85 yaşlı qəzetin 25 yaşlı baş
redaktoru: "Hər zaman
arzularım gerçəkləşdirə biləcəyim qədər
olub"
"İŞİMİ VƏ
PEŞƏMİ ÇOX SEVDİYİM ÜÇÜN
UĞURLAR QAZANACAĞIMA İNANIRAM"
Bu il "Astara"
qəzetinin 85 illik yubileyidir.
Bu münasibətlə qəzetin baş redaktoru Fəridə Ağazadə ilə region
mətbuatı, qəzetin
fəaliyyəti ilə
bağlı söhbət
etdik.
- Fəridə xanım, oxucularımızın sizi
daha yaxından tanımağı üçün
elə söhbətimizə
özünüz haqqınızda
məlumatla başlayaq.
- "Astara" qəzetinin
və Astarainfo.az xəbər
saytının baş
redaktoruyam. 1993-cü il martın 30-da rayonumuzun qədim, axarlı-baxarlı Kijəbə
qəsəbəsində anadan
olmuşam. Nail Həsənov
adına Kijəbə
qəsəbə orta məktəbini 2010-cu ildə, Xəzər
Universitetinin jurnalistika
fakültəsini isə
2016-cı ildə qırmızı
diplomla başa vurmuşam. Oxuduğum illər ərzində
universitetdə fəal
tələbə kimi tanınmışam, dekanlığın
fəxri diplomlarına
layiq görülmüşəm.
2017-ci ilin aprel
ayından "Astara"
qəzetinin baş redaktoruyam.
- Jurnalistikaya maraq göstərərkən gənc
yaşda bu qədər uğur qazanacağınıza inandırdınızmı?
- İlk öncə
duyğularımı qəzetimizin
85 illik yubileyi ərəfəsində sizinlə
bölüşməkdən böyük məmnunluq hissi duyuram. Uğur qazanmağın
yaşı yoxdur, hər yaşda uğur qazanılır.
Amma gənc yaşda qazanılan uğurun üstünlükləri daha
effektli və faydalıdır. Uğurumun sirri
hədəflərim, əzmim,
məqsədim və faydalı olmağa çalışmağımdır. İlk böyük uğurum hazırda çalışdığım
"Astara" qəzetidir.
Jurnalist olduğum üçün
özümü hər
zaman xoşbəxt hesab etmişəm. Jurnalistika zamanla səni özünə bağlayır
və sən bu sahəni sevdinsə, o səni daha çox sevir. Çünki o elə bir
sahədir ki, bütün peşələri
özündə birləşdirməklə
yanaşı, onları
hər gün yenidən kəşf edir. Əgər jurnalist doğru
açardan istifadə
edib qapını açmaq üçün
əziyyət çəkmirsə,
o zaman uğur qaçılmazdır. Artıq müəyyən uğurlara nail olsam da, qarşıda məni çox işlər, layihələr gözləyir.
- Niyə məhz jurnalistika?
- Jurnalist olmasaydım, hüquqşünas olardım.
Amma qismətdən Xəzər
Universitetinin jurnalistika
fakültəsinin tələbəsi
oldum. İndi isə özümü
mediadan kənarda təsəvvür edə bilmirəm. Hüquqşünas olmaq istəyim
jurnalistikanı hədsiz
sevməyimlə sonuçlandı.
Jurnalistika yalnız iş və ya peşə deyil, həm də mükəmməl bir sənətdir. Jurnalistikaya qədəm qoyduğum ilk
aylarda oxuduğum bu sitat məni
məhz jurnalist olmaqda qərarlaşdırdı.
Amerika Birləşmiş
Ştatlarının Ayova
Ştatındakı Eyms
şəhərində çıxan
kiçik, ancaq çox nüfuzlu "Deyli Tribün"
("Daily Tribüne") qəzetinin
keçmiş baş
redaktoru və sahiblərindən biri Maykl Qartnerin belə deyirdi: "Jurnalistlər dünyanı
dəyişməyə can atmamalıdırlar.
Dünyanı dəyişmək istəyirsinizsə, ana olun, müəllim, ya da siyasətçi
olun, jurnalistin işi araşdırmaq, açıqlamaq, dünyanı
göstərməkdir". Mən də jurnalist olmağı seçdim.
- Bölgə mətbuatının
hazırkı durumu sizi qane edirmi?
- Düşünürəm ki,
bölgə mətbuatının
maddi-texniki bazası günün tələblərinə
uyğunlaşdırılmalı, peşəkar jurnalistlərin
fəaliyyətinə, eyni
zamanda, yeni fikir və ideyalara
üstünlük verilməlidir.
Bu gün, sirr
deyil ki, peşəkar jurnalistlərin
əksəriyyəti paytaxt
qəzetlərində fəaliyyət
göstərirlər. Regionun jurnalistika ixtisası üzrə təhsil alan
gəncləri də daha çox Bakıda çalışmağa
üstünlük verirlər.
Digər
tərəfdən, əyalətlərdə
mətbəələrin olmaması
da bu sahədə
çətinliklər yaradır.
- Bəs sizin nə zamansa Bakıda işləmək
fikriniz varmı?
- Məncə, Bakıda və ya regionda
işləmək şərt
deyil. Harda işləyirsənsə, ora yenilik, yeni
düşüncə gətirməlisən
və cəmiyyətə,
insanlara faydalı olmağa çalışmalısan.
Bakıda qəzetləri yaşadacaq
istənilən qədər
peşəkar jurnalist,
redaktor var. Amma region qəzetinə yeni nəfəs, gənc və peşəkar jurnalist baxışı gəlməlidir.
- Təbii ki, sizə qədər artıq "Astara" qəzetində formalaşmış
qayda-qanunlar, klassik ənənələr vardı.
Onlara qarşı münasibətiniz
necə oldu? Sizcə, dediyiniz o yeniliyi gətirə bildinizmi?
- Hər dövrün formalaşmış elə
ənənələri var
ki, zamanla onları dəyişmək
istəsən də, mümkün olmur. Buna misal olaraq
keçmiş düşüncə
və standart üslubu göstərə
bilərik. Bunları indiki
dövrün tələblərinə
uyğun qurmaq daha çox səbir, diqqət, möhkəm və sağlam iradə tələb edir.
- 25 yaşlı gənc xanımın 85 yaşlı
qəzetə rəhbərlik
etməsi çətin
olmur ki?
- Düşüncəmə görə, əgər bir işi görə bilərəmsə, nə üçün etməməliyəm? Gəncliyin verdiyi enerji və yenilikçi düşüncələr mənə işimi daha peşəkarcasına görməyə kömək edir. İnsan özünü hər yaşda yeni imkanlarla dəyərləndirməlidir. İnanıb çalışmaq lazımdır. Baş redaktor kimi şərəfli, bir o qədər də məsuliyyətli işi çiyinlərimə götürdüyüm üçün heç vaxt qorxmadım, əksinə, hər zaman özümdə daha çox məsuliyyət hiss etdim. Qəzetdə əsl peşəkar jurnalistlərlə çiyin-çiyinə çalışmaq həm böyük uğur, həm də böyük məsuliyyətdir. Uğur qazanmağın sirlərindən biri də insanın müsbət şəxsi keyfiyyətlərə malik olmasıdır. Əgər şəxsi keyfiyyətlərin qüsurludursa, nə qədər savadlı olsan da, insanlarla ünsiyyət qurub yola gedə bilmirsənsə, uğur qazanılmaz, idarə etdiyiniz kollektiv uzun müddətli olmaz.
- Bu vaxta
qədər "Astara" qəzetinə
rəhbərlik etmiş hansı
redaktorların təcrübələrindən şəxsi fəaliyyətinizdə
istifadə edirsiniz?
- Dörd nəfərdən
ibarət mehriban, səmimi, peşəkar kollektivim var. İşə
başladığım ilk gündən
onların zəngin təcrübəsindən yararlanıram. Uzun müddət
"Astara" qəzetində baş redaktor kimi çalışmış, hazırda qəzetdə
fəaliyyətini davam etdirən Azər Abdullayevin, "Astara"
qəzetinin şöbə müdiri, dəyərli
jurnalist Gülnar
xanım Əsədlinin əsl jurnalist kimi peşəkarlaşmağımda mühüm rolları olub.
Mən onlara ustadlarım deyirəm.
Əminəm ki, hələ uzun müddət ustadlardan
daha çox şey öyrənəcəyəm.
- Özünüzdən həm yaşda,
həm də təcrübədə böyük
insanlara rəhbərlik etmək necə hissdir?
- Bəli, kollektivimizdə yaşca, təcrübəcə kiçiyəm. Lakin bu, idarəçiliyə heç bir təsir etmir. Biz işimizi tələbkarlıq və qarşılıqlı hörmət əsasında qurmuşuq. İdarəetmədə yalnız tələbkarlıq, nizam-intizam və qarşılıqlı hörmətlə məqsədə nail olmaq olar.
- Yerli oxucuların qəzetə marağı necədir?
- Yerli oxucularımızın sayı günü gündən artır. Son bir ildə "Astara" qəzetində olan yeniliklər, xüsusən maarifləndirici rubrikaların sayının artırılması, gənclik və müsahibə səhifələrinin əlavə olunması bizi oxucularla daha da yaxınlaşdırdı. Mən baş redaktor təyin olunandan sonra bizimlə əməkdaşlıq etmək üçün xeyli könüllü müraciət etdi. Heç bir məvacib tələb etmədən yazmaq istədiklərini bildirdilər. 20 gənc artıq könüllü olaraq layihələrimizin, tədbirlərimizin həyata keçirilməsində bizə kömək edir. 8 səhifədən 16 səhifəyə uğurlu çıxışımız, ilk dəfə olaraq kitab və qəzet yarmarkası, qəzet səhifələrində yeni rubrikalar və layihələr "Astara" qəzeti komandasını daha çox çalışmağa həvəsləndirir və oxucu sayının artmasına səbəb olur.
- Tələbələr qəzetinizdə praktika keçmək üçün
gəlirlərmi?
- Hazırda belə bir şey yoxdur.
Buna səbəb məsafənin
uzaqlığı və
region mətbuatının fəaliyyəti
haqqında məlumatın
az olmasıdır
deyə düşünürəm.
Amma gələcəkdə universitet
tələbələrinin region mətbuatında təcrübə
keçmələrini çox
istərdim. Məncə, hər bir jurnalistin
həyatında qəzetçilik
təcrübəsi olmalıdır.
- Dövlətin bölgə
mətbuatına və
yerlərdə çalışan
jurnalistlərə qayğısından
razısınızmı?
- Dövlətimizin mətbuata, jurnalistlərə olan qayğısı danılmazdır. Jurnalistlər üçün yaşayış binasının tikilməsi bir daha göstərdi ki, Azərbaycan dünyada yeganə ölkədir ki, mediaya belə yüksək dövlət qayğısı mövcuddur. Mart ayında keçirilən Azərbaycan Jurnalistlərinin VII qurultayında çıxışımda bölgə mətbuatının və bölgədə yaşayan jurnalistlərin də qayğıya, dövlət dəstəyinə ehtiyacı olduğunu qeyd etmişdim. Qəzetlərin xəbər portallarının və mətbəələrin olması vacib amillərdəndir. Bu gün region qəzetlərinin əksəriyyəti çap olunmaq üçün paytaxt Bakıya üz tuturlar ki, bu da əlavə vəsait tələb edir. Çox yaxşı olardı ki, bölgə mətbuatının müasir tələblərə uyğun qurulması və inkişaf etməsi üçün də dövlət proqramları olsun.
- Gələcək arzularınız və
planlarınız nələrdir?
- Hər zaman arzularım
gerçəkləşdirə biləcəyim qədər olub. Xalqı və Vətəni
üçün bir
sıra müvəffəqiyyətlərə imza
atmış, üstündən əsrlər keçməsinə
baxmayaraq, xatirələri yaddaşlardan
silinməyən insanlardan olmaq
ən böyük arzumdur.
İşimi və peşəmi çox sevdiyim üçün gələcəkdə də
media sahəsində uğurlar
qazanacağıma inanıram.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.-2018.- 12 iyul.- S.4.