Beyni ürəyində
döyünən qadın - Türkan Turan
Ürəyim sevgidən çırpınanda
ona qaçmışam,
vücudum əzabdan qıvrılanda pıçıltısından
yapışmışam. Yaşadıqlarımın miqyasını başqalarına
izah edə bilməyəndə, sətirlərinə
sığınmışam.
Həsrətin zirvəsinə qalxanda
sözləri şahmar
ilan kimi qarşımda dayanaraq gözünü gözümə
zilləyib. Ayrılığın yıxıntısı altında
çabalayarkən, qan-rəvan
içində qalmışcasına
hiss edəndə imdadıma
həniri çatıb.
Hıçqırığı içimdə boğub, hüznü çatılmış
qaşlarımın arasında,
solğun çöhrəmin
künc-bucağında ört-basdır
edə bilməyəndə,
onun səsini başıma çəkib,
üzümü hamıdan
gizlətmişəm.
Bu qadın
Tanrının lütfüdür,
nədir, bilmirəm. Amma mənim
sirdaşım, təsəllim,
ovuntum, ürəyimin
içində, dərimin
üstündə cərəyan
edən bütün proseslərin yeganə şahididir. Bu günə qədər heç kimi onun səsini qucaqladığım qədər
qucaqlamamışam. Elə doğmadır
ki, qaranlıqda, buz kimi, balaca,
havasız, pəncərəsiz
otağın çirkli
yatağında səsinə
sarılsam, cənnətdən
başqa heç nə hiss etmərəm.
Yazdığı misralar qana susamış qoşun kimi adamın iliklərinə işləyir.
Bəstələdiyi musiqilər tozanaq
qaldıraraq elə gəlir ki, tərpənməyə macal
tapmırsan, onda görürsən ki, işğal edilmisən.
Sezen Aksunu deyirəm! Sevilərkən, tərk edilərkən,
xəyanətə uğrayıb,
dizlərimizi qucaqlayıb,
gözümüzün yaşı
burnumuzun suyuna qatarkən arxa fondan onun səsi
heç əksilmədi.
Yeniyetməlik dönəmində idim, 13-14 yaşım olardı, sevginin adını bilirdim, dadından xəbərim yox idi. Hələ onda “Tutuklu kaldım”
mahnısını təkrar-təkrar
dinləyirdim, necə
boğulurdumsa, sanki ciyərlərimi döş
qəfəsimin arasından
çıxardıb ovucuma
qoyurdular. Deyəsən, sevginin əlifbasını
bu qadını dinləməklə öyrənməyə
başladığım üçün
içdən-içə elə
qarışıq duyğular
keçirirdim. Hamı aşiq
olmaq istəyir, Sezenin mahnılarındakı
kimi sevilməyi arzulayır. Amma kim nə
qədər bacarır,
o, sual altındadır.
Sezendən güc alıb “Get” demişik! Necə olsa səsi var, çox acı çəksək,
ondan yapışaraq xilas olacağımıza inanmışıq. Yalana, riyakarlığa
“Bilə-bilə” dözmüşük.
Fikirləşmişik ki,
“sevgi üçün
ölünməlidir” deyən
qadın nəsə bilir ki, bağışlayıb,
davam edir! Nə qədər “Yalnızca sitəm” söyləsə
də, eşqdən əl çəkmir.
Şah damarımız kimi iç-içə olduğumuz
sevgilinin yadlaşmasına
da, “El kimi” baxmağına da, soyuqluğuna da onu dinlədikcə göz yummuşuq.
Beyni ürəyində döyünən
bu qadının səsində elə təsir gücü var ki, eşidəndə
insanın ruhu “hazır ol” vəziyyətinə keçir. Mübarizə, güc, dözüm aşılayır. Adama
elə gəlir ki, səsindən bir bardaq götürüb
başına çəkib,
əyninə bir neçə qat mahnısını keçirib,
Antarktida qitəsindəki
Dome Fuji dağına, mənfi
91 dərəcə soyuğa
qalxsan da, burnunun ucu donmaz.
Sevgi ilə ağrı arasındakı incə xətti götürüb,
bir-birinə elə ustalıqla qarışdırır
ki, adamın heyrətdən dili tutulur. Əzabı onun qədər
mədh edən yoxdur. Çəkdikcə
öz gücünün
ölçüsüzlüyündən az qalırsan
dəli olasan.
Sezen Aksu mühafizəkar cəmiyyəti, onun sərt qaydalarını heçə sayan azad, şiddətli sevginin qadınıdır. Çoxunun cəsarət
edib “Haydi gəl, mənimlə ol” deyə bilmədiyi
dəvətə görə,
saysız-hesabsız duyğular
sovrulub gedir. Amma o, demək istədiklərini
elə ucadan səsləndirir ki, avazı dünyaya dəyir, çıxan əks-sədası qulaqlarına
dolur.
Sakit, hissiz vaxtlarında qapıları
sındırıb, yuxarıbaşa
elə keçir ki, özbaşınalığına
məəttəl qalırsan. Mahnılarında bu mənəm-mənəmliyi
açıq-aşkar görmək
mümkündür. Onun üçün
sərhədlərin tikanları,
körpülərin uzunluğu,
okeanların nəhayətsizliyi,
dağların hündürlüyü,
məsafələrin kilometri
oxuduğu bir mahnı boydadır.
Aksunun mahnılarında sakit yox, xaosa bənzər
sevgi görmək mümkündür. Nə qədər insan
aşiq olub, sonra da sınıq-salxaq
duyğuya çevrilən
sevgisini kürəyinə
sancılan “Kəskin bıçaq” kimi ordan-oraya sürüyüb,
eyni enerji ilə davam edir? Amma o, bunu mükəmməl bacarır!
Bəzən məcbur qalıb, ayrılmağa qərar veririk. Fəqət, bundan peşman olub “Dön” demək istəsək də, bacarmırıq. Qürurun iri cüssəsinin arxasına sığınaraq, gedənin arxasınca boylana-boylana qalırıq. Bəs, Sezen bu məqamda nə edir, bilirsiniz? Ruhu, bədəni, hissləri ilə səs-səsə verib, bütün gücünü ortaya qoyur! “Getmə” deyərək, bütün yolların istiqamətini özünə doğru yönəldir. Onun həyatında sevginin və əzabın dozası yüksəkdir. Bu cür ziddiyəti bir çox mahnısında görmək mümkündür. “Elə sərhədsiz, dərin sevərəm ki, qorxarsan” deyən insanın qarşısında tab gətirə biləcək neçə nəfər var, görəsən? Azdır, çox azdır! İnsanlar dəli kimi seviləndə havalanır. Şiddətli sevgi onlara ardıkəsilməz sel kimi görünür. Elə bilirlər ki, axına qarışıb yox olacaqlar. Buna görə də özlərini itirirlər! Halbuki o, uzun illərdir “uğrunda savaşmasan, alınmaz” deyə-deyə hayqırır! Sevginin gücü Sezenin bəstələri ilə rənglənir, səsi ilə aydınlanır.
İsti və soyuq, sərt və
yumşaq, inadkar və həlim - bu qədər ziddiyyətli
duyğuları özündə birləşdirən
qadının döş qəfəsinin altında
daşıdığının ürək olduğu müəmmalıdır.
Sirdir, sehirdir, cadudur, nədirsə, başqa
aləmdir!
Türkan TURAN
525-ci qəzet.-2018.- 14 iyul.- S.24.