Bölgələrin
Bilik evlərində təlimlərə yekun vuruldu
Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondunun sektor
müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik
Fondu yarandığı ilk gündən təkcə paytaxtda
deyil, bütün ölkə ərazisində maarifçilik tədbirləri
həyata keçirir, ölkəmizin tarixi, mədəniyyəti,
ədəbiyyatı, incəsənətinin təbliği ilə
bağlı bir-birindən maraqlı layihələr
reallaşdırır.
Ölkə əhalisinin elmi-texniki, siyasi-ictimai,
sosial-iqtisadi, ekoloji və humanitar biliklərinin
artırılması, azərbaycançılıq məfkurəsinin
və milli-mənəvi, dini dəyərlərin təbliği,
dövlətin daxili və xarici siyasətinin mahiyyətinin
ictimaiyyətə çatdırılması Bilik Fondunun əsas
missiyasıdır.
Azərbaycanın
7 bölgəsində Fondun 76 şəhər və rayon
nümayəndəsi yerli əhalinin maarifləndirilməsi,
yeniyetmə və gənclərin elmi biliklərinin
artırılması ilə bağlı bir sıra tədbirlərin
təşəbbüskarları və təşkilatçıları
olaraq mühazirə və təlimlərin müasir tələblərə
uyğun keçirilməsini təmin edirlər.
Bölgə ziyalısına, məktəblisinə və
gəncinə daha yaxın olmaq üçün 2015-ci ildən
etibarən yerlərdə Bilik Evləri fəaliyyət
göstərir. Artıq Qax, Oğuz, Şəmkir, Nardaran,
İsmayıllı, Ağstafa, Astara, Ağdaş, Tərtər
Bilik Evləri əhalinin üz tutduğu müqəddəs məkana
- maarif ocağına çevrilib. Bilik Evləri xüsusilə
ali təhsil ala bilməyən gənclərin
inkişafında müstəsna rol oynayır, burada gənclər
üçün ədəbi yaradıcılıq, müxtəlif
peşələr üzrə hazırlıq kursları, ingilis
və rus dilləri, həmçinin, kompüter
texnologiyaları və kargüzarlıq işi, bələdçilik,
toxuculuq və dekorativ tətbiqi sənət,
xalçaçılıq, rəssamlıq üzrə ödənişsiz
əsaslarla təlim kursları və dərnəklər təşkil
olunur.
Dinləyicilərə yüksək ixtisaslı mütəxəssislər
dərs deyirlər. İxtisasla yanaşı, bütün
müdavimlər ölkənin daxili və xarici siyasəti, Azərbaycan
tarixi və mədəniyyəti, ədəbiyyatı, eləcə
də dünya ədəbiyyatı və mədəniyyəti
ilə bağlı mühazirələr dinləyir, dəyirmi
masalarda və disputlarda, kitab təqdimatları və
intellektual müsabiqələrdə iştirak edirlər.
Bilik Evlərində təhsilini uğurla başa
vuran müdavimlərə sertifikatlar təqdim olunur.
Bilik Fondu təlim kurslarını və dərnəkləri
tədris vəsaitləri, dərsliklər, əyani vəsaitlər,
məlumat ədəbiyyatı və danışıq
kitabçaları ilə təmin edir.
Hər bir Bilik Evində mütəmadi olaraq sosial
sifariş üzrə təlim olunacaq ixtisaslar dəyişdirilir,
yenilənir. Maarifləndirici fəaliyyətin istiqamətlərinin
müəyyənləşdirilməsi və Bilik Evlərində
yerli əhalinin istək və arzularının nəzərə
alınması üçün sosial sifarişin öyrənilməsi
və təkmilləşdirilməsi məqsədilə Fondun
İnformasiya təminatı sektorunun nəzdində Sosioloji
Sorğu Mərkəzi yaradılıb. Mərkəz
vaxtaşırı əhali arasında müxtəlif
sorğular keçirməklə sosial sifarişin öyrənilməsinə
yardım edir.
Fondun dəstəyi
ilə bölgələrdə fəaliyyət göstərən
Bilik evlərində təlim kursları və dərnəklərlə
yanaşı, əhalinin maarifləndirilməsi, gənclərin
elmi biliklərinin, müxtəlif peşə və ixtisaslara
maraqlarının artırılması, onların asudə
vaxtının səmərəli təşkili və məşğulluğuna
dəstək verilməsi məqsədilə aktual mövzularda
mühazirələr və təlimlər, müzakirələr
və təqdimatlar, tanınmış elm adamları, təhsil
işçiləri və mədəniyyət xadimləri ilə
görüşlər və dəyirmi masalar təşkil
olunur.
Nardaran Bilik Evində ötən ilin oktyabrından
başlayaraq, yerli gənclərin iştirakı ilə
keçirilən “Kompüter texnologiyaları və
kargüzarlıq işi” üzrə təlim kursuna iyunun 26-da
yekun vurulub.
İmtahan prosesində Bilik Evinin müdiri, millət vəkili
Dilarə Cəbrayılova, Fondun aparıcı mütəxəssisi
Aynur Seyidova və Nardaran qəsəbəsindəki 295 nömrəli
tam orta məktəbin müəllimi, təlimçi Jalə
Allahverdiyeva iştirak ediblər. İmtahandan
uğurla keçən dinləyicilərə Bilik Fondunun
sertifikatları təqdim olunub.
2017-2018-ci
tədris ilində Qax Bilik Evində 15 gəncin iştirakı
ilə Adilə Aşurovanın müəllim olduğu
“Kompüter texnologiyaları və kargüzarlıq işi”
üzrə təlim kursu, Sevinc Əfəndinin rəhbərliyi
ilə 11 nəfərin qatıldığı “İngilis dili”
dərnəyi fəaliyyət göstərib. Oktyabr
ayından başlayan məşğələlər həftədə
iki dəfə olmaqla iyun ayınadək davam edib. Gənclər Fondun təşkil etdiyi ödənişsiz
təlimlərdən məmnun qaldıqlarını dilə gətirərək
bilik və bacarıqlarının inkişafı,
dünyagörüşlərinin genişləndirilməsi
üçün gələcəkdə də müxtəlif
peşə yönümlü dərnəklərdə
iştirak etmək arzularını bildiriblər. İyunun 28-də təşkil olunmuş yekun
imtahanından sonra Bilik Evinin müdiri, Əmbərli kənd
orta məktəbinin direktoru Rövşən Hədisov dinləyicilərə
Fondun sertifikatlarını təqdim edib.
İyunun 28-də Şəmkir Bilik Evində 14 gəncin
qatıldığı “Kompüter texnologiyaları və
kargüzarlıq işi” üzrə təlim kursunun da yekun
imtahanı keçirilib. İmtahanda Bilik Fondunun sektor müdiri Rauf Həsənov,
Bilik Evinin kiçik mütəxəssisi Hicran Əliyeva və
kursun müəllimi Maisə Məmmədova iştirak edib,
dinləyiciləri təlim kursunu bitirmələri münasibətilə
təbrik ediblər.
Sertifikatların
təqdimatı mərasimində Şəmkir Rayon İcra
Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər
üzrə söbəsinin baş məsləhətçisi
Davud Süleymanov çıxış edərək, Bilik Evində
gənclərin maarifləndirilməsinə, peşə fəaliyyətlərinə
dəstək olan təlimlərin təşkilinə görə
Bilik Fonduna təşəkkürünü bildirib.
Oğuz
Bilik Evində bu il 11 nəfərin iştirakı ilə “Bələdçilik”
kursu, 15 nəfərin iştirakı ilə “Rus dili” dərnəyi
fəaliyyət göstərib. Gənclər
doqquz ay müddətində Oğuz Bilik Evində mütəmadi
olaraq təlim və məşğələlərdə
öz bələdçilik məharətlərini və dil
bilgilərini inkişaf etdiriblər. Tarixçi
Mətanət Kərimova oğuzlu gənclərə ölkəmizin
memarlıq nümunələri, tarixi abidələri,
Oğuzun görməli yerləri barədə ətraflı məlumat
verib. Dərnək rəhbəri Gültəkin Rəhimova
gəncləri rus dilinin incəlikləri, danışıq
qaydaları ilə tanış edib, onlarda
rus dilində danışıq vərdişlərinin
aşılanmasına çalışıb. İyunun
29-da Fondun aparıcı məsləhətçisi Elvin Hətəmovun
və Bilik Evinin müdiri Gülşən Məcidovanın
iştirakı ilə keçirilən imtahandan sonra gənclərə
sertifikatlar verilib.
İyunun
30-da İsmayıllı Bilik Evində 9 gəncin
iştirakı ilə keçirilən “Kompüter
texnologiyaları və kargüzarlıq işi” üzrə təlimlər
başa çatıb və dinləyicilərin
qazandıqları biliklərin yoxlanılması
üçün imtahan keçirilib. Kursu
uğurla başa vuranlara Bilik Fondunun sertifikatları təqdim
olunub.
Mərasimdə
Bilik Fondunun İnformasiya təminatı sektorunun müdiri Xatirə
Hüseynova, İsmayıllı Bilik Evinin müdiri Sevinc
Novruzova, “Kompüter texnologiyaları və kargüzarlıq
işi” üzrə təlim kursunun müəllimi Nərmin
Baxışlı iştirak ediblər.
Dinləyicilər Bilik Evində ödənişsiz əsaslarla
belə kursların təşkil olunmasını yerli gənclərin
fəaliyyətinə dəstək kimi qiymətləndiriblər. Onlar gələn
tədris ilində də müxtəlif sahələr üzrə
təlimlərdə və dərnəklərdə iştirak
etmək arzularını dilə gətiriblər.
Bilik Fondu dövlət dilinin tədrisi və təbliği
istiqamətində tədbirlər həyata keçirir. “Azərbaycan
dilini öyrənirik” layihəsi çərçivəsində
ölkəmizdə yaşayan rusdilli əhali üçün
artıq üç ildir ki, ödənişsiz Azərbaycan
dili kursları fəaliyyət göstərir. Bakıdakı Jen Mironosets və Mixail Arxangel kilsələrində,
“Sodrujestvo” İctimai Birliyində, Qəbələ rayonunda
udilərin kompakt yaşadığı Nic qəsəbəsindəki
Cotari Alban-Udi kilsəsində dövlət dili tədris olunur.
Kurslarda təcrübəli ali və orta məktəb
müəllimləri dinləyicilərə Azərbaycan dilinin
qrammatikası və danışıq qaydalarını öyrədirlər.
İndiyədək kursu bitirən yüzdən
çox dinləyiciyə sertifikatlar təqdim olunub. Onların içərisində 18 yaşından
tutmuş 80 yaşınadək rusdillilər var.
Rus provaslav kilsəsinin Bakı-Azərbaycan
Yeparxiyasının arxiyepiskopu Aleksandr Ata Bilik Fondunun həyata
keçirdiyi bu layihənin Azərbaycanda yaşayan rusdilli əhali
arasında geniş yayıldığını və rəğbətlə
qarşılandığını bildirib. Rusdilli əhaliyə
Azərbaycan dilini tədris etməklə bu ölkənin
multikultural dəyərlərini, tarixini, mədəniyyətini
də təbliğ etmiş oluruq.
Bu layihənin
Prezident İlham Əliyevin 30 sentyabr 2002-ci il tarixində “Azərbaycan
Respublikasında dövlət dili haqqında”
imzaladığı Qanundan irəli gəldiyini vurğulayan
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov
Konstitusiyanın 21-ci maddəsində “Dövlət dilini bilmək
hər bir Azərbaycan Respublikası vətəndaşının
borcudur” müddəasını əsas götürərək
rusdilli vətəndaşların Azərbaycan dilini öyrənmək
həvəsini və istəyini yüksək qiymətləndirir.
Dinləyicilərə Azərbaycan dilinin qaydaları tədris
olunmaqla yanaşı, Azərbaycan mədəniyyəti, tarixi,
ədəbiyyatı ilə bağlı məlumatlar verilir,
müxtəlif tarixi məkanlara səfərlər təşkil
olunur, rusdilli vətəndaşlar teatr tamaşalarına dəvət
olunur, tanınmış elm və mədəniyyət xadimləri
ilə görüşürlər.
“Azərbaycan dilini öyrənirik” layihəsinin əsas qayəsi multikulturalizmin həyat tərzi olduğu Azərbaycanda yaşayan, dövlət dilini öyrənmək arzusunda olanlara kömək göstərmək, onlara azərbaycançılıq məfkurəsini, dövlətçilik ruhunu təlqin etmək, tolerantlıq prinsiplərini aşılamaqdır.
Hazırda Fondun dəstəyi ilə
Oğuz Bilik Evində fəaliyyət göstərən
“Ədəbi yaradıcılıq”, Şəmkir Bilik Evində
“Toxuculuq” və “Dekorativ tətbiqi sənət”, Astara Bilik
Evində “Toxuculuq”, “Ədəbi yaradıcılıq”, “Rəssamlıq”,
Ağdaş Bilik Evində “Rəssamlıq”, “Toxuculuq və
xalçaçılıq” dərnəklərində gənclər
sənətin müxtəlif sahələrinin incəliklərini
peşəkarlardan öyrənirlər.
Bilik Fondu artıq gələn tədris
ilində bölgə əhalisinin hansı təlim kursları
və dərnəklərin təşkilini
arzuladığını müəyyənləşdirmək,
sosial sifarişi öyrənmək və nəticədə
yerli gənclərin biliyə olan tələbatını
uğurla ödəmək məqsədilə sorğular
keçirir. Yay ərzində sorğuların cavabları
ümumiləşdirildikdən sonra əldə olunacaq nəticələr
qarşımızda yeni üfüqlərin
açılmasına təkan verəcək. Çünki
bilik əlimizdə tutduğumuz çıraqdır, zülməti
ancaq o yara bilər!
Xatirə HÜSEYNOVA
525-ci qəzet.-2018.- 7 iyul.- S.10.