Cümhuriyyət
qurucuları: Azərbaycan Parlamentinin sədr müavini Həsən
bəy Ağayev
Azərbaycanın demokratik və hüquqi bir dövlət olaraq formalaşmasında tanınmış dövlət xadimi Həsən bəy Ağayevin böyük xidmətləri olub.
Parlamentin
sədri vəzifəsinə Ə.M.Topçubaşovun
seçilməsinə baxmayaraq onun Fransada Azərbaycanı
dünyaya tanıtmağa görə qalması səbəbindən
H.Ağayev bütün ağırlığı öz üzərinə
götürmüş və sədrlik vəzifəsini icra etmişdi. Müzakirəyə
çıxarılan 270-ə qədər qanun layihəsindən
çoxu onun parlamentə rəhbərlik etdiyi vaxtda qəbul
edildi. Azərbaycan Parlamentinin ən ağır və
çətin iş günlərində H.Ağayev
böyük məsuliyyətlə çalışdı. 1920-ci ilin fevralın 2-də vəzifəsindən
gedərkən bütün parlament üzvlərinin imzası
ilə ona təşəkkürnamə verildi. Sonradan isə bolşeviklər Azərbaycanı
işğal edərkən o, Gürcüstana - Tiflisə getdi.
Tiflisdə qalmaqda (əslində, o, burada idi və
tədbirdə iştiraka görə qalmışdı) məqsədi
milli müqavimət hərəkatı təşkil edib, Azərbaycanı
bolşevizmdən qurtarmaq, işğaldan azad etmək idi.
Təəssüflər ki, o, bu işi axıradək
apara bilmədi. 1920-ci ilin iyulun 19-da muzdlu erməni qatilləri tərəfindən
Tiflisdə qətlə yetirildi.
Həsən
bəy Ağayev 1875-ci ildə Gəncə şəhərində
doğulmuş, orta təhsilini Gəncə klassik
gimnaziyasında aldıqdan sonra məşhur milyonçu
Hacı Zeynalabdin Tağıyevin köməyi ilə Moskva
Universitetinin tibb fakultəsinə daxil olaraq, 1901-ci ildə ali təhsilini başa vurmuşdur.
H.Ağayev Moskvada təhsilini başa
çatdırdıqdan sonra Bakıya qayıtmış, əvvəlcə
H.Z.Tağıyevin Toxuculuq fabrikində və Qızlar məktəbində
həkimlik etmişdir. Eyni zamanda, o,
"Kömürçü" meydanında sonradan onun
adı ilə məşhurlaşan "Seyid xəstəxanası"nda
çalışmışdır.
O, ilk
siyasi fəaliyyəti dövründə sosial-demokratlara
bağlı olduğundan bu təşkilatla yaxından təmasda
olmuş və Hümmət təşkilatının
üzvü kimi də ciddi çalışmışdı.
H.Ağayev jurnalistlik fəaliyyəti ilə də məşğul
olmuşdur.
Onun "Həyat" (1905-1906), "İrşad"
(1905-1907), "Yoldaş" (1907), "Tərəqqi"
(1908-1909), "Həqiqət" (1909-1910), "Günəş"
(1910-1911), "Azərbaycan" (1918-1920) qəzetlərində,
"Dəbistan" (1906-1908) jurnalında yazıları
çap edilmişdir. Onun mətbuatdakı imzaları
aşağıdakı kimidir: "Təbib H.A", "Təbib
H.Ağayev", "Təbib Həsən Ağayev",
"Təbib Həsən Ağayev Gəncəli" və s.
H.Ağayev Gəncədə ilk Tibb Cəmiyyətini də
yaradanlardan biri idi. Mənbələrdə göstərilir
ki, H.Ağayev və X.Rəfibəyov 1914-cü ildə
Yelizavetpol Tibb Cəmiyyətini yaradıblar.
H.Ağayev
əslən Ufa türklərindən olan çar ordusunun
istefadakı polkovniki
Sadıq Əbdürrəhmanovun Peterburqda Nücabə
Qızlar İnstitutunda pedaqoji ixtisas almış qızı Xədicə
xanımla ailə həyatı qurmuşdur.
1917-ci ildən
başlayaraq H.Ağayev siyasi fəaliyyətə daha çox
önəm verdi. Xüsusən,
1917-ci ilin Fevral-burjua inqilabından sonra N.Yusifbəylinin Gəncədə
yaratdığı Türk-Ədəmi-Mərkəziyyət
Partiyasının xalq arasında böyük nüfuz
qazanmasında H.Ağayevin əvəzsiz xidmətləri
olmuşdur.
1918-ci
ilin mayın 27-də Zaqafqaziya
Seyminin buraxılması ilə bağlı bura daxil olan
Azərbaycan nümayəndələrinin fövqəladə
iclası keçirilmiş və iclas Azərbaycanın idarə
olunması vəzifəsini öz üzərinə
götürərək Azərbaycan Müvəqqəti Milli
Şurasını elan etmiş, M.Ə.Rəsulzadə isə
Milli Şuranın Sədri seçilmişdi. H.Ağayev
və M.Seyidov isə Milli Şura sədrinin müavinləri
seçilmişdilər. Elə həmin
iclasda Milli Şuranın doqquz nəfərdən ibarət
icraiyyə orqanı yaradılmış, F.X.Xoyski İcraiyyə
Orqanının sədri seçilmişdi.
1918-ci ilin mayın 28-də H.Ağayevin rəhbərliyi
ilə Milli Şuranın ilk iclası keçirildi. İclasda bu məsələlər
müzakirə edildi: 1) H.Ağayevin Yelizavetpoldakı (Gəncədəki)
son hadisələr barədə məlumatı; 2) M.Ə.Rəsulzadənin
Batumdan göndərdiyi teleqramın və məktubun
oxunması; 3) Seymin buraxılması və
Gürcüstanın müstəqilliyinin elanı ilə əlaqədar
Azərbaycanın vəziyyəti.
Məhz üçüncü məsələnin
müzakirəsində "İstiqlal bəyannaməsi" qəbul
edildi.
Müzakirədə iştirak edənlərdən bəziləri
istiqlal elanını bir qədər uzatmağı fikir olaraq
irəli sürsələr də, 6 maddəlik İstiqlal bəyannaməsinin
(həm "Əqdnamə", həm də
"Misaqi-milli" adlandırılır) qəbulu vacib
sayıldı. Belə bir mövqenin ortalığa
qoyulmasında H.Ağayevin xidməti az
olmadı.
Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan
sonra H.Ağayev Azərbaycan Dəmir Yolu İdarəsinin
Baş həkimi vəzifəsində çalışdı.
1918-ci ilin dekabrın 7-də Azərbaycan Parlamentinin
açılış mərasimi oldu. M.Ə.Rəsulzadə
açılış nitqinin sonunda parlamentə bir sədr və
bir baş müavin seçmək təklifi ilə
çıxış etdi. Ayrılan 5 dəqiqəlik
tənəffüsdən sonra Müsavat və bitərəflər
adından Şəfi bəy Rüstəmbəyli
Ə.M.Topçubaşovun sədrliyə, Həsən bəy
Ağayevin isə müavinliyə namizədliyini irəli
sürdü və təklif hamı tərəfindən qəbul
edildi.
H.Ağayev
bu çıxışında parlamentin katibi vəzifəsinə
ən cavan məbusun seçilməsi təklifini edərək
Rəhim Vəkilovun namizədliyini irəli sürdü və təklif qəbul
olundu.
1920-ci ilin yanvarın 11-də Azərbaycanın dünya
dövlətləri tərəfindən tanınması
münasibəti ilə yanvarın 14-də Bakıda bayram tədbirləri
keçirildi.
Həmin gün gündüz saat 2-nin
yarısında parlamentin təntənəli iclası oldu.
İlk söz Xarici İşlər naziri
F.X.Xoyskiyə verildi.
F.X.Xoyskinin
çıxışından sonra H.Ağayev bu fikirləri
söylədi: "İndiyə qədər bizim bir neçə
təntənəli iclasımız olmuşdur. Lakin
bu gün xariqüladə bir gündür. 19 ay yarım çəkdiyimiz zəhmət və məşəqqətlər
nəticəsi olaraq bu gün istiqlaliyyətimiz təsdiq
edilmişdir. Necə ki, Fətəli Xan
Xoyski cənabları buyurdular ki, bu gün tək bizim
bayramımız olmayıb, ümumislam aləmi
bayramıdır. Bu gündən etibarən hökumətlər
sırasında yeni, müstəqil bir islam
hökuməti də vücuda gəlmişdir. Bu
gündən etibarən bizi tanıdılar. Lakin tanınmaq üçün özünü
tanıtdırmaq lazımdır. İndiyə kimi nəzərə
vəhşi verilmiş olan biz Azərbaycan türkləri bu
bir il yarımın müddətində
özümüzün vəhşi olmayıb da
özümüzün mədəni və müstəqil
yaşamağa qabil və layiq olduğumuzu bütün aləmə
bildirdik. Bunun üçün biz böyük
imtahanlar verdik, böylə ki, dəfaətlə məmləkətimizə
və paytaxtımıza gələn Avropa nümayəndələri
bizim belə bir yüksək məqama ləyaqətli
olmağımızı təsdiq etdilər. Biz bu səadətə
və xoşbəxtliyə nail olmağımız üçün
az qurbanlar verməmişik, buna təxrib
edilmiş şəhər və kəndlərimiz, yüz minlərlə
qaçqınlarımız və vətən uğrunda
canlarından keçən şəhidlərimiz sübutdur. Bu gün o şəhidin ruhu şaddır. Onların ruhu bu gün bizə deyir ki, biz sizin
üçün əziz və möhtərəm bir nemət
qoymuşuq, o neməti möhkəm saxlayınız. Çünki əldən versəniz daha, ala bilməzsiniz.
Mən əminəm ki, biz onu fədakarlıqla
müdafiə edəcəyik. Yalnız
istiqlalı almaq kifayət deyildir. Onu davam
etdirmək lazımdır. Bunun üçün də Məclisi-Müəssisan
seçkisi lazım gəlir və əminəm ki, bu
xüsusda biz artıq ciddiyyət göstərib, vətənimizin
ən səmimi oğullarını bu Məclisi-Müəssisana
seçəcəyik".
Azərbaycan Parlamenti H.Ağayevin sədrliyi müddətində
böyük fəaliyyət göstərdi. Bununla əlaqədar "Azərbaycan"
qəzetində çap olunmuş "Azərbaycan Parlamentinin
birinci illiyi" məqaləsində geniş məlumatlar
vardır. Məlum olur ki, bir il müddətində
parlamentin 104 iclası keçirilmiş, 120-yə yaxın əsaslı
və mühüm qanunlar qəbul edilmişdir. Bir il müddətində ən çox maliyyə
nəzarətindən parlamentə 82 qanun daxil olmuş, 55-i qəbul
edilmişdir. Həmin qanunlardan 19-u hazırda
komissiyalarda müzakirə olunmuş, 5-i Parlamentdə
müzakirədədir, 3-ü isə qəbul edilməyib.
H.Ağayevin
Parlamentə sədrlik etdiyi bir il müddətində
Ədliyyə nazirliyindən 31
qanun layihəsi təqdim olunmuş, bunlardan 14-ü qəbul
edilmiş, 6-sının müzakirə prosesində, 10-unun
komissiyalarda olduğu, 1-nin isə geri
qaytarıldığı qeyd olunmuşdur.
Bu müddətdə Daxiliyyə nəzarətindən 24
qanun layihəsi daxil olmuş, bunlardan 14-ü qəbul
edilmiş, 1-i müzakirə olunmuş, 6-sının
komissiyalarda olduğu, 3-ünün geri
qaytarıldığı bildirilmişdir.
H.Ağayevin
başçılıq etdiyi Azərbaycan Parlamenti xalqın
çox ağır günlərində önəmli rol
oynadı, onu fəlakətlərdən xilas etdi: "Bir tərəfdən
ingilis komandanlığının qeyri-müəyyən siyasəti,
digər tərəfdən Biçeraxov alaylarının
qeyri-qabil təhəmmül sərkeşliyi
və bunlardan hasil olan ruh düşkünlüyü ancaq bir
sığınacaq yeri və pənah tapırdı ki, o da Azərbaycan
Parlamenti, Azərbaycan millətinin o məbədi-istiqbal və
ümidi idi. Hər millətin elə dövrləri vardır
ki, ani və fövqəladə bir surətdə vicdan təzahüratını
meydana çıxarır...
... Parlament, həqiqətən, Azərbaycan istiqlaliyyəti
tarixində böyük bir mövqe tutdu. Oradan
çıxan qərarlar, oradan söylənilən əsaslı
fikirlər, möhlik
və xatırlama zamanlarda yüksələn
etirazlar, həyəcanlar hər bütün millətin vicdan və
məfkureyi ümumiyyəsinin bir mərkəzi idi".
H.Ağayevin böyük nüfuzunun olması, ona
dövlət idarəçiliyində yaranan müəyyən
problemləri həll etməyə imkan yaradırdı.
1918-ci ilin dekabrında Baş Nazir F.X.Xoyski istefa verdikdə
H.Ağayev ona çox məzmunlu bir müraciət etmişdi.
F.X.Xoyskinin etirazından sonra H.Ağayev dekabrın 18-də
ikinci müraciətini etmiş və bu müraciətdən
sonra F.X.Xoyski növbəti hökumət kabinəsi
yaratmağa razılaşmışdı.
H.Ağayev yalnız parlament iclaslarında sədrlik
etmirdi. O, eyni
zamanda, qanunların hazırlanmasına dəstək olur,
müzakirələrdə fəallıq göstərirdi. O, səhhəti
ilə bağlı
parlament sədrinin müavini vəzifəsindən
uzaqlaşsa da, fəaliyyətini davam etdirirdi.
1920-ci ilin fevralın 23-də Azərbaycan Parlamentinin
növbəti iclası keçirilir. İclasa sədrliyi
M.Y.Cəfərov edir (o, həm də 1920-ci ilin fevralın 2-dən
Parlament sədrinin müavini vəzifəsində H.Ağayevi
rəsmi olaraq əvəz edir). İclasın
gündəliyində səkkiz məsələnin müzakirəsi
planlaşdırılıb. İclasda
müzakirəsi nəzərdə tutulan 5-ci və 8-ci məsələlərlə
bağlı qanun layihələrini H.Ağayev hazırlayıb
müzakirəyə təqdim edir.
Parlament
iclasının gündəliyindəki yeddinci məsələ
belə adlanırdı: "Xəstəliklərlə
mübarizə üçün səhhəti-ümumiyyə nəzarətinə
3 milyon 275 min rubl buraxılması haqqında qanun layihəsi".
Bu qanun layihəsinin məruzəçisi
H.Ağayev idi.
H.Ağayev
çıxışında bir məqama da toxunurdu: "Son
zamanlarda Azərbaycana bir çox müxtəlif yerlərdən
qaçqınlar mühacirət etmişlərdir. Bununla bir tərəfdən əhalinin sayı
artmış, digər tərəfdən qaçqınlar
ruhca düşkün olduqlarından daha tez xəstələnirlər.
Bununla bərabər qaçqınlar arasında
müsri (yoluxucu) xəstəliklər də var. Bunların
müəyyən yerləri olmadıqları üçün
əksərən bir yerdə iqamət etməyib, Azərbaycanın
müxtəlif nöqtələrini gəzdiklərindən
müsri xəstəliyi də xalq arasında yayırlar.
Bunları nəzərə alaraq, səhiyyə
nəzarəti bir layihə tərtib etmişdir. Bu layihəyə görə nəzarət tərəfindən
Azərbaycanın bir çox nöqtələrində xəstəxanalar
açılacaqdır. Bu qanun layihəsi
bu günlərdə parlamentə gələcəkdir. İndilik isə nəzarət istəyir ki, 10 dənə
səyyar səhiyyə dəstəsi təşkil etsin. Hazırda belə səyyar səhiyyə dəstələrinə
ehtiyac çoxdur. Bunun üçün də
nəzarət 3 milyon 275 min manat pul istəyir".
Sonra məruzəçi bu pulun həkim və
feldşerlərin maaşına, yol xərclərinə, dərman
ehtiyaclarına sərf ediləcəyini qeyd edirdi. H.Ağayev səyyar səhiyyə
dəstəsinin gedəcəyi Azərbaycan bölgələrinin
siyahısını da təqdim edirdi: Göyçay,
Xaçmaz, Şamaxı, Gəncə, Gədəbəy,
Qazax, Dondarlı, Zəngilan, Cəbrayıl, Ağdaş.
H.Ağayevin hazırladığı bu qanun layihəsi də
3-cü oxunuşdan sonra sədr tərəfindən səsə
qoyularaq parlamentdə qəbul olundu.
Parlamentdə müzakirə edilən 8-ci məsələ
- "Şuşa, Zəngəzur və Cəbrayıl qəzalarında
əvvəlinci bir maarif təsis haqqında" qanun layihəsi
idi. Bu məsələ
ilə bağlı əsas məruzəni yenə H.Ağayev etmişdir.
1920-ci ilin aprelin 27-də Azərbaycan bolşeviklər tərəfindən
işğal edildikdə, H.Ağayev Azərbaycan Ordusunun parlaq
qələbəsi ilə nəticələnən Əskəran
- Qarabağ müharibəsi nəticəsində Tiflisdə
açılan Azərbaycan-Ermənistan konfransında səlahiyyətli
nümayəndə olaraq iştirak edirdi. O konfransdan sonra bir müddət
orada qalmışdı.
Bu işğaldan sonra H.Ağayev əvvəl Gəncədə,
buranın təhlükəli olduğunu gördükdə
Tiflisdə qalır. Eyni zamanda, o, bu şəhərdə
bolşevik işğalına qarşı mübarizəni
davam etdirirdi. O, burada bir gürcü dostunun evində
yaşayırdı.
Bir məlumatda isə onun Tiflisdən Batuma, oradan da gəmi
ilə Türkiyəyə gedəcəyi qeyd olunurdu.
H.Ağayev
1920-ci il iyulun 19-da axşam, dostlarının
toplaşdığı evə görüşə gedərkən,
Tiflisdə məşhur "Kazyonnı teatr"ın yan
küçələrinin birində erməni
terrorçuları tərəfindən qətlə yetirildi (bəzi
faktlarda bu qətldə bolşeviklərin əlinin olduğu
qeyd edilməkdədir).
H.Ağayev Tiflisdə müsəlman qəbiristanlığında - M.F.Axundovun və bir ay əvvəl qətl edilmiş F.X.Xoyskinin məzarlarının yanında dəfn edildi.
H.Ağayevin ölümündən xəbər tutan həyat yoldaşı Xədicə xanım təcili Tiflisə gedib, onun yas mərasimində iştirak etdi.
H.Ağayevin qızı professor Nəzakət
Ağazadə isə sonradan 1946-cı ildə Tiflisə
atasının qəbrini ziyarətə getdikdə,
bolşeviklərin H.Ağayevin və F.X.Xoyskinin qəbirlərini
dağıtdıqlarını, yerlə-yeksan etdiklərini
görmüşdü.
525-ci qəzet.-2018.- 11 iyul.- S.8.