Cümhuriyyət
xadimləri Fransada: bioqrafiyalardan fraqmentlər
Paris Fransanın paytaxtı olmaqla yanaşı, Avropa sivilizasiyasının nəhəng mərkəzidir.
Qərb mənəviyyatı, davranışları və
adətləri, işıqlı həyat və xeyirxahlıq,
bəzi hallarda isə adekvat olmayan ideyalar məhz burada
inkişaf etmiş, inkişaf edir və yetişir. Bu şəhər
elm, fəlsəfə və incəsənətin mənbəyidir.
O, dibində qiymətli metalları, daşları, mirvariləri
gizlətmiş nəhəng okeana bənzəyir.
Bundan başqa, Paris azadlığın beşiyidir. Məhz
Fransanın paytaxtından 14 iyul 1789-cu ildə ilk dəfə
olaraq "azadlıq, bərabərlik, qardaşlıq"
sözləri səslənmişdir. Məhz
Parisdən həddən artıq güclü enerji ilə
bütün Avropa cəmiyyətini silkələyən xalq
hakimiyyəti öz yoluna başlamışdır. Həmin dövrdə yazılmış
"Marselyoza" bu günə qədər də Fransanın
dövlət himni olaraq qalır, 14 iyul - Bastilyanın
alınması günü isə Fransanın milli
bayramıdır.
Fransa inqilabının ruhu Azərbaycana, onun xalqına da
gəlib çatmışdır. Vətənimizin
qabaqcıl oğulları xalq kütlələrində milli
özünüdərk, oyanış, azadlığa və
müstəqilliyə can atmaq kimi hissləri oyatdılar, əsrlərin
sərhədlərində milli - azadlıq əhval-ruhiyyəsini
yaydılar və möhkəmləndirdilər. Bunun nəticəsi
olaraq, 1918-ci ilin may ayında müsəlman Şərqində
ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti
yaradıldı.
Güman
edə bilərik ki, məhz demokratiya, humanizm, tolerantlıq,
milli dirçəliş, azadlıq və müstəqillik cəhdləri
XIX əsrin sonu XX əsrin əvvəllərində milli
ziyalıların bəzi nümayəndələrinin öz təhsillərini
"liberal əsrin" Avropasının mədəni
paytaxtı olan Parisdə davam etdirmək arzularını
stimullaşdırdı. Sonralar, təhsillərini
başa vurandan və öz doğma vətənlərinə
qayıdandan sonra onlar milli ictimai-siyasi hərəkatın fəal
iştirakçıları olaraq, Azərbaycan Xalq Cümhuriyyətinin
parlamentinin və hökumətinin üzvləri oldular.
Onların arasında 1868-ci ildə kübar ailədə
anadan olmuş Əhməd bəy Ağayevi qeyd etmək
lazımdır. O, əvvəl Şuşada, sonra isə Tiflisdə olan
gimnaziyada oxumuş, 1887-ci ildə
Peterburqa gedir, Mərkəzi Mühəndis Texniki
İnstitutuna daxil olmaq üçün imtahan verir. Lakin imtahan komissiya üzvlərinin qərəzli
münasibəti nəticəsində Əhməd bəy
imtahandan keçə bilmir.
1888-ci ildə
ali təhsil almaq üçün Əhməd bəy Parisə gedir. Burada o, şərq dilləri məktəbində -
De Frans Kollecində (Sorbonna) oxuyur, eyni zamanda, Ali tədqiqat məktəbinin
dinləyicisi olur. Əhməd bəy burada məşhur fransız şərqşünasları
Ernest Renan və professor Ceyms Darmestete ilə tanış olur,
mühazirələrini dinləyir. Ağayev
Parisdə elmləri mənimsəyərək Avropa liberalizm
ideyalarını qəbul edir, islamşünaslıq və siyasi
nəşrlər üçün məqalələr
yazır. O, burada məşhur fransız siyasi nəşrin
- "Journaldesdebats"ın İran üzrə müxbiri
kimi fəaliyyət göstərir.
Fransada təhsil
aldığı dövrdə Avropa demokratik ideyalarından və
fransız şərqşünas-alimlərinin əsərlərindən
təsirlənən Əhməd bəy Qarabağa qayıdan kimi tezliklə Azərbaycan
xalqının milli özünüdərketmə və
türkçülük ideyalarının yayılması
işinə başlayır. Ağayev Şuşa
şəhərində ilk dəfə qiraətxana-kitabxana
açır, şəhərin realnı məktəbində
fransız dilini tədris edir. Fransiz dilindən dərs
deyərək el arasında "Firəng Əhməd" ləqəbini
alır.
1897-ci ildə Bakıya gələrək, "Kaspi"
qəzetini nəşr edir. O, həmçinin, Ə.Hüseynzadə
ilə "Həyat" qəzetinə redaktorluq etmişdir. 1910-cu ildə isə ailəsi Türkiyəyə
köçür. Türkiyədə
yaşayan Əhməd bəy Azərbaycanla əlaqəni kəsməmişdir.
1915-ci ildə o, Rusiyada yaşayan milli
azlıqların Lozannada keçirilən konfransında Azərbaycanın
təmsilçisi kimi çıxış etmişdir. Birinci Dünya müharibəsi dövründə
ABŞ prezidenti V.Vilsona ünvanlanmış Rusiya müsəlmanlarının
haqlarının qorunması müraciətinə imza atanlardan
biri də Əhməd bəy idi.
Azərbaycan Xalq Cümhuriyyəti yaradılandan sonra
Ağayev onun Parlamentinə deputat seçilir. 1919-cu ildə
Əhməd bəy Paris sülh konfransında Azərbaycanı
təmsil edən nümayəndə qrupunun üzvlərindən
biri olmuşdur. Lakin Parisə gedərkən
Britaniya hakimiyyəti onu İstanbulda həbs etdirir və
Maltaya göndərir. 1921-ci ildə
Türkiyə qayıdandan sonra "Hakimiyyeti-milli" qəzetinin
redaktoru işləmiş, sonra Baş mətbuat idarəsinin
direktoru olmuş, Türkiyənin Böyük Millət Məclisinin
deputatı seçilmişdir. Əhməd
bəy 1939-cu ildə İstanbulda vəfat etmişdir.
Axundov Bəhram
bəy Cəfər bəy oğlu 1872-ci ildə Şuşa şəhərində anadan
olmuşdur. Realnı məktəbi və sonra
gimnaziyanı bitirmişdir. 1893-cü ildə
Lill şəhərində Fransa Akademiyasının
aspiranturasına qəbul olunmuş, burada qarışıq
elmləri (fizika, kimya, biologiya) öyrənmişdir. 1896-cı ildə aspiranturanı bitirərək, təhsilini
elə həmin akademiyada tibb fakültəsində davam
etdirmiş və tibb doktoru diplomu almışdır. 1904-cü ildə Xarkov Universitetində qəbul
imtahanlarını uğurla verərək, müsabiqə
üzrə tibb fakültəsinə qəbul olunmuşdur.
Azərbaycan
Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının
təsisi haqqında qanunu"na əsasən
Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin tərkibinə
daxil edilmişdir. 1919-cu ildə Azərbaycan
hökuməti ona xaricə təhsil almağa gedən tələbələrin
sağlamlığına nəzarət etməyi
tapşırmışdır. Azərbaycanda
sovet hakimiyyəti qurulandan sonra Sovnarkomda həkim işləmişdir.
B. Axundov 1932-ci ildə Bakıda vəfat etmişdir.
Kaplanov Rəşid xan Zavid oğlu 1885-ci ildə Aksay kəndində
kumık knyaz ailəsində anadan olmuşdur. R. Kaplanov
Dağıstan Respublikasının təşkilatçılarından
biri olmuşdur. 1919-cu ilin yazında
Denikinin qoşunları tərəfindən Dağıstan
işğal ediləndən sonra Azərbaycan Xalq Cümhuriyyətinin
rəhbərliyinin dəvəti ilə Bakıya gəlir.
O, 1919-cu
ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin hökumətində
maarif və məzhəb işləri üzrə nazir vəzifəsini
tutmuş, Bakı Dövlət Universitetinin
yaradılmasında iştirak etmişdir. 1919-cu
ilin dekabrından 1920-ci ilin aprel ayına qədər maliyyə
naziri olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra
Moskvada yaşamış, Moskva Şərqşünaslıq
İnstitutunda Türkiyə tarixi üzrə mühazirələr
oxumuşdur. 1937-ci ilin oktyabr ayında həbs edilmiş və 10
dekabr 1937-ci ildə güllələnmişdir.
Ceyhun Əbdülhüseyn oğlu Hacıbəyli
görkəmli Azərbaycan bəstəkarı Üzeyir bəy
Hacıbəylinin qardaşıdır.
Ceyhun
Hacıbəyli 1891-ci ildə Şuşa
şəhərində anadan olmuşdur. Burada
rus-tatar məktəbini bitirəndən sonra o, təhsilini
Bakıda davam etdirir, sonra Peterburqa təhsil almağa göndərilir
və burada universitetin hüquq fakültəsinə daxil olur.
Peterburqdan sonra Ceyhun Hacıbəyli Fransaya gedir
və Parisdə Sorbon Universitetinə qəbul olunur.
1916-cı ildə ali təhsilini başa
vuraraq Bakıya qayıdır və burada redaktorluq fəaliyyəti
ilə məşğul olur. Azərbaycan Xalq
Cümhuriyyəti yaradılandan sonra onu Hökumətin mətbu
orqanı olan "Azərbaycan" qəzetinin redaktoru təyin
edirlər. 1919-cu ildə Azərbaycan
nümayəndə heyətinin tərkibində Paris sülh
konfransında iştirak etmək üçün Fransaya gedir.
1920-ci ildə
Azərbaycan Xalq Cümhuriyyəti öz fəaliyyətini
dayandırandan sonra o, Azərbaycana qayıtmır və
ömrünün sonuna qədər Parisdə yaşayır və
burada Azərbaycanın tarix və mədəniyyətininin təbliği
ilə bağlı fəal iş aparır. 1925-ci ildə
Ceyhun bəy qardaşı Üzeyir bəy Hacıbəyovun
dünya şöhrətli "Arşın mal alan"
operettasının librettosunu fransız dilinə tərcümə
etmiş, 1928-ci ildə isə əsəri firəng dilində
Parisdə tamaşaya qoymuşdur. "Arşın mal alan" hər yerdə olduğu kimi, Fransada da
böyük müvəffəqiyyət qazanmışdır.
Ceyhun Hacıbəyli Parisdə yaradıcılıqla, eləcə
də ictimai işlərlə məşğul olur, öz məqalələrini
fransız jurnal və qəzetlərində çap etdirir. Onun ən dəyərli
əsərlərindən biri 1934-cü ildə Parisdə
"İki dünya jurnalı"nda çap etdirdiyi
"Qarabağın dialekt və folkloru" tədqiqat əsəri
olmuşdur. Həmin jurnal onun digər iki əsərinə
də: "Azərbaycan tarixindən: Abbasqulu ağa
Bakıxanov" və "SSRİ-də intellektual
potensial" əsərlərinə öz səhifələrində
yer ayırmışdır. C.Hacıbəyli 1962-ci ildə Parisdə vəfat
etmiş və burada da dəfn olunmuşdur.
Azərbaycan
Xalq Cümhuriyyətinin bir sıra digər xadimlərinin də
Fransa ilə əlaqəsi olmuş və Cümhuriyyətin
süqutundan sonra burada emiqrasiyada yaşamışlar.
Ağabəyzadə Məmmədsadıx bəy
İsmayıl oğlu 1865-ci ildə Bakı
quberniyasının Göyçay şəhərində
anadan olmuşdur. 1883-cü ildə Bakı realnı məktəbini
bitirmiş, bundan sonra Peterburq hərbi məktəbinə daxil
olmuşdur. On ildən sonra o, Baş
Ştabın nəzdində olan Sankt-Peterburq Şərq dilləri
İnstitutuna daxil omuşdur.
23 oktyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti
hökumətinin qərarı ilə Sadıx bəyi daxili
işlər nazirinin müavini təyin edirlər. Xalq Cümhuriyyətinin
süqutundan sonra Sadıx bəy ailəsi ilə birlikdə
Türkiyəyə emiqrasiya edir, sonra Parisə gedir və
Sorbon universitetində iki il fars və
türk dillərini tədris edir. Parisdə o,
talenin daha bir zərbəsini alır, sevimli həyat
yoldaşı Güllü xanım vəfat edir və Fransa
paytaxtının müsəlman qəbiristanlığında
dəfn olunur. Bundan sonra alimin Parislə
heç bir bağlantısı qalmır və o, 1927-ci ilin
fevralın əvvəllərində Lvova gəlir və burada
Lvov Universitetinin fəlsəfə faküıltəsində
işləməyə başlayır.
Əsədullayev Mirzə Şəmsi oğlu 1875-ci ildə
Bakı quberniyasının Əmircan kəndində Azərbaycanın
zəngin neft sənayesi sahibkarının - mesenant Şəmsi
Əsədullayevin ailəsində anadan olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti yaranandan sonra Parlamentin
deputatı seçilir. AXC hökumətinin
üçüncü kabinetində ticarət və sənaye
naziri kürsüsünü tutmuşdur. Azərbaycanda
sovet hakimiyyəti qurulandan sonra ailəsi ilə birlikdə
Fransaya emiqrasiya etmişdir. Mirzə Əsədullayev
- məşhur yazıçı Banunun (Ümmül Banu Mirzə
qızı Əsədullayeva) atasıdır.
Mirzə Əsədullayev 1936-cı ildə Parisdə vəfat
etmiş və Parisin yaxınlığındakı Bobinya
şəhərində müsəlman qəbiristanlığında
dəfn edilmişdir.
(Ardı
var)
Rövşən AĞAYEV
525-ci qəzet.-2018.- 10 iyul.- S.6.