Xalçaçılığın inkişafına həsr edilmiş elmi-praktik konfrans

 

Dünən "Azərbaycanda xalçaçılıq: nailiyyətlər perspektivlər" mövzusunda Bakı Biznes Mərkəzində elmi-praktik konfrans keçirilib.

 

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, iştirakçılar əvvəlcə "Bacarıqlı əllər, sehrli ilmələr" xalça sərgisi ilə tanış olublar. Sərgidə qədim milli çeşnilər əsasında yeni toxunmuş müxtəlif ölçülü xalçalarla yanaşı, 9 xalça sənəti məktəbi tərəfindən toxunmuş müxtəlif kompozisiyalı, ornamentli koloritli xalça nümunələrini əks etdirən fotostendlər nümayiş etdirilib.

 

Konfransda çıxış edən İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov xalçaçılıq sahəsinə olan böyük diqqəti, dövlət qayğısını vurğulayıb və son illərdə bu istiqamətdə görülmüş işlər haqqında məlumat verib. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 5 may 2016-cı il tarixli Sərəncamı ilə "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Dövlət başçısının 25 noyabr 2016-cı il tarixli Sərəncamı ilə may ayının 5-i Azərbaycanda "Xalçaçı günü" peşə bayramı təsis edilib.

 

"Azərxalça" ASC-nin yaradılması ilə bu sahəyə dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi ölkədə xalçaçılığın inkişafına təkan verib. 2016-cı ildə Horadiz qəsəbəsində, 2017-ci ildə Şəmkir, İsmayıllı və Quba rayonlarında, 2018-ci ildə isə Xaçmaz rayonunda xalça emalatxanaları açılıb. Ümumiyyətlə, ASC-nin 10 yeni xalça emalatxanası tikilərək təhvil verilib. Daha 10 yeni emalatxananın tikintisi həyata keçirilir.

 

Bundan başqa, Sumqayıt Kimya Sənaye Parkında Yunəyirici Boyaq fabrikinin 2017-ci ilin dekabrında təməli qoyulub və işlərin 2019-cu ildə başa çatdırılması planlaşdırılır. Fabrikdə yerli xammal əsasında iplik istehsal ediləcək. Müəssisəni xammalla təmin etmək məqsədilə 5 yunboyaq maddələri tədarükü məntəqəsinin tikintisi aparılır və tikinti işləri ilin sonunadək yekunlaşacaq.

 

"Azərxalça" ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov Cəmiyyətin istehsal fəaliyyəti, həmçinin, bölgələrdə filial binalarının tikinti-quraşdırma işləri, peşəkar xalçaçı kadrların hazırlanması, dünya xalçaçılığında "Azərbaycan brendi"nin tanıdılması istiqamətində görülən işlər, xalça çeşnilərinin elektron bazasının formalaşdırılması, zənginləşdirilməsi və s. istiqamətdə aparılan işlər və perspektivlər barədə məruzə ilə çıxış edib.

 

Tədbir iştirakçıları çıxış edərək xalçaçılıq sənətinə və xalçaçılara göstərilən böyük diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq ediblər.

 

Tədbirdə Azərbaycanda xalçaçılığın inkişafına dair videoçarx nümayiş etdirilib.

 

CEYHUN

525-ci qəzet  2018.- 11 iyul.- S.6.