Şeir(l)ə toy tutanlar

 

Uşaq vaxtı ədəbiyyat deyəndə, şeir adı çəkiləndə yadımıza Nizami, Füzuli, Vaqif, Sabir, Səməd Vurğun, Mikayıl Müşfiq, Bəxtiyar Vahabzadə kimi şairlər düşərdi.

Onların şeirləri ilə vətənin, sevginin, azadlığın, haqqın, nahaqqın, ədalətin nə olduğunu öyrənmişdik. Ədəbiyyat bir məbəd, şairlər isə müqəddəslər idi gözümüzdə.

Sonra isə günlər, keçdi, aylar ötdü, fəsillər dəyişdi və gəlib çıxdıq XXI əsrin ikinci onilliyinə - 2018-ci ilə...

Ədəbiyyata olan bu uşaqlıq sevgim əlimdən tutub çəkə-çəkə gətirdi məni ədəbiyyatın düz ortasına. Ədəbiyyatla həm elmi, həm də praktiki məşğul olmağa başladım. Artıq mən də yaxşı, ya pis şeirlər, hekayələr yazırdım. Sözüm onda yox. Sizə danışım insanımızın şeirə münasibətindən.

Demək, bu, birinci dəfə deyil ki, başıma gəlir. Kim şeir yazdığımı öyrənirsə, ilk sözü bu olur: “Şeirinə mahnı bəstələnib?” İndi deyəcəksiniz ki, bəs bunda pis nə var ki, hələ bu qədər şişirdib, yazı da həsr etmisən. Yox, yox, mən demədim ki, şeirə mahnı bəstələnməsi pisdir, səbrli olun, izah edim...

Deməli belə...

Günlərin birində tanıdığım prodüsserlərdən biri zəng eləyib, bir iş barədə danışmaq istədiyini dedi, razılaşdım. Sözlərindən belə anladım ki, bəs yeni-yeni müğənniliyə başlayan bir gənc var, ona mahnı yazılmalıdır. Daha doğrusu, musiqi var, həmin musiqiyə sözlər yazmaq lazımdır. Pulu da var, nə qədər desəm, verəcək. Əvvəlcə imtina elədim, mahnıya söz yazmadığımı, belə bir təcrübəm olmadığını dedim. O isə: “Bəs necə şairsən ki, bir musiqiyə söz yaza bilmirsən? Bizə elə dərin, fəlsəfi sözlər  lazım deyil ki, elə belə yüngülvari, yaddaqalan sözlər olsun” - dedi. Bunda onun günahı yox idi. Sən demə, həmin müğənni olmaq istəyən şəxs belə istəyirmiş. Əvvəldən tanıdığım, yaxşı münasibətim olan adam olduğundan israrından keçə bilmədim, məcbur razı oldum. Kaş heç olmayaydım. Musiqini göndərdilər. Hamınızın yaxşı bildiyi, qulağımızı yağır edən yüngül, bayağı musiqi idi, peşəkarlar, səhv etmirəmsə, “6-8-lik” deyirlər adına. Adətən, müğənnilər belə mahnıları “toy tutmaq” üçün oxuyurlar. Çünki içində ritmdən başqa heç nə yoxdur. Söz vermişdim deyə, birtəhər iki bəndlik bir şeir yazıb, göndərim. Şeirin bəsitliyi özümü də diksindirirdi ki, oğlan müğənninin səs yazısını atdı. Müğənni mənim bəsit dediyim sözlərin ağırlığından, dərinliyindən şikayət edirdi. Ta söhbəti uzatmadım və bundan aşağı səviyyəni bacarmazdım deyə imtina etdim...

Düzünü desəm, hələ müğənni olmayan, buna sadəcə niyyətli birinin bu cür bayağılığa qaçması məni çox təəccübləndirmişdi. Axı, biz nə vaxt bu qədər səviyyə yoxsulu olduq? Bizim retro mahnılarımızın, elə xalq mahnılarımızın özünün necə dərin, fəlsəfi, ən azından mənalı sözləri varkən, indi niyə mənasızlığa meyl edirik? Dinləyici bu qədər bayağılığı eşitmək məcburiyyətindədirmi? Onun günahi nədir?

 

Elə bu suallara cavab axtardığım günlərin birində yeriniz məlum, bir qonaqlıqda idim. Söhbət hardan fırlandı, necə dolaşdı bilmirəm, gəlib çıxdı mənim şeir yazmağımın üstünə. Sağ olsun anam, həmişə fəxr edib mənimlə. Elə bu dəfə də fəxrlə dedi ki, bəs, bu yaxınlarda qızımın şeirlər kitabı çap olunasıdır. Bütün gözlər dikildi mənə, başladı mənim yazdığım şeirlərin müzakirəsi. Əmilərdən biri soruşdu ki, necə şeirlər yazırsan? Dedim, nə bilim, həm heca, həm də sərbəst vəzndə, əsasən, məhəbbət mövzulu şeirlər. Bir az duruxdu, düşündü, sonra alim ədası ilə başladı aram-aram danışmağa, daha doğrusu, məsləhət verməyə:

 

- Bala, sən gəl belə elə, keç toy şeirlərinə. Toylar üçün şeirlər yaz, ya da onu bacarmırsansa, belə yüngül, yaddaqalan məzmunlu şeirlər yaz, ver bəstəkarlara, qoy onlara musiqilər bəstələnsin, şeirlərin toylarda oxunsun.

 

- Niyə, ay əmi?

 

- Bilirsən, bala, indi nə ki, pul var toydadı. Kimin nəyinə lazımdıyee sənin başağrıdan şeirlərin. Ondansa, elə yaz ki, bəstəkarlar... - bu vaxt başqa bir əmi bayaqdan əlləriylə, dişləriylə min bir əzab verdiyi toyuq budunu boşqaba qoyub tez-bazar barmaqlarını yalayandan sonra söhbətə müdaxilə elədi:

 

- Lap elə bəstəkarlar da yox, aşıqlar...

 

- Hə, hə, məclislərdə oxusunlar, sən də pulunu qazan.

 

Vallah, bilmədim, bu qiymətsiz məsləhətlər qarşısında gülüm, yoxsa ağlayım. Əslində, bu adam da, o adam da haqlıdırlar. Təəssüf ki, indi toydan başqa biznes yerimiz yoxdur. Amma uşaqlığımda məbədə çevirdiyim ədəbiyyatı bir anlıq da olsa toyxana divarları arasında xəyal etmək ətimi ürpəşdirdi nədənsə.

Elə ağzımı açırdım ki, əmiyə ən tutarlısından bir cavab verəm, qurbanı olduğum anam yandan qayıtdı ki, o, heç vaxt ədəbiyyata pul mənbəyi kimi baxmayıb, ədəbiyyat onun sevgisidir.

Az qaldım duram anamı qucaqlayıb, bağrıma basam. Elə fərəhlə, gözləri dolmuş halda anama baxırdım ki, birdən əmi təəssüflə başını yelləyib:

- Bala, sən yenə də toy şeirləri yaz - dedi. Amma bunu elə dedi ki, sanki mənə olan bütün ümidləri əzişdirilib bulaşıq nimçənin içinə atılmış çirkli salfet parçaları kimi istifadəyə yararsız hala gəlmişdi.

Toy dediyimiz bizim milli adət-ənənəmiz, ən gözəl mərasimlərimizdən biridir. Onu aşağı səviyyəli anlayış kimi təsvir etməyin mən də əleyhinəyəm. Əslində, toylarda oxunan, mahnı bəstələnən şeirlər də var ki, istər poetik yükü, istərsə də bədiilik cəhətdən çox şeirdən də üstündür. İllər boyunca oxunan, indinin özündə də dilimizin əzbəri olan o qədər mahnılar var ki, şeirləri dahi şairlərimiz tərəfindən yazılıb. Hətta bir şeyi də etiraf edim ki, sözə qarşı həssaslığımdanmı, ya nədəndirsə, sözlərini başa düşmədiyim, ya da bəyənmədiyim heç bir mahnını dinləyə bilmirəm, musiqisi nə qədər mükəmməl olsa belə. Mənimçün ya musiqi tamamilə sözsüz, melodiyadan ibarət olmalıdır, ya da əgər sözləri varsa, onu mütləq anlamalıyam.

Bunların hamısı çox gözəl və eyni zamanda lazımlıdır. Ancaq gəl gör ki, cəmiyyətimizdə şairlərin durumu elə səviyyəyə düşüb, oxucu şeir yazan birinə pul qazanmaq üçün nəşriyyatın, kitab mağazasının deyil, toyxananın qapısını göstərir. Yazıq günümüzə ... və şeirimizə!

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.-2018.- 14 iyul.- S.17.