Yollar... Yollar
Təəssüratlar
Bütün gecəni zülmətə qərq olmuş
şəhər hələ yuxudan ayılmamış yola
çıxırıq.
Bərdəyə
gənc yazarlarla görüşə gedirik, amma fürsətdən
istifadə edib Ağcabədidə Həmidə xanım
Cavanşirin, Göyçayda Rəsul Rzanın ev
muzeylərini də ziyarət etmək istəyirik. Hətta
İstilik Elektrik Stansiyalarını da sıradan
çıxaran havada bu göyləri od ələyən
rayonları gəzmək asan olmayacaq. Amma “incəsənət
qurban tələb edir” kimi qulaqlarımızı yağır
edən pafoslu təsəllidən yapışaraq hər
zülmə dözməyə hazırıq. Həm də
zülm deyəndə ki, axı bizi gözləyən
zövqdən də xəbərsiz deyilik, ona görə
özünü naza qoyub gileylənməyin yeri yoxdu...
Bayıla yaxınlaşdıqca hava açılır, dənizin
üstündə təptəzə günəş
görünür. Heç vaxt sıradan çıxmayan, əbədi
bir işıq mənbəyi - günəş. Baxıb düşünürəm min-min illərdi
beləcə, öz qaydası, nizamı ilə dayanıb duran
dünya bütün texnologiyalara və insanın
düşündüyü, tapdığı yeniliklərə
meydan oxuyur. İndi də bu işıqsızlıqdan
xilas günəşdi, istisi yandırsa da, şəfəqləri
göz qamaşdırsa da, fərqi yoxdu... Hələ
indicə oyanan günəşə açıq gözlə
baxmaq olur. İsa Hüseynov son dərəcə
koloritli hekayələrində Aya, Günəşə “dəsdəyirmi”
təyinini verir. Vaqif Bayatlı isə eşqin
özünü də
dəyirmi görür, “Gəl mən də sevim səni,
lap yepyeni, yupyumru bir eşqlə” - deyir şeirlərindən
birində. Yer planeti kimi, Ay kimi, Günəş
kimi yupyumru eşq. Bu, əslində, sonsuzluğun,
tükənməzliyin simvoludur, çıxdığın
nöqtədən bir dairə vurub yenə həmin məqama
qayıdırsan, beləcə davam edir hər şey, ilk dəfəki
kimi, lap əvvəldə olduğu kimi yaşayırsan hər
şeyi... Görünür, sadəcə
günəşi dənizin üstündə görməklə
yaranan bu assosiasiyalar sənətin yoluxdurduğu xəstəlikdən
irəli gəlir. Gördüyün hər
şeyi sənət kimi qavrayırsan, amma bütün hallarda
gerçək həyat və real gözəlliklər daha təsirlidir.
Axı Allahdan böyük yazıçı, şair, rejissor
yoxdu, ola da bilməz... Bax yenə sənət!
Bu dəfə də Tolstoy yaddaşın
hansısa “ucqar”lıqlarından çıxıb qabağa gəlir.
Tolstoy operanı sevmirmiş, “Hərb və
Sülh” romanında qəhrəmanı Nataşa Rostovanın
gözüylə sənətin süniliyini tənqid edir.
Kənddən yenicə gələn və
yaşıllıqlar, təbiət içindən
çıxan Nataşa opera səhnəsindəki karton
ağaclara, böyük parçaya deşik açmaqla
yaradılmış “Aya”, “Günəşə” heyrət
içində baxır, adamların özlərin əzə-əzə
gəzmələrinin, ağızların bütöv
açaraq danışmalarının, oxumalarının səbəblərin
başa düşə bilmir... Əlbəttə,
Tolstoy səviyyəsində sənətkarın “şərtilik”
məhfumundan xəbəri vardı, amma bu priyomla
yazıçı real həyatı quramalara, immitasiyalara
qarşı qoyur və gerçəkliyin gözəlliyini,
qeyri-adiliyini izah edir. Yəqin məhz buna
görə sənət haqqında danışanda “həyatdan
gəlmə” kimi qəribə ifadə işlədilir. Bəlkə
elə ev muzeylərinin də əsas hədəfi
bu olmalıdır... O sənətkarın
yaradıcılığında “həyatdan gəlmə” məqamları
müxtəlif əşyalar, eksponatlar, fotolar vasitəsiylə
izah etməlidir. Bizsə dahi Mirzə Cəlilin, xeyriyyəçi
qadın Həmidə xanım Cavanşirin birgə “həyatına”
- evinə, muzeyinə gedirik...
KƏHRİZLİ
YOLLARI
Həmidə xanım Cavanşirin Kəhrizlidəki ata
evinə aparan yollar adamın ürəyini parçalayır. Fərid
Hüseynin maşınında Cavid Zeynallı, Rəşad Məcid
və mən söhbətləşərək gedirik. Rəşad
müəllim gənclərə hər cəhətdən bələdçilik
edir, həm yolu göstərir, həm də yolboyu müxtəlif yerinədüşən
izahlar verir. Bəhramtəpəni keçəndə “Sovet
vaxtı bu yolla getmək üçün xüsusi icazə
lazım idi, çünki o tay Cənubi Azərbaycandı,
qorxurdular ki, kimsə gedər o üzə... Qatarlar
bu yoldan keçəndə qapıları, pəncərələri
bağlayırdılar, kimsə özün atıb o biri
üzə qaçar deyə” - söyləyir Rəşad
müəllim. Nədənsə ürəyim
sıxılır bu şərhlərdən, bəlkə də,
yaşdan irəli gələn hövsələsizlikdi, təmkinlə
dinləmək olmur bu sözləri. Ancaq bir az sonra, Kəhrizliyə yaxınlaşanda daha
çətin olacaq. Çünki Rəşad
müəllim onu da deyəcək ki, “bax burdan Ağdamın mərkəzinə
on beş, iyirmi dəqiqəlik yoldu. Amma...” Hə, bu tikanlı məftillər adamın
gözünə batır, ürəyini sıxır, ruhunu məngənəyə
salır, acizlik duyğusu oyadır. Amma neyləməli...
Ağcabədiyə çatanda redaktorum Yusif Rzayevə bənzəyən
bir nəfər qarşılayır bizi. Yusif müəllimin
kiçik qardaşı Caviddir. Təmkinli,
tələsmədən danışığı,
gözünü qaldırıb adamın üzünə
baxmaması və xəfif təbəssümü ilə eynən
qardaşıdır. Maşını ilə
bələdçilik edir bizə, Həmidə xanımın
evinə, Kəhrizliyə gətirir. Bu evi
Həmidə xanımın atası Əhməd bəy qızına
hədiyyə edib. Bura həm məktəb
olub vaxtında, həm dəyirman çalışıb həyətində,
həm də qadınlar üçün bir neçə dəzgahla
tikiş fabriki işləyib burda. Həmidə
xanım Gürcüstandan gətirdiyi liflərlə
uşaqlara peyvənd vururmuş burda, xalqın balaların
ölümcül xəstəlikdən xilas edirmiş.
Mirzə Cəlil burda oturub təsərrüfatla məşğul
olurmuş, əkini çəyirtkədən xilas etməyin
yolların axtarırmış... Köhnə,
sadə evə, balaca otaqlara baxdıqca, qarışıq hisslər
keçirirəm. Muzey rəhbərliyi və
işçiləri, gəlişimizdən xəbər tutub həyətdə
bizi gözləyən yerli ziyalıların - Zahid Avşar
Eloğlu və Yəhya Paşazadənin
danışığı ümumiyyətlə
qarabağlılar haqqında düşündürür.
Üzlərində təbəssüm
qabağımıza çıxıb “xoş gəldin” edirlər,
kəlməbaşı “qadan alım, başına
dönüm, canım sənə qurban” deyə
danışırlar, mütləq nəyəsə qonaq etmək
istəyirlər. Adama elə gəlir ki,
istənilən qanıqaralığı bu yolla aradan
qaldıra bilərlər, elə bircə dəfə
ağızlarının içində “Ay can, qadan alım” -
desələr məsələ tamam olar.
Görünür, bu da genetik hadisədir, axı qarabağlılar
qonaq-qaralı olublar həmişə, şəhərin,
aranın istisindən qaçanlar Qarabağa, o səfalı
yerlərə üz tutublar tarixən... Ona görə qonaqpərvərlik
canlarından, qanlarından gəlir... İndi isə... Nə
isə...
Həmidə xanımın eyvanında durub baxıram, həyətin
yaşıllığı göz oxşayır. Pəncərələrə toxunanda “Xatirələrim”
kitabından bir məqam yadıma düşür. Əhməd
bəyin düşməni çox imiş, ona görə pəncərələri
də belə dərin tikdirib, gecələr pəncərə
önünə qum kisələri
yığırlarmış ki, güllə atan olsa, evə
keçməsin... Həmidə xanıma da silahla atəş
açmaq öyrədibmiş Əhməd bəy, gənc
qız atasıyla çiyin-çiyinə evə basqın edənlərə
qarşı
döyüşürmüş. Kim deyərdi elə
bu pəncərədən çöldən içəri də
atəş açmalı olacaq nə zamansa... Muzeyin
gənc xanım işçiləri üzlərində utancaq
təbəssümlə - hə, bu pəncərə idi -
deyirlər. Amma mən bu mövzuda
danışmaq, üstünü vurmaq istəmirəm, elə
içəri keçib Həmidə xanımın şəxsi
əşyalarına, tikmələrinə baxıb o
dövrün ab-havasını hiss etməyə
çalışıram. Rəşad
müəllim, Fərid, Cavid və mən muzeyə
kitablarımızı hədiyyə edirik, xatirə
kitabına ürək sözlərimizi yazırıq. Həmidə
xanımın ev muzeyi
diyarşünaslıq muzeyinin filialı kimi fəaliyyət
göstərir. Əlbəttə, bu cür tarixi şəxsiyyətlərin
Mirzə Cəlilin, Həmidə xanımın muzeyi müstəqil
kimi fəaliyyət göstərsə və onlara aid
eksponatlarla, fotolarla zənginləşdirilsə, daha gözəl
olar... Elə bu arzularla Kəhrizlidən
ayrılırıq.
BƏRDƏ NƏ GÖZƏLDİR...
Ağcabədidən Bərdəyə tələsirik. Nizami Gəncəvinin
“Bərdə nə gözəldir, necə qəşəngdir,
yazı da, qışı da güldür, çiçəkdir”
misraları məktəb vaxtlarından əzbərimizdədir.
Amma indi nə yazdı, nə də qış, od
kimi isti yaydı... Bərdə Regional Mədəniyyət
İdarəsinin, M.F.Axundzadə adına
Milli Kitabxananın birgə təşkilatçılığı
ilə Bərdədə gənc yazarlarla görüş təşkil
olunub. Bu qədim ənənələri olan
şəhərin sakinləri ilə görüş unudulmaz
olacaq əlbəttə. Təşkilati məsələlərdə,
ümumiyyətlə, hər işdə son dərəcə həssas
adam olan Milli Kitabxananın direktoru Kərim
müəllim bu tədbirə də xüsusi
hazırlaşıb. Bərdənin mərkəzində
kitabxanaya daxil olanda bir anlıq çaşıram, zalın əksəriyyəti
qadınlardır. Bunlar kitabxana
işçiləridir. Demək ki,
çağdaş zamanda oxucuya kitabı qadınlar təqdim
edirlər. Bir az əvvəl evini
ziyarət etdiyimiz, qadınların savadlanması
üçün mübarizə aparan, maarif yolunda ömrünü,
qələmini əsirgəməyən Mirzə Cəlil
arzusuna çatıb. Bu düşüncə
sevindirir, nikbinləşdirir məni. Bərdə
Regional Mədəniyyət İdarəsinin sədri İlyas
Hacıyev tədbiri giriş sözü ilə açaraq
dövlətin mədəniyyətə qayğısından,
regionda kitaba, sənətə, ədəbiyyata maraqdan, bu
cür tədbirlərin əhəmiyyətindən
danışır. İsti hava və
çalışmayan kondisionerlər mehriban bir ortamda söhbət
etməyimizə, sənət müzakirələri
aparmağımıza mane ola bilmir. Milli kitabxananın rəhbəri Kərim Tahirov
ölkədə kitabxana işinin təşkili
üçün, müasir standartlara cavab verməsi
üçün görülən işləri dilə gətirir.
Axı çağdaş dinamik zamanın
adamı lazım olan mətni saatlarla axtarmalı, vaxt
axtarışa sərf etməli deyil və
kitabxanalarımız operativlik üçün, ən vacib
kitabların elektronlaşması üçün əllərindən
gələni edirlər. Rəşad Məcid
bizi yetişdirən mühitdən, Azərbaycan
Yazıçılar Birliyinin Gənc Ədiblər Məktəbindən
danışır, görüşlərin gənc qələm
sahiblərinə faydasını vurğulayır. Fərid Hüseyn şeirlərini oxuyur, Cavid
Zeynallı tələbəlik illərinə aid
düşüncələrini paylaşır, fürsətkən
çalışdığı Dram Teatrının da
repertuarını reklam edir. Bir sözlə,
sərbəst və səmimi şəraitdə hər kəs
arzularını, düşüncələrini,
planlarını dilə gətirir və bütün
bunları sevərək qəbul edən auditoriya var. Amma nədisə
elə bu qadınlarla bərabər mən özüm də
xeyli qürurluyam. Bəlkə feminist
damarım tutub, bilmirəm. Axı, hətta dahi Nizami də
Bərdəli Nüşabəni İskəndərdən
üstün tutmuşdu... “İskəndərnamə”
poemasında yazırdı ki, İskəndər Bərdə
padşahı Nüşabənin yanına elçi cildində
gəlir. Amma onun hüzurunda baş əymir,
qılıncını açmır, cəsarətlə və
ötkəm danışır. Bu zaman
Nüşabə duyur ki, qarşısında dayanan elçi
yox, İskəndərin özüdür. Makedoniyalılarla
düşmən olmaq istəməyən Nüşabə
simvolik ziyafət düzəldib, İskəndərə yemək
əvəzinə daş-qaş təklif edir. Bu hərəkəti ilə İskəndəri
utandırır, müharibə etmək fikrindən
daşındırır.
Bəli,
Həmidə xanımın döyüşməsi,
Nüşabənin İskəndər kimi sərkərdə
qarşısına bu cür çıxması... və bayaq
gördüyüm tikanlı məftillər... Ehhh!
Rəsul
Rza hələ 80-ci ildə yazmışdı:
Sənin
doğma torpağında
neçələrin gözü qalıb.
Vətən
adlı doğma yurddan
püşk olarmı?!
Pay
olarmı?!
Elə bu
qarışıq düşüncələr, amma həm də
ümid içində Rəsul Rzanın Göyçaydakı
ev muzeyinə yollanırıq.
BELƏ MƏĞRUR DAYANMAQDA
HAQLIYAM...
Bərdədən çıxdıqca yol kənarında
yığılmış pambıq tayaları diqqətimi
çəkir.
Suallar verirəm, Rəşad müəllim Sovet
dövrünün pambıq bəlasından
danışır. Kürdəmirdə
doğulub böyüyən Fərid Hüseyn
uşaqlığından anasıyla bərabər pambıq
tarlalarına gedib kömək edirmiş. Deyirlər
ki, pambıq yığımını sərin havalara saxlamaq
olmaz, çünki yağış vursa, məhsul zay olur.
Deməli, yayın cırhacırında, al
günün altında olur pambıq yığımı.
Fərid deyir ki, bir kilo pambıq yığmaqdan ötrü əlini
220 dəfə aparıb gətirməlisən... Dinlədikcə bütün bunlar dəhşət gəlir
mənə. Bizə “dərinizi gündən
qoruyun” deyən müasir kosmetoloqlar yadıma düşür.
Axı dik günün altında, dərmanlı,
zəhərli pambıq tarlasında qadınlığı, zərifliyi
necə qoruyasan?! Fərid anasının
pambıq yığanda, sonra da pambıqları doldurmaq
üçün kisələri əl maşınında tikəndə
çəkdiyi əziyyətlərdən danışdıqca
İran məhbəsi haqqında yazdığı xatirələr
kitabı yadıma düşür. Kitabda
mənə ən çox təsir edən Fəridin anası
ilə görüşdüyü məqam idi, anasının əllərini
buraxmadan elə hey öpdüyünü, öpüb
gözünün üstünə qoyduğunu yazırdı.
İndi qadının övladlarını
böyütməkdən ötrü çəkdiyi zəhmətin
kiçik bir hissəsini dinlədikcə İran həbsxanasındakı
o görüşün və öpüşlərin mahiyyətini
daha yaxşı başa düşürəm.
Elə bu ovqatda söhbətlərlə Rəsul
Rzanın çinarlarını vəsf etdiyi Göyçaya
çatırıq. Bu çinarlar doğrudan da heyrətamizdir.
Möhtəşəmliyi və kölgəsi ilə
insanı sehrinə, cazibəsinə salır. Rəsul Rza və Nigar xanım Rəfibəyli
arasında incə bir “mübahisə” varmış bu
çinarlara görə, Gəncənin, yoxsa
Göyçayın çinarları gözəldi? - deyə hey zarafatlaşarmışlar. İndi də
qədim ağaclara baxdıqca tezliklə Gəncəyə
gedib müqayisə etmək istəyirəm...
Ənvər
Məmmədxanlı “İki ömrün işığı”
kitabına “Ön söz”ündə yazırdı:
“Uşaqlıq illərimizin ən böyük arzusunu
yada salmaq istəyəndə hafizəmdə iz salan budur ki,
bizim ən böyük arzumuz səyahət idi. Və bir dəfə
Göyçayın üstündəki Boz dağa yemlik,
turşəng, quşəppəyi yığmağa gedəndə,
hansı bir təpə başındasa uzaqlara baxarkən, Rəsul
mənə demişdi ki, heç kəsə demə,
buyaxınlarda evdən qaçarıq, baş alıb gedərik,
bütün dünyanı gəzərik...”
Görünür,
hər şey məhz bu məqamda başlayır... Rəsul
Rzanın da, Ənvər Məmmədxanlının da
azadlıq arzusunun başlanğıcıdır bu; evdən
qaçmaq və dünyanı gəzmək arzusu... “Mən
bulağam, tapşırıqla axmıram” - deyən şairin
üsyanının da təməli elə orda qoyulub...
Rəsul Rzanın doğulub böyüdüyü evin həyətinə
girən kimi Cavid Zeynallı - “Şair evi belə olar ey...” -
deyir. Doğrudan da qəribə bir hüzur, rahatlıq var
bu həyətdə. Xudmani bağçada
meyvə ağaclarının kölgəsi, yetişmiş
meyvələrin müxtəlif rəngləri ayrı bir
ab-hava yaradır. Həyətdə bir az
oturub, meyvələrdən yeyib içəri keçirik. Muzeyin direktoru Solmaz Həsənova qonaqpərvərliklə
qarşılayır bizi. Şairin şəxsi əşyaları,
kitabları, fotoşəkilləri ilə zəngin olan bu evdə
Rəsul Rza dünyasının astanasına yanaşırsan
sanki... Astanasına deyirəm, ona görə ki, o dünyaya
daxil olmaq, onu dərk etməyin yolu kitablardan keçir, Rəsul
Rzanın, Nigar xanımın və Anarın kitablarından...
Muzeydə Azərbaycan mədəniyyətində öz yeri
olan bu ailə haqqında xeyli zəngin məlumatlar var. Solmaz
xanım böyük həvəs və şövqlə
danışır, hər fotonu, əşyanı izah edir və
bunlar hamısı şairin məişətini,
böyüdüyü mühiti anlamağa kömək olur. Elə
Rəsul Rzanın sağlığında bu ev
satılıbmış, sonra şair Göyçayın
başqa bir yerində özünə ev alır... Solmaz xanım o evə də getməyimizi təklif
edir.
İçəri girib yenə səliqəli həyəti
gəzib, dəbdəbədən uzaq evə baxınca Sovet
dövrünün sərt qanunları haqqında
düşünürəm. Rəsul Rza ensiklopediyada işləyəndə
onu “vurmaq” üçün bu evlə bağlı yazırlarmış,
şairdən izahat tələb edirlərmiş, şair
ittihamlara cavab verərək, izahat yazır:
“Bu Göyçaydakı evdən Yazıçılar
İttifaqının dörd üzvü - mən, həyat
yoldaşım, oğlum və əmim oğlu da istifadə
edirlər.
Moskvada, Kiyevdə, Tbilisidə, Daşkənddə və
başqa böyük şəhərlərdə yaşayan
yazıçıların səs-küydən uzaq bir
yaradıcılıq guşələri - bağları
olduğu kimi, mən də bu evi halal zəhmətimlə
qazandığım pullara və dövlət təşkilatlarıyla
müqavilə əsasında tikdirmişəm”.
İndi
bu sadədən sadə evə, həyət-bağcaya
baxdıqca təəccüblənir adam...
Necə vaxtlar varmış, hər daşın,
hər ağacın haqq-hesabı çəkilirmiş o
zamanlar. İndiki zamanla müqayisəyə gəlməz
bu məqamlardan danışmaq yersizdi əlbəttə...
Anar “Beşmərtəbəli evin altıncı mərtəbəsi”
romanını bu evdə yazıb bitirib. Eyvanda var-gəl edib siqaret
çəkən, düşünən, sonra çap
maşını arxasına keçib klaviaturanı
taqqıldadan yazıçı kənd uşaqlarına
maraqlı görünürmüş, hasara
dırmaşıb tamaşa edirmişlər ona...
Bütün
bu gördüklərimlə bağlı beynimdə oyanan rabitəsiz
fikirləri, assosiasiyaları səliqəyə salıram, Rəşad
müəllim bir saatlıq məsafədə olan İvanovka kəndinə
getməyi, orda istirahət edən anası Yavər xanıma
baş çəkməyi təklif edir... “Yavər
xanımın kənd toyuğundan
çığırtmasını yeyərsiz” - deyir. Məmnuniyyətlə
razılaşırıq... Amma qarşıda bizi gözləyən
indiki zəmanə üçün gülməli problemdən
xəbərimiz yoxdu hələ...
YAVƏR
XANIM...
Yolumuz İvanovkayadır. Amma ora gedib
çıxa biləcəyikmi? Fəridin
maşını qırmızı işığı ilə
elə hey göz vurur, benzindoldurma məntəqələri də
“işıq yoxdur, benzin vura bilmirik” - deyirlər. Rəşad müəllim yüngülvari əsəbləşir
deyəsən - bircə yolda qalmağımız
çatışmırdı - deyir. Yolun kənarındakı
yanacaqdoldurma yerlərindən birində saxlayır
maşını, cavab eynidir. Cavid elə
maşındanca başını çıxarıb vəziyyəti
yumşaltmaq üçün “Rəşad müəllim, qəzetlə
hədələyin də, öz maşınlarından çəkib
versinlər benzini...” - deyə zarafatlaşır. Rəşad müəllim üst-başından cin
hürkən arıq-sısqa kənd uşağına
baxıb - “qəzet nə vecinədi ey bunun?” - deyir və gülümsəyir. Gülürəm,
Üzeyir bəy yadıma düşür, hamını hədələyib
“mən bunları qəzetimdə yazaram” - deyən Rza bəyi
fikirləşirəm. Rəşad müəllim
ağcabədili yerlisi Üzeyir bəyin idealların həyata
keçirir əslində, qəzeti ilə hədələmək
istəmir... Əksinə, bu qəribə
cavanın qılığına girib, yardım etməsini istəyir.
Göytəpə kəndində əldə
benzin satılır deyir cavan oğlan, amma ora da gedib
çıxmaq lazımdı. Oğlan maşına oturub
yolu göstərir, birtəhər gedib çıxırıq
o Göytəpə benzini satılan kənd mağazasına...
Fanta qablarında benzin gətirirlər, maşına tökürlər...
Bunun rəngi niyə belədi, lap qreyfrut şirəsinə
oxşayır - deyib gülürəm... Əşi nə fərqi,
əsas odu yolda qalmayaq!
Üzüyuxarılara,
İvanovkaya qalxdıqca fərəh hissi ilə dolur adam, açılan mənzərələri
bir-birimizə göstərib tərifləyirik. Tolstoy düz
deyir də, kartondan ağaclar, ya da parçadan günəş
bunun yerini necə verə bilər axı...
İvanovkada
isə özümüzü tamam ayrı ölkədə hiss
edirik. 1840-cı ildə, molokanların bura
köçürülməsi ilə yaradılan kənd
özünəməxsusluğunu qoruyub saxlayıb.
Yastı-yapalaq evlər, öz adətləri olan əhali, həzin,
sakit təbiət... Dincəlmək
üçün daha nə lazımdı ki?
Görünür, elə Yavər xanımın da istilər
düşən kimi bura can atmasının səbəbi budur.
Rəşad müəllim həyətə keçib
anası ilə görüşür, bizi təqdim edir. Yavər
xanım, axı mən bu uşaqları qəzetdən
tanıyıram - deyib bağrına basır bizi. Kitab, mütaliə həvəskarı
olan xanım yazılarımızı qəzetdən
oxuyubmuş, ona görə sanki bir-birimizi çoxdan
tanıyırıq, səmimi söhbətləşirik. Çay süfrəsi arxasında söhbət
edirik, Yavər xanım buranın təbiətindən,
adamlarından, qapısına gətirilən ərzaqlardan,
süd məhsullarından danışır. Ömrü boyu təbii məhsullar yeməyə
alışmış adamlar üçün buranın əti,
südü, pendiri, nehrə yağı, bəhməzi lap yerinə
düşür. Özünəməxsus
şirinliklə, koloritlə bütün bunları
danışan Yavər xanımın birdən fikrə getdiyini
də hiss edirəm. Laçından
danışmağa başlayanda bayaqkı tikanlı məftillər
düşür yenə yadıma. Yavər
xanım danışdıqca, adama elə gəlir ki,
bütün bunları kitabdan oxuyursan, Laçının
sularından, təbiətindən, dağlarından elə danışır,
sanki indicə gəlib ordan, Rəşad müəllim də
şərhlər verir, xatirələrini
bölüşür. Bax o anda başa
düşürəm ki, o cür cənnətdən qovulan bu
adamlar üçün İvanovka elə-belə
immitasiyadır, təbiətə, dağlara
alışmış genləri, təmiz havaya öyrəşmiş
ciyərləri aldatmaqdan başqa bir şey deyil.
Anar müəllim 1985-ci ildə “Qarabağ şikəstəsi”
adlı essesində Yavər xanımın, Rəşad müəllimin
danışdığı yerlər haqqında təəssüratlarını
yazıb. O
essedən bir parçanı yada salmaq istərdim:
“Heç vaxt heç yerdə bu qədər su görməmişdim. Buralar sanki su
səltənətidir. İti çaylar, buz kimi soyuq
bulaqlar, gur şəlalələr (yarğanlar köksündəki
ağ şırımlar - selovlarda
qurumuş şəlalələrin izidir), yerdən
pırtlayıb çıxan fəvvarələr - su, su, su...
Dupduru, şipşirin, səpsərin su... Şəffaflığında
dibinin al-əlvan daşları sayılan, köpüklənəndə
qaynayıb coşan, barmağını donduran, dişlərini
gizildədən su...
... Bakının su qəhətliyini, Abşeron təbiətinin
quru, susuz çılpaqlığını yada salanda bu
yaşıl vadilərin su bolluğuna həsəd çəkirsən.
Hələ bu yaydır. Yazın
gürşad yağıntılarında, payızın boz
çiskinində, boran, sel vaxtı buraların mənzərəsini
təsəvvür edəndə, dağların köksündə
oyum-oyum oyulmuş nəhəng mağaralara, kahalara təəccüblənmirsən.
Rastımıza çıxan hər bulağın
suyundan içirik. Biri o birindən soyuq, biri o birindən dadlı...
Bozlu, Qarıqışlaq kəndlərindən
keçirik, yol burda haçalanır - bu tərəf
Qaragöl səmtidir, o biri tərəf Minkənd istiqaməti”.
Rəşad
müəllim deyir ki, 1985-ci ildə Anarın bu
yazısını oxuyub təsirlənmişdi, hətta müəyyən
parçaların əzbər yadında
saxlamışdı... 3-4 il sonra oğlu Mirhacib 2
yaşında yeni-yeni dil açanda eyni yerlərə gedəndə
Anar müəllimin yazdığı reaksiyanı verib,
dörd dövrəni qoynuna alan sulara baxıb sevinc içində
- su, su, su - deyə qışqırır. Peşəkar
yazıçıda da, dünyanı yeni-yeni kəşf etməyə
başlayan körpə uşaqda da eyni fərəhi, sevinci
oyadan, 75 yaşlı qadının da xatirələrində
sağalmaz bir yaraya çevrilən o yerlərə nə zaman
qayıdacayıq görən? Qəribədi, Rəşad
Məcid də, Yavər xanım da danışırlar, amma
şikayət eləmirlər, bəlkə cavanları pessimist
ovqata kökləmək istəmirlər, bilmirəm... Ona
görə tez bu söhbətləri
yığışdırıb süfrə açır Yavər
xanım, təbii yeməklərə yadırğamış
mədəmiz bu ətirli toyuq çığırtması ilə
bayram edir... Yavər xanım elə hey - yeyin, yeməlisiz
hamısını deyir... Bu da qarabağlıların qonaqpərvərliyinin
daha bir nümunəsidir, qonaq doyunca yeməsə rahat olmazlar!
Qapıda görüşüb, sağollaşıb
çıxırıq. Yavər xanım qapıdaca qoyulmuş
kiçik skamyada oturub maşının uzaqlaşmağın
gözləyir. Gülümsəyir, əl
edir bizə. Üzündəki təbəssüm, həm
oğlu ilə qürur duyan, həm də təmkinli bir
qadının halı...
Bakıya
qayıdan yolları zil-zülmət bürüyüb,
işıq problemi yenə “aktuallaşıb”. Amma elə bu
halda yorğun, yuxu ilə ayıqlığın
arasındakı vəziyyətdə yazımın son cümləsini
beynimdən keçirirəm... Həmidə xanımdan, bərdəli
oxucularla görüşdən, Rəsul Rzadan, Yavər
xanımdan aldığımız işığı
hansı elektrik stansiyası verə bilər ki?
PƏRVİN
525-ci qəzet.-2018.- 7 iyul.- S.14-15.