Teatrlarda mövsümün son premyeraları

 

İyul ayı teatrlar üçün mövsümün son ayı hesab olunur. Ayın ikinci yarısından etibarən teatrlar müəyyən müddətə məzuniyyətə çıxacaqlar. Bununla əlaqədar olaraq, sənət ocaqları son günlərdə tamaşaçıların qarşısına yeni tamaşalarla çıxırlar. Bugünlərdə bəzi teatrlarda premyeralar baş tutub.

Azərbaycanın ilk inklüziv "ƏSA" teatrı iyulun 7-də Akademik Opera Balet Teatrında mövsümün son premyerasını təqdim edib.

Dövlət himni səsləndiriləndən sonra səhnəyə çıxan teatrın rəhbəri Nihad Qulamzadə tamaşa haqqında məlumat verib. Bildirib ki, görkəmli mütəfəkkir Mirzə Fətəli Axundzadənin "Hekayəti Müsyö Jordan Dərviş Məstəli Şah" pyesinin motivləri əsasında quruluş verilən tamaşa Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə hazırlanıb. Nihad Qulamzadə qeyd edib ki, "Paris partladı" tamaşası modern dünya teatrının trendlərini özündə əks etdirir. Tamaşaçılar premyerada dramaturqun ənənəvi yaradıcılığının məhsulunu yox, yeni üslubda quruluş verilən tamaşanı izləyəcəklər.

Sonra tamaşa nümayiş olunub.

Tamaşanın maliyyə dəstəkçisi Azərbaycan Gənclər Fondu, bədii rəhbəri Nihad Qulamzadə, quruluşçu rejissoru Elşən Əsgərov, baş prodüseri Nicat Qulam, multimedia meneceri Elxan Xanəlizadə, quruluşçu rəssamı Vüsal Rəhim, işıq rəssamı Binyamin Sailov, qrafik dizayner Vəfa Hacıoğlu, surdo (işarət dili) tərcüməçisi Nuranə Abıyevadır.

Həmin gün Azərbaycan Dövlət Rus Dram Teatrı da yeni səhnə işini təqdim edib. Görkəmli İsveç yazıçısı kinodramaturqu İnqmar Berqmanın pyesi əsasında səhnəyə qoyulmuş "Payız sonatası" tamaşasının premyerası olub.

Tamaşanın quruluşçu rejissoru musiqi tərtibatçısı İlqar Safat, dekorasiyalar üzrə rəssamı Əməkdar Mədəniyyət İşçisi Aleksandr Fyodorov, geyim üzrə rəssamı Əməkdar Mədəniyyət İşçisi Olqa Abbasovadır.

Ana qızın mürəkkəb münasibətlərindən bəhs edən "Payız sonatası" tamaşaçının qəlbinə nüfuz edir, ona əsərin qəhrəmanlarının keçirdiyi hissləri yaşadır.

Tamaşada rolları Xalq artisti Lyudmila Duxovnaya, aktyorlar Rumiyə Ağayeva, Natəvan Hacıyeva Aleksey Saprıkin ifa ediblər.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı isə yeni tamaşasını iyulun 8-də tamaşaçıların ixtiyarına verib. Həmin gün premyerası baş tutan Ə.Nesinin "Öldürsənə məni, Caniko" pyesi əsasında hazırlanmış eyniadlı tamaşada Xalq artisti Naibə Allahverdiyeva, Əməkdar artist Qəmər Məmmədova, aktyorlar Allahverdi Yolçuyev, Təhminə Məmmədova, Müşfiq Əliyev, Bəhram Həsənov, Anar Seyfullayev Anar Səfiyev rol alıblar.

 

Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, rejissoru Müşfiq Əliyev, rejissor assistenti Sona Mustafayevadır.

Qeyd edək ki, məşhur türk dramaturqu Əziz Nesinin bu əsəri dünyanın bir çox səhnələrində dəfələrlə hazırlanıb həmişə böyük tamaşaçı marağına səbəb olub. Əsərin janrı komediya olsa da, məğzi tənhalıq faciəsidir. ADGTT-nin təqdim etdiyi tamaşada həm komik, həm dramatik məqamlara yetərincə yer verilib.

Əsərin qəhrəmanları uzun illər öncə ərlərini itirmiş 68 yaşlı Siyen 73 yaşlı Dihadır. Onlar məcburiyyətdən binanın zirzəmi qatında yaşayırlar. Tamaşa Siyenin toyunun 50 illik yubileyini qeyd etməyə hazırlaşan rəfiqələrin başına gələn əhvalatlardan  bəhs edir.

Bu il Azərbaycan Dövlət Pantomima Teatrı üçün məhsuldar il olub. Belə ki, hər mövsüm olduğu kimi bu mövsümdə yeni tamaşalar hazırlanaraq teatrsevərlərin ixtiyarına verilib.

Sənət ocağı iyulun 15-də mövsümü A.P.Çexovun "İt gəzdirən xanım" hekayəsi əsasında hazırlanmış eyniadlı tamaşa ilə bağlayacaq.

Nümayiş olunacaq səhnə əsəri Leyla Atayevanın quruluşunda izləniləcək. Səhnə əsərində rəqslərin quruluşu Nurlan Rüstəmova, əsərin plastik həlli isə Xalq artisti Bəxtiyar Xanızadəyə məxsusdur. Tamaşada rolları Əməkdar artist Bəhruz Əhmədli, aktyorlar Nurlan Rüstəmov, Leyla Atayeva, Nuridə Musabəyli, Elxan Şahalıyev, Elnur Rzayev Beyrək Rüstəmov canlandıracaqlar.

525-ci qəzet.-2018.- 10 iyul.- S.7.

Ş.MÜŞFİQ