Aqil Abbasla şahmat söhbəti

 

“PİYADALIQDAN VƏZİRLİYƏ YÜKSƏLMƏK OLUR: OYUNDA DA, HƏYATDA DA”

 

 

 “525-ci qəzet”in redaksiyasında Rəşad Məcidlə şahmat haqqında söhbət edirdik. Bir dönəm siyasətin ayrılmaz bir parçası olan bu oyunun populyarlığı, mahiyyəti, dünya çempionları haqqında başlayan söhbətimizdə Aqil Abbasdan söz düşdü.

 Rəşad Məcid, gəncliyində Aqil Abbasın ona şahmatla bağlı hekayələr danışdığını, bu oyuna böyük marağı olduğunu dedi. Düşündük ki, iki ədəbiyyatçının şahmat haqqında söhbəti hamı üçün maraqlı olar.

Təbii ki, şahmat lövhəsi olmadan şahmat söhbəti də ola bilməzdi. Ertəsi gün İstanbuldan aldığım və ən çox sevdiyim şahmat lövhəsini də götürüb “Ədalət” qəzetinin redaksiyasına getdim. Şahmat bizə hər şeyi unutdurdu. Sanki bura onunla söhbətləşmək üçün yox, şahmat oynamaq üçün gəlmişəmmiş kimi bütün diqqətimizlə oynamağa başladıq. Oyun sonuna qədər bərabərliyi qorusam da, “at d2” ikili hücum həmləsiylə şah və topum təhdid altında qaldı. Təslim olub söhbətə başlamağın zamanı gəldiyini anladım... 

- Aqil müəllim, şahmatla tanışlığınız nə zamandan başlayıb?

- Mənim atam gözəl şahmat oynayırdı. 4-5 yaşım olardı, atam axşamlar başımızı qatmaq üçün mənə şahmat oynamağı öyrətdi. Atam yaxşı oynayırdı, həmişə ona uduzurdum. Heç bir şahmat məktəbinə getməmişəm. Bir şey deyim ki, bizim nəsildə demək olar ki, uşaqlı-qocalı, qadınlı-kişili, hamı şahmat oynamağı bilir. Dayım oğlu Səbuhi məktəblər arasında Azərbaycan çempionu olmuşdu. Qəzetdə yazırdılar ki, 10 yaşlı uşaq böyükləri mat qoydu. Onun da çempion olmaq, professional şəkildə şahmatla məşğul olmaq üçün şansları vardı, amma sonra davam etmədi.

- Bəs siz uşaqlarınıza bu oyunu öyrətmisiniz?

- Uşaqlarım şahmata həvəsli idilər. Ancaq qarışıq dönəmlər idi, onlara öyrətməyə vaxtım olmadı. Nəvəm yaxşı oynayır, hərdən şahmat gətirir ki, baba, gəl oynayaq. Özü də, deyəsən, atası öyrədib.

- Bilirsiniz ki, sovet dövründə şahmat siyasətlə sıx bağlı idi. İstərdim bir az bu haqda danışaq.

- O vaxt şahmat bütün dünyanın marağında olan bir oyun idi. Doğrudur, məsələninin siyasi tərəfi də vardı. SSRİ və Amerika arasındakı gərginliyə görə də şahmat təbliğ olunurdu. Futboldan çox, insanlar şahmat turnirlərini izləyirdilər. Bilirsiniz ki, şahmat üzrə dünya çempionatı futbol çempionatından da uzun çəkirdi, amma buna rəğmən 24 oyunun hamısını maraqla izləyirdilər. Gündəlik həyatda da çayxanalarda ən çox oynanan oyun idi. Heydər Əliyev birinci dəfə hakimiyyətə gəldikdən sonra rayonlarda şahmat məktəbləri açılmağa başladı. Bu da şahmatın inkişafına təkan verdi. Ağdamda da böyük şahmat məktəbləri açılmışdı. Həm məktəblər açılırdı, həm də şahmat dərnəkləri yaradılırdı. İndi bilmirəm var, yoxsa yox, həmin dövrdə dövlət televiziyasında Fikrət Sideifzadənin şahmatla bağlı verilişi vardı. Orada müxtəlif oyunların izahını verir, şahmat məsələləri həll edirdi. Adamlar o verilişi qaçırmırdılar. Hamı maraqla gözləyirdi ki, Sideifzadənin bu gün verilişi olacaq. İndi şahmat siyasi statusunu itirsə də, bu oyuna maraq elə əvvəlki kimi qalıb. Bu oyunun ənənəsinin güclü və zəif olduğu ölkələr var. Məsələn, Türkiyədə şahmat ənənəsi zəifdir. Təxminən, on beş il əvvəl Türkiyədə iki nəfərin şahmat oynadığını gördüm. Mən də oyunu izlədim və bir-iki gediş göstərdim. Biləndə ki, Azrəbaycandanam, hamısı böyük hörmətlə yanaşdı mənə. Oynamağı təklif elədilər. Onlarla vəzirsiz oynadım və qalib gəldim. Bunu görən bir nəfər yaxınlaşıb dedi ki, mən filan otelin sahibiyəm, nə qədər istəyirsən qal burada, amma mənə şahmat oynamağı öyrət. Mən oteldə qalmaq təklfini qəbul etmədim, amma həmin adama şahmat oynamağı öyrətdim.

 

- Şahmatın mənə qazandırdığı çox şeylərdən danışa bilərəm. Birini deyim: İstanbulda birinci ilimdə özümü tənha hiss edirdim, o günlərdə şahmat məni depressiyaya düşməkdən qorudu. Bəs şahmat sizə həyatda nələr qazandırıb?

 

- Ümumiyyətlə, musiqi və ya idman növləri səni dünyadan üzür. Dünya da, yaşadığın problemlər də yaddan çıxır. Şahmat mənim üçün dünyadan bir az uzaqlaşmaq və zövq almaq vasitəsidir. Bunu bir az dini rituallara bənzətmək olar. Necə ki, ibadət zamanı insan Allahıyla təkbətək qalır. Şahmatda da insan özü-özüylə baş-başa verir. Müxtəlif fikirlər var. Məsələn, Marksa görə, şahmat vaxt itkisidir. Amma bu fikirlə razılaşmıram. Şahmatın insan beynini inkişafında böyük rolu var.

- Sizcə, şahmat və həyat arasındakı paralellər, bənzərliklər nələrdir?

- Həyatımızı qurduğumuz kimi şahmatı da qururuq. Dünyada insana ən yaxın olan elə şahmatdır. Dünyada biri o birisinə oxşayan ikinci bir adam yoxdu. Şahmat yeganə oyundur ki, yaranandan bugünə qədər heç bir oyun təkrarlanmayıb. Başlanğıcdakı 15-20 gediş eyni ola bilər, amma ondan sonrası həmişə yenidir. İnsanların, həyatın təkrar olunmazlığı ən yaxşı şəkildə şahmatda öz əksini tapıb. Bunu da deyə bilərəm ki, bəzi real hadisələri şahmatdan nümunə çəkərək yazdığım yazılarım olub. Məsələn, bir rəvayət var ki, Bent Larsen Fişerə dünyanın ən yaxşı şahmatçısı olduğunu deyir. Fişer də dünyadakı bir nömrəli şahmatçının özü olduğunu deyir və arxasından ikinci, üçüncü, dördüncü, beşinci yerdə gördüyü qrossmeysterlərin adını çəkir, deyir ki, sən bunlardan sonra bir yerdə ola bilərsən. 1970-80-ci illərdə bir çox şairlər deyirdilər ki, ölkənin bir nömrəli şairi mənəm. Vaqif Bayatlı isə deyirdi ki, mən ikinci ən yaxşı şairəm. Soruşanda deyirdi ki, birinciliyə hami iddalıdı, amma ikinciliyə heç kimin iddiası yoxdu (gülüşürük). Bir tədbirdə hamı ayağa qalxıb indi adını çəkmək istəmədiyim bir adam haqqında deyirdilər ki, Ağdamda döyüşən bircə o olub. Allahverdi Bağırov, Eldar Bağırov, Şirin Mirzəyevin adını çəkən yoxuydu. Mən də buna hirsləndim və yazı yazdım. Fişerin misalını çəkib yazdım ki, səndən öncə bu adamlar var, sən ancaq bunlardan sonra bir yer tuta bilərsən.

- Kasparov haqqında nə düşünürsünüz?

- Bakıda doğulmuş bir həmyerlimizdir. Düzdür, o, sonra naxələf çıxdı. Onun əsl soyadı Vaynşteyndir. Yəhudilər ona dedilər ki, əgər çempion olmaq istəyirsənsə, soyadını dəyiş. O da anasının familyasını götürdü. Bugün fikirləri nə olursa olsun, bunu danmaq olmaz ki, 1980-ci illərdə bizdə hamı onunla fəxr edirdi.

- Stefan Zvayqin “Şahmat” novellasında Doktor B. həbsxanada şahmat oynayaraq həyata tutunur. “Dolu” romanında da komandir həbsxanada şahmat oynayaraq təklik hissindən qurtulur. Siz bunu bir ədəbi fənd olaraq işlədirsiniz, yoxsa təsadüfü bir bənzərlikdir?

- Zvayqın bu əsərini oxumamışam. Bilirəm ki, insan tək olanda özü-özüylə şahmat oynayır, mən də özümlə çox oynamışam. O səhnələr real həyat müşahidəsindən gəlir.

- Başqa oyunlardan fərqli olaraq şahmatda təsadüfə heç bir yer yoxdur...

- Elədir. Məsələn, nərdtaxta da pis oyun deyil, onun da çempionatları olur. Bu oyunda da müəyyən kombinasiyalar var, amma burada qələbə sadəcə sənin zəkandan asılı deyil. Zərin, təsadüfiliyin də böyük önəmi var. Şahmatda bir maraqlı fakt da var ki, bütün idman növlərində sıralama ədədi silsilə üzrədir. Şahmatda isə həndəsi silsilədir, yəni 1 və 2-ci yer arasında digər idman sahəsinə görə çox fərq var.

- Heç şəxsən tanıdığınız qrossmeysterlər olub?

- Bir dəfə təsadüfən Artur Yusupovla tanış oldum. Türk olduğu üçün onu çox istəyirdik, oyunlarını maraqla izləyirdik. Həmin görüşdə heç vaxt çempion ola bilməyəcəyini demişdi. Bunu milli amillə bağlayırdı, on oyunçudan beşini udan kimi, digərləri bir-birinə xal verərək onu geri salırdılar...

- Eyni şeyi Bobbi Fişer də deyirdi. “Dolu” romanında da onun adı hallanır.

- O, şahmatın peyğəmbəri idi. Uşaqlıqdan onunla maraqlanıram. 13 yaşında gəlib ilk dəfə SSRİ-yə, amma uduzub getmişdi. Fişer deyirdi ki, zalda oyunu izləmək üçün oturan sovet şahmatçılarının hərəsi bir fiqurdur. Rus şahmatçıyla oynayanda onun həmyerliləri oturub oyunu təhlil edirdilər. Məsələn, əgər “at f3” oyundakı ən yaxşı gedişdirsə, əvvəlcədən at fiquru olaraq müəyyənləşdirilən adam ayağa qalxıb gəzişir, ya da gizli bir işarə göndərir. Həmin oyunçu da bütün diqqətini at üzərində cəmləşdirir. Fişer buna görə qapalı məkanda oynamaq istəyirdi. Fişerin bir başqa tələbi də mükafat məbləğinin artırmasıyla bağlı idi. O deyirdi ki, bir boksçu fiziki güc tətbiq edərək zəkasını istifadə edən bir şahmatçıdan çox pul qazanır. Buna etiraz edirdi. Bir başqa maraqlı şey də danışım. Parapsixioloq Tofiq Dadaşov danışırdı ki, Karpovla Kasparov arasındakı dünya çempionatında Kasparova kömək edib. Şahmat tarixində belə diqqət yayındırmalar olub.

- Ən çox sevdiyiniz şahmatçı kimdir?

- Qeyri-adi həmlələrinə görə ən çox sevdiyim şahmatçı Aleksandr Alyoxindir. O, dahiydi. Dünyada ilk şahmatçıdır ki, gözübağlı, 40 nəfərlə oynayıb. Həyatı da ağrılı keçib. Stalindən bağışlanmağı haqqında teleqram aldığı gün ölmüşdü. Onun haqqında çəkilən “Rusiyanın bəyaz qarı” filmini çox sevirəm, maraqlı əsərdir.

- Bilirsiniz ki, Kasparov 1990-larda kompüterlə şahmat oynamışdı. İndi də şahmat oynayan robotlar var. Şahmat konteksində insan zəkası və suni intellektlə bağlı nə düşünürsünüz?

- Sizin və mənim kimi həvəskarlar 4-5 həmlə fikirləşə bilərik. Qrossmeysterlər isə 15-16 gediş öncəsini görə bilirlər. Kompüter isə saniyədə milyonlarla gedişi təhlil edə bilər. Amma kompüter də insan ağlının məhsuludur. Məncə, kompüteri də udmaq olar.

 

- Dünyanın ən yaxşı şahmatçıları adətən kişilər olur. Buna istinadən kişinin qadından daha ağıllı olduğunu iləri sürənlər var. Siz nə düşünürsünüz, doğrudanmı burada bioloji amilin təsiri var, yoxsa səbəb başqadır?

- Qadın kişidən ağılsız və zəif deyil. Bu cür yanaşmanı düzgün saymıram. Bu onunla bağlı ola bilər ki, adətən, adamlara elə gəlir, şahmat kişi oyunudur. Bu oyun kişilər arasında məşhurdur. Mənim tanıdığım bir çox qadın şahmatçılar var, məsələn, Aynur Sofiyeva. Gürcülərdə qadın şahmatçılar çoxdur, bizdə də son dönəmdə qadınların şahmatda aktivliyi hiss olunur.

- Bayaq dediniz ki, bütün çempionatları maraqla izləyirdiniz. Bəs indi necə?

- Yox, izləmirəm. 1990-cı ildə “Ədalət” qəzeti yeni yarananda müavinim Mehman Cavadoğluyla bütün günü, ya onlarda, ya bizdə şahmat oyanayırdıq. Qəzet açılanda eyni otaqda otururduq. Dedim ki, əgər şahmat oynamağa davam eləsək, qəzeti istədiyimiz səviyyədə buraxa bilməyəcəyik. Hər gün bu qədər şahmat oynayanda gecə beyin də dincəlmir. Bütün gecə, etdiyin gedişləri, yanlışları, gözlənilməz həmlələri xatırlayırsan. İndi turnirləri, demək olar ki, izləmirəm və əvvəlki kimi də tez-tez şahmat oynamıram.

- Şahmata marağınızı bilən dostlar hədiyyə seçimində bunu nəzərə alırlarmı?

- 50 yaşımda - kimin verdiyini tam xatırlamıram - mənə dəyərli bir şahmat  hədiyyə etmişdilər. Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu ailəsiylə bizə qonaq gəlmişdi. Onun oğlu da şahmat həvəskarı idi. Evimizdəki bu şahmatı görəndə çox bəyəndi. Mən də şərt qoydum ki, üç oyun oynayaq, əgər məni udsan, şahmatı sənə hədiyyə edəcəm. Gördüm, uşaq çox həvəslidi ki, bu şahmat onun olsun, mən də qəsdən uduzdum.

- Şahmat haqqında roman və ya hekayə yazmağı düşünmüsünüz?

- Yox, belə bir planım olmayıb. Amma hazırda üzərində işlədiyim romanımda şahmatla bağlı hissələr olacaq.

- Şahmat oynadığınız maraqlı rəqiblərdən kimləri xatırlayırsınız, ya da hansı ədəbiyyatçılarımızın şahmata olan marağına şahid olmusunuz?

- Universitetdə oxuyanda Ələmdar adında bir oğlan vardı, onun şahmat oynamağı qeyri-adiydi. Belə, cəmiyyətdə çox tanınmayan onlarla adam adı çəkə bilərəm. Tanıdığımız adamlar arasında məsələn, Rəşad Məcidin rəhmətlik atası yaxşı şahmat oynayırdı. Jurnalistlər arasında da yaxşı şahmat oynayanlar var. Ədəbiyyatçılardan  Sabir Əhmədov və Məmməd Arazla şahmat oynamağım yadıma gəlir. Digər ədəbiyyat adamlarından isə “Ulduz” jurnalının redaksiyasına gedəndə Yusif Səmədoğlu, Siyavuş Sərxanlı, Nüsrət Kəsəmənlinin şahmat oynadığına şahid olmuşam.

- Bəlkə də, ən böyük motivasiyalardan biridi ki, şahmat lövhəsindəki ən zəif fiqur olan piyada ən son xanaya qədər gedib çıxsa, vəzir ola bilir...

- ...Hə, insan da belədi... Oyunda da, həyatda da piyadalıqdan vəzirliyə yüksəlmək olur. Məncə, ən zəif insan da ağlının hesabına ən güclüyə çevrilə bilər.

 

525-ci qəzet.-2018.- 14 iyul.- S.12-13.