TORPAQ

 

Sevgili anamız,

zəhmli atamız,

rəhmdil babamız

torpaq.

Günəşdən, Aydan

bütün ulduzlardan

Hər yerdən, hər şeydən

əziz torpaq.

Qarşında diz çökərik, baş əyərik

Sənə yox əvəz.

Allah səndən heçnəyi

əsirgəməz.

 

Neyləyəsən,

Sənin buğdandan, bulağından

canlanan kəslər

Ətini kəsdilər...

Sümüyünü sındırdılar,

dinmədin.

Səni parçalayıb

topa qoyub atdılar.

satqınlar satdılar.

Cınqırını çıxartmadın.

Ucalığından enmədin.

Az qaldı da beyninə

qan sıza...

Yenə durdun, dözdün

Neçə kafir allahsıza,

qansıza...

Canımızda, ruhumuzda

sənin adın

Sənin uğrunda ölmək

mənə qismət olmadı...

Vəfasızlara vəfalı torpaq

Səni sevənlərə

etmisən, halal eylə.

Dəxli yoxdur

az elədin, çox elədin.

Amma bir gün 

köksünə dağ çəkənləri

Tutub bir-bir

boğazladın,

Çeynədin, uddun,

qəbrin qazıb

yox elədin...

 

...Əlini ver, qucaqlaşaq,

Qarabağım,

torpağım.

 

Ağdamın baməzə adamlarısilsiləsindən

I. Şofer Həsənqulu Süleymanın çayxanası

 

Qonşumuz şofer Həsənqulunun

Yaşıl birMoskviç”i vardı

Camaatı bazara, evə

daşıyardı.

Bir yay günü dəyirmançı

Əşrəfin oğlu Sabir dedi:

- Ay, uşaqlar,

Gəlin qalxaq Şuşaya,

Havamızı dəyişək

Süleymanın çayxanasında...

bir ətirli çay içək.

Sərçə çəpərə doluşan kimi

DoluşduqMoskviç”ə,

Arxada altı nəfər,

qabaqda iki nəfər,

Pərçim olduq birtəhər.

Yolda kimsə dedi:

- Həsənqulu dayı,

Bizi heç kəs aparmazdı

səndən savayı.

Sən Allah,

radionu ,

Muğamat konserti var

, qulaq asaq nolar.

- Onun pulu başqadır

Adama bir-bir düşün.

YoxsaArmudun dibi”ndə

Saxlayaram,

deyərəm düşün...

Sonra qəh-qəh çəkdi

Şofer Həsənqulu.

- Ə, aranızda böyük mənəm

Boynumdadır çaypulu...

, sən mısmırıq sallama

Ay Temir oğlu İrey!

Getdik eyy...

Qalxdıq üzü göylərə

Yayıldı ruhumuza

Əbülfət Əliyevin

Bulaq kimi axan səsi,

Baldan şirin zənguləsi...

Açıldı üzümüzə

Dolama dağ yollarının

Yaşıl düyməli yaxası.

Armudun dibi”ndən

gələnləri

Armudu stəkanla

Öpüşlərə qərq elədi

Süleymanın

çayxanası...

 

Armudun dibiadlanan yer Ağdamdan Şuşaya qalxan yolun üstəydi.

 

II. Həsi, Hüsü qardaşları

 

Ağdam bazarında,

camaatın arasında

Şüvərək görünərdi

Həsi, Hüsü qardaşları.

İki caydaq, qoçaq qardaş

Qatışıq olardı

başları.

Qışda

sırıqlı, sırıqlıdeyə-deyə

Ayaqüstü

alver edərdilər.

Yayda

qolları üstəşalvar, pencək

Hamıdan sonra

Az qala bazarı 

qıfıllayıb gedərdilər...

Bir bazar günü

Avqust günəşinin

tonqal vaxtı

İki erməni

 qırıldada-qırıldada

Yaxınlaşdı onlara

Həsi Hüsüyə baxdı,

Hüsü Həsiyə baxdı.

Başa düşmədilər

onların dilini.

Hüsü keçib qabağa

 uzatdı əlini:

- Ə, erməni, ay dığa,

Bu istidə

ürəyin darıxmır

Danışırsan qurbağa dilində?!

...Sonra şalvar, pencəyi

Aldı erməninin əlindən...

Hüsü Həsiyə baxdı,

Həsi Hüsüyə baxdı.

Onlar hardan biəydi

Bu minüzlü,

sürtük dünya

Qədim qumarxanadı,

Oyun gedir,

bəxtəbəxtdi...

 

III. Seyidli Şikar

Şikar kişi

bağ briqadiriydi,

Çox qıvraqdı, diriydi.

El-oba arasında

Seçilib-sayılan adamlardan

biriydi...

 

Seyidliispolkomu”nun oğlu

Eldar

Bir payız günü dedi ki,

Gəl, gedək Seyidli

bağlarına

Orda yaxşı üzüm var.

Bağa qədəm qoyan kimi

Eldar atıldı-düşdü,

yüyürdü, qaçdı,

Tənək qalxıb bürümüş

bir çəkilə dırmaşdı.

...Bir gördüm bir atlı

Atı üstümə sürdü.

Elə bil Göydən düşdü,

Yerdən pırtlayıb çıxdı.

O, bizi hardan gördü?..

Qışqırdı: - Ə, kimsiniz

Sizi şallaqlayacam

Oğurluq etməz adam.

Qorxudan yadımdan çıxdı adım

Dadaşoğlu Eldar, - deyə

pıçıldadım.

Şikar kişi

yəhərdən dikəldi

Üzüyuxarı baxdı Dadaşoğluna

sarı

Başladı danlamağa

Eldarı:

- Bu üzümdür yığırsan,

Dadaşoğlu,

Hara gəldi çıxırsan,

Dadaşoğlu.

Düş aşağı,

bağa gələndə

Xəbər elə demişəm sənə

yüz kərə.

Tez ol, düş

 aparım sizi

Qızılüzümolan yerə.

 

QƏRİB KİŞİ

 

Darvazanın çölündən

Səsi gəldi Qərib kişinin:

- Dalay, dalay, ay dalay!

Müəllim, xəbərin varmı

Vayy, vayy,

Məmmədiyyənin şərəşur oğlu

maşın qaçırıb,

Əhmədiyyənin avarası - qız...

Zəkəriyyə dünən gecə

 evinə dəm gəlib

Abırsız oğlu, abırsız!

Müəllim, dünənədək

Güləndamın tumanından

sallanıb gəzən

Nəvəsini gördüm

çayxanada

Gop eyləyirdi

Arandan, dağdan

Yaman xoruzlanırdı.

Elə bil ermənini

qovub çıxartmışdı

Qarabağdan...

Müəllim, Əliyarı da

Tanımamış olmazsan.

Başqa vaxtı heç

salamını da almazsan

Amma filankəs filankəsovla

İndi yeznə-qayındı...

Dünyanın işini bilmək olar

Tampacadı, oyundu...

Sənin qonşun Əlihüseyn

ayrı candı.

Əvvəllər əl uzadıb görüşərdi

İndi gözüylə verir salamı,

Əşi, xarab olub

gedib hamı.

Dedim ki, ay Qərib kişi,

bəsdi.

Yenə sözümü kəsdi.

 - , müəllim,

sözümü kəsmə,

Dərdimi kimə deyim

bəs mən?

Danışan adamdan qorxma

İçi-çölü dumdurudu,

Danışmayan səhradı,

qurudu...

Bilirsən , müəllim,

Ha çalışdım, əlləşdim

Axır əliboş qaldım.

Əşi, bir imkan ver

dayna,

Ürəyimi boşaldım.

...Telefonuna zəng gəldi

Qərib kişinin

Bir təbəssüm kəpənəyi

qondu üz-gözünə...

Mənə elə gəldi ki,

Telefona baş əydi,

təzim etdi Qərib kişi.

Sonra üzünü çevirib

Müəllim, müəllimdeyə-deyə

getdi Qərib kişi...

 

PROTOKOL

 

Pis deyil”, - dedi

Səttar Bəhlulzadənin

Bülbüllü bahar”ına.

Şübhəylə baxan oldu

Yazın çiçəyinə,

  qışın qarına...

Küçədə, işdə, məclisdə

Dördgözlə gəzdi

  özünə bənzərini,

   öz oxşarını...

Bəyənmədi

  Fikrət Əmirovun

Kürdovşarı”...

- “O, kommunistdir,

  şair deyil”, - dedi,

Dandı Nazim Hikməti.

Neyləyəsən, belədir

xisləti...

Pərdələnmiş pəncərədir

Fikri-zikri,

   əndişəsi.

İstedadsız qısırların

Cırmalamaq -

   iş-peşəsi.

Qalstuku, çəkməsi

Ekranda görünüb

Özünü çəkməsi -

   protokol

Danışığı, yerişi,

Kədəri, gülüşü,

Arvadıyla görüşü

Hər işi -

protokol.

Özü uzaqda deyil,

Bizlərin sırasında.

Adamların arasında

Var beləcə

kələmbaşlar

Amanın bir günüdür,

Onları bərk-bərk qoruyaq,

cığırdaşlar...

 

OVQAT

 

Günlər vardı...

səndin, məndim,

O günlərə qaytar məni.

Hərdən kaman olub dindim

Sən gördün, ay tar, məni.

 

Buludum yox

gur yağası...

Özüm özümün arxası.

Balığam çayda axası,

Ala bilməz hər tor məni.

 

Başqa səmtə çətin uçam...

Mən yuvası aşkar quşam.

Dincəlməkdən yorulmuşam

Sən hardasan,

gəl, yor məni...

 

Ramiz MƏMMƏDZADƏ

May - iyun 2018-ci il

Şüvəlan

525-ci qəzet.-2018.- 7 iyul.- S.17.