Tarixdə və
günümüzdə Azərbaycan qadını
Şanlı tariximizə nəzər salsaq görərik ki, Azərbaycan qadını öz doğma Vətəninin müdafiəsində yaxından iştirak etmiş, yurd naminə canlarını qurban verməkdən belə çəkinməmiş, siyasi və dövlət quruculuğu sahəsində əsl vətənpərvərlik nümunələri göstərmişlər.
Haqlarında tarixi mənbələrdə,
yazılı və şifahi xalq yaradıcılıq nümunələrində,
dastanlarımızda qürurduyulası
faktlara rast gəlirik. Onların cəsurluğu, qorxmazlığı,
qayğıkeşliyi, mərdliyi,
qeyrəti bu gün uşaq və yeniyetmələrin vətənpərvərlik ruhunda
tərbiyəsində böyük
əhəmiyyət kəsb
edir. Qadınlarımızın yüksəldiyi zirvə
isə uzaq keçmişin mürəkkəb
və təlatümlü
hadisələrindən başlanıb.
Azərbaycan qadını tarixdə bir çox çətin sınaqlardan
keçməli olub. İgid oğullarla
yanaşı, qadınlar
da el-obasının qeyrətini çəkib.
Elin yağı düşməninə
qarşı döyüşlərdə
bilavasitə iştirak
ediblər. Ailəsində olduğu kimi, savaşlarda da fədakarlıq və qəhrəmanlıq nümunələri
sərgiləyiblər. Yeri gəlib həyat yoldaşlarını, oğullarını,
qardaşlarını əvəz
edib. Torpaqlarımıza göz dikən
məkrli düşmənlərə
öz dərin zəkası, ağlı ilə layiqli cavab verib, at minib, müxtəlif silahlarla silahlanıb, qəhrəmanlıq göstəriblər.
Arxeoloji
qazıntılar zamanı
ölkə ərazisindən
tapılan Son Tunc və Erkən Dəmir dövrünə
aid 100-ə yaxın silahlı
qadın qəbirləri
qadınlarımızın tarixdəki rolunu, xüsusi ilə onların hərb tariximizdəki yerini inkaredilməz faktlarla ortaya çıxaran nümunələrdir. Naxçıvan
Muxtar Respublikasının
Ordubad rayon ərazisində,
Gilan çayının
sol sahilində Plovdağ
nekropolunda Tunc dövrünə aid aşkar
olunmuş qadın skeletinin sol çiynində
dəridən düzəldilmiş
içində dəvəgözü
və çaxmaq daşından hazırlanmış
13 ədəd ox olan
ox qabı, bıçaqlar,
o cümlədən, Mingəçevirdən,
Oğuz rayonundan aşkar edilən silahları ilə birgə bir çox döyüşçü
qadın qəbirləri
Azərbaycan qadınlarının
ulu əcdadlarını
əyani şəkildə
sübut edən tarixi mənbələrdir.
Cəsur
qadınlar barədə
Azərbaycan xalq ədəbiyyatının ən
qədim yazılı
abidəsi olan "Kitabi-Dədə Qorqud"
dastanında da məlumat verilib. Dastanda Selcan xatunun, Burla xatunun, Banuçiçəyin və
digər xanımların
silahlanıb, at çapıb,
savaş meydanlarına
atılmalarının şahidi
oluruq. Tariximizdə
Möminə, Mehrcan,
Sara, Bəyim xatın,
Taclı, Behruzə, Pərixan, Tutu Bikə xanım və digər adlarını çəkmədiyimiz dərin
zəkaya, möhkəm
iradəyə malik döyüşçü, hökmdar
qadınların göstərdiyi
qeyrət nümunəsi
bu gün yeniyetmə və gənclər üçün
əsl qəhrəmanlıq
məktəbidir.
Yüksək mənəvi keyfiyyətlərə
malik, ağıllı,
iradəli, namuslu, qürurlu və mətanətli qadınlarımız
öz soykökünə,
xalqın mənəvi
dəyərlərinə, adətlərinə
sadiq qalıb, tarixi ənənələri
qoruyub, yaşadıb. Həyatın çətin sınaqlarında
belə, yada əyilməyən bu tip qeyrətli qadınlarımız
hər zaman cəmiyyət tərəfindən
yüksək qiymətləndirilib,
adları minnətdarlıqla
anılıb.
Şanlı tariximizi vərəqləyərkən
cəsur, qayğıkeş,
mətanətli Azərbaycan
qadınını dövrünün
hər cür əzab-əziyyətinin, fiziki
və mənəvi zülm və əsarətin içində
olduğunu, lakin öz ağılı, zəkası, biliyi, istedadı sayəsində
qalib çıxdığının
şahidi oluruq. Zaman keçdikcə əllərindəki
soyuq silahlarını,
biliyin silahı ilə əvəz etdiklərini, istedadları
sayəsində uğur
və nailiyyətlərə
imza atdıqlarını,
hədəf və ideyalarını həyata
keçirdiklərini görürük.
Xalqımız 1918-ci il 28 may tarixini heç zaman unutmayacaq. O gün Şərqdə, Türk-müsəlman dünyasında
ilk demokratik respublika olan Azərbaycanda azadlıq bayrağı dalğalanıb. Bu azadlığa da hamından çox qadınlar sevinib. Çünki qadın məsələsi
Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin
diqqətdə saxladığı
aktual mövzulardan biri olub. Kişilərin əsrlər boyu
davam edən üstünlüyünə və
qadınların hüquqsuzluğuna
həmişəlik son qoyulub.
Məhz bu dövrdə qadınlar klubu yaradılıb, savad kursları, məktəblər
təşkil edilib.
Çadra əleyhinə qarşı
kəskin mübarizə
aparılıb. Şərqdə ilk dəfə qadınlara seçkidə iştirak etmək hüququ verilib. Qadınların illər boyu
tapdalanmış hüququ,
molla, axundların əlindən alınıb
yenidən özlərinə
qaytarılıb. Üzlərinə bağlanan, uzun illərlə qadağa qoyulan məktəblər,
kitabxanalar açılıb.
Azərbaycan qadınları özlərinin
mübariz orqanı
"Şərq qadını"
jurnalını yaradıb. Həyatları bahasına da olsa, nəfəslərinin
son anına qədər
xalqının ictimai həyatında fəallıq
göstərən maarifpərvər
qadınlar ölkədə
qadın hüquqları
uğrunda mübarizə
aparıblar. Dövrünün
ictimai, siyasi, publisistik və başqa sahələrində
çalışan ziyalı
xanımlardan Şəfiqə
Əfəndizadə, Nigar
Şıxlinskaya, Xədicə
Ağayeva, Fatma Topçubaşova, Pəri
Topçubaşova, Sürəyya
Axundova, Əminə Ağayeva, Mədinə Qiyasbəyli, Mina Aslanova, İsmət Aşurbəyova,
Gövhər Vəlibəyova,
Suğra Yaqubova, Xeyrənsə Rəhimova,
Fatma İsmayılova,
Raziyyə Əliyeva və digərləri qadınları yeni cəmiyyət quruculuğu
uğrunda mübarizəyə
cəlb etməkdə
tarixi rol oynayıblar. Onlar qadınların maariflənməsi,
ictimai fəallığının
artırılması sahəsində
böyük işlər
görməklə yanaşı,
on minlərlə qadınları
da öz arxasınca aparıb, onlara nümunə olublar.
Tariximizin bütün dövrlərində
Azərbaycan qadınları
Vətənimizin daha gözəl, daha zəngin olması üçün əlindən
gələni əsirgəməyib. Onlar "hər
şey Vətən üçün" şüarı
ilə tərifə və təqdirəlayiq fədakarlıq nümunələri
göstəriblər.
Müstəqillik əldə etdikdən sonra Azərbaycan qadını ölkənin
ictimai-siyasi, sosial-iqtisadi
və mədəni həyatının fəal
iştirakçısına çevrilib. Bu gün
ölkəmizdə bütün
sahələrdə qadınlar
öz sələflərinin
ləyaqətli davamçısı
kimi cəmiyyətimizin
həyatında qürurduyulası
fəaliyyət göstərir,
Vətənimizin parlaq
sabahı uğrunda səylə çalışır.
Ölkəmizin çoxcəhətli
mədəni həyatını
öz istedadı ilə xalqın mənəvi sərvətlərini
artıran alim, müəllim, həkim, hüquqşünas, yazıçı,
bəstəkar, rəssam,
şair, dövlət
və maarif xadimləri ziyalı qadınlarımız var. Müstəqil
ölkənin yeni nəsilləri də onların diqqət və qayğısı sayəsində tərbiyə
olunur. Onu da çox yaxşı bilirik ki, hər hansı
bir dövrdə qadınlara münasibət
ilk növbədə dövlətin
qadın siyasətindən
asılıdır. Bu sahədə bizlər çox
şanslıyıq.
Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Ümummilli lider Heydər Əliyev hər zaman qadınlara xüsusi diqqət və qayğı ilə yanaşıb. Dahi öndər tərəfindən həyata keçirilən bir sıra tədbirlər - 1998-ci il tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin (indiki Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) yaradılması, həmin ildən başlayaraq Azərbaycan Qadınlarının Qurultayının keçirilməsi, "Azərbaycan qadınının rolunun artırılmasına dair tədbirlər haqqında" Sərəncamı, 2000-ci ildə "Azərbaycan Respublikası Dövlət Qadın Siyasətinin həyata keçirilməsi haqqında" Fərmanı və digər mühüm tədbirlər qadınların hüquqlarının tapdalanmasının qarşısını almağa yönəldilib. Dövlət qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etməsinin nəticəsidir ki, bu gün Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb.
Xalqımızın fəxr və qüruru olan qadınlarımız ölkəmizi bu gün bütün dünyada ləyaqətlə təmsil edir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün bütün Azərbaycan qadınlarının yorulmaz, mübarizə əzmi göstərən güc və qüdrətinin bariz nümunəsidir.
Türkanə
BƏYLƏRLİ
AMEA
Naxçıvan Bölməsinin İnformasiya
şöbəsinin aparıcı mütəxəssisi
Yazı Ailə,
Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin keçirdiyi
"Azərbaycan qadını: tarixlik və
müasirlik" mövzusunda
keçirdiyi müsabiqəyə təqdim
edilir.
525-ci qəzet.-2018.- 11 iyul.- S.4.