Dini məbədlərin
kitablarla təmini milli-mənəvi dəyərlərin
qorunmasına təkan verir
BİLİK
FONDU İBADƏT OCAQLARINA KİTABLAR HƏDİYYƏ
EDİR
Azərbaycan Respublikasının Prezidenti
yanında Bilik Fondunun fəaliyyətinin əsas istiqamətlərindən
biri bilik mənbəyi olan kitaba marağın artırılması, əhaliyə
mütaliə mədəniyyətinin
aşılanmasıdır.
Bununla bağlı
mütəmadi olaraq
"Ev kitabxanası",
"Məscid kitabxanası",
"İmzalı görüş"
layihələri, "Oxuyaq
və oxudaq" aksiyaları həyata keçirilir, kitabsevər
ailələrə, dini
məbədlərə, uşaq
və qocalar evlərinə, təhsil ocaqlarına, məişət
və iaşə obyektlərinə kitablar hədiyyə olunur.
Bilik Fondu 2015-ci ildən başlayaraq, "Dini maarifləndirmə" layihəsi
çərçivəsində məscidlərin, kilsə
və sinaqoqların dini və dünyəvi
ədəbiyyat nümunələri
ilə təminatı
missiyasını uğurla
davam etdirir.
Fond tərəfindən
ibadət ocaqlarına
xalqımızın həyat
tərzinə çevrilmiş
multikulturalizmi və tolerantlığı, dövlətlə
din arasında sivil münasibətləri, ölkəmizdə
bərqərar olmuş
dini həmrəyliyi təbliğ edən, milli-mənəvi və dini dəyərlərimizdən
bəhs etməklə
azərbaycançılıq məfkurəsinin möhkəmlənməsinə
xidmət göstərən
müxtəlif növ
nəşrlər hədiyyə
edilib. Məscidlərə
verilən bütün
kitablar Azərbaycan Respublikası Prezidentinin
"Azərbaycan dilində
latın qafikası ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında"
2004-cü il 12 yanvar tarixli Sərəncamına uyğun
olaraq nəfis tərtibatla nəşr edilmiş, yüksək poliqrafik keyfiyyətdə işıq üzü görmüş və və yüksək dini qurumlar tərəfindən
tövsiyə olunmuş
çap məhsullarıdır.
"Məscid kitabxanası" təkcə
dindarlar üçün
deyil, hər bir kitabsevərin üzünə açıqdır.
Fəaliyyətə başladığı dövrdən
Bilik Fondu "Məscid kitabxanası"
layihəsi çərçivəsində
Azərbaycanın müxtəlif
bölgələri əhatə
olunmaqla şəhər,
qəsəbə və
kəndlərdə yerləşən
50-dən çox dini
məbədə 2500-dən çox kitab hədiyyə edib. Bunların
arasında abadlaşdırılmasında
Fondun iştirak etdiyi Bərdə İmamzadə Kompleksi, ərazisi Fondun dəstəyi ilə müxtəlif etnik qrupları təmsil edən gənclər tərəfindən
yaşıllaşdırılmış Zaqatala rayonunun Əliabad qəsəbə
Məscidi, Bakı şəhərinin Fatmayi,
Mehdiabad, Nardaran, Sahil, Lökbatan, Buzovna, Müşviqabad, Sanqaçal qəsəbə
məscidləri, Şamaxı
Cümə Məscidi,
Ağdaş, Göyçay,
Tərtər, Cəlilabad,
Qobustan, Astara, Masallı, İsmayıllı,
Oğuz, Qax, Şəki, Zaqatala, Balakən şəhər
məscidləri, Cəlilabad
rayonunun Cocuq Mərcanlı, Beyləqan
rayonunun Qaralar, Astara rayonunun Pensər və Şiyəkaran, Lənkəran
rayonunun Cil, Masallı rayonunun Hişkədərə, Siyəzən
rayonunun Zarat, İsmayılli rayonunun Lahıc, Zaqatala rayonunun Yuxarı Tala, İsmayıllı rayonunun Qubaxəlilli, Quba rayonunun Pirvalid kənd məscidləri də var.
Azərbaycan Respublikası
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyasının
Mərkəzi Elmi Kitabxanası tərəfindən
Bilik Fonduna təqdim edilən və dini məbədlərə
hədiyyə olunan kitablar xüsusi maraqla qarşılanır.
Layihə şərti
olaraq "Məscid kitabxanası" adlandırılsa
da, kitab hədiyyə edilən dini məbədlər sırasına Quba rayonu Qırmızı qəsəbədəki Giləki
və Altı günbəz sinaqoqları,
Qəbələ rayonu
Nic qəsəbəsinin Cotari
Alban-Udi kilsəsi, Oğuz rayonunun Yəhudi sinaqoqu da daxildir.
Quba rayonunun İkinci Nügədi kənd məscidinin imamı Hacı İlkin Qayıbovun fikrincə, Bilik Fondunun "Məscid kitabxanası" layihəsi
maarifləndirmə və
milli-mənəvi dəyərlərin
təbliği, həmçinin,
dini radikallığın,
onu törədən səbəblərin aradan qaldırılması sahəsində
öz müsbət nəticəsini verir. Məscidə gələn gənclər
dini kitablarla yanaşı, dünyəvi
kitabları da həvəslə mütaliə
edirlər.
Tarixə, dinə,
etnoqrafik yaddaşa
sahib azsaylı xalq kimi varlığını
davam etdirən alban-udilərin Azərbaycanda
milli və mənəvi dəyərlərin
zənginləşməsində böyük rol oynadıqlarını söyləyən
Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili Bilik Fondunun layihələrini izlədiyini
və alqışladığını
deyir: "Multikulturalizm,
dini və milli dəyərlərin qarşılıqlı qorunması
çərçivəsində udi kimliyinin, dəyərlərinin öyrənilməsi,
bu müstəvidə
Alban kilsəsinin bərpası,
Alban xristianlığı anlayışının
təbliği və bütün bunların tarixi-mədəni cəhətlərinin
ortaya çıxarılmasını
hədəfləyən tədbirlər,
o cümlədən, "Azərbaycan
dilini öyrənirik"
layihəsi bir örnəkdir və onun davamlı olmasına böyük ehtiyac var. Azərbaycanın
multikulturalizm siyasətinin
görünən üzü
olan udilər üçün Bilik Fondunun keçirdiyi bu təlim kursları
diqqətəlayiqdir".
Quba rayonu Qırmızı qəsəbə
Dağ yəhudiləri
dini icmasının sədri Yuriy Naftaliyev bu barədə
fikirlərini belə bölüşür: "Sinaqoqa
Bilik Fondu tərəfindən hədiyyə
olunmuş kitablardan Qırmızı Qəsəbədə
fəaliyyət göstərən
dini kollec tələbələri, sinaqoqun
işçiləri və
sinaqoqa ziyarətə
gələn vətəndaşlar
faydalanırlar. Onlar bu kitablar vasitəsilə gərəkli məlumatlar
əldə edir, dünyagörüşlərini genişləndirir, asudə
vaxtlarını mənalı
keçirirlər. Bu diqqətə görə Bilik Fonduna öz
dərin minnətdarlığımızı
bildiririk".
Masallı Cümə məscidi dini icmasının sədri və axundu Vaqif Mikayılov Bilik Fondunun əhalinin, xüsusilə də gənclərin dini maarifləndirilməsinə xidmət edən layihələrini yüksək dəyərləndirir: "Bilik Fondu tərəfindən bizim məscidə dini ədəbiyyatla yanaşı, dünyəvi ədəbiyyat nümunələri də hədiyyə olunub. Məscidlərə maarifçiliyə xidmət edən, insanların bədii zövq və biliklərini, dünyagörüşünü artıran kitabların hədiyyə edilməsi, "Məscid kitabxanası"nın yaradılması olduqca dəyərli fikirdir. Bu missiyanı uğurla yerinə yetirən Bilik Fondunun cənub bölgəsində ardıcıl tədbirlər həyata keçirməsi təqdirəlayiqdir. Belə layihələrin davamlı olmasını arzulayırıq".
Ölkəmizdə yaşayan və pravoslav kilsəsində ibadət qılan rusdilli əhali üçün Bilik Fondunun "Azərbaycan dilini öyrənirik" layihəsi çərçivəsində artıq üç ildir ki, ödənişsiz "Azərbaycan dili" danışıq kursları fəaliyyət göstərir. Paytaxtın Jen Mironosits və Mixaylo-Arxangel kilsələrində, "Sodrujestvo" Azərbaycan Xalqlarının Həmrəyliyi İctimai Birliyində, Qəbələ rayonunda udilərin kompakt yaşadıqları Nic qəsəbəsindəki Cotari Alban-Udi xristian kilsəsində dövlət dili tədris olunur. Fond mütəmadi olaraq təlimdə iştirak edənləri zəruri tədris və məlumat ədəbiyyatı, əyani vəsaitlər, danışıq kitabçaları və lüğətlərlə təmin edir, dinləyiciləri Azərbaycan dilində film nümayişləri və teatr tamaşalarına dəvət edir, muzey və sərgilərə ekskursiyalarını təşkil edir.
İbadət ocaqlarında dini və
dünyəvi ədəbiyyat nümunələri ilə
ünsiyyət bu ocaqları ziyarət edənlərin təkcə
oxucu mədəniyyətini inkişaf etdirmir, həm də
onların zəngin mədəniyyətimizə və incəsənətimizə
marağını artırır, milli-mənəvi, əxlaqi
və dini dəyərlərimizə qayğılı
münasibətini formalaşdırır.
Elmi və bədii, eləcə də dini mütaliə ilə bağlı tədbirlərin həyata keçirilməsində Bilik Fondunun əsas məqsədi əhalinin kitaba sevgisinin, gənclərin mütaliəyə marağının artırılmasına nail olmaqdır. Şübhəsiz ki, kitaba sevgi və ehtiramla yanaşan cəmiyyət daim inkişaf edəcək və təkmilləşəcək, cəhalətdən uzaq olub tərəqqi yolunu tutacaq, sülhə və əmin-amanlığa nail olacaqdır!
Abbas ƏLİYEV
Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondunun aparıcı
mütəxəssisi
525-ci qəzet.-2018.- 13 iyul.- S.5.