Tələbatdan
yaranmış fenomen: tərcümə mədəniyyətimizin
bariz göstəricisi
Lüğət, öncə, dil faktları üzərində müşahidə aparmaq və qazanılmış təcrübəni ümumiləşdirməkdir. Dilimizin, ədəbiyyatımızın, mədəniyyətimizin ümumi mənzərəsini, dil vahidlərinin rəngarəngliyini, məna parametrlərini tərcümə lüğətləri vasitəsilə də öyrənmək mümkündür.
Tərcümə vasitəsilə iki və daha artıq
dilin vahidləri arasında semantik uyğunluq ortaya
çıxarılır. Daha doğrusu, həmin
prosesdə mətnin məzmunu başqa dilin vasitələri ilə
ifadə olunur.
Bu gün
tərcüməşünaslığın bir sıra
problemləri ilə qarşılaşmaq olur: tərcümələrin
tipologiyası: bədii, sahə ədəbiyyatının tərcüməsi,
insan və maşın tərcüməsi, filoloji tərcümə,
ekvivalentli tərcümə (mədəni, tarixi və linqvistik).
Əsərdə tərcümə üçün
ümumi olan və onun keyfiyyətini təmin edən əsas
mexanizm dərindən müəyyənləşdirilmişdir. Ənənəvi metodlar, tərcüməçinin
qarşılaşdığı çətinliklər, tərcümənin
pillələri, tədrisdə müəllimin tərcümə
sənətinə yiyələnən tələbələrlə
işbirliyi, tərcümənin təhlil aspektləri, tərcümə
mətnləri üzərində "əməliyyat", mətndəki
informasiyanın nəzərə alınması, tərcümənin
nəticələrinin təhlili, modelləşdirmə
metodikası, lüğətlərdən istifadə, mətn
janrlarının mənimsənilməsi, müxtəlif
çeşidli mətnlərlə tərcümə işi və
s. məsələlər burada elmi-nəzəri cəhətdən
yerli-yataqlı təhlil olunmuşdur.
Praktik tərcüməçiləri
uyğun biliklərlə silahlandırmağı öncədə
qarşıya məqsəd qoyan məqalə müəllifləri
tərcüməçinin mətnseçmə ilə
bağlı bir sıra məqamlara diqqət yönəltməsinin
zərurətini vurğulamaqla, bunların sırasında tərcümə
zamanı yazıya alma metodu, mətnin
seqmentasiya metodu, statistik oppozisiya metodu, transformasiya metodu və
s. məsələləri dərindən təhlil edərək
oxucu və mütəxəssislərə təqdim etməyə
müvəffəq olmuşlar.
Tərcümənin Azərbaycan mədəniyyəti
tarixində uzun ənənəsi vardır. Tərcümə
iki və daha çox dilin dil vahidləri arasında müqayisəyə
gələn semantik uyğunluğu, bərabərliyi,
müvafiqliyi axtarıb tapmaq, adətən ikidilli leksikoqrafik,
tutuşdurma üçün meydana çıxan semantik tədqiqatdır.
Buraya informasiya başqa dil vasitələrinin
köməyilə ötürülür. Bunun
üçün başqa dilin ifadə vasitələri
axtarılaraq tapılır, nəinki müxtəlif cür
informasiyalar verilir, eləcə də nitq əsərlərinin
yeni mətndə öncə forma (daxili və xarici)
variantları müəyyənləşdirilir.
Bədii əsərin tərcüməsi müəlliflə
oxucu arasında üçüncü şəxsin vasitəçilik
rolunu gerçəkləşdirir. Əlbəttə, tərcüməçi
öncə oxucu funksiyasını yerinə yetirir. O, tərcümədən
qabaq əsəri tam dərk etməlidir. Bu isə
tərcüməçinin eksplikativ fəaliyyətinə zəmin
yaradır.
Tərcümənin
hərfi, interverbal, intersemiotik, intralinqvistik, maşın, sərbəst
və s. növləri mövcuddur ki, bunlar da xalqların mədəniyyətlərarası
inkişafında mühüm rol oynayır.
Bizim fikrimizcə, tərcümə öz müstəqil
leksik mənalarına əsaslanmaqla həyata keçirilə
bilər. Burada başlıca problem, onların konkretləşdirmə,
ümumiləşdirmə, eyni zamanda, antonimik və metonimik tərcümə
məsələlərinə xüsusi diqqət yetirməkdən
ibarətdir.
Həll olunmamış problemlərdən biri Azərbaycanda
tərcümə ensiklopediyasının olmaması idi. Lüğətin
bir növü müxtəlif və ən zəruri
informasiyaları ötürmək, xalqın dərketmə
bacarığını inkişaf etdirmək gücünə
malikdir. Belə lüğətlər tərcümə
sənətinin incəliklərini, onun hərtərəfli
xüsusiyyətlərini yayan və əks etdirən bir qaynaq
kimi xalqın yüzilliklər boyu gördüyü işləri,
fəaliyyətləri, həmçinin də azərbaycanca
ünsiyyət quranların xarakterik cəhətlərini
özündə birləşdirir.
Müxtəlif epoxalarda tərcümə sənəti
insan fəaliyyətinin, onun digər mədəniyyətləri,
ədəbiyyatları öyrənməyə canatım
ehtirasının nəticəsi olaraq meydana
çıxmışdır. Deməli, tərcümə
sənəti ehtiyacdan, tələbatdan yaranmış bir
fenomendir. Onun tarixi cəmiyyətin tarixi ilə
yaşıddı. Tərcümə
işi bizim xalqın bədii, elmi, kütləvi irsinə
orlan marağından yaranıb, təkmilləşə-təkmilləşə,
dürüstləşə-dürüstləşə
inkişaf edərək formalaşmışdır.
Respublikamızda
ilk dəfə "Azərbaycan tərcümə
ensiklopediyası" (Bakı: Azərbaycan Dillər
Universiteti, 2018, 584 s.) kitabının nəşri sevindirici mədəni
hadisə kimi ölkəmiz, elmimiz, mədəniyyətimiz, ədəbiyyatımız
üçün son dərəcə faydalı bir iş
sayıla bilər.
Deyildiyi kimi, layihənin, ideyanın həyata
keçirilməsində Azərbaycan Dillər Universitetin
rektoru, akademik Kamal Abdullanın əmək və fəaliyyətini
məxsusi qiymətləndirmək olar. Kamal Abdulla əsərin
baş redaktorudur. Redaksiya heyəti Anar,
L.Əliyeva, R.Əliyev, R.Hacıyev, İ.Həbibbəyli,
M.İmanov, T.Kərimli, A.Məsud, A.Mustafazadə,
M.Nağısoylu, T.Nağıyev.
Rəyçilər:
C.Nağıyev, A.Ələkbərov, L.Qranovskaya,
E.Əliyevdir.
Kitab bir
neçə hissədən ibarətdir: 1) tərcümədən
bəhs edən dövlətin sərəncam və sənədləri;
2) tərcümə elm sahəsi kimi; nəzəri və
praktik bilgilər; 3) personalilər, tərcümə ilə məşğul
olan Azərbaycanın şair və
yazıçılarının fəaliyyətinin əksi.
Bəli, indi "Azərbaycan
tərcümə ensiklopediyası" adlı monumental və
fundamental əsər oxucu və mütəxəssislərin
ixtiyarındadır. Tərcümə barədə
biliyin bütün yaxud ayrı-ayrı sahələrinə
dair lüğət biçimində sistemə
salınmış məlumat kitabı. Həmin
kitab Azərbaycanda tərcümə sənətini geniş və
hərtərəfli şəkildə əks etdirir.
Canlı
ensiklopediya! Bu obrazlı ifadə hər şeydən
bilgi verə bilən, hər şey haqqında müraciət
edilə bilər insan haqqında deyirlər. Biz bu ifadəni sözügedən işin, layihənin
başçısı olan Kamal Abdulla haqqında da deyirik.
Hörmətli akademikimiz Kamal Abdullanın və digər
müəlliflərin birgə əməyinin məhsulu olan bu
qiymətli əsərdə tərcümə işinin, tərcüməşünaslığın
xeyli aktual problemləri həmin elmin uzun illər qazanılan
uğurlarının, nailiyyətlərinin fonda
işıqlandırılaraq oxucu və mütəxəssislərə
təqdim edilmişdidir. Bu mənbədə tərcümə
fikrinin və fəaliyyətinin tarixi və metodologiyasından
tutmuş tərcümənin ümumi nəzəriyyəsi və
əsas prinsipləri, tərcümənin başlıca
üsulları, tərcümənin ümdə xüsusiyyətləri,
tərcümə prosesinin istiqamətləri, tərcümə
metodikası, tərcümə mexanizmi, tərcümə
faliyyətinin sosial tərəfləri və modelləri, tərcümə
tipləri və növləri, tərcümədə
prinsipial önəmli məsələlər, tərcümə
informasiyasının ümumi müddəaları, tərcümənin
səviyyələri və s. kimi tərcüməşünaslığın
ən mühüm problemləri öz əhatəsini
tapır.
Azərbaycanın
çoxsaylı mətbuatı Kamal Abdullanın 13 il əvvəl başladığı bu
mühüm işin məntiqi sonluğa
çatdığını yazır. Onun rəhbərliyi
ilə başa çatan əsər "Azərbaycan tərcüməşünaslığı
haqqında mükəmməlliyin ötəsində
informasiyanı özündə ehtiva edir. Əsər bəşəriyyətin
tarixində ən önəmli məqamı - mədəni
keçidləri oxucuya təqdim edir" .
Kitabın
içindəki yazılar və müəllifləri: Əsl
bilik xəzinəsi ( Kamal Abdula), tərcümə elm sahəsi
kimi (M.Nağısoylu, L.Əliyeva), tərcümənin nəzəri
və praktik prinsipləri (R.Əliyev), tərcümənin fəlsəfi
əsaslarına dair (A.Rüstəmova), tərcüməşünaslığın
predmeti və problematikası (A.Ələkbərli), Azərbaycanda
tərcümə ədəbiyyatı tarixi
(M.Nağısoylu).
Kitabın
"Baş redaktordan" hissəsində Ulu öndər Heydər
Əliyevin Azərbaycan yazıçılarının VII
qurultayındakı nitqindən (12 iyun 1981-ci il)
bir parça verilmiş ("Qardaş ədəbiyyatların
çiçəklənməsi və
yaxınlaşmasının çoxcəhətli proseslərində
qarşılıqlı tərcümlələr getdikcə
daha böyük rol oynayır. Bu, milli mədəniyyətlərin
qarşılıqlı öyrənilməsi və zənginləşməsinin
böyük ictimai-siyasi əhəmiyyətə malik qüdrətli
vasitəsidir...bu sahədə respublikada az
iş görülməyib...Lakin bu sahədə indiyədək
həll olunmamış problemlər də az deyildir. Mən ən əvvəl bu işdə kortəbii
axın elementləri olduğuna diqqəti cəlb etmək istəyirəm.
Nəşriyyatlarda dünya və rus klassikasının, sovet ədəbiyyatı
əsərlərinin seçilib Azərbaycan dilində nəşr
edilməsi üçün dərin
düşünülmüş, uzun müddət qüvvədə
ola bilən plan yoxdur. Azərbaycan
klassik və müasir ədəbiyyatı əsərlərinin
rus dilinə tərcümə edilməsi sahəsində də
uzunmüddətli fəaliyyət planı tərtib
olunmamışdır. Yüksəkixtisaslı
tərcüməçi kadları çatmır...İndiyədək
heç kəs yüksəkixtisaslı professional tərcüməçilər
hazırlamaq və bunları təkmilləşdirmək
işini təşkil etməyə ciddi təşəbbüs
göstərməmişdir. Bizdə olan tərcüməçi
qüvvələri isə hələ də pərakəndə
haldadır. Bədii tərcümələrin
keyfiyyəti problemi ciddi problem olaraq qalmaqdadır".
Ulu öndərin hələ o zaman haqlı qiymətləndirməsini
və tənqidini diqqətə çatdıran akademik Kamal
Abdulla böyük zəhmətin bəhrəsi olan bu
ensiklopediyanı monumental tədqiqat əsəri
adlandırır.
Kamal Abdulla ensiklopediya tərcümənin quruluşunda
onun fəlsəfi əsaslarının, predmet və problemlərinin,
Azərbaycanda tərcümə tarixinin mühüm nöqtələrinin,
nəzəri-praktik məsələlərin və ən əsası
isə pesonaliyaların yer aldığını diqqətə
çatdırır.
Müəllif
yazır ki, Azərbaycan tərcüməşünaslığının
zəngin tarixi var. XIV əsrdə dini əsərlərin,
sülalələr haqqında təzkirələrin sətiraltı,
mətni, xüsusilə də, sərbəst tərcümələrindən
başlayaraq daha sonralar (XIX əsrdə) püxtələşmiş
ədəbi cərəyanlara aid bədii nümunələrin-şeirlərin,
təmsillərin, pyeslərin, romanların tərcüməsinə
qədər yaradılan nadir nümunələr, nəhayət
etibarilə, tərcüməçiliyin son dərəcə
maraqlı və faydalı ədəbi-bədii peşəyə
çevrilməsini şərtləndirmişdir.
Kamal Abdulla tərcüməçilik
anlayışını birtərəfli qəbul etməyin
doğru olmadığını, Azərbaycan dilinə tərcümələrlə
yanaşı, daha sonrakı epoxalarda, Azərbaycan dilindən
digər dillərə edilən tərcümlələrin də
əhəmiyyətli olduğunu göstərir. Təqdirolunası
bir haldır ki, hər iki istiqamət üzrə həyata
keçirilən fəaliyyət sözügedən fundamental
"Azərbaycan Tərcümə Ensiklopediyası"nda
kifayət qədər təsvir oluna bilmişdir. Əlbəttə, bu, kitaba əlahiddə bir dəyər
verir.
Kitabın
personalilər hissəsində əlifba sırası ilə az və çox əməyi olan tərcüməçilərin
qısa həyat və fəaliyyəti, həmçinin də
onların qələmindən çıxmış tərcümlərin
kimə məxsus olduğu və siyahısı verilmişdir. Bu məlumatları toplamağın və sistemə
salınmanın nə qədər çətin olduğu
göz qabağındadır. Həmin
faktlar göstərir ki, Azərbaycan mühitində söz
adamları təkcə yazıb-yaratmaqla məşğul
olmayıblar, onlar həmçinin də dünya ədəbiyyatının
ən gözəl incilərini ana dilimizə çevirərək
xalqa çatdırmışlar. Bu
nümunələr bir tərəfdən xalqlararası, millətlərarası,
ədəbiyyatlararası münasibətlərin
qurulmasında, o biri tərəfdən isə mədəniyyətimizin,
dilimizin, ədəbiyyatımızın ikinci mənbə
hesabına zənginləşməinə gətirib
çıxarmışdır.
Həmin
tərcümələr əsasən sovet dönəmində
və indi də Azərbaycanın mətbu orqanlarında
("Azərbaycan", "Ulduz", "Xəzər"
jurnalları, "Ədəbiyyat və incəsənət",
"525-ci qəzet" və s. ) çap edilmişdir.
Ayrıca kitab şəklində olan tərcümə əsərləri
də müxtəlif vaxtlarda nəşr edilmişdir.
Azərbaycanda tərcümə elminin həm tarixi, həm
də müasir inkişaf yolları haqqında xeyli sayda
monoqrafiyaların yazılmasında bu icmal önəmli rol
oynaya bilər.
Xalqlar arasında ədəbi-mədəni əlaqələrin
tədqiqində bu vəsaitin rolu inkaredilməzdir. Böyük və görkəmli şair və
yazıçıların tərcüməçilik
işinin, fəaliyyətinin öyrənilməsində əvəzsiz
mənbədir.
K.Abdulla bu əsəri doğru olaraq tərcümə mədəniyyətimizin
bariz göstəricisi saymaqla, dünyanı daha yaxşı
tanımağın, özünü dünyaya daha ləyaqətlə
təqdim etməyin möhtəşəm üsulu olduğunu
da qeyd edir. Kamal Abdulanın nöqteyi-nəzərincə, tərcümə
bir mədəniyyətin təzahürü deyil, ən azı
iki mədəniyyətin qovuşduğu məqamdır, əsl
multikultural gerçəklikdir. Bu cür
bir multkultural gerçəklik Azərbaycanda ümumi
multkultural mənzərənin ən vacib komponentlərindəndir.
"Tərcümə prosesi daim təzələnən,
genişlənən prosesdir". Bu prosesdə
başlıca olaraq üç məna tipinə rast gəlinir:
referensial, praqmatik və dildaxili; ona görə ki, onlar daim həmin
mənaların daşıyıcıları kimi
çıxış edir.
Tərcümə tarixi və prosesi mürəkkəb
bir inkişafın nəticəsidir (akademik M.Nağısoylu). Həmin
prosesdə informasiyanın ötürülməsi yolları
çətin ziqzaqlardan keçir. Bununla
belə, bu prosesin terminoloji vahidləri sonda verilən
lüğətdə qısa şəkildə izah olunmuşdur.
"Azərbaycan
tərcümə ensiklopediyası"dakı məqalələrdə
nəinki tərcümə zamanı iki dil arasındakı
münasibətlər, həm də dillərarası
kommunikasiya, dillərarası omonimiya, situasiya, dillərarası
analoqizmlər, semiotikarası tərcümə, metalinqvistika,
metalinqvistik funksiya, metadil və s. məsələlər
yığcam və dürüst şəkildə
aydınlaşdırılmışdır.
Bütün bu və ya digər məsələlər
ensiklopediyanın müvafiq yerlərində ehtiva olunmuşdur.
Tərcümə prosesində istifadə olunan üsullar
(təsviri tərcümə), tərcümə zamanı yaranan
çətinliklər, tərcüməni çətinləşdirən
bir çox faktlar, baş verən çətinliklərin səbəbləri
də məqalələrdə izah olunur.
Kitabda tərcümə növlərindən bəhs
olunarkən ümumiləşdirmə, konkretləşdirmə
və antonimik tərcümlərin önəmi nəzərə
çatdırılır. Konkretləşdirmə
- ümumiləşdirmənin riversiv tərcümə
prosesidir, yəni ona əks olan tərcümədir.
Tərcümə işində linqvistik və
ekstralinqvistik amillərin təsiri ilə bir sıra problemlər
yaranır. Əlbəttə, yeni mənaların yaranma səbəbi
əsasən ekstralinqvistik amillərlə bağlıdır.
Belə ki, ekstralinqvistk amillər hər bir dilin
tarixi inkişafında yaranır və vahidlərin yeni məna
qazanmasına səbəb olur.
Kitabın "Sərəncamlar, sənədlər"
hissəsində Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin dünya ədəbiyyatının görkəmli
nümayəndələrinin əsərlərinin Azərbaycan
dilinə tərcüməsi və nəşr edilməsi
haqqında görüləcək işlər haqqında
söylədiyi fikirlər çatdırılır. Prezident müasir Azərbaycan
oxucularının dünya ədəbiyyatına olan mənəvi
tələbatını təmin etmək məqsədi ilə
bir sıra qərarlara imza atmışdır: "Bu nəşrlər
sayəsində gənc nəslin latın qrafikası ilə
çap olunmuş bədii və elmi ədəbiyyata
ehtiyacının ödənilməsi istiqamətində
mühüm işlər görülmüşdür".
"Dünya
ədəbiyyatı kitabxanası"na
daxil olmuş əsərlərin (klassik dünya ədəbiyyatı,
müasir dünya ədəbiyyatı, Nobel mükafatına
layiq görülmüş müəlliflərin əsərləri,
dünya ədəbiyyatı üzrə antologiyalar)
siyahısı Prezident İlham Əliyevin 2007-ci il 30 dekabr
tarixli sərəncamı ilə təsdiq edilmiş, "Tərcümə
ensiklopediyası"nda da verilmişdir. Eləcə
də Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin
strukturu və fəaliyyətini genişləndirmək
üçün də müvafiq Fərman
imzalamışdır.
"Azərbaycan Tərcümə Ensiklorpediyası"
dövlətin həmin sərəncam və fərmanlarını
həyata keçirilməsi sayəsində böyük dəyərə
malikdir.
Tərcümə elm sahəsi kimi. "Ensiklopediya"da
tərcümə, tərcüməşünaslıq müstəqil
elm sahəsi kimi qəbul və təhlil olunur (müəlliflər
akademik M.Z.Nağısoylu və ped.e.n.dos. L.A.Əliyeva)
Son illər tərcümənin, tərcüməşünaslığın
dilçilik problemləri, nəzəri məsələləri
elmi şəkildə yenidən işlənmiş, ölkə
miqyasında, eləcə də dünyada gedən qlobal dəyişmələr
nəzərə alınmışdır.
Əsas məsələlərdən biri tərcümə
prosesində buraxılan ciddi nöqsanlardır. Tədqiqatçılar bu
tip nöqsanları xarakterinə görə
aşağıdakı kimi qruplaşdırıblar: 1) termin
seçimində, 2) sintaktik quruluşda, 3) mənbə mətnin
düzgün anlaşılmamasında, 4) cümlənin
uzlaşmamasında, 5) durğu işarələrinin
düzgün qoyulmamasında.
Yazılarda tərcüməşünaslıq elminin
respublikamızda inkişafı və onun müxtəlif
problemləri araşdırılır. Bu sahədə
universitetlərin, tədqiqatçı alimlərin
gördüyü işlər qısa şəkildə qeyd
olunur. Xüsusən də bədii, poetik tərcümənin
uğurlarından söhbət açılır.
Bəlli olur ki, Azərbaycanının böyük
şair və yazıçıları təkcə bədii əsərlər
yazmayıblar, onlar həm də dünya ədəbiyyatı
klassiklərinin, müasirlərin ən yaxşı əsərlərini
tərcümə edərək Azərbaycan oxucularına
çatdırıblar. Həmin sənətkarların tədrisində (həm
orta, həm də ali məktəblərdə)
onların tərcümə fəaliyyəti də gənclərə,
məktəblilərə öyrədilir.
Yazılardan
aydın olur ki, Azərbaycanda tərcümə nəzəriyyəsini
formalaşdırmaqda, inkişaf etdirməkdə C.Əzimovun,
F.Vəlixanovanın, H.Babayevin, C.Qəhrəmanovun,
M.Nağısoylunun, R.Novruzovun, A.Hacıyevin və b.
böyük xidmətləri olmuşdur.
İrəli
sürülən tərcümə prinsipləri isə əsasən
aşağıdakılardan ibarət olmuşdur: 1) tərcümə
edilən əsərdə müəllifin haqqında söz
açdığı xalqın yaşayış xüsusiyyətlərini,
adət-ənənələrini, mədəni inkişaf səviyyəsini,
düşüncələrini eynilə oxucuya
çatdırmaq; 2) müəllifin üslubunu mümkün qədər
saxlamağa çalışmaq; 3) orijinaldakı bədii ifadə
vasitələrinin doğunluğu ilə verilməsinə nail
olmaq, bunlarda da milli xüsusiyyətləri saxlamaq, müvafiq
qarşılıqlar tapmaq, məkan və zamanı dəyişdirmək;
4) məna və məzmun dürüstlüyünə əməl
etmək, orijinalın ümumi ruhu və məzmununun
pozulmasına, təhrifinə əsla yol verməmək; 5)
orijinaldakı personajların dilini, nitq üslubunu saxlamaq.
Bunlar çox mühüm ölçülər olub tərcümə
işimizin möhkəm təməllər üzərində
qurulmasını təmin edir.
Tərcümənin
nəzəri və praktik prinsipləri (filol. f.d.
R.R.Əliyev).
Bu hissənin müəllifi maraqlı bir məsələnin
üzərində dayanır; bu, tanınmış Azərbaycan
şair və yazıçılarının "Sizin
üçün tərcümə nədir?" sualına
verilən cavablardan ibarətdir; "Mənim üçün
tərcümə-kəşfdir. Yeni hisslərin,
tanımadığım koloritin, estetik özünüifadələrin
...kəşfi" (Elçin); "Mənimçün tərcümə
sevgidir. Tərcümə etdiyin əsərə,
çevirdiyin ana dilinə məhəbbətin yoxdursa, ortaya
sevilməsi mümkün olmayan əcaib bir şey
çıxacaq" (Vaqif Bayatlı); "Məncə, tərcüməçilik
bir az cərrahlığa bənzəyir. Hansısa
bədii əsəri bir dildən başqa dilə çevirmək
hansısa bədən üzvünü bir canlı orqanizmdən
başqasına köçürmək kimi bir şeydir.
Cərrahın işi yalnız o zaman uğurlu
sayıla bilər ki, həmin bədən üzvü başqa
orqanizmdə yaşaya bilsin. Bu dediyim
başqa dillərə tərcümə olunan əsərlərə
də aiddir" (Ramiz Rövşən).
Tərcümə həmin kitabda toplanmış məqalələrdə
fəlsəfi problem olaraq da nəzərdən keçirilir. Bu baxımdan
tərcümədə ifadə edən və ifadə olunanla əlaqələrin
aydınlaşdırılması mühüm önəm
daşıyır (Tərcümənin fəlsəfi əsaslarına
dair. (filol. e.d. A.V.Rüstəmova) Müəllif tərcümənin bir sıra modelləri
(transformasion model, semantik model, informasion tərcümə
modeli) üzərində dayanır və onların iki dil
arasındakı funksiyalarına aydınlıq gətirir.
"Tərcüməşünaslığın predmeti
və problematikası" (prof.A.Ələkbərli). O, öz hissəsində tərcümə
fəaliyyətinin təbiətini açır, tərcümənin
məzmun və mahiyyətini, tərcüməşünaslığın
bir elm kimi predmeti və başlıca problematikasını
saf-çürük edir. Müəllifin fikrincə,
tərcümə bir intellektual fəaliyyət kimi tərcüməçinin
vasitəçiliyi ilə reallaşan geriçevrilməz,
biristiqamətli, ikifazalı (orijinal mətnin təhlili və
tərcümə mətninin sintezi fazalarının mütəmadi
əvəzlənmədə davamiyyəti mənasında) nitq
kommunikasiyasının dillərarası və mədəniyyətlərarası
prosesidir.
Azərbaycanda tərcümə ədəbiyyatı
tarixi (akad.M.Nağısoylu).
"Tərcümə ensiklopediyası"nda
özünə yer etmiş ən mühüm məsələlərdən
biri də Azərbaycanda tərcümə ədəbiyyatı
tarixidir. Bu tarixi xronoloji ardıcıllıqla öyrənməyin
mürəkkəbliyi mütəxəssislərə bəllidir.
Bu hissə akademik M.Nağısoylu tərəfindən
uğurla qələmə alınmışdır.
Müəllif hər bir xalqın ədəbiyyatının
yeni-yeni məzmun və ideyalarla, müxtəlif janr və
formalarla zənginləşməsində bədii tərcümənin
böyük əhəmiyyətini, özünəməxsus
yerini göstərməklə yanaşı, XIV- XX əsrlərə
aid bədii tərcümə örnəklərini müəyyənləşdirmiş,
onların türk və Avropa dillərinə tərcümə
imkanlarını üzə çıxarmışdır. O,
tərümə ilə orijinalın mətnlərini
müqayisə etmiş, özündən əvvəl tərcümə
işi ilə məşğul olan alimlərin əməyəinə
yüksək qiymət vermişdir. Bu işi, fəaliyyəti
yalnız inkişafda izləyən M.Nağısoylu Azərbaycan
tərcümə ədəbiyyatında zaman-zaman ciddi dəyişikliklərin
baş verdiyini də xatırladır. XIX əsrdən
danışan müəllif yazır ki, əvvəllər
yalnız klassik Şərq ədəbiyyatından dilimizə
tərcümələr edilirdisə, 19-cu əsrdən
başlayaraq rus dilindən və rus dili vasitəsilə Avropa ədəbiyyatından
da ayrı-ayrı əsərlərin tərcümələri
ortaya çıxmağa başladı. Elə bu səbəbdən
də akademik həmin dövrün tərcümələrini
aşağıdakı iki qrupda araşdırmağı məqsədəuyğun
hesab edir: 1) Klassik Şərq ədəbiyyatından, əsasən
də fars dilindən edilən tərcümələr,
2) Rus və Avropa ədəbiyyatından edilən tərcümələr
(s.93).
M.Nağısoylu Qurani-Kərimin Azərbaycan dilinə tərcüməsindən
başlayaraq (Z.Bünyadov, V.Məmmədov) tərcümə ənənəsi
və onun növlərini tarixi aspektdə
doğru-dürüst faktlara söykənərək konkretləşdirə
və ümumiləşdirə bilmişdir.
Müəllif
müxtəlif yüzilliklərə dair Azərbaycan türkcəsinə
tərcümə edilmiş əsərlər üzərində
müşahidələr aparmış, əsasən həmin
dövrlərdə Azərbaycanda dini-bədii, tarixi-bədii,
həmçinin də fəlsəfi məzmunlu kitabların tərcüməsinə
böyük tələbat və ehtiyac olduğunu,
dövrün bədii tərcümə nümunələrinin
həm ədəbi əlaqələr tarixinin, həm də ədəbiyyat
və dil tarixinin hərtərəfli öyrənilməsində
əvəzsiz mənbə rolu oynadığını nəzərə
çatdırmışdır.
Ensiklopediyanın
tərcüməşünaslığın bir elm kimi məsələlərinin
konkret həlli üçün nəzəri fon
yaradılır. Ensiklopediyanın əhatəsi bu baxımdan
genişdir: Tərcümə nəzəriyyəsi, təcrübəsi,
tarixi və metodikasının müxtəlif və
çoxaspektli tərəfləri izah olunur.
Kitabın sonunda "Azərbaycan tərcüməşünaslıq
terminləri lüğəti" (əsas korpus)
verilmişdir.
Bu kiçik lüğətdə adaptə edilmiş tərcümə,
adekvat tərcümə, antonimik tərcümə, bədii tərcümə,
buraxılma, cümlələrin parçalanması, dəqiq
tərcümə, ekvivalent tərcümə, hərfi tərcümə,
xüsusi tərcümə nəzəriyyəsi, informativ tərcümə,
kompensasiya və s. terminoloji termin-anlayışların mənaları
izah edilmişdir.
Bu lüğətin bir mühüm cəhəti də
onun tətbiqi xarakterli olması ilə əlaqədardır. Gələcəkdə bu
lüğəti genişləndirməklə onun müvafiq
universitetlərin tərcüməçilik fakültələrində,
akademiyaların uyğun şöbələrində,
kafedralarında tələbələr, magistrlər, bu sahədə
tərcümə tarixçiləri, nəzəriyyəçiləri,
praktik tərcümə ilə ardıcıl və sistemli məşğul
olan doktorantlar, dissertantlar gərəkli mənbə, olduqca
önəmli ensiklopedik vəsait kimi istifadə edə bilərlər
(R.Manafoğlu, N.Tağısoy və R.Kamalın
"İzahlı tərcüməşünaslıq terminləri
lüğəti"nə baxmaq olar).
Arzu etmək olardı ki, ensiklopediyanın gələcək nəşrlərində şifahi tərcümə məsələlərinə də geniş yer ayrılsın. Şifahi tərcüməyə də xüsusi diqqət yetiriməlidir və belə tərcümə işlərində çətinliklər, mürəkkəbliklər aşkar olunmalıdır. Bizə elə gəlir ki, bu işdə çətinliyin əsas səbəbi mövcud iş şəraiti, avadanlığın nasazlığı, keçirilən tədbirə hazırlıq üçün zamanın məhdudluğu və ya yoxluğu, mövzu ilə tanışlığın azlığı, bəhs olunan sahənin mürəkkəbliyi, həmçinin də bu sahədəki mürəkkəb anlayışlar səbəb ola bilər.
Fikrimizcə, Azərbaycan tərcüməşünaslığının
nəzəri-praktik problemlərini işıqlandıran ilk və
uğurlu təşəbbüs kimi bu əsər həm tərcümə
sənətinin elmi-nəzəri problemlərini öyrənmək
baxımından, həm də tədris-metodiki cəhətdən
çox dəyərlidir. Gələcək milli tərcümə
kadrlarının hazırlanmasında, əlbəttə, bu
kimi dəyərli əsərlərin ortaya çıxması
sevindiricidir.
İsmayıl KAZIMOV
Filologiya elmləri doktoru, professor
525-ci qəzet.-2018.- 13 iyul.- S.7-8.