Siyasi fırtınalara
barbarlığın təsiri - XIX əsr Argentinasının
timsalında
(Əvvəli
ötən şənbə sayımızda)
Fakundo heç də birmənalı şəxsiyyət
deyildi. Ona
sitayiş edənlər də, nifrət edənlər də az deyildir.
Pərəstiş qəhrəmanı
kimi ona xalqın məhəbbət bəslədiyi, nifrət
obyekti kimi isə onun cinayətkar əməlləri, şəxsi
mühakiməsi zəminində adamları cəzalandırması,
qətlə yetirməsi vurğulanır. Birincilər
üçün Fakundo ölməmişdir, o, xalq adətlərində
yaşayır. İkincilərə görə
isə o, yalnız instinktdir, ittiham hədəfidir. Onda iyrənc hərəkət, məqsəd sistem
şəklini aldı. Barbar, kəndli təbiəti
bunun nəticəsində bir qaydaya, adi siyasətə
çevrildi, dünya qarşısında bütöv kimi
meydana çıxdı. Bu, bir adamda təcəssüm
olunurdu. O, hadisələrə, adamlara, təbii qaydada
hökmranlıq etməyə çalışan dahi təsəvvürü
yaradırdı. Onun öz varisi Rosasın qeyd
etdiyi kimi, o, əyalət adamı olmaqla, mərd və cəsarətli
barbar idi. Makiavelliyə məxsus olan hiyləgərliklə,
o, despotizm binasını ucaltmışdı, hansısa rəqibi
olmayan bir tirana çevrilmişdi. Onun haqqında deyirdilər ki, o, adsız yeraltı
vulkandır, heç də uzun müddət püskürməkdə
davam etməyəcəkdir, bir gün hökmən sönəcəkdir.
Axı
lap qədimdən ictimai hadisələrə, onlara
başçılıq edənlərə münasibət heç
də birmənalı olmamışdır. Fəallığı
ilə seçilənlərə əhalinin bir hissəsi
hörmət bəslədiyi halda, digər hissəsi nifrət
edir. Qauçolara, onların ən eybəcər
nümayəndəsi Fakundoya da belə bir-birinə zidd olan
münasibət bəslənirdi. Belə
ambivalent baxışa təəccüblənməyə
ehtiyac da yoxdur. Məgər Qədim Romada
respublikaya qəsd hazırlayan Katilinanın tərəfdarları
yox idimi? Yaxud Roma aristokratları qul
üsyanının başçısı Spartaka nifrət bəsləmirdilərmi?
Tarixdə ağır qətllərin,
soyğunçuluğun simvoluna çevrilən dəniz
quldurları qorxulu təhlükə nümunələrinə
çevrilmişdi. İngiltərə kralı I Corcun
hökmdarlığı dövründə (1614-1627-ci illər)
dəniz quldurlarına qarşı mübarizə gücləndikdə,
bunu yuxarı təbəqə alqışlayırdı,
çünki onları Avropa ilə Vest-İndiya arasında
olan dəniz yolunun üstündəki dəhşətli cinayətkarlar
hesab edirdi. Xalqın gözündə isə
onlar qəhrəmanlıq rəmzi idilər. Qauçolara da belə ikili münasibətin
mövcudluğu sual doğurmamalıdır.
Fakundo boş yerdə meydana gəlməmişdir. Bu ölkədə
güclü təsirə malik olan ispan ənənələri,
qəzəbli pleybey xüsusiyyətləri milli şüurun
formalaşmasına səbəb oldu. Bir tərəfdən
hinduların barbarlığı, digər tərəfdən
Avropa sivilizasiyası, 1810-cu il
inqilabının hərəkətə gətirdiyi demokratiya və
bərabərlik. Bu tanış olmayan
dünyada insan ruhunun son nailiyyətləri ilə vəhşiliyin
irsi arasında ölüm-dirim mübarizəsi gedirdi.
Axı İspaniya özü də gah biganə, gah da
dini fanatik olurdu, gah konstitusiyalı dövlətə
çevrilir, gah da despotizm pozğunluğunda batırdı.
Argentinanın taleyinə
çox sayda əzablar və işgəncələr
düşdü. İyirmi il davam edən
sarsıntılar və həyatı düzəltmək sahəsindəki
müxtəlif cəhdlərdən sonra öz bətnindən
qusmaq yolu ilə ruhunun dərinliyindən, nəhayət,
Fakundonun varisi kimi Rosas şəxsində bir eybəcərlik
peyda oldu.
Rosas hər şeydən əvvəl qaydadan kənara
çıxmaqdır, istisnalıqdır, nadir dəhşətli
hadisədir. Bu həm də sosial bəla, bütöv xalqın
varlıq formuludur. Əgər o, qan
tökməklə öz istədiyinə nail olurdusa, ona
qarşı mübarizə aparılması da labüd idi.
Bu mübarizə nə qədər ağır
olsa da, nəticə etibarilə heç də mənasız
olmadı. Əgər şər qalib gəlmişdirsə,
döyüş meydanını sakitcə tərk etmək tabe
olmağa, xəyanətə bərabər sayıla bilərdi.
Axı ideya heç vaxt döyüş
meydanındakı cəsədlər kimi həyatla
vidalaşmır. Rosas özünün iyrənc
hərəkətlərini dayandırmırdısa,
argentinalılar Latın Amerikasının ən bərəkətli
yerlərindən birinin barbarlar tərəfindən necə
viran qoyulmasına sakit seyrçi kimi baxa bilməzdilər.
Tale kor
hesab edilsə də, bir gün gəlir ki, tirana
əlvida, daha doğrusu, “rədd ol, get!” deyilir. Axı heç bir xalq hətta ağır çətinliklərə
görə də öz arzuladığı gələcəyindən
imtina etmir. Proqres nəhayət etibarilə
hər şeyə üstün gəlir. Ancaq
səmimi olaraq azıb, şəri xeyir kimi qəbul edənlər
öz mövqelərini tərk etmirlər. Pozulmuş adamlar isə bir qayda olaraq özlərinə
hesabat vermədən şərə xidmət edirlər,
axı onlar səfeh meyillərə, pozğunluğu qəbul
etmək təsirlərinə tabe olurlar. Başqa
xalqlarda da belə eybəcərlik olmuşdur, lakin heç
vaxt şər qəti qələbə çala bilməmişdir.
Cənubi amerikalıların öz milli qəhrəmanı
Simon Bolivar qitənin azadlığı və oradakı
xalqların birliyi uğrunda qəhrəmancasına mübarizə
aparmış, xalq ona “xilaskar” adını vermişdi. Bolivar
özünə bərabər olan hansısa bir lideri
tanımır və bütün Venesuela onun nəhəng
fiquru üçün yalnız postament rolunu oynaya bilərdi.
Bolivar həm də azadlığa can atan Cənubi Amerika
xalqları üçün dəqiq faktlar əsasında
yaradılan bir əfsanə idi. Bu əfsanə,
qəhrəmanın doğma dilinə tərcümə
edildikdə, onun təsir qüvvəsi və
böyüklüyü daha da artırdı. Bolivarı hətta düşmənləri də
avantürist adlandıra bilməzdi. Çünki
onun məqsədində heç bir şəxsi təmənna
güdülmürdü. Bu xüsusiyyətlərində
bir əsr yarıma qədər ondan cavan olan və Bolivar
ideyalarından ilhamlanan məşhur Kuba
inqilabçısı, mənşəcə argentinalı olan
Ernesto çe Gevara da öz sələfinə çox bənzəyirdi.
Bolivar həyatdan vaxtsız getdi (Çe Gevara da eyni
taleyi yaşadı). Lakin onun ömrü və mübarizəsi
insanlara ibrət dərsi olmaqla, həyatın mənasının
həyatın özündən qiymətli olduğunu göstərdi.
Onun mübarizəsinin iki başlıca məqsədindən
biri bütünlüklə həyata keçdi. Latın Amerikası ölkələri ispan
ağalığından azad olub, öz müstəqil dövlətlərini
yaratdılar. Lakin onun qitə xalqlarını birləşdirmək
uğrundakı mübarizəsi ilkin vaxtlarda, az
da olsa, bəhrə versə də, sonradan bu hədəf
puça çevrildi, ideya müəllifinin arzusu həyata
keçmədi.
Argentinanın
bəlalı cəhətləri
Argentina Respublikasının əzab çəkdiyi bəla
onun ərazisinin olduqca iri ölçüsüdür. Bu ərazini hər
tərəfdən səhra torpaqları əhatə edir, onun dərinliklərinə
soxulur. Tənhalıq, sakitlik, bir insan
evinin də olmaması - XIX əsrin birinci yarısı
Argentinasının darıxdırıcı mənzərəsi
idi, əslində, bu həm də əyalətlər
arasındakı təbii sərhədlər idi. Hər şeydə hüdudsuzluq - nəhayətsiz
düzənlik, sonu görünməyən meşələr,
sahili görünməyən çaylar, daim aydın olmayan
üfüq bu ölkənin fiziki xüsusiyyətləri
siyahısına daxil idi.
Yaşayış şəraiti və tərzi də
primitiv idi. Çöldə gecələyənlər tonqalda
azacıq qızardılmış qurudulmuş əti yeyirdi,
bu, onların adi qidası hesab olunurdu. Bu
gün dünyada aseda kimi tanınan ət xörəyi beləcə
meydana gəlmişdi. Pampanın sakinləri həm də
daim qorxuda yaşayırdılar, bu qorxu mənbəyi ya
insanlar, ya da vəhşi heyvan ola bilərdi.
Öz təhlükəsizliyinə daim adət
olunmuş inamsızlıq bu sakinlərin həyatına öz
damğasını vurmuşdu. Pampa sakini
laqeydliklə ölümü qarşılayırdı.
Sağ qalanlar, ölümdən xilas olmaq qismətini
yaşayanlar isə dərin və uzunmüddətli
ağır təfərrüatın xatirəsindən azad ola bilmirdilər.
Pampa sakini olan qauço maldardır, muzdurdur, kiçik
torpaq sahibidir.
Etnik xüsusiyyətə gəldikdə, əsasən,
ispan-hindu mənşəyindən olan qarışıq qrupdan
ibarətdir. Onlar əməkdə, məişətdə
və paltarda hinduların çox saydakı adətlərindən
istifadə edirdilər. Təbiətin insana bəxş etdiyi ən
böyük hədiyyəsindən də qauçonun zəhləsi
gedir. Bu hədiyyə, qəribə görünsə
də, ölkənin malik olduğu çaylar idi, qauço
onlarda yalnız hərəkəti davam etdirməyə imkan
verməyən maneəni görürdü. Çaylar isə lap qədim dövrlərdən ərazilər
arasında əlaqə yaradan ən əlverişli vasitə
idi. Axı tarixin atası Heredot Misiri Nilin
hədiyyəsi adlandırmışdı. Şimali Amerikanın inkişafına çay gəmiçiliyi
şərait yaratmışdı. Avropada
isə çaylar ən vacib nəqliyyat arteriyası hesab
olunurdu.
Bəzi argentinalı ziyalılara görə, Buenos-Ayres
vaxtilə ona düzgün fikir verilsəydi, amerikan Babilinə
çevrilə bilərdi, lakin ona Pampa ruhu öz təsirini
göstərməmiş qalmadı. Əyalətlər, elə
bil ki, Buenos-Ayresdən qisas aldılar, Rosasın şəxsində
ona, özlərində bol olan xüsusiyyəti - barbarlıq
“töhfəsini” verdilər. Ölkə sivilizasiyaya və
azadlığa can atdığı halda, əvəzində ona
barbarlıq və quldarlıq kimi bir eybəcərlik əsasında
birlik verdilər.
Yaxşı məlumdur ki, dağlar və digər
oxşar təbii hədlər ölkənin ərazisini
bölməklə xalqların ayrılmasına və izolyasiya
nəticəsində geri qalmış adətlərin
saxlanmasına, toxunulmazlığına səbəb olur. Filosofların
bir çoxu nəzərdə tuturdu ki, düzənliklər
despotizmin meydana gəlməsinə və böyüməsinə
şərait yaradır. Bu vaxt
dağlıq ərazilər isə azadlığın
etibarlı dayağına çevrilir və ona qəsd edilməsindən
qorunan bir sığınacaq xidməti rolunu oynayır.
Pampadakı araba karvanının başçısı
böyük hakimiyyətə malik olur. Kimsə tabe
olmadıqda, başçı qırmancla onun üstünə
atılır, bıçaq zərbəsi qorxusu ilə öz
nüfuzunu bərpa edir. Həlak
olanların qohumlarının şikayət etməsi də əbəsdir,
çünki belə davranış qanuni hesab olunur.
Bu xüsusiyyətlər ucbatından argentinalılar
arasında labüd gücün ağalığı,
güclünün üstünlüyü, hökmdarlıq edənin
nəhayətsiz və nəzarətsiz hakimiyyəti qurulurdu. Buna görə də kim hökmrandırsa, istənilən adamı məhkəməsiz
və mühakiməsiz cəzalandırmaq imkanına malik idi.
Bu ölkədə məskunlaşmış xalq iki
müxtəlif irqdən - ispanlardan və hindulardan əmələ
gəlmişdir, onlar birləşdikdə isə çətin
müəyyən olunan qarışıq əmələ gətirirdi.
Yerli amerikan irqi olan hindular bekarçılıqda yaşadığından,
digər şəraitdə yaşamağa məcbur olduqda,
ağır və uzunmüddətli fiziki əməyə
özünün qabiliyyətsiz olduğunu,
yaramadığını göstərirdi. Məhz belə
vəziyyət amerikanlarda nisbətən əlverişli
işçi qüvvəsi kimi zənciləri öz ölkələrinə
gətirmək ideyasını yaratmışdı və bu da
quldarlıq kimi hamıya məlum olan bədnam nəticələrə
gətirib çıxardı.
Buenos-Ayres əyalətinin cənubundakı alman və
şotland kompaniyaları, daxildəki rayonların kəndləri
ilə müqayisə edildikdə, argentinalıda, yəqin ki,
utanclıq hissləri meydana gətirə bilərdi. Birincilərdə
evlər ağardılmışdı, həyətlər
göstərilən qulluqdan xəbər verirdi, orada
çiçəklər və kollar əkilmişdi. Evlərdəki mebel sadə, mis və qalaydan olan
qablar parıldayır, çarpayılar gözəl
örtüklərlə örtülmüşdü. Sakinlərin özləri də hər an nə iləsə
məşğuldurlar. Argentinalıların
kəndləri isə yalnız pis təəssürat yarada bilərdi.
Çirkli, cır-cındır geyinmiş
uşaqlar itlərlə bir yerdə yatırdılar, kişilər
tam məşğuliyyətsiz olmaqla, döşəmədə
uzanırdılar. Hər yerdə çirk
və yoxsulluq gözə dəyirdi. Kasıb
ranço onların evi idi və bütün bunlarda
barbarlığın və baxımsızlığın izləri
görünürdü.
Böyük şotland yazıçısı Valter Skott Argentinadakı çoban kəndlərinin kasıblığından dəhşətə gəlib yazırdı: “Nəhayətsiz Buenos-Ayres düzənliyi yalnız vəhşi xristianlarla məskunlaşmışdır, onlar “qauço” adını daşıyırlar. Onlar üçün mebel rolunu at kəllələri oynayır, qidaları - bişməmiş ət və bir də sudur, sevimli vaxt keçirmələri isə - qızğın cıdırlarda atları çapmaqdır. Onlar, bədbəxtlikdən, öz müstəqilliklərinə, sərbəstliklərinə, bizim pambıqdan və muslindən daha çox üstünlük verirlər”.
Buenos-Ayres əyalətində milyonlarla baş qaramal var idi, burada onun sakinləri sivilizasiyalı dünyada mövcud olan çox saydakı ən müxtəlif peşələrlə tanış idilər.
Qaramal əyalətinin paytaxtı bəzən oradakı yeganə şəhər idi ki, burada əkilməmiş torpaqlar birbaşa küçələrə qovuşurdu. Belə şəhərlərin ətrafında səhra düzənliyi uzanırdı.
Bəzi əyalətlərdə isə becərilməyən torpaq gözə dəymirdi, çünki onların sakinləri, başlıca olaraq, əkinçilik məhsulları hesabına dolanırdılar. Otlaqları bol olan bütün digər rayonlarda isə maldarlıq təkcə əhalinin məşğuliyyəti olmayıb, həm də onların mövcudluq üsulu idi.
Argentina düzənliklərində köçəri tayfalar yoxdur, maldar bilavasitə ona məxsus olan torpaqda yaşayır, zəruri olan məhdudiyyətlər təbii tənbəlliyə haqq qazandırır, əyləncədə olan kasad tələblər barbarlığın bütün nümayişlərinə səbəb olur. Cəmiyyət bütünlüklə yoxa çıxır, yalnız uzaqlaşmış, ayrılıqda yaşayan feodal ailə qalır, vahid cəmiyyət olmadığından idarəetmənin istənilən müsbət növünün həyata keçirilməsi mümkün deyildir.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.-2018.- 14 iyul.- S.22.