"Günəşin
qızı" səhnədə
İyulun
8-də Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan
ədəbiyyatı şöbəsinin rəhbəri Sayman
Aruzun təşəbbüsü ilə Akademik Milli Dram
Teatrında Kəmalə Səlim
Müslümqızının eyniadlı tarixi pyesi əsasında
hazırlanmış "Günəşin qızı"
tamaşasının premyerası keçirildi.
Tasarımçısı Maile Aslan olan tamaşa Qəzvin
şəhərində doğulan, modernist İran
poeziyasının banisi və ən güclü şairəsi
hesab olunan, alim, tərcüməçi, rəqibsiz natiq, nəinki
şərqdə, eləcə də bütün dünyada
gender bərabərliyi ideyasının banisi və ilk şəhid
qadını, həmvətənimiz Zərrintac Tahirə
Qürrətüleynin 200 illik yubileyinə həsr edilmiş
silsilə tədbirlərdən idi.
Hələ tamaşanın elanları paylaşılarkən
bu bənzərsiz qadın haqqında bütün bildiklərimi,
eşitdiklərimi bir-bir xatırlamağa başladım. Əslində
bu mövzu mənə heç də yad deyildi. Çünki illər öncə hələ magistr
təhsilimin ilk ilində Bəhai dininin azsaylı nümayəndələrindən
bir neçə nəfərlə görüşmüş,
bu din və onların amalı haqqında müəyyən
bilgilər əldə etmişdim. İnsanlara
və insanlığa sevgi, qadın-kişi bərabərliyini
təbliğ edən bu din öz dövründə demək
olar ki, bütün dinlər kimi çox təzyiqlərə
məruz qalmış, tərəfdarları müxtəlif
üsullarla öldürülmüş, həbs edilmişdi.
Amma az olsa belə indi də dünyanın
müxtəlif yerlərində bu dinə sitayiş edənlər
var. Elə bu görüşlərimizin əsas
mövzularından biri də Baba ilk iman gətirmiş 18
şagirdin biri və tək qadın tərəfdarı Tahirə
Qürrətüleyn olardı. Əminliklə demək olar ki,
onun aydın düşüncələri, mübariz ruhu,
dönməzliyi və inadkarlığı, saf dünyası
tək öz dövründə deyil, bütün dövrlərdə
hər bir qadın üçün nümunə ola biləcək gücdədir.
Bu düşüncələrlə içimdəki
böyük maraq və səbrsizliklə tamaşanın
başlamasını gözləyirdim. Tamaşa
zalında iynə atsan yerə düşməzdi. Həmin
gün insan selini ağuşuna alan
zaldakı izləyicilərin demək olar ki, əksəriyyətini
tanıyırdım. Yazıçılar Birliyinin üzvləri,
cəmiyyətin tanınmış simaları, gənc qələm
sahibləri və s. Orada bir daha şahid oldum ki, Tahirə
Qürrətüleyn tək mənə yox, bütün azərbaycanlılara
maraqlı və əziz idi.
Müxtəlif təhsil müəssisələrindən
tələbələrin rol aldığı tamaşanın
ilk səhnəsində Zərrintac adlı bir qız və
müəllifin prototipi olan anası ilə
qarşılaşdıq. Aydın oldu ki, Zərrintacın
əzmkar mübarizəsinin heyranı olan ana öz qız
övladına bu qadının adını verib. Və ana Tahirə haqqında yazdığı
kitabı qızına təqdim edir, "adının hardan,
kimdən gəldiyini oxu, öyrən" - deyir.
Beləcə
əsas hadisələr başlayır...
Qarşımızda sarı, uzun saçları ilə Zərrintac
(Nigar Əliyeva) var. Dərdlidir, fikirlidir. Anası ilə
söhbətindən aydın olur ki, atası onu deyiklisi əmisi
Molla Tağının oğlu Molla Məhəmmədə vermək
fikrindədir. Zərrintac isə oxumaq, elm
öyrənmək, özü öz ayaqlarının üzərində
durmağı bacarmaq istəyir. Nə atadan, nə ərdən
asılı olmadan... Amma o, elə bir dövrdə
yaşayır ki, bunu düşünmək belə ayıb
hesab olunur. Qız nədir, atanın
sözündən çıxdı, kişilər kimi elm
öyrəndi nədir?!
Tarixdən
xatırlatma: Tahirənin əsl adı Fatimə idi. Amma ona Zərrintac ("Qızıl Tac") da
deyirdilər. Qəzvin şəhərində
1817-ci ildə türk (azərbaycanlı) ailəsində anadan
olmuşdu. Bu ailədən olan üç qardaş Molla Məhəmməd Tağı
(həm də Tahirənin qaynatası), Molla Məhəmməd
Saleh (Tahirənin atası) və Molla Məhəmməd
Əli yalnız tanınmış və alim adamlar deyildilər,
həm də öz dövrlərinin müctəhidləri idilər.
Çarəsiz qalan qız razılıq verir və
öz əmisi oğlu ilə evlənir. Sonrakı səhnələr
bu izdivacdan illər sonranı əks etdirir. İki
oğlu və bir qızının dünyaya gəldiyi evlilik
həyatı belə Zərrintacın elm dalınca getməyinə,
hətta alimlik dərəcəsinə qədər yüksəlməyinə
mane ola bilmir. Haqq
üçün danışsaq həyat yoldaşı Məhəmməd
də ona mane olmur. Amma qaynatası və
qaynanası bu işdən çox narazıdırlar. Onlara görə gəlin evində, mətbəxində,
ailəsinin, həyat yoldaşının və
övladlarının yanında olar, kitabxanalarda, konfranslarda yox.
Hətta buna görə Molla Tağı
oğlunu ikinci dəfə evləndirmək fikrinə də
düşür. Axı şəriətdə
kişinin dörd arvad almaq haqqı var. Amma həyat
yoldaşını sevən Məhəmməd buna
qarşı çıxır.
Elə bu zamanlarda Tahirə dövrün mücdəhidi
Seyid Kazım Rəştinin kitablarını oxuyur, onunla elmi
müzakirələrini məktublaşmalar vasitəsilə
aparır, onu özünün ustadı hesab edirdi. O isə bu gənc qadına
"Qürrətüleyn" (yəni "gözümün
təsəllisi") adını verir. Onun biliyi və bəlağətli
danışığı öz dövrünün ən
bilikli kişilərini mat qoyurdu. Heyrət doğuran o idi ki,
Tahirə təfsir və şərh məsələlərinin
yalnız kişilərin inhisarında olması ənənəsini
pozaraq, İslamın 1400 illik tarixində Qurani-Kərimin ilk
qadın təfsirçisi olmuşdu. Kərbəla
və Nəcəf şəhərlərində keçirilən
dini toplantı və disputlarda pərdə arxasında
iştirak edən yeganə qadın idi. Tahirə
dini disputların birində təfsir və fiqh məsələləri
ilə bağlı dövrün görkəmli alimlərini məğlub
etmiş, lakin qadın olduğuna görə dini titul (mücdəhid
adını) ala bilməmişdi.
Tahirə həm də XIX əsrin 40-cı illərində
Şərqin ən görkəmli şairəsi idi. Bizim dövrə
kimi gəlib çatmış bəzi şeirləri
özünün dərin məzmunu və azadlıq ruhu ilə
seçilir. Əslində, o poetik ifadənin
yeni ritminin və yeni tərzinin banisidir. Tahirə
cəmiyyətdə modernizmin təbliğatçısı
idi və onun yayılmasına çalışırdı.
Poeziyada isə o eksperimentlərin və dəyişikliklərin
tərəfdarı idi. Tahirə modern
İran poeziyasının banisi idi.
Sonra
Qürrətüleyn Babın yeni təlimi ilə tanış olur, Babilər hərəkatına
qoşulur və Babın ilk 18 tərəfdaşından biri
kimi bu dini qəbul edir. "Pak" mənasındakı
"Tahirə" adını da ona Bab verir. Bununla onun ailədəki və cəmiyyətdəki
vəziyyəti getdikcə pisləşir. Qohum-əqraba
ondan imtina edir, Qəzvinin imam cüməsi olan qaynatası onu
kafir elan edərək, ərindən boşatdırır və
uşaqları əlindən alır. Hərəkat
başlayanda Tahirə həm İslamın görkəmli yeganə
qadın alimi, həm də dövrünün məşhur
şairəsi kimi tanınmış 27 yaşlı nüfuzlu
bir şəxsiyyət idi.
O isə
heç bir təqibə, təhqirə, verilən zülmlərə,
məhrumiyyətlərə baxmadan öz yolunda inamla irəliləyir,
görüşlərini xalqla paylaşır, onlar arasında
böyük nüfuz sahibinə çevrilir. Belə
ki, artıq camaatın ona olan sevgisindən şah belə
qorxuya düşməyə başlayır.
Tarixdən
xatırlatma: Tahirə tarixə ilk öncə qadın
azadlıqlarının carçısı kimi daxil olmuşdu.
O, İslam
Şərqində çadrasını nümayişkanə
atmış ilk müsəlman qadını idi. Bu
hadisə 1848-ci ildə babilərin Bədəşt
konfransında (Xorasan əyalətində) iştirak edən 80
nümayəndənin (Tahirə onların arasında 81-ci yeganə
qadın nümayəndə idi) gözü
qarşısında baş vermişdi. Onun bu hərəkəti
konfrans nümayəndələrini o qədər heyrətə
salmışdı ki, nümayəndələrdən biri hətta
qəzəbindən öz boğazını kəsmiş,
qalanları isə
nifrətlə ona hücum etmişdilər. Lakin Tahirə özünün möhkəm iradəsi,
soyuqqanlığı və bəlağətli nitqi ilə qəzəblənmiş
kişiləri sakitləşdirmiş, onları geriyə
çəkilməyə və ona qulaq asmağa məcbur
etmişdi.
Ölümünə bir neçə gün
qalmış Nəsrəddin şah Tahirə ilə
görüşmək istəyir. Bu görüşə
Tahirə çadrasız, başı açıq gedir.
Nəsrəddin şah onun elminə, alimliyinə böyük
rəğbət bəslədiyini, özünün də
müasirlik tərəfdarı olduğunu, xarici ölkələrdəki
kimi mədəniyyətin inkişafını istədiyini,
buna isə Tahirənin elmi, dünyagörüşü, məsləhətləri
ilə nail olacağına inandığını deyir. Yəni, şah ona Məleykə qismində şah hərəmxanasına
daxil olmağı təklif edir.
Tahirə
isə şahın bu təklifini öz şeirindən bir
beytlə rədd edir:
Sənə
sənin səltənətin, cahü-cəlalın,
Mənə
isə zahidin yolu və vəsiləsi
Əgər
o yaxşıdırsa, özünə saxla,
Əgər bu pisdirsə, mənim ismətim.
Artıq ölümə məhkum edildiyini bilən gənc qadın "Siz məni istədiyiniz kimi öldürə bilərsiniz, lakin qadınların azadlıq hərəkatını heç vaxt saxlaya bilməzsiniz"-deyir.
Tarixi qeydlərə görə Tahirə Tehranın Elxani bağında 1852-ci ildə boğulub öldürülmüşdü. Bir ehtimala görə cəsədi suyu qurumuş quyuya atılmış və daşla doldurulmuş, başqa bir ehtimala görə isə cəsədi yandırılıb, külü göyə sovrulmuşdu. Tamaşada isə ona bir alim və qadın kimi öz ürəklərində böyük rəğbət bəsləyən Əli xan və Həsən xan çıxarılan qərarı məcburən yerinə yetirirlər. Daha doğrusu, müxtəlif gözqamaşdırıcı vədlərlə içki üstündə ordudan qovulan, tövlədə atların altını təmizləyən zavallı zabitə öldürtdürürlər.
Bütün kollektivi gənclərdən ibarət olan tamaşada bəzi cüzi qüsurlar, xətalar olsa da məqsəd və amal hər şeyin fövqündə dayanırdı. Sevindirici haldır ki, bütün aktyorlar həvəslə öz rollarını ifa edirdilər.
Tamaşada Nigar Əliyeva (Zərrintac), Elnur Soltanov, Cavid Quluyev, Aynur Əliyeva, Rəqsanə Əsəd və başqaları iştirak edirdilər.
Təəssüf
ki, Tahirə Qürrətüleyn nə ictimai fəal
qadın, nə hərəkatçı, nə də şair
kimi tariximizdə kifayət qədər tanınır, təbliğ
olunur. Onun haqqında araşdırmalar,
yazılar çox azdır. Ümid edirik ki, 200 illik yubileyi
münasibətilə keçirilən bu tədbirlər onun
adını gənclərə daha yaxından tanıdacaq və
təbliğatı yönündəki işlər həm
ölkə daxilində, həm də ölkə xaricində
layiqincə aparılacaq. Tahirə Zərrintac Qürrətüleyn
həqiqətən də "Günəşin
qızı" kimi bu xalqın şanlı keçmişinə
işıq salan Günəşdir.
Şahanə MÜŞFİQ
525-ci qəzet.-2018.- 10 iyul.- S.7.