Cümhuriyyət xadimləri Fransada: bioqrafiyalardan fraqmentlər

 (Əvvəli ötən sayımızda)

Məhərrəmov Məhəmməd 1886-cı ildə İrəvan quberniyasının Qəmərli kəndində anadan olmuşdur. İrəvan gimnaziyasını bitirəndən sonra Moskva Universitetinin tibb fakültəsinə daxil olur. 1917-ci il fevral inqilabından sonra Məhərrəmov təhsilini bitirmədən Tiflisə qayıdır.

Məhərrəmov 28 may 1918-ci ildə Azərbaycanın müstəqilliyi haqqında Aktın qəbul edilməsi lehinə səs vermiş Milli Şuranın 24 üzvündən biri olmuşdur. Azərbaycan Parlamentinin yaradılması haqqında Qanuna uyğun olaraq, o, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin tərkibinə daxil edilmişdir.

Məhərrəmov Paris sülh konfransında iştirak edən nümayəndə heyətinin məsləhətçisi təyin edilmişdi. Bu konfransda o, iqtisadiyyat kənd təsərrüfatı məsələlərinə, həmçinin, Azərbaycan dilində protokoların tərtib edilməsinə cavabdeh şəxs idi.

1920-ci ilin aprel ayında Azərbaycanın işğalından sonra Fransada qaldı. Sorbonda iqtisadiyyat sahəsi üzrə ali təhsil aldı. Bankda işləməyə başladı, sonra bukinist dükanı açdı. İkinci Dünya müharibəsindən sonra fransız təəbəliyini qəbul etdi. 1972 1975-ci illərdə o, Bakıya səfər etdi şəhərin muzey kitabxanalarına Azərbaycan mədəniyyətinə aid çoxlu qiymətli materiallar bağışladı. 1982-ci ildə Parisdə vəfat etmişdir.

Mehdiyev (Mirmehdiyev) Mir Yaqub 1891-ci ildə Bakı şəhərinin Xırdalan qəsəbəsində anadan olmuşdur. 1909-cu ildə Peterburq Politexnik Universitetinin iqtisadiyyat fakültəsinə daxil olmuşdur. O, "İttihad" partiyasının təşkilatçılarından biri olmuşdur. Azərbaycan Milli Şurasının (1918, 27 may) üzvü olmuş, Milli Şuranın "Azərbaycan Məclisi-Məbusanın təsisi haqqında qanun"una (1918, 19 noyabr) əsasən, seçkisiz Azərbaycan Parlamentinin tərkibinə daxil edilmişdir.

Paris sülh konfransında iştirak etmişdir. 12 yanvar 1920-ci ildə Paris sülh konfransının Ali Şurası Azərbaycan Gürcüstanın de-fakto tanınması haqqında qərar qəbul etmişdir. Həmin tarixi hadisə haqqında Mehdiyev belə yazmışdı: "Bu iki ölkənin nümayəndələri Xarici İşlər Nazirliyinə dəvət olundu, burada müsye Kambon (Fransanın xarici İşlər Nazirliyinin Baş katibi J.Kambon) hörmət nümunəsi kimi konfransın iştirakçıları adından onlara təşəkkürlərini bildirdi. Müsye Kambon elan etdi ki, Azərbaycan Gürcüstan respublikaları beynəlxalq hüququn normalarına uyğun olaraq müstəqil dövlətlər kimi tanınmışlar. Hər iki ölkə bu andan etibarən Ali Şura ilə rəsmi əlaqələr qura, öz ehtiyaclarının qeydiyyatını tələb edə, konfransın iclaslarında iştirak edə öz qanuni hüquqlarının qorunmasına bərabərhüquqlu üzvlər qismində qəbul edilməsinə nail ola  bilərlər. Bundan başqa, Kambon göstərdi ki, bu ölkələrin hökumətlərinin tanınması aktı onların Rusiyadan ayrılması ilə müşayiət olunmalıdır. Bundan çıxış edərək, demək olar ki, bu gündən başlayaraq Azərbaycan Gürcüstan respublikaları müstəqil dövlətlər sayılacaqlar".

Aprel ayında Azərbaycanın işğalından sonra Mehdiyev Türkiyəyə emiqrasiya etdi 1952-ci ildə burada vəfat etdi.

Hacınski Məmmədhəsən Cəfərqulu oğlu 3 mart 1875-ci ildə Bakıda anadan olmuşdur. 1902-ci ildə Peterburq Texnoloji Universitetini bitirmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra ardıcıl olaraq hökumət kabinetində xarici işlər naziri, maliyyə naziri, Dövlət nəzarətçisi, daxili işlər naziri, ticarət naziri, sənaye ərzaq naziri vəzifələrində işləmişdir. M. Hacınski nümayəndə heyətinin tərkibində Paris sülh konfransında iştirak etmişdir. O, azərbaycanlıların müstəqillik uğrunda mübarizəsi, ağır iqtisadi vəziyyət, zəngin neft yataqları barədə konfrans iştirakçılarına məlumat vermişdir.

M.Hacınski Dağ Respublikası ilə Parisdə imzalanmış ikitərəfli müqavilənin müəllifi olmuşdur. Elə burada, Fransanın paytaxtında Hacınski  Əlimərdan bəy Topçubaşovla birlikdə Amerika vətəndaşı olan M.Robinovun Azərbaycan nümayəndə heyətinin maliyyə məsləhətçisi vəzifəsinə təyin olunması barədə əmr imzalamışlar.

Bolşeviklərin hakimiyyətə gəlişindən sonra M.Hacınski Azərbaycan şəhərlərinin abadlaşdırılması işi ilə məşğul olmuşdur.  1930-cu ilin 3 dekabrında o, həbs olunmuş, 1931-ci ilin fevralında isə həbsxanada dünyasını dəyişmişdir.

Topçubaşov Əlimərdan bəy Ələkbər oğlu 4 may 1862-ci ildə Tiflisdə anadan olmuşdur. 1884-cü ildə Sankt-Peterburq İmperator Universitetinə daxil olmuşdur. 1894-cü ildə Bakıya gəlmişdir. O, müstəqil Azərbaycanın diplomatik missiyasına rəhbərlik edərək əvvəlcə Gürcüstanda, sonra isə Türkiyədə dövlətin ilk səfiri olmuşdur. Parlament təsis olunandan sonra Topçubaşov 1918-ci ilin dekabr ayında parlamentin ilk rəhbəri seçilmişdir.

Yüksək təhsilini professional hazırlığını nəzərə alaraq, Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərləri məhz onun 1919-cu ildə Paris sülh konfransında iştirak edən nümayəndə heyətinin rəhbəri olmasını lazım bilmişdilər. Bu konfransda Topçubaşov siyasi məsələlərə memorandumun hazırlanmasına cavabdeh idi. Onun Azərbaycanın müstəqilliyinin dünya ictimaiyyəti tərəfindən tanınması uğrunda apardığı mübarizə 1920-ci ilin 20 yanvarında Azərbaycanın Antantanın Ali Şurası tərəfindən de-fakto tanınması ilə nəticələndi. Rusiya imperiyasının dağıntılarında yaradılmış bütün respublikalar arasında Azərbaycan yeganə müsəlman ölkəsi idi ki, Avropanın etimadını qazana bilmişdi.

Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi ilə Topçubaşovun həyatında yeni bir mərhələ - Parisdə mühacir həyatı dövrü başlayır. Parisdə elmi publisistik fəaliyyətlə məşğul olur, kitablar nəşr edərək dünya ictimaiyyətinə bolşevik Rusiyasının onun xalqına qarşı kolonial siyasət yürütdüyünü çatdırır. Genuya (1922) Lozanna (1923) konfranslarında Topçubaşov Qırmızı Ordu tərəfindən Azərbaycanın qanunsuz işğalı məsələsini qaldırdı.

Topçubaşov 1934-cü ildə dünyasını dəyişmiş Parisin ətrafındakı Sen-Klu qəbiristanlığında dəfn edilmişdir. Parisin mərkəzindəki 16-cı məhəllədə, A.Topçubaşovun yaşadığı Dekamp küçəsində yerləşən 37 saylı binada onun xatirəsinə lövhə qoyulmuşdur.

Onun oğlanlarından biri - Paris Universitetində təhsil almağa göndərilmiş Rəşidbəy AXC-nin süqutundan sonra Sovet rəhbərliyinin təklif etdiyi təqaüddən imtina etmişdir. 1926-cı ildə Rəşidbəy Parisdə 26 yaşında dünyadan köçdü.

Şeyxülislamov Əkbərağa İbrahim oğlu 1891-ci ildə Yerevan şəhərində anadan olmuşdur. 1912-ci ildə Sankt-Peterburq Demiryolları Mühəndisləri İnstitutuna daxil olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökumət kabinetində əkinçilik əmək naziri təyin edilib. 1919-cu ildə Paris Sülh Konfransında Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyətinin üzvü olmuşdur. Bu konfransda o, sərhəd məsələləri, statistik hesabatların, diaqramlar xəritələrin tərtib edilməsinin təşkili ilə məşğul olmuş, nümayəndə heyətinin kitabxanasına rəhbərlik etmişdir.

Xalq Cümhuriyyətinin süqutundan sonra yaşamaq üçün Parisdə qaldı və burada kiçik bir fabrik açdı, lakin az sonra müflis oldu. Fransada yeni siyasi karyeraya başlayan Ə.Şeyxulislamov "Azadlıq" radio stansiyasının Azərbaycan versiyasının yaradıcılarından biri oldu. Əkbər ağa Şeyxülislamov 2 mart 1961-ci ildə Parisdə vəfat etmiş və həmin şəhərin ətrafındakı Bobinyi qəbiristanlığında torpağa tapşırılmışdır.

 

(Ardı var)

Rövşən AĞAYEV

525-ci qəzet.-2018.- 12 iyul.- S.6.