"Bitkilərin sirli dünyası" təqdim olundu

İyulun 9-da "AzərKitab"da Regional Hüquqi İqtisadi Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə tibb üzrə fəlsəfə doktoru Məlahət Qəhrəmanova biologiya elmləri doktoru, professor Səyyarə İbadullayevanın həmmüəllifliyi ilə işıq üzü görmüş "Bitkilərin Sirli Dünyası" adlı kitabının təqdimatı mərasimi keçirilib.

Mərasimdə millət vəkilləri, QHT nümayəndələri, ziyalılar jurnalistlər iştirak ediblər.

Tədbirdə çıxış edən "Azərkitab" layihəsinin rəhbəri Sabir Həsənov layihə haqqında geniş məlumat verib. Bildirib ki, "Azərkitab" hər zaman müəlliflərin, oxucuların yanındadır. Bu gün tibb aləmi üçün son dərəcə vacib olan bir kitabın təqdimatının məhz bu məkanda keçirilməsi onlar üçün böyük önəm daşıyır.

Regional Hüquqi İqtisadi Maarifləndirmə İB-nin rəhbəri Arzu Bağırova çıxışında birlik haqqında danışıb deyib ki, birliyin əsas missiyası cəmiyyətimizin daha da maarifləndirməsi, bilgiləndirməsidir. Bu mənada təqdim olunan kitabın önəmini vurğulayan A.Bağırova müəllifə uğurlar diləyib, kitabın təkcə tibb mütəxəssisləri gənc həkim namizədləri üçün deyil, ümumilikdə bütün təbəqədən olan insanlar üçün yararlı olacağına inandığını deyib.

Millət vəkili Qənirə Paşayeva çıxışında kitabın önəmindən bəhs edib. Deyib ki, təbiətdən uzaqlaşdığımız, nəticədə huzurun sağlamlığın azaldığı bir dönəmdə bu cür kitabların əhəmiyyəti çox böyükdür: "İnsan zaman təbiətlə yaxın təmasda yaşıyırsa, o zaman daha huzurlu daha sağlam olur. Uşaqlığımı xatırlarkən yadıma düşür ki, nənələrimiz universitet oxumadıqları halda, heç bir tibbi bilgiləri olmadıqları halda təbiətdən, onun nemətlərindən istifadəni çox gözəl bilirdilər, bacarırdılar".

Deputat Azərbaycan təbiətinin bitkilərlə zəngin olduğunu xatırladıb: "Mən Tibb universitetində oxuduğum illərdən bitkilərin dünyasına marağım vardı və düşünürdüm ki, bunlar haqqında daha yaxşı yazılmalı, sadəcə bu sahənin mütəxəssislərinə deyil, eləcə də xalqımıza tanıdılmalıdır. Təbiətin bizə təmənnasız bəxş etdiyi bu dəyərli və faydalı bitkilərdən istifadə edək. Elə ölkələr var ki, onların dərman bitkilərindən əldə etdiyi gəlir çox yüksəkdir. Allah bu şəfalı bitkilərin zənginliyini xalqımıza bəxş edib. Artıq Azərbaycanda da bu məsələ gündəmdədir. Cənab Prezident İlham Əliyev  artıq dərman preparatlarının idxalının azaldılması, dərman istehsalının ölkəmizdə də artırılmasına, yeni müəssisələrin açılmasına diqqət edir. Ona görə də bu kitabı çox yüksək qiymətləndirirəm".

Q.Paşayeva kitabın elektron versiyasının hazırlanması və internetdə yayılması təklifini irəli sürüb.

Təqdimatda iştirak edən, kitabın araya-ərsəyə gəlməsində onlara köməkliyini əsirgəməyən hər kəsə təşəkkürlərini bildirən müəlliflər kitab haqqında geniş məlumat veriblər. Qeyd edilib ki, "Bitkilərin sirli dünyası" kitabı elmi təbabətdə geniş istifadə edilən 123 növ dərman otlarından və onların dərman xüsusiyyətlərindən bəhs edir.

Şahanə MÜŞFİQ

525-ci qəzet.-2018.- 11 iyul.- S.7.