Bir gecə
“Nəsimi dünyası”nda
İyulun 5-də Beynəlxalq Muğam Mərkəzində böyük
şairimiz, ustad İmadəddin Nəsiminin
yaradıcılığına həsr olunmuş möhtəşəm “Nəsimi
dünyası” adlı
gecə keçirilib.
Millət
vəkili Qənirə
Paşayevanın rəhbərlik
etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar
İnstitutu” İB-nin,
Beynəlxalq Muğam Mərkəzinin və Nəsimi sevdalısı iş adamı Tahir Gözəlin dəstəyilə hazırlanmış
gecədə Azərbaycanın
tanınmış ictimai
xadimləri, alimlər,
ziyalılar, QHT və
KİV rəhbərləri, Nəsimisevərlər iştirak
ediblər. Tədbirdə ustad sənətkar
İmadəddin Nəsiminin
yaradıcılığı ədəbi-musiqili proqramla
tamaşaçılara təqdim
edilib.
Tədbiri giriş sözü
ilə açan Avrasiya Beynəlxalq Araşdırmalar İB-nin
sədri, millət vəkili Qənirə Paşayeva çıxışında
ustad Nəsimi ilə bağlı bu formatda ilk dəfə tədbirin keçirildiyini vurğulayıb
və bildirib ki, bu isti
yay günlərində
bu qədər dəyərli insanların
bu gecəyə təşrif buyurması sözün həqiqi mənasında Nəsimiyə
verilən böyük
dəyərdir: “Mən
Nəsimi dünyasına
çox kiçik yaşlarımdan daxil olmuşam. Ədəbiyyatçı atamın və
əmim Qəzənfər
Paşayevin sayəsində.
İlk dəfə atamın dilindən Nəsiminin “Ağrımaz” qəzəlinin
son beytini eşidəndə
mənasını tam anlamasam
da, uşaq qəlbimi bu misraları yazan şairə qarşı maraq bürümüşdü.
1987-ci ildə əmim,
böyük ədəbiyyatşünas
alim Qəzənfər
Paşayev Nəsimin “İraq divanı”nı
tapıb bizim dildə nəşr edəndən sonra onun dünyasına bir az da
yaxınlaşdım. O dünya
elə böyük idi ki, onun
arxasınca Suriyaya, Hələbə qədər
getdik. Nəsiminin məzarını ziyarət edəndə içimdə qəribə
duyğular keçirirdim.
Yadımdadır ki, Ümummilli liderimiz Heydər Əliyev ilə xarici ölkələrin birinə
səfər zamanı
jurnalistlərlə söhbət
edəndə ona Nəsiminin qəbrinin Azərbaycanda olması necə gözəl olardı dedim. Ümummilli liderimiz Nəsimi ilə bağlı çox maraqlı məlumatlar danışdı”.
Daha sonra millət vəkili qeyd edib ki, Nəsiminin
yaradıcılığının təbliği dövlət
siyasətimizdə önəmli
yer tutur: “Nəsiminin böyüklüyü
ondadır ki, onun yaradıcılığının
əsasında insan dururdu. O, həqiqət mərtəbəsində dayanan
böyük bir şəxsiyyət idi. O, insana bir başqa
yanaşırdı. Müsəlman
dünyasında Nəsimiyə
zülm edənlər
bu gün də var: İŞİD,
Taliban və s. timsalında.
Bunlar hamısı cahillikdəndir.
Cahilliklə mübarizənin yolu bu böyük
şəxsiyyətlərin yaradıcılığının öyrənilməsindən keçir”.
O bildirib ki, böyük şairin dünyasını tanımaq
istəyənlərə imkan
verən bu proqram televiziya kanalları, KİV-lə yanaşı, sosial mediada da geniş yayımlanacaq
və yaxın gələcəkdə bu repertuarla bir sıra xarici
ölkələrdə də
“Nəsimi dünyası”
gecələrinin keçirilməsi
nəzərdə tutulur.
O, həmçinin, böyük
şair və mütəfəkkirimiz İmadəddin
Nəsimini gənc nəslin daha geniş öyrənməsinin
vacibliyindən danışıb
və bu gecədə əməyi keçən hər kəsə dərin təşəkkürünü bildirib.
Millət
vəkili Qənirə
Paşayeva Beynəlxalq
Muğam Mərkəzinin
direktoru Murad Hüseynov və iş adamı, Nəsimi araşdırmaçısı
Tahir Gözələ
bu layihəyə verdikləri dəstəyə
görə təşəkkür
plaketlərini təqdim
edib. O, həmçinin,
sosial şəbəkələr
üzərindən Nəsimi
ilə bağlı səhifələrin açıldığını
bildirib və böyük ustadın zəngin irsinin sosial medianın imkanlarından daha geniş istifadə olunacağını vurğulayıb.
Daha sonra tədbirin təşkilatçılarından olan iş adamı
Tahir Gözəl ustad sənətkarın zəngin poetik irsindən, onun yaradıcılığının fəlsəfi tərəflərindən
söz açıb.
O, insanları şairin
irsini öyrənməyə
çağırıb.
Daha sonra gecə bədii hissə ilə davam edib.
“Nəsimi dünyası” gecəsində
tanınmış sənətçilər, Xalq
artisti Nəzakət Teymurova,
“Savalan” qrupunun rəhbəri
Novruz Novruzlu, Eyvaz Həşimovun rəhbərliyi ilə “Hicaz” qrupu,
tanınmış muğam
ifaçısı Mütəllim Dəmirov, Əməkdar artist Mehriban Zəki,
Əməkdar incəsənət xadimi
Əbdül Mahmudov (Şeyx
Əbdül), tanınmış qiraət ustaları Məleykə
Alovlu, Həlimət Məmmədova (Sultan), Nəsimi
araşdırmaçısı Fərəc Əliyev öz möhtəşəm
ifaları ilə tamaşaçıları Nəsimi
dünyasına dəvət ediblər. Nəsiminin
yaradıcılığından səslənən qəzəllər
və oxunan mahnılar ustad
sənətkarın irsinin musiqi
və poetikanın vəhdəti tamaşaçılara
çatdırmaqda mühüm rol oynayıb. Nəsimi irsinin
sehrinə düşən tamaşaçılar proqramı
alqışlarla qarşılayıb.
Gecədə ustad şairin həyat və
yaradıcılığına həsr olunmuş
“Nəsimi” (rejissor Həsən Seyidbəyli)
filmindən qısa fraqmentlər nümayiş
olunub və tədbir ASAN Radio
vasitəsilə canlı olaraq
yayımlanıb.
Tədbir iştirakçılarına professor Qəzənfər Paşayevin hazırladığı və latın əlifbasında ilk dəfə işıq üzü görmüş İmadəddin Nəsiminin “İraq divanı” kitabı hədiyyə edilib.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.-2018.- 7 iyul.- S.13.