır). O, çıxış yolu axtarır, meyxanadan qurtulmaq istəyir... dünyanın darlığından, qəlb, ağıl və vicdanında ağır yük olan günahlarından xilas olmağa can atır... Bəlli olur ki, o, halından narazı olsa da, meyxananın darlığında boğulsa da, məscid həyatının daha gözəl olduğunu etiraf etsə də, çıxış yolu tapa bilmir, yenə qədəri ittiham edir: Əgər qəza (qədər) qismət etməsəydi, mən hara, lotuluq hara”. Siracəddin Hacının doğru olaraq qeyd etdiyi daxili dialoqda qeybdən gələn səs zahidin daxili səsi ilə əks qütbdə dayanır. Qeybdən gələn səs mənzum hekayədə zahidin sözlərinə cavab kimi öz ifadəsini tapır: Öz əməlini qəza (qədər) ilə əlaqələndirmə, üzr qapısına gəl, günahlarını yu!

“Sirlər xəzinəsi”ndə  mənzum hekayə çərçivəsində  gördüyümüz daxili ikiləşmə hadisəsi “Xosrov və Şirin”də geniş epik lövhələr, rəngarəng obrazlar əsasında təqdim olunur. Akademik Həmid Araslı “Xosrov və Şirin” poemasından bəhs edərkən yazır: “Nizami yaratdığı xarakterik obrazların səciyyəsini onların yalnız iş və hərəkətlərini təsvir etməklə deyil, daxili aləmlərini açmaqla göstərir. O, insan mənəviyyatını bütün incəliyi ilə şərh edərək qəhrəmanların dəruni hisslərini, düşüncə və duyğularını, psixoloji gərginliklərini, ruhi, mənəvi sarsıntılarını, həyəcan və iztirablarını çox bədii, həm də inandırıcı bir tərzdə qələmə alır, insan təbiətini bütün məxsusi ziddiyyətləri ilə göstərməyə müvəffəq olur”. “İnsan təbiətini bütün məxsusi ziddiyyətləri ilə göstərmək” üçün Nizami Gəncəvinin əsaslandığı mənbələrdən biri mifoloji düşüncə sistemidir. Mifoloji düşüncə  sistemində həqiqi qəhrəmanla yalançı qəhrəmanın qarşılaşdırılması modeli var. Dünya xalqlarının mifologiya və folklorunda bu qarşılaşdırmanın həqiqi bahadır - yalançı bahadır, həqiqi adaxlı - yalançı adaxlı, həqiqi alim - yalançı alim və s. kimi müxtəlif nümunələrinə rast gəlirik. Yalançı qəhrəman komik və qeyri-komik, mənfi və müsbət yöndə təqdim edilə bilər. Hansı yöndə təqdim edilməyindən asılı olmayaraq, yalançı qəhrəmanın magik funksiyası həqiqi qəhrəmanın gücünü-qüdrətini artırmaq, onun yenidən doğulmasına zəmin yaratmaqdır. Bəs həqiqi qəhrəman və yalançı qəhrəman qarşılaşmasının bizim bəhs etdiyimiz daxili ikiləşmə hadisəsi ilə əlaqəsi necədir? Məsələ burasındadır ki, həqiqi qəhrəman və yalançı qəhrəman qarşılaşması iki ayrı-ayrı obraz arasında özünü göstərdiyi kimi, eyni bir obrazın daxilində də təzahür edə bilər.  Mifdən gələn bu  cür ikiləşmə modeli, təbii ki, yazılı ədəbiyyata öz təsirini göstərir və yazılı ədəbiyyatda ikiləşmənin müxtəlif örnəkləri meydana çıxır. Belə örnəklər “Xosrov və Şirin”də də az deyil. Nizami Gəncəvinin bir sənətkar kimi özünəməxsusluğu ondadır ki, o, poemada həm qəhrəmanı yalançı qəhrəmanla qarşılaşdırır, həm də qəhrəmanın daxilən ikiləşməsini xüsusi təsvir predmetinə çevirir.

Xosrova qovuşmaq ərəfəsində  Şəkər sərxoş Xosrovun yataq otağına  bəzənib-düzənmiş cavan bir qız göndərir. Bir müddət keçir, Xosrovla Şirinin vüsal məqamı yetişir. Şirin sərxoş Xosrovun yataq otağına bəzənib-düzənmiş bir qarı göndərir.  Həm Şəkər, həm də Şirin vüsal ərəfəsində oyun qurmuş olur.  Bu oyun dünya xalqları mifologiyasında geniş yer tutan yalançı adaxlı oyunudur. Oyunun mahiyyəti yalançı adaxlının həqiqi adaxlı rolunda çıxış etməsi, müvəqqəti olaraq həqiqi adaxlını əvəz etməsidir. Xosrovun yanına göndərilən cavan qız Şəkərin, qoca qarı isə Şirinin yalançı əvəzedicisidir. Hər iki əvəzedicinin ritual-mifoloji mənası bədxah fövqəltəbii qüvvələrin diqqətini özünə cəlb etmək, həqiqi adaxlıya (ayrı-ayrılıqda Şəkərə və Şirinə) dəyə biləcək xəta-bəlanı sovuşdurmaqdır. “Kəndirbaz” oyununda  yalançı pəhləvanın və yaxud müasir sirk sənətindəki klounun mətnaltı mifoloji mahiyyəti nədirsə, “Xosrov və Şirin”də də yalançı adaxlıların arxaik mahiyyəti odur. “Kəndirbaz” oyunundakı yalançı pəhləvan və müasir sirk sənətindəki kloun obrazı komiklik baxımından “Xosrov və Şirin”də Şirinin yalançı əvəzedicisi ilə daha çox səsləşir. Nizami Gəncəvi Şirininin komik əvəzedicisini belə təsvir edir:

 

Anası yaşında bir qarı vardı,

Qoca analardan bir yadigardı.

Nə deyim, bir qurddu, əynində kürkü,

Qurd da demək olmaz, bir qoca tülkü.

Əmcəkləri sanki susuz bir motal,

Dizində taqət yox, bədənində hal.

Əyrilikdə beli böyük bir kaman,

Dərisi gön kimi, eybəcər insan.

Üzü hind üzütək lap qırış-qırış,

Bir zəhər tuluğu, qalıb qartımış.

Ağzı bir tabaqdı, dodaqları vəl,

Ordu köhnə qəbir, bir kösövdü əl.

Qaşının tükləri ağzına enmiş,

Dodağı aralı, görünmürdü diş.

Burnu sifətində çadır qurardı,

Ağzında diş deyil, zırnıxlar vardı.

Kirpiklər tökülüb, bərəlmişdi göz,

Canlı bir ifritə kimiydi, bir söz.

Şirin bəzək-düzək vuraraq ona,

Gəlintək göndərdi şahın yanına.

 

Komik məzmununa və magik funksiyasına görə folklordakı yalançı qəhrəmanlar silsiləsi ilə, o cümlədən, “Dədə Qorqud” eposundakı Qısırca Yengə və Boğazca Fatma obrazları ilə yaxından səsləşən bu qarı, müəllifə Şirini hərtərəfli təqdim etmək üçün lazımdır. Qısırca Yengə və Boğazca Fatma “Dədə Qorqud” eposunda Banuçiçək üçün magik qoruma vasitəsidir. Bir az əvvəl misal çəkdiyimiz qarı da “Xosrov və Şirin”də Şirin obrazı üçün həmin arxaik mahiyyəti kəsb edir. Bununla yanaşı, o da qeyd edilməlidir ki, “Xosrov və Şirin”də yalançı adaxlı və həqiqi adaxlı qarşılaşmasından başlayıb qəhrəmanın daxili aləmindəki ziddiyyət və toqquşmalara doğru gedən səciyyəvi bir xətt var. Bu xətt, Şəkərlə müqayisədə Şirin obrazında daha qabarıq şəkildə üzə çıxır. Akademik Həmid Araslı yazır: “Şirin dahi  Nizami tərəfindən son dərəcə məharətlə, hərtərəfli işlənən, dünya ədəbiyyatı tarixində xüsusi yeri olan bir obrazdır. Belə yüksək, ağıllı və hərtərəfli müsbət təsvir edilən qadın obrazlarına Qərbi Avropada sonrakı əsrlərdə Şekspirdə təsadüf edirik. Dantenin Beatriçəsi də bir çox xüsusiyyəti ilə  Şirinlə müqayisə edilə bilər”. Bizcə, Nizami Gəncəvinin yaratdığı Şirin obrazı yalnız “hərtərəfli müsbət” təsvir edilməsi baxımından yox, həm də müsbət və mənfinin vəhdətində təsvir edilməsi baxımından dünya ədəbiyyatındakı möhtəşəm qadın obrazları ilə müqayisə oluna bilər. Bəli, Şirin daxilən ikiləşən bir obrazdır. Bu obrazda müəyyən qədər ifadəsini tapan ikinci Şirinin əvəzediciyə, yəni komik qarı surətinə bənzəməsi şərt deyil. Əsəs şərt odur ki, Şirinin daxilində ideal qəhrəmandan fərqli bir Şirinin olması müşahidə edilsin.     Şirində ideal qəhrəmana xas başlıca cəhət onun öz eşqinə axıracan sadiq qalması və bu eşq yolunda hər cür əzab-əziyyətə qatlaşmasıdır. Şirin çətin sınaqla üz-üzədir: Xosrovu nə qədər sevsə də, onun qarşısında qürurunu sındırmamalı, ismətini və mənliyini qorumağı bacarmalıdır. Bibisi Məhin Banuya demədən Mədainə - şəklini görüb, Şapurun sözlərini dinləyib ürəkdən vurulduğu Xosrovun yanına getməsi Şirinin düşdüyü mürəkkəb vəziyyətin başlanğıc nöqtəsidir.

 

Məhin Banunun ölümündən sonra hakimiyyət başına keçib ölkəni ədalətlə idarə edən Şirinin birbən-birə taxt-tacı tabeliyindəki adamlardan birinə tapşırıb təzədən Mədainə - Xosrovun dalınca getməsi onsuz da mürəkkəb olan vəziyyəti daha da mürəkkəbləşdirir. Mürəkkəblik ondadır ki, Xosrov eşq yolunda Şirinin atdığı addımları layiqincə qiymətləndirə bilmir, əvvəl Məryəm, daha sonra isə Şəkərlə evlənir. Xosrov öz yerində, bəs oxucu necə? Şirinin Mədain səfərlərini oxucu necə qiymətləndirir? Oxucu bu səfərləri bir yandan eşq yolunda fədakarlıq nümunəsi sayırsa, başqa bir yandan bu səfərlərdə Şirinin müəyyən səhvə yol verməsinin də fərqinə varır. Oxucu nəzərində başlıca səhv hakimiyyətin çox uzun müddətə başqasına həvalə edilməsindədir. Xosrovu taxt-taca sahib çıxmamaqda qınayan Şirinin birdən-birə ədalətli şah missiyasını yarımçıq qoyub Mədaində hicr oduna yanmasını oxucu çətin ki, ideal qəhrəman meyarı ilə bir araya sığışdıra bilsin. Şirinin bəzi addımlarının ideal qəhrəman anlayışı ilə bir araya sığmadığını əsaslandırmaq üçün oxucu poemada geniş yer tutan təzadlar silsiləsinə diqqət yetirir: yer-göy, aşağı-yuxarı, od-su, şirin-acı, gül-tikan, vəfa-cəfa, gecə-gündüz, doğru-yalan... Əks qütblərdə dayanan anlayışlar sırasında oxucu qəlb və ağıl anlayışlarının önə çıxmasını nəzərdən qaçırmır. Oxucu müşahidə edir ki, Şirinin atdığı addımlar qəlbin və ağılın hökmündən doğan addımlardır. Addımlar arasında ziddiyyət məhz qəlbin və ağılın hökmü arasındakı ziddiyyətin təzahürüdür. Qəlb necə olur-olsun Xosrova qovuşmaq, ağılsa eşqin çətin yolunda öz ləyaqətini qorumaq hökmünü verir. Özünün fədakarlığı müqabilində Xosrovdan üzüdönüklük və etibarsızlıq görməsi Şirinin düşdüyü təzadlar burulğanını daha da dərinləşdirir və poemada Şirinlə bağlı  özünütəhlil səhnələri ortaya çıxır. Bu səhnələrdə bir tərəfdən Xosrovun etibarsızlığı ilə bağlı qəm-qüssə ifadə olunursa, digər tərəfdən, atılmış addımlarla bağlı peşmanlıq hissi ifadə olunur:

 

Gül dərməyə gedib, tikan dərmişəm,

Vəfa axtarmışam, cəfa görmüşəm.

Mən öz qüsurumu gizlin tutmaram,

Xalqda nə günah var? Mən taqsırkaram.

...Təhqiri belimdə ağır yük olub,

Qəmimin zülməti çox böyük olub.

Ürəyim kor ikən, gözlüyəm dedim,

Acı meyvəsini korluğun yedim.

 

Xosrova xitablarından birində Şirin düşdüyü çıxılmaz vəziyyəti məzarla müqayisə etməli olur:

 

Kəsibdir sağımı, solumu daşlar,

Bir daş da üstə qoy, qoy olsun məzar.

Onun altı, üstü daş olsa əgər,

Nə qədər eybim var, büsbütün örtər.

 

“Xosrov və Şirin”də bu cür qəmli səhifələr nikbin ruhlu səhifələrlə yan-yana, iç-içədir. Poemada həm qəm-qüssəni, həm də nikbinliyi doğuran isə başqa bir şey yox, qəhrəmanın əhval-ruhiyyəsidir.  Naçar qalıb sarsılsa da, əslində, Şirin təbiətən həyatsevər bir qızdır. Xosrovun dalınca uzaq Mədainə at sürməsi və orada məskən salması Şirin həyatsevərliyinin bariz göstəricisi deyilmi? Əlbəttə, elədir. Həyatsevərliyin peşmanlıq və sarsıntıya gətirib çıxarmasına gəlincə, bu məqamda, heç şübhəsiz, Xosrovun ziddiyyətli təbiəti, onun hiss-həyəcan və duyğu-düşüncələri nəzərə alınmalıdır. Nəzərə alınmalıdır ki, “Həyat aləmidir hər şeydən üstün” deyən Nizami sevinc, nəşə dolu məclisləri, eyş-işrət məqamlarını poemada ən çox Xosrovla bağlı olaraq təsvir edir. Amma kef məclislərinə aludəlik və eyş-işrətə meyil Xosrovu həm də ciddi sınaq qarşısında qoyur: məhəbbətə əyləncə kimi baxmamaq, Şirinlə bərabər olduğu və baş-başa qaldığı anları adi eyş-işrət məqamlarından fərqləndirməyi bacarmaq. Bu sınaqdan layiqincə çıxmaq Xosrov üçün heç də asan başa gəlmir. Xosrov əsl aşiq mərtəbəsinə bir az əvvəl xatırlatdığımız üzüdönüklük, etibarsızlıq mərhələsindən keçə-keçə, həmin mərhələnin sarsıntısını yaşaya-yaşaya, “Bircə günahım var, o da ki, vəfa” şəklində öz səhvini etiraf edə-edə gəlib çatır.  Xosrovun keçib gəldiyi yol Şirinin qət etdiyi yolla müqayisədə təzadlarla daha çox doludur: Fitnə-fəsad törədib hakimiyyəti ələ keçirən Bəhram Çubin, söz yox ki, Xosrova düşməndir. Və Xosrov bu düşmənə qarşı vuruşub öz hakimiyyətini yenidən bərpa edə bilir.

Maraqlı burasıdır ki, bir müddət sonra Bəhram Çubinin ölüm xəbərini eşidərkən Xosrov ona üç gün yas saxlayır. Xosrovun təzadlı hərəkətlərinə başqa misal: Xosrov Fərhad adlı yenilməz bir cavanın Şirinə aşiq olduğunu eşidəndə bu xəbərdən həm kədərlənir, həm də sevinir. Sevinir ki, Şirinin məhəbbətinə mübtəla olmaqda özünə bir “həmrah” tapıb. Xosrov bir yandan məkr işlədib Fərhadın ölümünə bais olur, başqa bir yandan Fərhadın ölümünə ürəkdən acıyır. Xosrovun ziddiyyətli təbiəti öz ifadəsini bu cür hərəkət və davranışların təsvirində tapdığı kimi, duyğu və düşüncələrin əhatəli qələmə alınmasında da tapır. Xosrovun atdığı addımlar kimi, Xosrovun duyğu və düşüncələri də üz-üzə, qarşı-qarşıya dayanıb dialoji məzmun və mahiyyətdə ortaya çıxır. Yeri gəlmişkən qeyd edək ki, bədii əksetdirmə forması kimi dialoqun Nizami Gəncəvi yaradıcılığında xüsusi yer tutmasına ədəbiyyatşünaslar heç də biganə qalmayıblar. “Xəmsə”nin intibah problemlərinə ayrıca monoqrafiya həsr edən görkəmli ədəbiyyatşünas Arif Hacıyev həmin monoqrafiyada Nizami dialoqlarının müxtəlif tiplərini nəzərdən keçirir: Ayrı-ayrı fərdlər (kərpickəsən kişi və şahzadə, Xosrov və Fərhad, Xosrov və Şirin, Bəhram və Fitnə...) arasında dialoq; kollektiv şəkildə söhbət-müzakirə (İskəndərin yanında məclis əhli tərəfindən müxtəlif sənət sahələrinin müzakirəsi); fəlsəfi dialoq (Xosrovla Büzürgümidin, İskəndərlə Sokratın söhbəti. Arif Hacıyevin “Xəmsə” üzrə araşdırdığı bu dialoq tipəri cərgəsinə, heç şübhəsiz, daxili dialoq tipini də əlavə etmək lazımdır. Daxili dialoq “Xəmsə”də baş qəhrəmanların, ilk növbədə isə Xosrovun xarakterindəki ikiləşməni daha dərindən duymağa kömək edən bir vasitədir. Xosrovun daxili dialoqlarında iki obrazın qarşı-qarşıya dayandığının şahidi  oluruq - özündən razı hökmdar və ürəkdən sevən aşiq:

 

Başımda fırlansa dəyirman daşı,

Şirindir könlümün yenə sirdaşı.

...Şirin söhbətində səbr etmək gərək,

Aldanma şirinə körpə uşaqtək.

...Səbr eyləyəm gərək, doğru yol budur,

Arvada alçalmaq arvadlıq olur.

Kişi arvadsifət olmasın gərək,

Arvadçün ağlamaz kişi arvadtək.

 

Şirini könlünün həmdəmi bilsə də, Xosrov candan əziz tutduğu həmdəmə tərəf addım atmağı özünə sığışdırmır. Halbuki xronoloji ardıcıllıq baxımından bundan əvvəl gələn daxili dialoqların birində hökmdar Xosrovun aşiq Xosrovla ortaq məxrəcə gəlməyə can atdığının şahidi oluruq:

 

Gah deyirdi: Nədir istəyin, ürək!

Şahlıq, ya aşiqlik, cavab ver görək?

Hökumət eşq ilə uymaz heç zaman,

Gərək birisindən yapışa insan.

 

Daxili dialoqun bu yerində hökmdar Xosrovun aşiq Xosrovla eyni fikrə gəlməsindən danışmaq çətindir. Dialoq davam edir və tərəflər, axır ki, dil tapa və ortaq məxrəcə gələ bilirlər:

 

Hər ikisi olsa - həm şahlıq, həm yar,

Ürək də şahlıqdan bir təzzət alar.

Bəxtim yüz ölkəni ver desə, yenə,

Verərəm yarımın bircə telinə.

 

Hökmdar Xosrovun daxilində baş qaldıran ikinci səs (aşiq Xosrovun səsi) həm də Şirinin səsi kimi başa düşülməlidir. Müğənni Nəkisanın dili ilə Xosrova “Şahlıqdan danışma, eşqi  et şüar” deyən Şirin eşqə münasibətdə özünün dəyişməz mövqeyi  ilə Xosrova əsaslı təsir göstərir və daxili dialoqlarda Xosrovun tərəf-müqabilinə çevrilir. Özü ilə danışan Xosrov həm də xəyalən Şirinlə danışmış olur. Özü ilə mübahisə edən Xosrov həm də xəyalən Şirinlə mübahisə etmiş olur. Bütün bu mübahisə və münaqişələr Xosrovun mənəvi təkamül yolu keçib həqiqi aşiqə çevrilməsində mühüm rol oynayır.

Muxtar KAZIMOĞLU

525-ci qəzet.-2018.- 7 iyul.- S.18-19.