Bir ömrə sığan həyatlar

ƏMƏKDAR ARTİST VİDADİ HƏSƏNOVUN 60 YAŞINA

Bir zamanlar ekranlardan gördüyün, sənin, mənim kimi adi insan olduğuna belə şübhə ilə yanaşdığın, əlçatmaz hesab etdiyin insanlarla bir zamandan sonra görüşmək, canlı ünsiyyətdə olmaq, hətta dostlaşmaq çox qəribə duyğudur.

Bir az da irəli getsək, o əlçatmaz hesab etdiyin, heyrətlə baxdığın insan gün gələr ki, bir yazın, məqalən haqqında elə gözəl sözlər deyər, çaşıb qalarsan, bilməzsən o gözəl sözlərəmi sevinəsən, yoxsa həmin insanın diqqətinəmi? Özündən asılı olmadan hər kəsə onun sənə dediyi sözləri danışarsan fərəhlə, fəxrlə.

Öz həyatımdan misal çəksəm, mənim üçün belə dəyərli zənglərdən biri günlərin bir günü, səhərin təzəcə açıldığı saatlarda Yuğ Teatrının aktyoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Əməkdar artist Vidadi Həsənovdan gəlmişdi. Bir çoxları kimi mən də Vidadi müəllimi “Bəyin oğurlanması”ndakı məşhur Musa obrazı ilə tanımışdım. Çox da üzdə olmayan, sadəcə arxa fonlarda gördüyümüz, ancaq bir-iki replika ilə əbədi yaddaşımıza həkk olunan Musa obrazı özünün ciddiyyəti və təmkini, həm də romantik, utancaq məhəbbəti ilə azərbaycanlı tamaşaçının rəğbətini qazanmışdı. Ümumiyyətlə, Vidadi müəllim o aktyorlardandır ki, o, epizodik rolda belə özünü göstərməyi, bircə jesti, mimikası və ya replikası ilə yaddaşlara həkk olunmağı bacarır.

Soyuq fevral günlərinin birində “Səda” Tədris teatrında Vidadi müəllimin quruluşunda Rövşən Ağayevin “Bir gecənin nağılı” tamaşasına baxmış və məndə buraxdığı təsirlə haqqında bir yazı yazmışdım. Vidadi müəllimin diqqətini də onunla cəlb etmişdim. Yazımı oxuyandan sonra ortaq tanışlarımızın birindən nömrəmi götürüb zəng eləmiş, xoş fikirlərini bölüşmüşdü. El dilində desək, mat qalmışdım. İnsanın səmimiyyətinə, sadəliyinə, diqqətinə və ən əsası öz işinə olan sevgisinə sözün həqiqi mənasında mat qalmışdım. Vidadi müəllim telefonda məni bu vaxta qədər tanımadığını, amma tanış olmaq istədiyini demiş, bir gün yolumu “Səda” Tədris teatrından salsam, mütləq onu tapmağımı istəmişdi. “Baş üstə” demişdim. Demişdim, amma daxilimdəki çəkingənlik heç cürə imkan vermirdi onunla görüşməyə. Bəlkə də ilk abzasda yazdığım hisslərə görə idi.

Üstündən bir müddət keçəndən sonra həqiqətən də yolum Tədris teatrına düşdü və təsadüfən Vidadi müəllimlə qarşılaşdıq. Adımı deyəndə çox sevindi, “səni ancaq yazılarından tanıyırıq, axır ki, üzünü də gördük” - dedi. Mən öyrəşmişdim Vidadi müəllimin canlandırdığı obrazlardakı zəhmə, qəzəbə, qaşqabağa, quruluğa. Yəqin ki, bu da onun simasındakı qəddarlıqdan, zəhmdən irəli gəlirdi. Hələ bir neçə il öncə bir müsabisində də ona niyə bu qədər qəddar göründüyünü sual verirlər. Vidadi müəllim isə deyir: “Deməzdim ki, mənim xasiyyətim həlimdir. Simamdakı qəddarlıq yəqin ki, anadangəlmədir. Düşünürəm ki, hər bir insan kifayət qədər qəddar və kifayət qədər həlimdir. Bizdə olan bütün keyfiyyətlər tarazdır. Mənim yaşımda ciddi olmamaq qəbahət olardı. Deməzdim ki, sərt olmaq o qədər də pis şeydir. Yumşaq olanda nə olur ki? Hərdən saqqal saxlayıram, hərdən isə qırxıram. Ona görə qırxıram ki, hərdən əsl “sıfatımı” da göstərməliyəm axı...” O, özü belə deyir, amma mən onunla tanışlıqdan sonra gördüm ki, sən demə, həyatdakı Vidadi Həsənov son dərəcə mehriban, gülərüz, zarafatcıl və geniş dünyagörüşünə malik bir insan imiş.

 

Beləcə dostluğumuz başladı...

 

Ondan sonra tez-tez görüşdük, səhnə, teatr, mədəniyyət, ədəbiyyat haqqında uzun-uzun söhbətlər etdik. Vidadi müəllim həm də bir ədəbiyyat sevdalısıdır. Özü də şeirlər yazır, poeziyanı sevir və çox gözəl bilir. Uzun illərdir teatr, kino sahəsində çalışdığından “xatirə boxçası” bir-birindən maraqlı əhvalatlarla, bizim yenə də televiziyadan, səhnədən tanıdığımız insanlarla bağlı hadisələrlə doludur. Ona görə də onunla söhbət canlı ensiklopediyanı vərəqləyirmiş kimi gəlir insana.

Bugünlərdə isə “YUĞ” Dövlət Teatrında rol aldığı iki tamaşaya baxdım. Hər iki tamaşa özünəməxsus və qeyri-adi idi. Vidadi müəllimin yaratdığı obrazlar da həmçinin.

Bunlardan ilkində Vidadi müəllim dahi mütəfəkkir Mirzə Fətəli Axundzadənin qəhrəmanı kimi qarşımıza çıxdı. Söhbət “Naməlum Axundzadə” tamaşasından gedir. Tamaşa artıq illərdir ki, teatrın repertuarındadır. Mənim izlədiyim isə yeni quruluşda idi.

Rejissor hamımıza yaxşı tanış olan, hətta əzbərimizə çevrilmiş komediyalardan elə əzbərimizə çevrilmiş hissələri də götürüb. Məsələn, “Hekayəti Molla İbrahim Xəlil Kimyagər” komediyasından kimyagərin nuxulularla birgə iksir hazırlaması, məşhur “meymun” söhbəti, “Hekayəti- Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni-Məşhur”dan cadügərin Parisi “partlatması”, “Sərgüzəşti-vəziri-xani-Lənkəran”dan vəzirin Teymur ağanı (xanın qardaşı oğlu) öz evində tapması və s. Hər bir komediya isə bir-biriylə “Kəmalüddövlə məktubları”ndan götürülmüş fikirlərlə bağlanmışdı. Burada din, cəhalət, qadın hüquqsuzluğu, insanların təhsilə qarşı biganəliyi, fanatiklik kimi məsələlər kəskin tənqid olunurdu.

Vidadi müəllim burada Molla İbrahim Xəlil Kimyagəri canlandırırdı. Bu fırıldaqçı obraz Vidadi müəllimin ifasında bir az komik və eyni zamanda, qəzəbli təsir bağışlayırdı. Qəzəbli idi, çünki nuxulular onun qoyduğu qanundan kənara çıxmış, iksir hazırlananın 30-cu günü durub gəlmişdilər, halbuki 31-ci gün gəlməli idilər, həm də kimyagərin bütün xəbərdarlıqlarına baxmayaraq, meymunu yaddan çıxara bilmirdilər. Obraz üzündəki kimyagər maskası ilə qəzəbli idi. Amma o maskanın altındakı əsl simanı görən tamaşaçı bu qəzəbi gülüşlə qəbul edirdi.

Tamaşada Elxan Yunisin yaratdığı Dərviş Məstəli şah da əslində, kimyagərlə “qohumdur”. Hər ikisi cadu-piti ilə hansısa əməlləri icra edirlər. Amma tamaşada bu aktyorların rolu bir-birindən kəskin fərqlənirdi. Vidadi Həsənovun ciddiyyətindən fərqli olaraq, Elxan Yunis öz obrazını daha əyləncəli, daha komik yaratmışdı. Onun Gülzar Qurbanovanın canlandırdığı Şəhrəbanu xanıma qarşı münasibəti tamaşaçıda acı gülüş, bəzi məqamlarda hətta ikrah doğurur.

Fərhad İsrafilov isə digər həmkarlarından fərqli olaraq, tamaşada iki saf obrazı yaradır. Biri nuxulu, digəri isə Lənkəran xanının vəziri. Birinci kimyagər, digərində isə arvadları onun başına oyun açırlar. Aktyorun simasındakı saflıq və həlimlik isə fikrimizcə, hər iki obrazı tamamlamışdı.

Digər aktyorlardan Amid Qasımov Molla Həmid və Teymur ağa, Zümrüd Qasımova Şərəfnisə, Sonaxanım Mikayılova Ziba, Mətanət Abbaslı Şölə xanım və Xanpəri obrazlarını fərqli və daha müasir versiyada canlandırmışdılar.

Yuğda izlədiyim ikinci səhnə işi isə yazıçı-dramaturq Gela Dumbadzenin “Məhşər günü” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa oldu. Bu əsərin də quruluşu Gümrah Ömərə aiddir.

Yeri gəlmişkən, deyim ki, Gümrah müəllim də haqqında çox eşitdiyim, ancaq son zamanlarda həm yaradıcılığına, həm də şəxsiyyətinə daha yaxından bələd olmaq şansı qazandığım sənətkarlardandır. Bu zamana qədər izlədiyim üç tamaşasına əsasən deyə bilərəm ki, Gümrah müəllimin tamaşaları özünəməxsusluğu ilə seçilir. Belə ki, rejissor əsərdə sözlərdən daha çox jestlərə önəm verir. Onun obrazları təkcə dilləri ilə deyil, həm də jestləri, mimikaları ilə danışırlar. Bu da yəqin ki, onun ən layiqli davamçılarından olduğu Vaqif İbrahimoğlu məktəbindən gəlir. Tamaşaları izlədikcə hiss olunur ki, rejissor musiqiyə də çox böyük önəm verir. Seçilən musiqilər situasiya, obrazın ruh halı ilə elə mükəmməl harmoniya yaradır ki, artıq o musiqini eşitməklə qalmayıb, həmin situasiyanın, ya da aktyorun fonunda görə də bilirsən.

Haqqında danışdığımız “Məhşər günü” bir hissəli səhnə əsərinin musiqi tərtibatçısı Amid Qasımov, quruluşçu rəssamı Umay Həsənova, xoreoqrafı Mikayıl Mikayılovdur. Tamaşada əsas rolları Əməkdar artist Vidadi Həsənov, aktyorlar Amid Qasımov və Zümrüd Qasımova ifa edirlər. Əsəri Azərbaycan dilinə Nəriman Əliyev tərcümə edib.

Səhnə əsəri uğurlu karyera qurmuş, bu yolda bir sıra mənəvi dəyərlərini itirmiş və ölümə məhkum edilmiş, istedadlı, təcrübəli dövlət müşavirindən (Vidadi Həsənov) bəhs edir. Bir həftə öncə, hardan, necə bilinməsə də, axır bir yolla ona cəmi bir həftə ömrü qaldığı bildirilir. Müşavir ölüm qorxusu ilə bu bir həftəni evdən çölə çıxmır. Biz isə artıq həmin müddətin son günündə onunla tanış oluruq. O, artıq ölümünə saatlar qaldığını dərk edir. Bu dərk onu keçmişə, bəlkə də çoxdan unutduğu zamanlara aparır. Unutduğu, ya da unutduğunu zənn etdiyi insanlar bir-bir xəyalında canlanır. Və müşavirin içini dəhşətli peşmanlıq bürüyür. O, biganəliyinə, zalımlığına, unutqanlığına, işini hər şeydən, hər kəsdən üstün tutmağına, başını ancaq pul qazanmaqla məşğul etməyinə peşman olur. Beləcə qəhrəmanımız hər şeydən bezir, gərəksiz biri olduğunu anlayır və özünü öldürmək qərarına gəlir. Lakin hər dəfə bu intihara nəsə mane olur və müşavir özünü öldürə bilmir. Çünki ona yazılan müddət hələ bitməyib. Əsər bir yerə qədər mono tamaşanı xatırlatsa da, bir yerdən sonra biz daha iki obrazla tanış oluruq. Bunlar müşavirin əcəlidir. Onlar iki nəfərdirlər: qadın (Zümrüd Qasımova) və kişi (Amid Qasımov). Onlar müxtəlif obrazlarla müşavirin qarşısına çıxırlar. Gah keçmiş sevgilisi, gah bir zamanlar kirayəşini olduğu yaşlı ev sahibləri, gah qardaşı, gah müəllimi və s. Müşavir bir-bir onların hamısı ilə üzləşir. Bu üzləşmələr nəticəsində içində kök salmış laqeydliyi, təkəbbürü, xudbinliyi tədricən məhv edib əvəzində sevgi, savab kimi mənəvi keyfiyyətləri dirçəltməyi bacarır. Nəhayət, anlayır ki, bu mənəvi keyfiyyətlər insan həyatında əvəzi olmayan dəyərlər və həqiqətlərdir.

Vidadi müəllim bu əsərdə obraz içində obrazlar yaradır. Bəli, əcəl danışmaz, ona görə də biz o iki əcəlin heç birinin səsini eşitmirik. Əvəzində isə Vidadi müəllim özü danışır. Onların dilindən özünə müraciət edir. Çünki onlar onun içində, beynində kök salmışdılar və elə beynində də danışırdılar. Bu tamaşa, həmçinin, Vidadi müəllimin fiziki çevikliyini, plastikasını da sərgiləyir.

Vidadi Həsənov 30 ildən çoxdur ki, həm də pedaqoji fəaliyyətlə məşğuldur, Mədəniyyət və İncəsənət Universitetinin dosentidir. Tələbələri tərəfindən sevilən, həmişə böyük hörmətlə bəhs edilən müəllim kimi, o, hazırda tanıdığımız, sevdiyimiz neçə-neçə aktyor və aktrisalara bu sənətin sirlərini öyrədib. Hər dəfə onun keçmiş tələbələri ilə söhbətdən bunu daha yaxşı görür və duyuram.

Bu ay Vidadi müəllimin yubiley ayıdır. Əməkdar artist 60 yaşını qeyd edir. Hələ beş il öncəki müsahibəsində o, çətin və qayğılarla dolu həyatını xatırlayarkən “başımı qaldıranda gördüm yaşa dolmuşam...” - deyir. Amma o, özü də hiss etməsə belə, bu illərini heç də hədərə verməyib. Azərbaycan teatr və kino səhnəsinə aktyor kimi bir-birindən maraqlı və fərqli obrazlar, rejissor və ssenarist kimi tamaşalar, filmlər, pedaqoq kimi isə aktyorlar bəxş edib.

İstər şəxsiyyəti, istərsə də sənəti ilə hər kəsin sevimlisinə çevrilən Vidadi müəllimi biz də yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, yaradıcılığında daha böyük uğurlar arzu edirik!

Şahanə MÜŞFİQ

525-ci qəzet.-2018.- 7 iyul.- S.16.