“Çingiz Aytmatov: milliliklə bəşəriliyi birləşdirən fenomen”

 

ƏDƏBİYYAT İNSTİTUTUNDA BEYNƏLXALQ ELMİ KONFRANS OLUB

 

Dünən AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda dünya şöhrətli yazıçı Çingiz Aytmatovun 90 illik yubileyinə həsr olunmuş “Çingiz Aytmatov: milliliklə bəşəriliyi birləşdirən fenomen” adlı beynəlxalq elmi konfrans keçirilib.

 Konfransda Ədəbiyyat institutunun əməkdaşları, tanınmış ziyalılar, ədəbiyyatşünaslar, türk dünyasından Azərbaycana təşrif buyuran qonaqlar və media nümayəndələri iştirak ediblər.

Tədbirdən öncə qonaqlar foyedə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının təşkil etdiyi kitab sərgisi və yazıçının şəkillərindən ibarət rəsm sərgisi ilə tanış olublar.

Beynəlxalq konfransı giriş sözü ilə  AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Çingiz Aytmatovun yaradıcılığının milli və bəşəri keyfiyyətlərindən bəhs edib, fəaliyyəti, Ümumtürk ədəbiyyatında və beynəlxalq miqyasda yeri haqqında məlumat verib, keçirilən beynəlxalq elmi konfransın məqsədini açıqlayıb. Akademik bildirib ki, Çingiz Aytmatov hər zaman Azərbaycanda sevilən, əsərləri daima dilimizə tərcümə olunaraq müxtəlif nəşriyyatlarda dəfələrlə nəşr edilən nadir yazıçılardan biridir: “Çingiz Aytmatov Azərbaycan xalqının böyük dostu idi. O, Azərbaycan mütəfəkkirlərinin yaradıcılıqlarını yaxşı bilir və yüksək dəyərləndirirdi. O, Cəlil Məmmədquluzadəni hekayənin böyük ustadı adlandırırdı. Bilirik ki, Mirzə Cəlil ilk dəfə Azərbaycan ədəbiyyatında kiçik adamı böyük ədəbiyyata gətirmişdi. Eləcə də Çingiz Aytmatovun yaradıcılığında da kiçik adamlardan bəhs olunur. Bundan sonra dünya ədəbiyyatında bir çox yazıçıların əsərlərində bu tendensiyaya rast gəlirik. Deməli, o, kiçik adamı dünya miqyasında böyük ədəbiyyata gətirdi. Kənd müəllimi, Cəmilə, Tyanşan dağlarının ətəklərində yaşayan kəndlilər və s. məhz bu qəhrəmanlara misal ola bilər. Beləcə onun əsərləri ilə kiçik adam ədəbiyyatın əsas qəhrəmanına çevrildi”.

İsa Həbibbəyli yazıçının əsərlərinin dilindən bəhs edib, onun bədii koloritindən söz açıb: “Çingiz Aytmatov əsərlərində türk ruhunu əks etdirsə də, demək olar ki, onların hamısını rus dilində yazmışdı. Onun dünya miqyasında tanınmasında bu faktın da sözsüz ki, rolu olub.

Hər kəs ona ürəklə bizim yazıçımız deyir. Çünki o, təkcə qırğızların, türklərin, sovet imperiyasının deyil, bütün planetin yazıçısıdır”.

Akademik çıxışında bir faktı da qonaqların diqqətinə çatdırıb. Belə ki, UNESCO-nun hesablamalarına görə, Çingiz Aytmatov 170 dildə olmaqla dünyanın ən çox oxunan üç yazıçısından biridir. Digər ikisi isə Lev Tolstoyla Şekspirdir.

Natiq konfransda qonaqlara təqdim olunan AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nəşri “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının yeni adda  ilk sayının bütünlüklə Çingiz Aytmatova həsr olunması İnstitutun, bütövlükdə Azərbaycan Milli Elmlər Akademiyasının “Çingiz Aytmatov ili”nə töhfəsi olduğunu deyib: “Bu il böyük Türk dünyasında onun 90 illik yubileyi ilə əlaqədar Çingiz Aytmatov bayramları keçirilir. Qeyd etməliyik ki, 2018-ci ilin Çingiz Aytmatov ili elan olunmasından sonra bu münasibətlə keçirilən ən böyük bayram məhz bu gün Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda keçirilən elmi konfransıdır”.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Dusen Kaseyinov çıxışında TÜRKSOY haqqında geniş məlumat verib və qeyd edib ki, Türk dünyasının UNESCO-su adlandırılan TÜRKSOY yarandığı 25 il ərzində Türk dünyasının parlaq şəxsiyyətlərinin yubileylərini diqqətdən kənarda saxlamamış, geniş miqyasda qeyd etmişdir: “2018-ci il də böyük qırğız yazıçısı Çingiz Aytmatovun 90 illik yubileyi münasibətilə “Çingiz Aytmatov ili” elan olunub. Bu münasibətlə biz il boyu bir sıra ölkələrdə tədbirlər, konfranslar, gecələr təşkil olunur. Azərbaycanın, xüsusən Azərbaycan Milli Elmlər Akademiyasının bu işdə bizə dəstəyi də çox sevindirici haldır və biz buna görə təşəkkürümüzü bildiririk.Çingiz Aytmatovun əsərləri dünya ədəbiyyatının parlaq səhifələridir. O, türk mənəviyyatını əsərlərində çox yüksək şəkildə əks etdirib”

TÜRKSOY-un baş katibi, Çingiz Aytmatovu fateh Çingiz Xanla müqayisə edib, qələmin hər zaman qılınc üzərində qələbə çaldığını vurğulayıb: “Böyük Çingiz Xan dünyanı qılınc, Çingiz Aytmatov isə qələmlə fəth etmişdir. Ancaq qılınc fatehliyi müvəqqətidir, bir gün mütləq sona yetəcək. Qələm isə daim yaşayır. İllər keçdikcə daha artıq insanların qəlbini fəth edir. Çingiz Aytmatov hər zaman türk mədəniyyətinin dünyadakı təbliğini çox yüksək səviyyədə həyata keçirib”.

Ç.Aytmatovun nəinki Türk dünyasında, eləcə də bütün dünya ədəbiyyatında özünəməxsus iz qoyduğunu deyən Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Altınbek Mamayusupov onun siyasi fəaliyyətindən də söz açıb: “Çingiz Aytmatov təkcə bədii yaradıcılıqla deyil, həmçinin, siyasi fəaliyyətlə də öz xalqına xidmət etmişdir. Cəmiyyət üzərində böyük təsirə malik yazıçı qırğız mədəniyyətini, adət-ənənələrini, milli təfəkkürünü beynəlxalq miqyasda uğurla təmsil etmişdir. O, diplomat kimi fəaliyyətində ilk olaraq Avropa-Türk xalqları arasında qarşılıqlı əlaqələrdə mühüm rol oynayırdı”.

A.Mamayusupov yazıçının dilə qarşı həssaslığını, qırğız dilinin inkişafındakı önəmini də xüsusi vurğulayıb: “O, dilin qorunması və inkişafında da böyük işlər görmüşdü. Onun dil məsələsinə toxunarkən ölümsüz “Manqurt”u xatırlayırıq. Təəssüf ki, indiki manqurt insan simalarından birinə çevrilib”.

Vaxtilə Ç.Aytmatovla yaxın dostluq əlaqələri olan millət vəkili, yazıçı Hüseynbala Mirələmov konfransdakı çıxışında onun öncə yaradıcılığı, sonra isə özüylə tanışlığından bəhs edib: “Mən ilk dəfə onu 1963-cü ildə “Cəmilə” povesti ilə oxumuşam. Sonra bir-bir onun bütün əsərlərini mütaliə etdikcə yaradıcılığına böyük sevgim yarandı. Dəfələrlə oxumağıma baxmayaraq, mən yenə də onun əsərlərindən doymuram, indinin özündə də tez-tez bu əsərlərə müraciət edirəm. Çingiz Aytmatov sözün həqiqi mənasında nəhəng adamdır”.

Millət vəkili özünün “Xəcalət” povesti sayəsində onunla tanışlığını da xatırlayıb: “Mən öz povestimi ona göndərmişdim. Bir müddət sonra o, mənə zəng elədi və povesti çox bəyəndiyini dedi. Dedi ki, “burada Qarabağ həqiqətlərini çox gözəl mənalandırmısan və mən çalışacam ki, bu povesti Qırğızıstanda çap edək”. Cəmi altı aydan sonra o, öz sözündə duraraq kitabı qırğız dilində “Armen” adı ilə çap etdirdi. Sonra biz onunla Misirdə, Brüsseldə, Bakıda dəfələrlə görüşdük”.

H.Mirələmov çıxışının davamında yazıçının ayrı-ayrı əsərləri haqqında düşüncələrini bölüşüb.

Rusiya Federasiyasından tədbirə qatılan filologiya üzrə elmlər doktoru, professor Vladamir Aqenesov yazıçı ilə bağlı fikirlərini bölüşüb. Professor bildirib ki, Çingiz Aytmatov həm qırğız dilində, həm rus dilində əsərlərini qələmə alan və hələ sovet dövründə çox sevilən yazıçı olmuşdur. O, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda keçirilən tədbirin əhəmiyyətli olduğunu vurğulayıb.

“Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan çıxışında Ç.Aytmatovla 2008-ci ildə Bakıdakı görüşünü xatırlayıb və qeyd edib ki, onun Azərbaycan, Azərbaycan xalqına və ədəbiyyatına müsbət mənada fərqli baxışı vardı. O deyib ki, Çingiz Aytmatov özündə, yaradıcılığında dünyanı qlobal şəkildə elə birləşdirmişdi ki, sanki yeriyən Yer kürəsinə çevrilmişdi.

Yunus Əmrə İnstitutunun Azərbaycan təmsilçiliyinin müdiri Cihan Özdemir Ç.Aytmatovla bağlı xatirələrini bölüşüb: “O, yüksək müşahidə qabiliyyətilə dünyanı çox gözəl qavrayırdı. Bu, onda uşaqlıqdan vardı. Bəlkə də Allah vergisi idi. O, əsərlərində qırğız ruhunu idealizə etməyib. “Manqurt”da əslində Sovet rejiminə kinayə edir. Yəni, siz öz ideyalarınızla bizi manqurta çevirmək istəyirsiniz, biz isə bunun fərqindəyik və mən bunu yazıram. Siz isə məni oxuyursunuz. Deməli, yazıçının nəyi yazmağı yox, necə yazmağı önəmlidir. O, çağının ruhunu duyan və bunu əsərlərində əks etdirən yazıçı idi”.

Bakıdakı Misir Mədəniyyət və Təhsil əlaqələri mərkəzinin rəhbəri Əhməd Sami əl-Aydi Çingiz Aytmatovun əsərlərinin Misirdəki nəşrləri haqqında məlumat verib.

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov çıxışında deyib ki, Çingiz Aytmatov təkcə qırğız xalqının deyil, bütün türk dünyasının, mədəniyyətinin və ənənələrinin tanıdılmasında böyük rol oynayıb”.

Daha sonra çıxış edən professor Abuzər Bağırov, Özbəkistanda fəaliyyətdə olan azərbaycanlı jurnalist Qulu Kəngərli, filologiya üzrə fəlsəfə doktoru Ülviyyə Hüseynova Çingiz Aytmatov yaradıcılığı haqqında düşüncələrini bölüşüblər.

Çıxışlardan sonra məruzələr dinlənilib.

Filologiya üzrə elmlər doktoru, professor Leyla Gərayzadə Çingiz Aytmatovun yaradıcılığında ümumbəşəri problemlərdən bəhs edib.

Filologiya üzrə elmlər doktoru Elnarə Akimova “Çingiz Aytmatovla yeniləşən dünya” adlı məruzəsi ilə yazıçının yaradıcılığını beynəlxalq miqyasda təhlil edib.

“Çingiz Aytmatovun yaradıcılığında insan və təbiətin dialektikası” mövzusunda məruzə ilə Filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlı çıxış edib.

Filologiya üzrə fəlsəfə doktoru Mehman Həsən “Əsrə bərabər gün” romanında üslubi kontekst: Boranlıdan kosmosa qədər” mövzusundan söz açıb.

Konfrans boyunca ekranda Ədəbiyyat İnstitutunun şöbə müdiri Zakirə Əliyevanın foto şəkillərdən hazırladığı video çarx nümayiş olunub. Çarxda yazıçının müxtəlif illərdəki fəaliyyətini əks etdirən, eləcə də Azərbaycan səfərlərindən görüntülər yer alıb. İ.Həbibbəyli həmin video çarxın bir nüsxəsini akademiyanın adından TÜRKSOY-a hədiyyə edib. Həmçinin, çıxışçılara Ədəbiyyat İnstitutunun adından “Təşəkkür bəlgəsi” təqdim olunub.

 

 

Şahanə MÜŞFİQ

525-ci qəzet.-2018.- 14 iyul.- S.15.