Cümhuriyyət
xadimləri Fransada: bioqrafiyalardan
fraqmentlər
(Əvvəli ötən sayımızda)
Rəsulzadə Məhəmməd Əmin
Axund Hacı Molla Ələkbər oğlu 1884-cü il 31 yanvarda Bakı quberniyasının
Novxanı kəndində
anadan olmuşdur.
1904-cü ildə o, M. Mövsümov və M.Hacinski ilə birlikdə "Hümmət"
təşkilatını yaratmışdır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını bəyan
edərək, Azərbaycan
Milli Şurasına rəhbərlik etmişdir.
Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra o, Bakını tərk edərək Türkiyəyə
emiqrasiya etmişdir. 1931-ci ildə Türkiyəni də tərk etmiş və onun emiqrasiya fəaliyyətinin Avropa dövrü başlanmışdır.
Bu dövrün əsas xarakterik xüsusiyyəti ondan ibarətdir ki, Avropada siyasi emiqrasiyanın əsas mərkəzləri əsasən
Fransa, Polşa və Almaniyada toplaşmışdı və
burada onların fəaliyyəti üçün
nisbətən babat şərait yaradılmışdı.
1926-cı ildə keçmiş
Çar Rusiyası xalqlarının liderləri
beynəlxalq təşkilat
kimi fəaliyyət göstərən "Prometey"
klubunu yaratdılar və fransız dilində "Prometey"
jurnalını nəşr
etmək barədə
qərar qəbul etdilər. Lakin 1928-ci ildən başlayaraq
Azərbaycandan olan emiqrantlar arasında münasibətlər gərginləşir.
Rəsulzadə vəziyyəti düzəltmək
üçün 1928-ci ildə
Parisə yollanır və burada Ə.Topçuçaşov, C. Hacıbəyli və Ə.Şeyxulislamovla görüşür.
Bu görüşlərin nəticəsi olaraq, vahid mərkəzdən idarə olunmaq məsələsi üzrə
razılıq əldə
olunur.
Rəsulzadənin "Azərbaycan Respublikası",
"Bolşeviklərin şərq
siyasəti", "Qafqaz
birliyi", "Azərbaycan
milli hərəkatının
xarakteri" və s. məqalələri (cəmi
10 məqalə) "Prometey"
jurnalında çap olunmuşdur. 1930-cu ildə Parisdə onun iki kitabı
nəşr olundu.
O, 1918-1920-ci illərdə Azərbaycanın
müstəqilliyi uğrunda
aparılan mübarizə
haqqında fransız dilində ("la Azerbaidjan
en lutte pour lindepudance",
Paris, 1930) oxuculara məlumat
verirdi. Elə həmin ildə
Rəsulzadə artıq
rus dilində yazdığı "Pantürkizm
haqqında" kitabında
birliyi sarsıtmağa
çalışanlara sərt
şəkildə cavab
verir.
17 yanvar 1937-ci ildə Rəsulzadə Parisdə
"Müasir Azərbaycan
ədəbiyyatı" mövzusunda
mühazirə oxuyur, dinləyiciləri Azərbaycan
ədəbiyyatı nümunələri
ilə tanış
edir. Bu mühazirə
sonradan ayrıca kitab şəklində çap edilir. 1936-cı ilin aprelində
isə Azərbaycandan,
Povoljyedən, Uraldan, Krımdan, Şimali Qafqazdan və Türküstandan olan emiqrantların iştirakı
ilə Parisdə qurultay keçirilir.
Qurultayda
Azərbaycanı M.Ə. Rəsulzadə,
Mir Yaqub Mehdiyev, Mustafa
Vəkilli təmsil edirdilər. Elə həmin
ildə Rəsulzadə
fransız dilində
"Azərbaycan" kitabını
nəşr etdirir və burada Azərbaycan haqqında müfəssəl məlumat
verir.
Polşanın alman ordusu tərəfindən
işğalından sonra
Rəsulzadə Fransaya
getmişdir. Lakin hadisələr elə
sürətlə inkişaf
edirdi ki, tezliklə Fransanın özü alman qoşunları tərəfindən
hücum təhlükəsi
qarşısında qaldı.
Belə vəziyyətdə o, Fransanı
tərk edərək İsveçrədə, İngiltərədə,
Rumıniyada və yenidən Türkiyədə
yaşamışdır. M.Ə.Rəsulzadə 1955-ci ildə Ankarada
vəfat etmiş və burada dəfn olunmuşdur.
Sultanov Xosrov bəy Paşa bəy oğlu Yelizavetpol quberniyasının
Zəngəzur qəzasının
Kürdhacı kəndində
anadan olmuşdur. Yelizavetpol
gimnaziyasını bitirəndən
sonra İ.İ.Muçnikov
adına Odessa Milli Universitetinə daxil olmuş və ali tibb
təhsili almışdır.
Azərbaycan Xalq Cümhuriyyətinin
yaranmasından sonra hərbi nazir, əkinçilik naziri,
1919-cu ilin fevralından
isə Qarabağın
general-qubernatoru işləmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin
süqutundan sonra X.Sultanov vətəni həmişəlik tərk
edir. Sonrakı illərdə o, Türkiyədə,
İranda, Fransada və Almaniyada yaşamışdır. Almaniyada tibb
universitetinin professoru işləmişdir.
Fransada yaşayarkən
Xosrov bəy
1926-cı ildə Rusiya
xalqlarının emiqrant
təşkilatlarının nəşr etdikləri
"Prometey" jurnalının
yaradıcılarından biri
olmuşdur. Bəzi məlumatlara əsasən,
1926-cı ildə o, Parisdən
İrana gəlmiş,
burada "İttihad"
təşkilatının Tehran və Təbriz özəklərinin yaradılmasına
kömək etmişdir.
İkinci Dünya Müharibəsi dövründə azərbaycanlı
hərbi əsirlərin
vətənə qaytarılmasında
vacib rol oynamışdır. Uzun illər Avropada
yaşayandan sonra Xosrov bəy 1946-cı ildə Türkiyəyə
qayıdır və
1947-ci ildə ölümünə
qədər burada yaşayır.
Vəkilov Mustafa bəy Nadir oğlu
1896-cı ildə Qazax
qəzasının Salahlı
kəndində anadan olmuşdur. 1917-ci ildə
Moskva universitetinin hüquq fakültəsini bitirmişdir. Azərbaycan Xalq
Cümhuriyyətinin yaradılmasından
sonra Vəkilov Daxili İşlər Nazirliyində işləmişdir.
1918-ci ilin dekabrında
"Musavat" partiyasından
Parlamentə deputat seçilmişdir. Bir
il sonra
daxili işlər nazirinin müavini, 1920-ci ilin fevral ayında
isə daxili işlər naziri təyin olunmuşdur. Onda Mustafa bəyin cəmi 23 yaşı vardı və o, ölkədə ən gənc nazir idi. Buna baxmayaraq, nazirliyin
işini layiqincə icra etməyi, baş verən hadisələrə operativ
surətdə müdaxiləsi,
təxirəsalınmaz tədbirlər
görməyi və kadrları seçib onlarla birgə çalışmağı bacarırdı.
Aprel ayında
Azərbaycanın işğalından
sonra Vəkilov Türkiyəyə köçür
və burada "Musavat" partiyasının
xarici bürosunda azadlıq mübarizəsini
davam etdirir. 1929-1941-ci illərdə o, Polşada,
sonra isə Fransada yaşamışdır.
Emiqrasiyada Mustafa bəy aktiv
publisistik fəaliyyətlə
məşğul olmuşdur.
O, tarix və ədəbiyyata dair məqalələrini müxtəlif
jurnallarda, o cümlədən,
Parisdə nəşr
olunan "Prometey"
(fransız dilində)
və "Qafqaz"
(rus dilində) jurnallarında nəşr
etdirmişdir. İkinci Dünya
müharibəsi illərində
Türkiyədə yaşamış,
burada bankda hüquq məsləhətçisi
işləmiş, siyasi
fəaliyyətini davam
etdirmişdir. M.Vəkilov 1965-ci ildə vəfat etmişdir.
Vəzirov Yusif Mirbaba oğlu (Yusif Vəzir Çəmənzəminli)
12 sentyabr 1887-ci ildə
Şuşa şəhərində anadan
olmuşdur. 1910-cu ildə Kiyev şəhərinin Müqəddəs
Vladimir İmperator Universitetinin
hüquq fakültəsinə
daxil olmuşdur.
Müstəqil Ukrayna yaradılandan
sonra Azərbaycan Xalq Cümhuriyyətinin Ukraynada diplomatik nümayəndəsi təyin
olunmuşdur. Eyni zamanda,
Krımda və Polşada səfir olmuşdur.
Azərbaycanda sovet hakimiyyəti
qurulandan sonra Yusif Vəzir Parisə, Paris Siyasi Elmlər İnstitutunun diplomatiya fakültəsində
təhsil alan
kiçik qardaşı
Mirabdullanın yanına
gedir. Yazıçı
beş ilə
yaxın müddətdə
Fransada yaşamış,
burada iş tapılmasının mümkünsüzlüyü
səbəbindən Fransanın
yaxınlığında olan
Klişi şəhərində
lokomotiv və avtomobil zavodlarında fəhlə işləmişdir.
Eyni zamanda, Fransanın liberal mətbuatı
ilə əməkdaşlıq
etmiş, vaxtının
çoxunu kitabxanalarda
keçirmiş, burada
öz yeni əsərləri üçün
materiallar toplamış
və bu materiallar sonradan Fransa torpağında yaşamağa məhkum edilmiş emiqrantların taleyinə düşən
məşəqqət və
əzabları bütün
çılpaqlığı ilə özündə əks etdirən hekayələrinə süzülüb
keçmişdir.
Kiçik qardaşının ölümündən
sonra 1929-cu ildə Yusif Vəzir vətənə qayıdır
və burada "Bakinskiy raboçiy" nəşriyyatında bədii
bölmənin redaktoru,
sonra Dövlət Planlaşdırması üzrə
Komitənin ictimai-mədəni
şöbəsinin müdiri
vəzifəsində işləyir,
eyni zamanda, müəllimliklə məşğul
olur. O, L.Tolstoyun, İ.Turgenyevin, N.Qoqolun, V.Hüqonun və digərlərinin əsərlərini
rus dilindən Azərbayca dilinə tərcümə etmişdir.
1937-ci ildə Yusif
Vəzir işdən uzaqlaşdırılmış, 1940-cı ildə isə Qorki vilayətindəki məhbuslar üçün
düşərgəyə göndərilmiş, üç
ildən sonra burada vəfat etmişdir.
Azərbaycanın müstəqilliyinin tanıdılması
məqsədi ilə
28 dekabr 1918-ci ildə
Fransaya Paris sülh konfransına nümayəndə
heyəti göndərilmişdi. Konfransın işində
Azərbaycan Xalq Cümhuriyyətinin bir sıra görkəmli dövlət xadimləri də iştirak etmişlər.
Onların arasında 1895-ci ildə anadan olmuş Atamalıbəyov Abbas Seyfulla bəy oğlu da var
idi. O, ilkin təhsilini
Şamaxıda almış,
1914-cü ildə isə
Peterburq Politexnik İnstitutunun dəniz mühəndisliyi fakültəsinə
daxil olmuşdu. Həmin dövrdə Atamalıbəyov sağ eserlərə qoşulmuş,
müsəlman cəmiyyəti
komitəsinin sədri
seçilmişdir.
Atamalıbəyov Azərbaycan Milli Şurasının üzvü olmuşdur. Parlamentin 1 sentyabr 1919-cu il tarixli qərarına əsasən, Atamalıbəyov gəmi quruculuğu sahəsində təhsilini davam etirmək üçün Paris Universitetinə göndərilmişdi. O, Paris sülh konransında iştirak edən Azərbaycan nümayəndə heyətinin katibi olmuşdur.
Azərbaycanın aprel
işğalından sonra Fransada
qalmış və burada öz
siyasi fəaliyyətini davam
etdirmişdir. O, Fransada
siyasi elmlər məktəbini bitirərək,
vaxtaşırı Millətlər Liqasında siyasi
tədbirlərdə və müzakirələrdə iştirak edirdi.
Atamalıbəyov "Revyu de Prometey" jurnalı ilə
əməkdaşlıq etmiş, burada Cənubi Qafqaza həsr
olunan məqalələrini çap etdirmişdir.
Əlimərdan bəy Topçubaşovun
ölümündən sonra Fransadakı
Azərbaycan emiqrantlarının lideri olmuşdur. Fransanın Almaniya tərəfindən
işğalından sonra Berlində
yaşamış, burada Qırmızı
Xaç Komitəsində işləmiş,
Böyük Vətən müharibəsi
illərində azərbaycanlı hərbi əsirlərin xilas edilməsində böyük
rol oynamışdır. Böyük Vətən müharibəsindən
sonra Çilidə yaşamış,
1967-ci ildə isə ABŞ-a köçmüş və burada
1971-ci ildə vəfat etmişdir.
(Ardı var)
Rövşən
AĞAYEV
525-ci qəzet.-2018.- 11 iyul.- S.6.