Yüz yaşlı güvənc və iftixar mənbəyimiz

CÜMHURİYYƏTİN DƏYƏRLİ MİRASI OLAN SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ SİSTEMİMİZ BİR ƏSRƏ UĞURLA YEKUN VURUR

Tariximizin ən şanlı və parlaq səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi təntənə ilə keçirilərkən bir daha yəqin etdik ki, müstəqil dövlətçiliyimizin ən köklü tərkib hissələrindən biri də Səfərbərlik və Hərbi Xidmətə Çağırış qurumudur.

Bu qurum yeni elan olunan Cümhuriyyətin vətənin müdafiəsi, ölkənin ərazi bütövlüyünün təmini və qorunması naminə, milli ordu quruculuğu istiqamətində atdığı təxirəsalınmaz addımlarından biri kimi meydana gəlib. Ötən müddətdə adı, ünvanı dəfələrlə dəyişsə belə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış qurumu, heç şübhəsiz, Xalq Cümhuriyyətimizin sonrakı nəsillərə, xüsusən müasir Azərbaycan Respublikasına son dərəcə qiymətli mirasıdır. Düz bir əsr əvvəl - 1918-ci ilin 11 iyulunda 55 saylı qərarla əsası qoyulan bu sistem bütün mövcudluq tarixi boyu Azərbaycan dövlətinin ən vacib strukturlarından biri kimi ölkə həyatında mühüm rol oynayıb və bu missiyasını günümüzdə də uğurla davam etdirməkdədir.

O dövrə aid araşdırmalardan bəlli olur ki, ölkədə kifayət qədər ehtiyat çağırışçı kontingenti olsa da, Cümhuriyyətin elanından qısa müddət sonra hərbi səfərbərlik və çağırış işinin yüksək səviyyədə təşkili mümkünsüz idi. Azərbaycan dövlətinin hələ çox gənc olması, maddi imkanların məhdudluğu, hərbi mütəxəssislərin çatışmaması və digər ciddi problemlər işləri xeyli ləngidirdi.

Silah-sursatın, hər cür hərbi təchizatın qıtlığı, kadr potensialının say və keyfiyyətcə mövcud tələbləri qarşılamaması üzündən ölkə üzrə mövcud çağırışçı qüvvəni səfərbər etmək də olmurdu. Aydın məsələdir ki, bütün bu çətinliklər uzunmüddətli müstəmləkəçi siyasətin Azərbaycanda yaratdığı fəsadlardan qaynaqlanırdı. Ancaq bu məqamda ən mühüm olanı cəmiyyətin vətənpərvərlik ruhu, milli şüuru idi ki, tarixi sənədlər bu keyfiyyətlərin gənc dövlətimizin vətəndaşlarında kifayət qədər yüksək olduğunu göstərir. Təsadüfi deyildi ki, Cümhuriyyətimizin rəhbərlərindən olan Əlimərdan bəy Topçubaşov həmin günlərdə ölkədə silah, geyim və digər hərbi təchizatın çatışmadığını qeyd etməklə yanaşı, ixtifar hissilə bildirirdi: “Təcrübəli təlimatçılar olarsa, bizim əhalidən həm kəmiyyətinə, həm də keyfiyyətinə görə yaxşı qoşun təşkil etmək mümkündür”. Cümhuriyyətimizə qardaş köməyi göstərən Osmanlı Dövlətinin hərbi naziri Ənvər paşanın o günlərdə söylədiyi fikirlər də bunu bir daha təsdiqləyir: “Məlumdur ki, çağırışla bağlı böyük çətinlik olmayıb. Adamlar həvəslə gəlirlər. Belə də olmalıdır... Görünür ki, əsgəri ruh hələ də qalmaqdadır. Bu isə zəruri bir şərtdir".

Beləliklə, vaxtında atılan məqsədyönlü addımlar sayəsində tezliklə Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Çağırış və səfərbərlik sistemi formalaşdırılaraq fəaliyyətə başladı. Bu qurumun həyata keçirdiyi təsirli tədbirlər nəticəsində əhalinin vətənin müdafiəsinə səfərbər edilməsi, vətəndaşların orduya çağırılması, nizami hərbi birliklərin yaradılması, qoşunların zəruri təchizatı ilə bağlı başlıca məqsədlərə nail olundu.

Xalq Cümhuriyyəti dövründə bu sahədə aparılan işlərə müasir Azərbaycan dövlətçiliyinin banisi, xalqımızın Ümummilli lideri Heydər Əliyev yüksək qiymət verib. Ulu öndərimiz o dövrlə bağlı çıxışlarında Cümhuriyyətin digər nailiyyətlərilə bərabər, müdafiə və təhlükəsizliklə, nizami hərbi qüvvələrin yaradılması yönündəki uğurları da dəfələrlə qeyd edib.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev də hər zaman Xalq Cümhuriyyətinin hərbu quruculuq sahəsindəki addımlarını xüsusi vurğulayaraq, qazanılan nailiyyətləri layiqincə dəyərləndirib. Cümhuriyyətin 100 illik yubileyilə bağlı Sərəncamında Prezident İlham Əliyev Xalq Cümhuriyyəti dövründə ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyinin təmin edilməsi naminə mühüm səylər göstərildiyini, qısa müddətdə vətəndaşların orduya çağırışı, vətənin müdafiəsinə səfərbər olunması istiqamətində müvafiq addımlar atıldığını, yüksək döyüş qabiliyyətli nizami hərbi hissələr yaradıldığını qeyd edib.

Təəssüf ki, həmin dövrdəki əlverişsiz ictimai-siyasi şərait, saysız-hesabsız çətinliklər, xarici müdaxilə Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna yol açdı. Digər sahələr kimi, Cümhuriyyətin ordu quruculuğu, səfərbərlik və hərbi çağırış sahəsində başladığı taleyüklü işlər yarımçıq qaldı. Bu istiqamətdə sonrakı onilliklərdə, yəni Sovet zamanında da müəyyən addımlar atılsa belə, bunlar müstəqil dövlətin hərbi çağırış sisteminin inkişafı və modernləşməsi üçün qətiyyən kifayət edə bilməzdi. Eləcə də dövlət müstəqilliyimizin bərpa olunduğu ilk dövrdə, 1991-93-cü illərdə də səriştəsiz rəhbərlik ucbatından, məqsədyönlü siyasət aparılmaması üzündən Azərbaycanda hərbi çağırış sahəsində qarışıqlıq, böhran hökm sürmüşdü.

1993-cü ildə xalqın təkidli müraciətlərilə yenidən hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyevin rəhbərliyilə çox keçmədən bu istiqamətdə də önəmli nailiyyətlər əldə olundu.

Sözsüz ki, müasir dövlətçilik tariximizin səfərbərlik və hərbi çağırışla əlaqədar əsaslı dönüş nöqtəsi məhz Ümummilli lider Heydər Əliyevin Qarabağ cəbhəsində erməni təcavüzünün daha da şiddətlənməsilə bağlı 1993-cü il noyabrın 2-də milli televiziya və radio ilə xalqa müraciət etməsi oldu. Ulu öndər öz tarixi müraciətində ölkə əhalisini silahlı qüvvələrin gücləndirilməsinə yardım göstərməyə çağıraraq, xalqımızı vətənin müdafiəsi naminə səfərbər olmağa səslədi. Bu müraciətdən sonra Azərbaycan ordusunun döyüş hazırlığı və imkanlarında qısa müddətdə böyük irəliləyişlər müşahidə olundu, cəbhədə mühüm qələbələr əldə edildi. 1994-cü ildə atəşkəs elan olunması ölkəmizdə digər istiqamətlərlə bərabər, hərbi çağırış sahəsində də çevik və səmərəli addımlar atıldı, zəruri islahatlar həyata keçirildi. Bu uğurlu prosesin Prezident İlham Əliyevin rəhbərliyi altında müvəffəqiyyətlə davam etdirilməsi isə ölkəmizdə səfərbərlik və hərbi çağırış sistemini bugünkü yüksək mərhələyə, modern inkişaf həddinə çatdırdı. Dövlət başçısının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılması haqqında imzaladığı 13 fevral 2012-ci il tarixli Fərmanı bu baxımdan xüsusi təkan mənbəyi rolunu oynadı.

Sözügedən fərmana əsasən, Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, hərbi komissarlıqları ləğv edilərək onların əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradıldı. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, həqiqi hərbi xidmətə çağırışı, ehtiyatda xidmət keçməsi, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırışı, xüsusi hərbi ixtisaslar üzrə hazırlığı, ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığını həyata keçirir. Həmçinin, bu Xidmət Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sülh dövründə çağırışçılarla, səfərbərlik zamanı və müharibə dövründə Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin, habelə xüsusi birləşmələrin hərbi vəzifəlilərlə və hərbi-nəqliyyat vasitələri ilə, eləcə də mülki heyət vəzifələrində işləmək üçün vətəndaşlarla komplektləşdirilməsi sahələrində dövlət siyasətini və tənzimlənməsini gerçəkləşdirir.

Sözügedən qurum hərbi xidmətə çağırış sahəsində şəffaflığın artırılması, vətəndaşlara daha keyfiyyətli xidmət göstərilməsi yönündə də ciddi müsbət yeniliklər tətbiq edib. Dövlət Xidmətinin fəaliyyətində şəffaflıq prinsipi ən əsas yer tutur. Əsgərlərin bölgü məsələlərində ədalət prinsipi başlıca meyar hesab olunur. Azərbaycanda şəffalığın təmin olunması baxımından “ASAN Xidmət” kimi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə də böyük inam var. Azərbaycan ictimaiyyəti, qeyri-hökumət təşkilatları, media bu qurumun fəaliyyətini həmişə yüksək qiymətləndirib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin uğurları sırasına vətəndaşlara elektron xidmətlərin göstərilməsinin təmin edilməsi də daxildir.

Ona görə də cəsarətlə demək olar ki, Xidmətin həyata keçirdiyi islahatlar səfərbərlik və hərbi çağırış sahəsində əvvəllər mövcud olan problemləri aradan qaldırmaq, mühüm irəliləyişlər əldə etmək baxımından olduqca yüksək nəticələr verib.

Bu gün Silahlı Qüvvələrlə cəmiyyət arasında münasibətlərin tənzimlənməsində, ordu bölmələri üçün müxtəlif ixtisaslar üzrə çağırışçıların hazırlanmasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müstəsna rolu var.

Xidmət orta məktəblərdə müxtəlif tədbirlər təşkil edərək gənclərdə hərbi sahəyə diqqətin artırılması, hərbi vətənpərvərlik təbliğatı sahəsində də böyük işlər görür. 2015-ci ildən başlayaraq respublikanın bütün rayon və şəhərlərində “Vətənin müdafiəsinə hazıram” adlı silsilə tədbirlər həyata keçirilir. Bu tədbirlərdə müharibə veteranları və əlilləri, şəhid ailələri, orta məktəb müəllimləri, əlaçı şagirdlər mükafatlandırılır, vətənpərvərlik ruhunda çıxışlar səsləndirilir.

Dövlət Xidməti mətbuatla da əməkdaşlığını yüksək səviyyədə qurub, jurnalistlər arasında bir sıra müsabiqələr keçirib. Hər il Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan, jurnalistlərin iştirak etdikləri atıcılıq və digər yarışlar təşkil edilir. Gənclər və İdman Nazirliyinin hazırlayıb təsdiq etdiyi Əsasnaməyə müvafiq qaydada təşkil olunan “Şahin” və “Cəsurlar” respublika hərbi idman oyunları da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin gerçəkləşdirdiyi diqqətəlayiq tədbirlərdir.

2016-cı ilin Aprel döyüşlərilə əlaqədar Xidmətin rəhbərliyinin təşəbbüsü və dəstəyi sayəsində bir qrup hərbiyönümlü QHT rəhbərlərinin cəbhə bölgəsinə səfərlərinin təşkili də təsirli addım oldu. Cəbhədə qızğın döyüşlər getdiyi bir vaxtda Ağdamda, Füzulidə, Tərtərdə, Göygöldə və digər bölgələrimizdə sakinlərlə, o cümlədən, Qarabağ veteran və əlilləri, həmin döyüşlər zamanı sağlamlığını itirmiş insanlarla görüşlərin keçirilməsi, şəhidlərin yas mərasimlərinin təşkili olduqca vacib və məqsədyönlü işlər idi. Hiss edilirdi ki, ictimaiyyət nümayəndələrinin oradakı təmasları vətəndaşlarımızda dövlətimizə, Silahlı Qüvvələrə olan inamı, etibarı daha da yüksəldir.

Bir müddət əvvəl keçirilən, 10 mindən artıq hərbi qulluqçunun cəlb edildiyi təlimlər bütün parametrlər üzrə uğurla təşkil edilmişdi və öz müsbət nəticələrini verdi. Sevindirici haldır ki, ehtiyatda olan hərbi qulluqçular təyin olunan hərbi hissələrə operativ şəkildə çatdırıldı və təlimlər yüksək səviyyədə baş tutdu. Bu həm Azərbaycan gəncliyində vətənpərvərlik ruhunun yüksəkliyindən, həm də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarının peşəkarlığından xəbər verirdi.

Sadaladıqlarımızı, eləcə də bunun kimi bir çox mühüm işləri diqqətə aldıqda əminliklə deyə bilərik ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu illər ərzində üzərinə düşən şərəfli missiyanı layiqincə yerinə yetirib. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərdiyi etimadı doğruldan Dövlət Xidməti, eyni zamanda, xalqın inamına layiq fəaliyyət nümayiş etdirib.

Bütün bunlar həm də ondan xəbər verir ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 100 il əvvəl Xalq Cümhuriyyəti zamanında qurulan səfərbərlik və hərbi çağırış sisteminin layiqli xələfidir.

Xidmət rəisi general-leytenant Arzu Rəhimovun Xalq Cümhuriyyətimizin zəngin dövlətçilik irsi barədə fikirlərində də bu cəhət öz ifadəsini tapıb: “İlkin təşkili məhz Xalq Cümhuriyyəti dövründə gerçəkləşən hərbi çağırış və səfərbərlik sistemi ötən 100 ildə şərəfli bir yol keçərək, zəngin təcrübə və qürurverici ənənələrlə bu günümüzə gəlib çatıb. Hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin atdığı hər bir addım, həyata keçirdiyi hər bir tədbir, tətbiq etdiyi hər bir yenilik həm də Azərbaycan Xalq Cümhuriyyəti qurucularının xatirəsinə ehtiram nümunəsi, o dövrdə formalaşmış hərbi çağırış və səfərbərlik ənənələrinin qorunmasına, daha da inkişaf etdirilməsinə töhfə deməkdir. Müasir milli dövlətçiliyimizin parlaq uğurları kimi, Azərbaycan Xalq Cümhuriyyətinin misilsiz irsi, həmin illərdə ordu quruculuğu, hərbi çağırış və səfərbərlik sahəsində qazanılan nailiyyətlər də bizim iftixar mənbəyimizdir”.

Emin HƏSƏNLİ

QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, politoloq

525-ci qəzet.-2018.- 11 iyul.- S.4.