Cümhuriyyət xadimləri Fransada: bioqrafiyalardan
fraqmentlər
(Əvvəli ötən sayımızda)
Cümhuriyyətin nümayəndə heyətinin
tərkibində Parisə
gələn qeyd olunanlardan başqa mühəndis V.Marçevskini,
katiblər - S.Məlikov
və Əlimərdan
bəy Topçubaşovun
oğlu Ələkbər
bəyi, tərcüməçilər:
A.Qafarovu (fransız dili), Q.Gafarovanı (ingilis dili), X.Məmmədovu (fransız
və türk dili) da qeyd
etmək lazımdır.
Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən
danışarkən həyatının
müəyyən mərhələləri
Fransa ilə bağlı olan şəxslər sırasında
Rusiya İmperator Ordusunun artilleriya generalları AXC-nin görkəmli xadimlərindən
olmuş Əli Ağa İsmail Ağa oğlu Şıxlinskini və Səməd bəy Sadıx bəy oğlu Mehmandarovu qeyd etməmək mümkün deyildir.
1913-cü ilin
yayında Rusiya İmperator Ordusunun Zabit Artilleriya Məktəbinin hərbi təlim meydanında Fransanın Baş qərargah rəisi general Joffronun başçılıq
etdiyi qonaqların iştirakı ilə nümunəvi atışlar
həyata keçirilirdi.
Bu atışlar
fransızlara məktəbin
rəis müavini Şıxlinski tərəfindən
nümayiş olunurdu. Qonaqlar onun
məharətinə heyran
qalmışdılar. Şıxlinski Fransanın Fəxri
Legion Komandan ordeninə
layiq görülmüş
və həmin orden Fransa Respublikası
Prezidentinin 1914-cü ildə
Sankt-Peterburqa səfəri
zamanı şəxsən
onun özü tərəfindən təqdim
olunmuşdur.
Azərbaycan Milli Ordusunun yaradıcısı, cümhuriyyətinin
hərbi naziri S.Mehmandarov Qarabağın
adlı-sanlı bəy
nəslindən olmuşdur. Birinci Dünya
müharibəsini general 3-cü Qafqaz Ordu korpusunun
köçürüldüyü Varşava Hərbi dairəsində qarşılamışdır.
Korpusun iştirak etdiyi bütün müharibə
ərzində o, düşmənə
bir dənə də silah-sursat verməmişdir. Mehmandarov Fransanın ən
yüksək hərbi
mükafatlarına layiq
görülmüşdür.
Publisist, şərqşünas,
dilçi, pedaqoq və ictimai xadim, Beynəlxalq Fonetika Cəmiyyəti
(1899), Beynəlxalq "Asiya
cəmiyyəti" (1900) və
Rusiya İmperator Coğrafiya Cəmiyyəti
Qafqaz şöbəsinin
(1903) həqiqi üzvü Şahtaxtinski Məhəmməd ağa Məhəmmədtağı Sultan oğlu haqqında da danışmamaq olmaz.
M.Şahtaxtinski 1846-cı ildə Şərur
rayonunun Şahtaxtı
kəndində anadan olmuşdur. Tiflis gimnaziyasını
qurtardıqdan sonra, Leypsiq Universitetitinin fəlsəfə, tarix və hüquq fakültəsini bitirmişdir.1873-1875 illərdə isə Parisdə Şərq dilləri məktəbində
mühazirələr dinləmişdir.
Bir müddət "Moskovskiye
vedomosti" qəzetinin
əməkdaşı və
İstanbulda xüsusi
müxbiri işləmiş,
"Kaspi" qəzetinin
redaktoru olmuşdur.
XIX əsrin 70-80-ci illərdə dərc etdirdiyi məqalələrdə
liberal xalqçılığın təsiri duyulur.
1898-ci ildən
1902-ci ilədək yenidən
Parisdə yaşamış,
Fransa kollecində və Ali Təcrübi Təhsil Məktəbində
Şərq dillərindən
dərs demişdir. Bu dövrdə fransız dilində nəşr etdirdiyi əsərlər Qərbi Avropa və Amerika mətbuatında müzakirə
və mübahisələrə
səbəb olmuşdu.
Şahtaxtinski Sorbonna Universitetində
professor P.Passinin rəhbərliyi
ilə fonetika sahəsində tədqiqat
aparmış, Fransa Maarif Nazirliyinin fəxri diplomunu almışdır.
1907-ci ildə İrəvan
quberniyasından II Dövlət
Dumasına deputat seçilən Şahtaxtinski
Duma bağlandıqdan
sonra "Rossiya" qəzeti redaksiyasında işləmiş, 1908-1918-ci illərdə
isə xaricdə yaşamışdır. 1919-cu ildə
vətənə qayıtmış,
Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin
1 sentyabr 1919-cu il tarixli qərarı ilə Bakı Universitetinin yaradılmasında fəal
iştirak etmiş, burada Şərq dilləri və ədəbiyyatından mühazirələr
oxumuşdur.
Həyatının müəyyən mərhələsi
Fransa ilə bağlı olan Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli
simalarının bəzilərinin
bioqrafiyasından fraqmentlər
belədir. Şübhəsiz, bu məlumatlar
həmin və digər şəxslərin
həyat və fəaliyyətləri haqqında
kifayət qədər
təsəvvür yaratmır.
Onların hər biri haqqında çoxsaylı
jurnalist məqalələrində,
alimlərin elmi işlərində, diplomatların
öz tədqiqatlarında
rast gəlmək mümkündür. Bu mənada azərbaycanlıların
emiqrant həyatı haqqında Fransanın
"Fəxri legion" ordeninin
kavaleri diplomat Ramiz Abutalıbovun əməyini
xüsusi qeyd etmək lazımdır.
Azərbaycan da öz oğullarını
unutmur. Bu gün
Bakıda bir sıra küçələrə
onların adları verilmişdir. 19 dekabr 1993-cü ildə Azərbaycan Respublikasının
Prezidenti Heydər Əliyev Fransaya ilk səfəri zamanı ilk siyasi emiqrantların xatirəsini yad etmiş və Topçubaşovlar və
Hacıbəylilər ailələrinin
qəbirlərinə əklil
qoymuşdur.
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi
ərəfəsində Heydər
Əliyev Mərkəzində
"Son iclas" bədii-sənədli
filminin təqdimatının
keçirilməsi də
xüsusi diqqətəlayiqdir. Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin prezidenti, filmin baş prodüsseri Arzu Əliyeva iştirak etdilər. Ekran əsərində Cümhuriyyət qurucularının
müstəqilliyimizin düşmənlərinə
- istər işğalçı
ordu, istərsə də bu ordunun
daxili havadarlarına qarşı son anadək apardıqları qeyri-bərabər
və ümidsiz, lakin dönməz və qətiyyətli mübarizə əks olunur. Bu mübarizə
faciə ilə başa çatsa da, onun Azərbaycanın
istiqlal tarixinin şərəfli bir səhifəsi olduğu vurğulanır. Filmdə, həmçinin,
Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə
heyətinin Paris sülh
konfransındakı fəaliyyəti
barədə müfəssəl
məlumat verilmişdir.
Bununla yanaşı, ekran əsərində, Azərbaycan
Xalq Cümhuriyyətinin
bu şərəfli tarixinin və faciəli taleyinin Azərbaycanın yenidən
müstəqilliyə qovuşmasına
böyük örnək
olduğu ön plana çəkilir.
18 oktyabr
1991-ci ildə Azərbaycan
öz dövlət müstəqilliyini bərpa
etdi və 1992-ci ildə Fransa tərəfindən tanındı.
Bundan dərhal sonra,
1992-ci ilin fevral ayında Azərbaycan ilə Fransa arasında diplomatik əlaqələr quruldu.
1992-ci ilin mart ayında Fransanın Azərbaycandakı səfiri
rəsmi fəaliyyətə
başladı və Türkiyənin səfirindən
sonra ikinci səfir oldu. Burada qeyd etmək
yerinə düşər
ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından sonra Fransanın diplomatik nümayəndəliyi Vodovoz
küçəsində Mitrofonovun
evində (indi həmin küçə Azərbaycanın görkəmli
şair-emiqrantı Almas İldırımın
adını daşıyır)
yerləşirdi. Qeyd etmək
maraqlıdır ki,
1897-ci ildə əhalinin
siyahıya alınmasının
nəticələrinə görə
Azərbaycanda 200-ə yaxın
fransız yaşayırdı.
1926-cı ilin nəticələrinə görə
isə onların sayı cəmi 58 olmuşdur.
Bu sətirlərin
müəllifi 1993-cü ildə
Bakıda Fransanın Azərbaycandakı ilk səfiri
cənab Jan Perenlə
onun iqamətgahında
görüşmüşdür. Söhbət iki saatdan artıq
davam etmişdir.
Görüşdə ölkələrimiz arasındakı keçmiş
və indiki münasibətlərin vəziyyəti,
həmçinin, Azərbaycanın
müstəqilliyinin tanındığı
Paris Sülh Konfransının
əhəmiyyəti barədə
danışılmışdır. İndiki vəziyyət barədə
danışarkən səfir
qeyd etmişdir ki, 1991-1992-ci illərdə
Azərbaycanda dövlət
çevrilişləri bir-birini
əvəz edirdi.
Vəziyyət qeyri stabil idi, Fransa və
Azərbaycan arasındakı
münasibətlər də
yaxşı deyildi.
Jan Peren Naxçıvana
gedərək Heydər
Əliyev ilə görüşdü. Görüş balaca bir otaqda
keçirilirdi. İkitərəfli münasibətlər haqqında
danışıqlar aparılırdı.
Görüşün sonunda
Jan Peren özündən
aslıl olmayaraq demişdi: "Bakıda daha tez-tez görüşmək
ümidi ilə". Doğrudan da, müəyyən müddətdən sonra Heydər Əliyev xalqın tələbi ilə Bakıya gəldi.
Daha sonra biz bir çox dünya ölkələrinin, o cümlədən, Fransanın da siyasi və dövlət sistemlərinin başlıca elementlərindən biri olan Prezidentlik institutu haqqında söhbət etdik. Bu mövzunun aktuallığı həm o dövrdə öz dövlət quruculuğu dövrünü yaşayan Azərbaycan üçün Prezidentlik institutunun yeniliyi ilə, həm də istənilən dünya ölkəsinin dövlət orqanları sistemində Prezidentin xüsusi yer tutması ilə şərtlənirdi. Bu institutun daxil edilməsi Azərbaycanın dövlət quruculuğunun inkişafında yeni mərhələ açırdı. Səfir böyük məmnuniyyətlə Fransa Prezidentinin Konstitusiya üzrə hüquq və öhdəliklərini əks etdirən materialları və ədəbiyyatı təqdim etdi. Sonradan bunlara əsaslanaraq Prezidentlik sistemi, Prezident institutu, Prezidentin səlahiyyətləri, Fransada Prezident seçkiləri sistemi haqqında məqalə hazırlandı və bizim Respublika mətbuatının səhifələrində çap olundu.
Məqsədimiz Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunduğu bu ildə
vaxtilə ona şərəflə xidmət edən görkəmli
simaların xatirəsini yad etməyin vacibliyini bir daha
vurğulamaqdır. Eyni zamanda, öz
vətəninin hüdudlarından uzaqlarda,
o cümlədən, Fransada
yaşayan və ölkəmizin baxılan
dövründə baş verən ictimai-siyasi və iqtisadi
proseslərə öz töhfəsini verən
şəxslər haqqında daha geniş məlumatların
axtarışını davam etdirməyin vacibliyini göstərməkdir.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyəti yaradılandan sonra hökumətin təşəbbüsü ilə Avropanın bir sıra universitetlərinə, o cümlədən, Fransa universitetlərinə kifayət qədər çox azərbaycanlılar göndərilmişdi. Düşünürəm ki, həmin tələbələrin bir çoxunun taleyi öz tədqiqatçısını gözləyir. Üstəlik də onların övladları, nəvələri, birbaşa vərəsələri və sonrakı törəmələri, onların taleləri haqqında mümkün qədər çox məlumat vermək lazımdır.
Rövşən
AĞAYEV
525-ci qəzet.-2018.- 13 iyul.- S.6.