İşığa gedən
yolda...
SONA VƏLİYEVANIN
“İŞIĞA GEDƏN YOL” ROMANI HAQQINDA
DÜŞÜNCƏLƏR
Son illər Azərbaycanın görkəmli şəxsiyyətlərinin
həyatı haqqında bir sıra əsərlər
yazılıb.
Sona Vəliyevanın “İşığa gedən
yol” romanı 2016-cı ildə oxucuların ixtiyarına
verilib.
Əsər Azərbaycanın böyük maarifçi -
demokratı, xalqımızın əbədi müəllimlərindən
olan Həsən bəy Zərdabinin keşməkeşli həyat
yolu və alovlu mübarizəsindən bəhs edir. Romanda Həsən
bəyin uşaqlıq çağlarından
başlamış, ta həyatının sonunadək
mübarizələrdə keçən şərəfli
ömrü real epizodlar, rəngarəng bədii çalarlarla
təsvir edilir.
Çar
Rusiyasının müstəmləkəsi olan Azərbaycanda
baş verən mürəkkəb hadisələri əks etdirən
əsərdə milli oyanış və mədəni
maarifçilik meyillərinin artması, Bakının
dünyanın neft mərkəzinə çevrilməsi,
iqtisadi həyatda ilkin kapitalist münasibətlərinin
formalaşması, ümumilikdə, bütün Qafqazda
gözlənilən yeni ictimai-iqtisadi formasiyaya hazırlıq
prosesi, bu hazırlıq fonunda baş verən təlatümlər,
ziddiyyətlər, cəmiyyətin azsaylı modernist və
çoxsaylı mühafizəkar təbəqələrinin
toqquşması, ermənilərin antitürk fəaliyyəti
və buna bənzər mühüm olaylar əks etdirilir.
“İşığa gedən yol” Azərbaycan tarixinin, demək
olar ki, az öyrənilmiş bu
dövrünün aparıcı istiqamət və xarakterik
özəllikləri barədə zəngin material
qaynağı olaraq, həmin tarixin bir çox qaranlıq səhifələrini
obyektiv surətdə işıqlandıra bilir. Roman
həmçinin, hadisələrin xronoloji miqyası və
obrazların dolğun portretinə görə müstəqillik
dövrü Azərbaycan ədəbiyyatında tarixi şəxsiyyət
haqqında qələmə alınmış ən
sanballı epik abidə kimi qiymətləndirilməlidir.
Fakt və
hadisə bolluğuna baxmayaraq, müəllifin usta qələmi
sayəsində əsərin süjeti gözlənilən
sxematik quruluqdan və tarixi xronikanın
cansıxıcılığından uzaqdır. Bədii üslubun
çoxmənalı qatlarına enmə, real faktları bədii
rənglərlə sintezləşdirmə, orijinal təsvir və
ifadə vasitələrindən yerli-yerində istifadə isə
əsərin estetik gözəlliyini artırır.
“İşığa
gedən yol”da səhifə-səhifə addımladıqca,
yazıçının bədii təxəyyülünün
istənilən an tarixi reallığı əvəzləyəcək
gücdə olduğunu hiss edirik. Lakin tarixiliyin
konstruktiv tələblərindən kənara çıxmamaq
üçün təhkiyəçi Sona xanım
özünün həssas duyğularını,
çoxqatlı fantaziyasını məcburən
cilovlamalı olur. Bəzi məqamlarda
müəllif bilərəkdən neytral yazıçı
mövqeyindən uzaqlaşaraq, qəhrəmanının şəxsiyyətinə
heyranlığını göstərən söz və
cümlələrdən istifadə edir. Lakin
bu müdaxilə çox incə mətnaltı priyomlarla
işlədilir. Ədəbi
qanunauyğunluğun bu cür taktiki üsulla - hiss olunmadan
pozulması yazıçıdan yüksək sənətkarlıq
tələb edir.
Gəlin, “İşığa gedən yol”da Həsən
bəy Zərdabinin həyatına nəzər salaq. Çoxluq bu
böyük şəxsiyyəti, sadəcə, Azərbaycan
dilində ilk mətbu orqanın yaradıcısı kimi
tanıyır. Gerçəklikdə isə
qəzetçilik onun çoxşaxəli fəaliyyətinin
yalnız bir istiqaməti idi.
Həsən bəy Səlim bəy oğlu Məlikzadə
(Məlikov) - Zərdabi 1842-ci ildə Şamaxı
quberniyası Göyçay qəzasının Zərdab kəndində
ziyalı bəy ailəsində doğulmuşdu. Atası Səlim
bəy, babası Rəhim bəy dövrünün
açıqfikirli, müasir düşüncəli
ziyalılarından idi. Həsən bəy
Şamaxıdakı ibtidai rus məktəbini bitirdikdən
sonra I Tiflis gimnaziyasında təhsilini davam etdirir. 1861-ci ildə gimnaziyanı fərqlənmə ilə
bitirir və Moskva Dövlət Universitetinin fizika-riyaziyyat
fakültəsinin təbiət elmləri şöbəsinə
daxil olur. Təlimdəki uğurlarına
görə tezliklə dövlət təqaüdçüsü
statusuna yiyələnir. Moskva Dövlət
Universitetini namizəd diplomu (bu diplom təhsildə ən
yüksək müvəffəqiyyətə və əxlaqa
görə verilirdi) ilə bitirən ilk azərbaycanlı
olur. Tələbəlik illərində o,
MDU-nun rektoru, şərq-islam tarixi üzrə tədqiqatçı
Sergey Mixayloviç Solovyovla dostluq münasibətləri qurur.
Rektorun qızı Vera Solovyevanı sevən Həsən
bəy milli mənafe məsələlərinə görə
onunla evlənməkdən imtina edir. Şəxsi xoşbəxtliyini,
gələcək karyerasını daha ali
ideallara qurban verən Həsən bəy rus qadını ilə
izdivacın, aparacağı milli maarifçilik missiyasına əngəllər
yaradacağını düşünürdü.
Romanın süjeti Həsən bəyin Tiflisdə Torpaq
Palatasında, Bakıda quberniya idarəsində, Qubada məhkəmədə
çalışdığı zamanlarda başına gələn
cürbəcür olaylar, hətta həyatına sui-qəsd təşkilinin
təsviri ilə davam etdirilir. Hadisələrin
dinamikasını göz önündə canlandıran
axıcı təhkiyə, əsərə “səpilən” əlvan
bədii boyalar, kitabın asan oxunmasına və rahat
qavramasına səbəb olur. Əsər
qəhrəmanının həyat yolunu daha çox real detallarla
işıqlandırmağa üstünlük verən müəllif,
bədii üsul kimi oneirologiyadan (yuxugörmə üsulu)
uğurla istifadə etmişdir. Babası Rəhim bəyin
Həsənin gələcəkdə böyük adam
olacağına işarə edən yuxusu, gənc Həsənin
gələcək həyat yoldaşı ilə yuxuda
görüşməsi, “Əkinçi”nin nəşrə
hazırlandığı ərəfədə Zərdabinin
yuxuda atası ilə zəmi sulaması, Səlim bəyin “o
erməniyə (qəzetin mütərribi Minasov) güvənmə”
tapşırığını verməsi kimi hissələr,
əsərə mistik çalar qataraq, qəhrəmanın
sanki tanrı tərəfindən seçilmiş missioner
olduğunu təlqin edir. Yeri gəlmişkən,
əsərdə ikinci irreal-metafizik situasiya romanın sonunda
millət fədaisi Həsən bəyin çiyinlərdə
gedən cənazəsinin işıq selinə qərq
olması epizodu ilə göstərilir.
Əsərdən aydın olur ki, roman qəhrəmanı
Həsən bəy ictimai fəaliyyətini daim şəxsi həyatından
üstün tutmuşdur. Xalqı təhsilləndirmək xəyalı
başından çıxmayan Zərdabi, yoxsul uşaqları
oxutmaq məqsədi ilə tariximizdə ilk xeyriyyə cəmiyyətini
təsis edir. Lazım olan maliyyəni
toplamaqdan ötrü mahal-mahal, rayon-rayon gəzərək,
mülkədarlardan, bəylərdən və ağalardan ianə
yığmağa başlayır. Bəyzadə
müəllimi əsil - nəcabətinə və qonaq qismində
təşrif buyurduğu ünvanların bəy qapısı
olduğuna görə ərazilərdəki ağalar hörmətlə
qarşılayır, Cəmiyyətə maddi yardım göstərməyə
birtəhər razılaşırlar. Dinlə,
cəhalətin tüğyan etdiyi, məscidlərin məktəbləri
üstələdiyi bir dönəmdə ətalətdə
mürgüləyən varlı adamları elm, tərəqqi
yoluna yönəltmək, onları bu yolun haqq olduğuna
inandırmaq olduqca çətin idi. Ağa
və bəylər rəiyyət uşağının
oxuyacağı xəbərini eşidəndə, dərhal əks
reaksiya verir, aşağı təbəqənin ayağa
qalxmasını istəmədiklərini açıq bəyan
edirdilər. Avropanın ən mütərəqqi
ideyalarını mənimsəyən, Moskva ali mühitindən
çıxmış Həsən bəy isə bu cahil təfəkkürü,
mədəni geriliyi həmin bəylərə sadə dillə
izah edir, erməni və gürcülərin qəzet, teatr, məktəb,
mətbəə açaraq irəlilədiyini, müsəlman
türklərin isə bütün mətləblərdə
geri qaldığını tutarlı dəlillərlə əsaslandırırdı.
Məktəb,
maarifçilik, təhsil ideyalarının gerçəkləşməsində
Həsən bəy kimi ziyalıların qarşısında
duran birinci maneə, çarizmin imperialist siyasəti idisə,
ikinci və miqyasına görə ən böyük problem,
kütləni ardınca aparan dini fanatizm idi. Təsadüfi
deyil ki, çar məmurları “Əkinçi” qəzetində
gedən materiallarla bağlı Həsən bəyə
sözlə “diqqətli olmağı” tapşırarkən,
din xadimləri tərəfindən beyni yuyulmuş cahil gənclər
onu ölümlə hədələyirdilər.
Belə bir qaranlıq mühitdə və istibdad şəraitində
Həsən bəy yenə də ruhdan düşmür, əksinə,
əldə etdiyi xırda-para nailiyyət onun ürəyini
dağa döndərir, gələcəyə ümidlər bəsləməyinə
stimul verirdi.
Romanda
göstərilir ki, Həsən bəy o zaman Qafqazda fəaliyyət
göstərən on gimnaziyanın müəllimləri
içərisində ali təhsil
almış yeganə azərbaycanlı idi. Ürəkağrıdıcı
məqam isə həmin gimnaziyalarda azərbaycanlı
şagirdlərin yox dərəcəsində olması idi.
Həsən bəy azərbaycanlı
uşaqları məktəbə cəlb etmək
üçün əhali arasında təbliğat aparmaqdan
yorulmurdu.
Maddi yardımların kəsilməsi üzündən
“Cəmiyyəti-xeyriyyə” iki illik fəaliyyətindən
sonra bağlanmalı olur.
Həsən bəy gimnaziyadakı yoxsul uşaqların təhsilinə
kömək məqsədilə yollar aramaqda davam edir. Uzun
düşüncələrdən sonra qəfil onun
ağlına dostu və silahdaşı Mirzə Fətəli
Axundovun “Sərgüzəşti-vəziri-xani Lənkəran”
komediyasını səhnələşdirmək ideyası gəlir.
Əsər Həsən bəyin tələbələri
Nəcəf bəy Vəzirov və Əsgər ağa
Goraninin iştirakı ilə 1873-cü ildə səhnədə
nümayiş olunur.
Tamaşadan toplanan vəsait yoxsul şagirdlərin təhsil
xərclərinə yönəldilir. Bununla da Həsən bəy
Zərdabi Azərbaycan mədəniyyəti tarixində ilk
milli teatrın əsasını qoyaraq yeni tarix yaradır.
Lakin müsəlman əhalinin teatra maraq göstərməməsi,
qəhrəmanımızı yenidən başqa vasitələrlə
maliyyə axtarmağa məcbur edir. Nəticədə
o, ana dilində ilk mətbuat orqanı yaratmaq fikrinə
düşür. Nəhayət, 1875-ci ildə
Tiflisdə ilk milli Azərbaycan qəzeti “Əkinçi”
işıq üzü görür. Min bir əziyyət
bahasına qəzetin çapı üçün icazə
almağı bacaran Həsən bəy qəzetin qısa fəaliyyəti
boyunca Azərbaycan türklərinin maariflənməsi, təhsil
və elm dalınca getməsi təbliğatını
aparır, üstüörtülü də olsa, millətin
istismar edildiyini, bu vəziyyətin bütün türk
xalqları üçün eyni olduğunu göstərirdi.
Krım türklərinin böyük maarifçi ideoloqu
İsmayıl bəyin Həsən bəylə
tanışlığı zamanı iki mütəfəkkir
arasında gedən dialoq olduqca maraqlıdır:
- “Ustad, sizcə, dünyada yaşayan biz türklərin əsas
problemi nədir? - İsmayıl bəy soruşur.
Həsən
bəy cavab verir:
- Burda
gizlədiləsi heç nə yoxdur. Bütün
türklər eyni soy-kökdən olduğu üçün
bizim hamımızın ümumtürk ortaq ədəbi
dilimizi formalaşdırmaq, bu dildə gələcək nəsillərə
təhsil vermək lazımdır. Onların
hamısı bu dildə oxumağı, yazmağı, öyrənməlidirlər.
Vahid, ortaq dil problemi bu gün türk
xalqlarının qarşısında dayanan əsas məsələlərdən
biridir. Söhbət etsək, özbəklər,
qırğızlar, qazaxlar, çərkəzlər və
başqa türk xalqları biz azərbaycanlıları və
Anadolu türklərini çətinliklə anlayacaqlar. Dil xalqların birliyində mühüm məsələdir.
Məncə, beş-altı ildənbir bu
mövzuda müəyyən toplantılar keçirilməli,
ortaq dil problemləri araşdırılmalıdır.
Dünya türklərinin birliyinə nail olmaq
üçün bu, çox vacib bir məsələdir. Türkdilli xalqların ittifaqı
yaradılmalıdır. Amma bu, indiki şəraitdə
çox çətindir”.
Dialoqdan
göründüyü kimi, Həsən bəyin sərhədlərə
sığmayan arzu və düşüncələri təkcə
Azərbaycanı deyil, bütövlükdə ümumtürk
xalqlarının taleyini işığa çıxarmaq, eyni
dilə, mədəniyyətə mənsub
bu nəhəng etnosu sivil dünyada, mütərəqqi proseslərin
içində firavan görmək istəyindən doğurdu.
Ermənilərin
Qafqaz Canişinliyinə, bəzən, hətta çarın
özünə yazdığı ardı-arası kəsilməyən
donoslar nəticəsində “Əkinçi” qəzeti iki ildən
sonra bağlanır. Ancaq ermənilərin “Mşak” qəzeti
isə qırx doqquz il ömür
sürmüş, üstəlik, “Əkinçi”dən fərqli
olaraq, senzuraya çox az məruz qalmış, milli-dini ədavətin
qızışdırılmasında sərbəst
çıxışlar etmişdi.
“Əkinçi”nin nəşrinin dayanması heç də Həsən
bəyin - bu böyük ideya generatorunun fəaliyyətinin
dayanması demək deyildi. Zərdabda yaşadığı
16 il ərzində o, “Dildə, fikirdə, əməldə
birlik” ideyasını, təhsildə yeniliyi təbliğ edən
İsmayıl bəy Qaspıralının “Tərcüman” qəzetindəki
fikirlərinin əhali arasında yaymaqla məşğul
olurdu. Həsən bəy Bakıya
köçdükdən sonra “Kaspi” qəzetində
çalışmağa başlayır. Çox
keçmədən Bakı şəhər Dumasına deputat
seçilir. O, Dumanın iclaslarında davamlı olaraq,
şəhərin uzaq məhəllələrində məktəb
və xəstəxana açılması məsələsini
qaldırır, əksər hallarda onun müsbət həllinə
nail olurdu. Təsadüfi deyil ki, onun yorulmaz fəaliyyəti
sayəsində Rus-Azərbaycan məktəblərinin sayı
üçdən on altıya
çatdırılmışdı.
Romandan onu da öyrənirik ki, Bakıda 1901-ci ildə
ilk rus-müsəlman qadın məktəbinin (“Qızlar
Seminariyası”) açılmasının təşəbbüskarı
Həsən bəy Zərdabi, maliyyə dəstəkçisi
isə böyük xeyriyyəçi Hacı Zeynalabdin
Tağıyev idi. Məktəbin ilk müdiri Həsən bəyin
həyat yoldaşı, ziyalı qadın Hənifə
xanım Abayeva təyin edilmişdi.
Bakıda ilk dəfə olaraq, müəllimlərin
qurultayının çağırılması da Həsən
bəyin adı ilə bağlıdır. Azərbaycan
Xalq Cümhuriyyətinin yaradıcılarından olan Əlimərdan
bəy Topçubaşov və Əhməd bəy
Ağaoğlu kimi ziyalılar da məhz Həsən bəyin dəvəti
ilə Bakıda bir araya gəlmişdilər. Xəyallarında ideallaşdırdığı
müstəqil respublikanın doğuluşunu görmək Həsən
bəyə nəsib olmasa da, ardıcılları onu haqlı
olaraq, cümhuriyyətin mənəvi atası hesab edir, xatirəsini
əziz tuturdular.
Romanda Həsən
bəyin Seyid Əzim Şirvani, Mirzə Fətəli Axundov,
Mirzə Hüseyn Qayıbov, Mirzə Qədim İrəvani, Nəcəf
bəy Vəzirov, Əsgər ağa Gorani kimi şəxsiyyətlərlə
səmimi dostluq münasibətləri ətraflı təsvir
edilir.
Həsən bəyin Azərbaycanın müxtəlif
bölgələrinə səfərlərinin təsviri
zamanı müəllifin həmin bölgənin tarixində
müəyyən gəzişmələri etməsi,
romanın milli koloritini artırır. Ərazilərin
etnoqrafik və etimoloji tarixçəsinin xatırlanması,
bölgə insanlarının həyat tərzi və xarakterlərinin
açılışı əsərə epopeya biçimi
verərək hüdudlarını genişləndirir.
Ümumiyyətlə, Sona xanım baş qəhrəmanının
daxili aləmini, mərd xarakterini real detallarla üzə
çıxararaq, kitabda milli ziyalının ideal
obrazını yarada bilmişdir.
Məsələn, Həsən bəy Bakı Qəza
İdarəsində məmur kimi
çalışdığı vaxtlarda dəftərxanaya
şikayətə gələn zavallı hüquqsuz kəndlilərin
haqlarını müdafiə edir, onlar üçün pulsuz ərizələr
yazır, haqlarını başa salır,
övladlarını oxutmalarının vacibliyini izah edirdi. Əsərdə
göstərilir ki, böyük pedaqoq savadsız, çarəsiz
insanlara bütün varlığı ilə yardım etməyə
o qədər can yandırır, aludə olurdu ki, əksər
hallarda nahar fasiləsinə çıxmağı belə
unudurdu. Bu arada Həsən bəyin təmiz,
vicdanlı şəxsiyyəti, xalq arasında artan hörməti,
rüşvətxor və istismarçı çar məmurlarının
və onlara nökərlik edən ermənilərin xoşuna gəlmirdi.
Buna görə də Həsən bəy öz iş yerini
tez-tez dəyişmək məcburiyyətində
qalırdı.
Onu ən
çox incidən məqamlardan biri, bəlkə də ən
birincisi, yetişməkdə olan milli burjuanın, neft
kapitalistlərinin, milyonçuların, ağa və mülkədarların
milli şüura malik olmamaları, millətin inkişafı
üçün çalışan qəzet, mətbəə
və teatr kimi azsaylı qurumlara maddi-mənəvi dəstək
verməmələri idi.
Əsərdə
qeyd olunur ki, Cəmiyyəti-Xeyriyyənin bağlanması,
“Əkinçi”nin
sıxışdırılması, böyük ideyaları həyata
keçirmək üçün lazım olan maddi vəsaitin
tapılmaması Həsən bəyi çıxılmaz
duruma salır, əsəblərini gərginləşdirirdi.
Bir dəfə “Əkinçi”nin
bağlandığı ərəfədə işdən
çıxıb evinə gedən Zərdabi, Qış
sarayının qarşısında bir cüt bəzəkli
faytonun yürüdüyünü, dəbdəbəli
faytonların bir kazinonun qarşısında dayanaraq, içərisindən
iki zəngin müsəlman kişisi və iki
yarıçılpaq erməni qadınının
düşdüyünü görür. Zənginlərimizin
pul xərclədiyi “dəyərləri” görən Zərdabiyə
bu mənzərə çox pis təsir edir. Uğrunda savaşdığı xalqın məzlum,
faciəli taleyinin varlı təbəqənin cılız
zehniyyəti ilə bilavasitə əlaqəli olduğu qənaətinə
gəlir.
Ümumiyyətlə,
“İşığa gedən yol” romanının bədii
keyfiyyətləri, süjet xəttinin dramaturgiyası, mürəkkəb
kompozisiyası, yazıçının orijinal fərdi
üslubu, bir neçə istiqamətdə: tarixi, siyasi, bədii,
fəlsəfi baxış açısından dəyərləndirilə
bilər.
Əsər mövzu dərinliyi və struktur mürəkkəbliyinə
görə ağır klassik romançılıq stixiyasına
sahibdir. Tarixi fenomenlərin real surətləri, hadisələrin
obyektiv və konkret ardıcıllığı əsərin
ictimai-siyasi dəyərini artırır.
Romanda
canlandırılan Azərbaycan maarifçilik
dövrünün əsas ideya və istiqamətləri XVIII əsr
Fransa maarifçilik hərəkatı ilə oxşar
xüsusiyyətlərə sahib olduğundan burada qısa
paralellər aparmaq istəyirik:
1. Avropada
maarifçilik hərəkatı bütün hərəkətverici
qüvvəsi ilə kilsə və kral mütləqiyyətinə
qarşı yönəlmişdi;
Azərbaycanda
isə maarifçilik hərəkatı islam
xurafatı və çar Rusiyasının müstəmləkəçilik
siyasəti əleyhinə yönəlmişdi;
2.
Fransız maarifçiliyi təkcə Fransanın coğrafi ərazisini
əhatə etmir, fransız filosoflarının odlu-alovlu
ideyaları bütün Avropa ölkələrində
böyük təsir qüvvəsi ilə yayılırdı;
Azərbaycan
maarifçilik hərəkatının izləri isə
Gürcüstan, İran, Dərbənd, Rusiya, Türkiyə,
Orta Asiya ərazilərində məskunlaşan türkdilli
xalqların mədəni və siyasi dirçəlişinə
təkan verirdi;
3.
Fransız maarifçiliyi Avropanın ictimai-siyasi quruluşunu
kökündən dəyişərək, liberal-demokratik
respublikaya keçidin təməlini qoyan böyük
fransız burjua inqilabını doğurdu;
Azərbaycan maarifçiliyi isə öz növbəsində
ölkə ərazisində yaşayan bütün milli, etnik,
dini birliklərin bərabərhüquqlu, sərbəst
yaşamasını nəzərdə tutan, Şərqdə
ilk dəfə qadınlara seçki hüququ verən, qoca
Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq
Cümhuriyyətini yaratdı.
4. Fransa
maarifçilik hərəkatının aparıcı fiqur və
ideoloqları tanınmış yazıçı,
ictimai-siyasi xadim və filosoflar (Didro, Dalamber, Helvetsi, Russo,
Monteskyö, Volter və başqaları) idi;
Azərbaycan
maarifçiliyinin də öndə gedən aparıcı
şəxsiyyətləri - yazıçı, filosof, ictimai
xadim və pedaqoqlar (H. Zərdabi, M.F. Axundov, Ə. Hüseynzadə,
Ə.Ağaoğlu, S. Ə. Şirvani, N. Vəzirov, Ə.Haqverdiyev,
M. Ə. Sabir, C. Məmmədquluzadə, Ö. F. Nemanzadə,
Ü. Hacıbəyli, Y.V.Çəmənzəminli və
başqaları) idi.
Fransız maarifçiliyi dövrünü əbəs
yerə xatırlamadıq. Aydındır ki,
mühiti şəxsiyyətlər yaradır, şəxsiyyətləri
də mühit yetişdirir.
Bu mənada biz Zərdabini Avropa maarifçilik və inqilab hərəkatının başlıca hərəkətverici qüvvəsi olan “Ensiklopediya”nın naşiri, Avropa fəlsəfi fikir tarixinin sərkərdələrindən biri böyük humanist Deni Didro ilə müqayisə edə bilərik. Didro öz “Ensiklopediya”sını nəşrə hazırlayanda onu sırf elmi məqalələrin cəmləşdiyi bilim kitabı kimi yaymaq fikrində idi. Lakin dövrün tələbi “Ensiklopediya”nı elmi mahiyyətindən daha çox ictimai mühitin tənqidçisi kimi tanıtdı. Mübarizə üsullarına görə Didro daha açıq və kəskin mövqedə dayansa da, Zərdabi hədəfə aldığı ideya və planlarında daha radikal islahatçı sayıla bilər.
Zərdabi - ideoloji cəbhədə Didro, mənəvi mübarizədə Volter, siyasi düşüncədə isə Lokk kimi savaşırdı.
Bütün bunlara görə Sona Vəliyevanın “İşığa gedən yol” romanı tarixi şəxsiyyətin əbədiləşdirilməsi fonunda qələmə alınmış ən uğurlu nəsr əsəri kimi diqqətəlayiqdir. Yeri gəlmişkən, əsəri film mövzusu olaraq da xarakterizə etmək mümkündür. Sözü görüntüyə çevirmə bacarığı, bədii müşahidə qabiliyyəti roman əsasında bədii film çəkilməsini labüd edir. Yazıçının sözügedən tarixi dövrü mükəmməl canlandırması, rejissor işini xeyli asanlaşdıracaq. İctimai-sosial mühitin əhatəli, dolğun təsvirlərinə, qəhrəmanın milli məfkurəçilik mübarizəsinin gerçəkliyinə, səmimiyyətinə, tarixi şəxsiyyətin yüksək sənətkarlıqla yaradılmış bitkin portretinə görə “İşığa gedən yol” romanı tarixi-bədii filmin ssenarisi olmağı haqq edir.
Şəlalə
GÖYTÜRK
525-ci qəzet.-2018.- 14 iyul.- S.16-17.