Əminə Yusifqızı: "Jurnalist təkcə öz ömrünü yaşamır..."

"KÜR" QƏZETİNİN BAŞ REDAKTORU: "MƏNİM NƏZƏRİMDƏ ELMAR VƏLİYEVƏ ATILAN GÜLLƏ AZƏRBAYCANA, DÖVLƏTÇİLİYİMİZƏ ATILDI"

 

Müsahibimiz Yevlax rayonunun "Kür" qəzetinin baş redaktoru, "Tərəqqi" medallı Əməkdar jurnalist, YAP Yevlax Rayon Qadınlar Şurasının sədri Əminə Yusifqızıdır. 

- Əminə xanım, jurnalistikaya marağınız, sevginiz necə yarandı və bu sənət sizə nələr verdi?

- Mən 1968-ci ildə Yevlax rayonunda orta məktəbi bitirmişəm. O dövrdə məktəbdə divar qəzetləri olurdu. Mən də məktəbimizin divar qəzetinin redaktoru idim, həm də yerli qəzetə yazılar yazırdım. Heç zaman jurnalistikadan başqa hansısa peşə sahibi olmaq arzusuna düşməmişəm. Yazı-pozu aləminə hədsiz marağım olub. O dövrdə də jurnalistikaya qəbul olmaq çox çətin idi. Nəhayət, üçüncü cəhddə Bakı Dövlət Universitetinin (o vaxtkı Azərbaycan Dövlət Universiteti) jurnalistika fakültəsinə qəbul oldum. Təhsilimi başa vurandan sonra Yevlaxa qayıtdım və "Kür" qəzetində əvvəl korrektor, müxbir, sonra şöbə müdiri və baş redaktora qədər yüksəldim. Artıq 26 ildir ki, "Kür"ə rəhbərlik edirəm.

(Elə ilk sualımdaca müsahibimin gözlərində işıq parlamağa başlayır. Onun sənətinə sevgisinin və bizi gözləyən enerji dolu müsahibənin müjdəçisidir o işıq. Müsahibə boyunca da bizi izləyir)

- Nə əcəb Bakıda qalmadınız?

- Əslində, yoldaşım bakılı idi. Amma universitetdə oxuduğum beş il mənim rayon mühitinə aludəliyimi azalda bilmədi. Yevlax hər zaman mənimçün əziz olub. Burada özümü daha rahat hiss etmişəm. Üstündən illər keçdikdən sonra da paytaxtda qalmamağıma təəssüf etməmişəm. İndi Yevlaxda hər kəsin qapsını döyə biləcəyi, kömək umacağı bir Əminə Yusifqızı olmuşam. Burada məni sevirlər, hörmət edirlər. Hamının diqqət mərkəzində oluram. (Gülür; "Deyəsən, özümü yaman təriflədim") Amma Bakıya gələndə, eyni münasibəti, rayonumuzdakı yanaşmanı görməyəndə, bir az pərt oluram, deyəsən. Yəqin Bakıya meyilli olmamağımın bir səbəbi də budur. Ancaq boynuma alım, Bakının gözəlliyi ilə qürurlanıram. Onun dünyanın, ən baxımlı şəhəri olması ürəyimi dağa döndərir. Oğlum, qızım, nəvələrim burada yaşadığından yolum düşdükcə gəlirəm.  

- Nələr yazırdınız?

- "Kür" qəzetində çalışdığım 42 il ərzində oxucuya ünvanladığım hər bir yazıya ürəyimin, düşüncəmin zərrəsini, atəşini yaşadığımız aləmin həqiqət yükünə qatıb çatdırmağa cəhd etmişəm. Qadir oldummu buna, oxucuların yaddaşında qərar tuta bildimmi sualına doğru-dürüst cavab da elə oxucunun mühakimə səlahiyyətindədir.

Əvvəllər felyetonlar yazırdım, özü də çox obyektiv. Nə yalan deyim, qələmim sərt idi. Gördüyüm haqsızlıqları, narazılıqları yazılarımda mütləq əks etdirirdim.

Hətta mənim yazılarım büro iclaslarında oxunur, kimi tənqid edirdimsə, o adam töhmət alır, hətta işdən qovulurdu. Çünki bir dənə də olsun yalan, qeyri-dəqiq heç nə yazmırdım. Amma bəzən içimdə yazmaq istəyimi boğmaq məcburiyyətində qalanda sıxılırdım, ağrıyırdım. Nə xoş söz dadına çatırdı, nə dərman. Belə vaxtlarda küsürdüm umduğum yerlərdən. İçimə yığılıb faş eləmək istəmədiyim şeylər için-için yandırırdı məni. Qadın olmaqla jurnalist olmaq arasında var-gəl edirdim. Axı, jurnalist təkcə öz ömrünü yaşamır. İçi işıqla dolu olanlar, sözün ucalığını, şərafətini dərk edənlər məni yaxşı başa düşərlər. Bəlkə də mətbuata çox bağlılığımın nəticəsi idi ki, sonradan nə qədər yevlaxlı gənc jurnalist olmaq arzusuna düşmüşdü.

- Bütün bunlarla yanaşı, həm də ictimai fəal idiniz. Və hələ də bu fəaliyyətinizi davam etdirirsiniz.

- Bəli, çox erkən yaşlarımdan məni "Sevil" qadın məclisinə sədr seçdilər. Ondan sonra da YAP Qadınlar Şurasının sədri oldum. Yəni təkcə qəzet redaktorluğu ilə deyil, bu cür ictimai işlərdə də öndə olmuşam. Hazırda da Yevlax rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın üzvüyəm. Bu işlərim isə mənə insanlara əl uzatmağa, onların ehtiyaclarını qarşılamağa kömək edir. Kimisə sevindirmək, kiməsə əl tutmaq məni hər zaman rahatlaşdırır. Onda özümü lap bəxtəvər sayıram. Çalışıram heç kimi əliboş qaytarmayım. İctimai işlərdəki fəallığım ən çox da bu şəraiti yaradır mənə.

- Əminə xanım, sizin fəaliyyətə başladığınız dövr elə dövr idi ki, onda qadınlar ictimai işlərdə demək olar ki, görünmürdülər, hətta sıxışdırılırdılar. Xüsusən də yerlərdə. Bəs siz necə fərqlənməyi bacardınız?

- İllərdir neçə-neçə icra hakimiyyəti başçıları ilə işləsəm də, hamısında qəribə bir şeyi müşahidə eləmişəm. Əvvəl-əvvəl fəaliyyətim xoşlarına gəlmir, ya da nəsə, məni başa düşmürdülər. Amma sonradan tanıdıqca, ünsiyyət yarandıqca mənə qarşı fikirlər dəyişirdi. Deyim ki, sıxışdırılmışam, mane olmağa çalışıblar, yox. Özümə qarşı bunları görməmişəm, haqsız hücumlara məruz qalmamışam. Bəlkə də olub, amma mən hiss etməmişəm. Jurnalistikanı sevirdim və burdayam. Başqa kim olmalıyam ki? Korrektorluqdan, müxbirlikdən başlayıb 26 ildir ki, baş redaktor işləyirəm. Burdan o tərəfə nə var ki? Bir jurnalist kimi dəfələrlə ölkə başçımız tərəfindən mükafatlara layiq görülmüşəm. Əməkdar jurnalist adı, "Tərəqqi" medalı, "Qızıl qələm", "Hacı Zeynalabdin", Ali media mükafatı və s. Elə bu günlərdə də mənə Beynəlxalq jurnalist vəsiqəsi təqdim olundu.

- İndi elə bir zamana gəlib çıxmışıq ki, sosial media kağız medianı sıxışdırmaqda davam edir. Necə düşünürsünüz, sıradan çıxara biləcəkmi?

- Hər halda çox ciddi cəhdlə mübarizə aparır ki, sıradan çıxartsın. Öz təcrübəmdən deyim ki, "Kür" qəzeti əvvəllər 8 min tirajla çap olunurdu, indi isə 4-5 min civarındadır. Yəni ciddi şəkildə azalma var. Bir səbəb də odur ki, indi hər yerdə mərkəzləşmə gedir, yeni-yeni qurumlar fəaliyyətə başlayır. Amma heç bir qurum, müəssisə qəzetə abunə olmağa maraq göstərmir. Hətta bizə belə təbliğata imkan da yaratmırlar. Əsasları da bu olur ki, hərənin əlində bir telefon, komputer, nə istəyir oxuyur. Virtual aləm isə bildiyiniz kimi, qeyri-dəqiq məlumatlarla, iftiralarla doludur. Mənim fikrimcə, yazılı medianın yerini heç nə verməyəcək. Kağızın qoxusunu duya-duya, onunla təmasda oxumağın yeri bir başqadır. Məsələn, mən "Kaspi", "525-ci qəzet", "Ədalət", "Həftə içi", "İki sahil" qəzetlərini həmişə izləyirəm və ordakı yazılardan nələrisə əxz edirəm.

- Rayon qəzetinə maraq necədir?

- Etiraf edək ki, mərkəzi mətbuatı rayonlarda çox da oxumurlar. Bu mənim şəxsi qənaətimdir, düşünürəm ki, region qəzetləri ilə mərkəzdə nəşr olunan qəzetlər arasında əsaslı fərq bunlardır: bu qəzetlər məhdud bir dairədə, yəni rayon miqyasında oxucuya təqdim edilir. Paytaxt nəşrləri isə bütün respublikaya yayılmaq imkanındadır. Baş redaktoru olduğum "Kür"ün timsalında mülahizələrimi davam etdirmək istəyirəm. Bir qəzet olaraq bizi ilk növbədə rayonunun sosial-iqtisadi, mədəni inkişafı, insanların rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlər qayğılandırır. Nə gurultulu, nə gözqamaşdıran sərlövhələrdən istifadə edir, nə də ucuz sensasiya xatirinə gərəksiz mövzulara müraciət edirik. Sadə, anlaşıqlı dildə yazırıq. Əhalini düşündürən və narahat edən rayondaxili məsələləri diqqət mərkəzində saxlayıb, onların obyektiv işıqlandırılması, irimiqyaslı quruculuq işlərinin islahatların təbliğində operativliyə nail olunmasını hədəf seçirik. Yəni demək istəyirəm ki, sırf qəzet işi ilə məşğuluq.

Rayon qəzeti bu məkanın adamları üçün çox maraqlıdır. Həm abunə qiymətinin ucuzluğuna, həm stabil oxucu auditoriyasına, həm rayonda baş verən hadisələrin operativ işıqlandırılmasına, həm tanıdıqları insanların mövqeləri ilə tanışlığa maraq rayon qəzetlərini regionda daha populyar edir. Və mənə elə gəlir ki, ölkə başçısının daxili və xarici siyasətinin əyalətlərdə daha yaxşı təbliğində, rayon qəzetlərinin rolunu layiqincə qiymətləndirmək, ondan daha səmərəli istifadənin yolları haqqında düşünməyə ehtiyac var. Kollektivimiz 11 nəfərdən ibarətdir. "Tərəqqi" medallı Ramiz Həmidov, Züleyxa Bəşirova, Xanım Nəsibova, "Tərəqqi" medallı Afaq Bayramova Bakı Dövlət Universitetinin məzunlarıdır. Bir qəzetçi kimi onları ilk növbədə rayonun sosial-iqtisadi, mədəni inkişafı, insanların rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlər qayğılandırır. Əhalini düşündürən, narahat edən rayondaxili məsələləri diqqət mərkəzində saxlayır, onların obyektiv işıqlandırılması, irimiqyaslı quruculuq işlərinin təbliğində operativliyə nail olunmasına çalışırlar. Qoy oxucular indi söyləyəcəyim fikirləri vəzifə sahibinin şəninə söylənən tərif kimi qəbul etməsinlər. Mən sadəcə olaraq əlahəzrət faktı nəzərə çatdırmağı özümə borc bilirəm. 2004-cü ildən sonrakı dövrü qəzetimizin Qızıl dövrü adlandırırıq. Niyə? Çünki həmin ildən Yevlax rayonuna Elmar Vəliyev icra başçısı təyin olunmuşdu. Və onun başçı kimi ilk işi "Kür" qəzetinin redaksiyasına gəlmək oldu. Jurnalistlərlə görüşdü, qayğılarımızla maraqlandı, maddi-texniki bazanı möhkəmləndirmək üçün tədbirlər gördü. İndi Heydər Əliyev prospektində yerləşən ikimərtəbəli bina redaksiyamızın balansındadır. Qəzetimizin tirajı sürətlə artdı. Bütün bunlarda Mətbuat Şurasının sədri Əflatun Amaşovun da səyi az deyildi. Ona görə mən indi də müəyyən məsələlərlə bağlı tez-tez Əflatun müəllimə müraciət edirəm.

- Söhbətimizdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin adını çəkdiniz. Bildiyiniz kimi, Elmar müəllim bu günlərdə ağır olayla qarşılaşdı. Bir iş yoldaşı, uzun illərin tanışı kimi ona qarşı olan bu hadisəyə və sosial mediadakı insanların reaksiyalarına qarşı münasibətiniz necədir?

(Bu sualımla müsahibimin gözlərindəki həmin işıq alovla əvəzlənir)

- Bu hadisədən mən çox sarsıdıcı zərbə aldım. Amma elə ilk gündən bilirdim ki, başının üstündə Allahı olana heç kim heç nə edə bilməz. Bilirdim ki, bu, nəsə bir terror aktıdır. Ola bilsin ki, Elmar müəllim hansısa vətəndaşa laqeyd yanaşan, işində böyük nöqsanlara yol verən bəzi məmurlara qarşı sərt olub. Mən bunu istisna etmirəm. Amma o, ictimaiyyət nümayəndələrinə, yerli sakinlərə, şəhid ailələrinə, qaçqın və məcburi köçkünlərə, aztəminatlı ailələrə canını da qurban etməyə hazır adamdı. Ona işləmək qabiliyyəti, quruculuğu bir istedad kimi verilib. Əvvəllər Yevlax sözün əsl mənasında sönmüş bir rayon idi. O, yaşadığımız məkana özü ilə işıq gətirdi. Öləzimiş Yevlaxdan gözəl bir şəhər yaratdı. Nə qədər iş yeri açıldı. Ulu Öndər Heydər Əliyev deyirdi: "Mən Yevlaxı daha abad, daha gözəl görmək istəyirəm". 2004-cü ildən sonra Yevlaxın necə inkişaf etdiyini görən cənab prezidentimiz İlham Əliyev isə dedi: "Yevlax Avropanın ən inkişaf etmiş şəhərindən belə bir addım geri qalmır".

Amma bəzi bədxahlar Elmar Vəliyevin gülüstana çevirdiyi Gəncəni görməmək  üçün gözlərini qapadılar. Elə qapadılar ki, zülmətdə nə etdiklərini, niyə etdiklərini dərk edə bilmədilər. Buna görə Elmar Vəliyevi hədəf seçdilər. Mənim nəzərimdə Elmar Vəliyevə atılan güllə Azərbaycana, dövlətçiliyimizə atıldı. Atıldı ki, araya çaxnaşma düşsün. Onun Gəncə üçün etdiklərini danmaq günahdır. Amma indi bir qrup xəbis ona güllə atan canini qəhrəmana bənzədir. Bu, haqsızlıqdır, ayıbdır. Mən inanıram ki, Elmar Vəliyev tezliklə sağalıb öz işinin başına dönəcək, necə vardısa elə də öz yoluna davam edəcəkdir. Bir terror aktı onu yolundan sapdıra bilməz.

- Jurnalist, ziyalı xanım kimi cəmiyyətdəki rolunuzdan danışdıq. Bəs evdə necə insansız?

- Evdar qadın kimi çox da ev işlərinə həvəsli insan olmamışam. Mənə deyirdilər ki, o qədər çöldə işləmisən, yorulmusan, evdə işləyə bilməmisən. Amma elə deyil, sadəcə o işlərə həvəskar olmamışam. Yoldaşımın hər an xidmətində olan xanım deyiləm. Amma çox şükür ki, həmişə bir-birimizi başa düşmüşük.

Ətrafımda hər zaman kişi dostlarım olub. Bəlkə də bu, xarakterimdəki sərtlikdən irəli gəlir. Həyatımda elə bir xanım, elə bir ürək dostum var ki, o, mənə hamını əvəz edir. Yaşda məndən çox kiçikdir. Amma inanın, mən ondan məsləhət alıram. Faciə kimi baxdığım bəzi məsələlərə, nəyə görəsə qınadığım insanlara onunla söhbətdən sonra münasibətim tamamilə dəyişir. Onun təmkini, həlimliyi, məsələlərə müdrik yanaşmağı, qaranı ağdan seçməsi mənə də təsirsiz ötüşmür. Hər kəsə belə insanların ətrafında olmağı arzu edərdim.

Bir oğlum, bir qızım, beş nəvəm var. Onlar Bakıda, mən həyat yoldaşımla Yevlaxda yaşayırıq. Nəvələrimlə fəxr edirəm, nəvələrim mənimlə fəxr edirlər. Yaşımdan qorxmuram. Hərdən açıqca yaşımı deyəndə deyirlər ki, necə cəsarətlə deyirsiniz. Deyirəm nə var ki, burda? Axı əgər hələ də mənim enerjim, yaşamaq həvəsim, həyata və insanlara sevgim varsa, yaşın nə önəmi var? Mən hələ yaşamaq, işləmək, insanlara əl tutmaq istəyirəm. Gələcəyə xoş güman insan xislətində, insan təbiətindədir, insan qəlbinin əbədi, kövrək ehtiyacıdır. İnanmaq istəyirsən, özünü inandırırsan və inanırsan ki, hər şey yaxşı, daha gözəl alınacaq. İnsanlar bir-birilə daha mərhəm, daha yaxın olacaqlar. Nəvələrimin toyunu görüm, ətrafımdakı insanlar xoşbəxt olsunlar. O gün olsun ki, Qarabağımızın azad edildiyinin şahidi olum və inanıram ki, bu arzuma çatacağam.

- Bəlkə söz açmaq istədiyiniz başqa bir mətləb də var?

- Hə, anamdan danışmaq istəyərdim. On uşaq tərbiyə edib anam. Doqquzuna ali təhsil verib. Nə qazanmışıqsa, nə əldə etmişiksə anamıza borcluyuq. Sadə olmağı, insanlara kömək əli uzatmağı, başqasının dərdini özününküləşdirib, özgənin sevincinə şərik olmağı, ehtiyacı olanlara əl uzatmağı, çalışmaqdan, yaratmaqdan usanmamağı. Anamız bizə o qədər əziyyət çəkmişdi ki, onu elə bil ki, əlimizin içində bəsləyirdik. Altmış ildən çox təhsil sahəsində çalışmışdı. Amma indi özümdən çox narazıyam. Belə hesab edirəm ki, anamın qulluğunda daha yaxşı dayanmalı idim. Niyə bunları deyirəm? İstəyirəm ki, insanlar sağlığında valideynlərinə o qədər dəyər versinlər ki, sonradan heç nəyə görə vicdanları ağrımasın.

Şahanə MÜŞFİQ

525-ci qəzet.-2018.- 11 iyul.- S.7.