Qoşa qanadların
harmoniyası
Məlum olduğu kimi, elm adamlarına məxsus olan
akademik düşüncə dünyanı və müasir cəmiyyəti
əsaslı şəkildə dərk etmək, davamlı
inkişaf proseslərinin qanunauyğunluqlarını sistemli
şəkildə araşdırıb ümumiləşdirmək
yaxın və uzaq gələcəyə doğru gedən
yolları aydın surətdə göstərmək deməkdir.
Bu mənada dünyanı və müasir cəmiyyəti
dərindən qavramaq və əks etdirmək elmi idrakın
ana vəzifəsidir. Ona görə də elm bəşəriyyətin
çırağı, alimlər dünyanın
kompasıdır.
Böyük ədəbiyyat da sözün həqiqi mənasında
əsl elmin həyata keçirdiyi vəzifələri obrazlı
şəkildə əks etdirir. Ədəbiyyatın vəzifəsi
dünyada, cəmiyyətdə və insanın mənəvi
aləmində gedən prosesləri bədii cəhətdən
əks etdirməklə müasir zaman haqqında
düşünməkdə və çıxış
yolları tapmaqda oxuculara bələdçilik etməkdən
ibarətdir. Ədəbiyyat - həyatın
güzgüsü, yazıçılar zamanın bələdçiləridirlər.
Deməli, dünyanı, cəmiyyəti və insanı
dərk və şərh etməkdə, gələcəyə
doğru yol göstərməkdə elmlə ədəbiyyat
vahid strategiyaya malikdir. Bu cəhətdən elm və ədəbiyyat
dünyanı və insanı dərk etməyin qoşa qanadlarıdır.
Ümumiyyətlə, yaradıcılıq
istedadı üçün elm və ədəbiyyat qoşa
qanad funksiyasını həyata keçirir. Fərq ondadır ki, alimlər dünyanı və cəmiyyəti
elmi idrak vasitəsilə şərh edir, yazıçılar
isə bədii təxəyyül əsasında obrazlı
şəkildə mənalandırırlar. İstedad və zəhmət qoşa qanadın hər
iki qütbü üçün eyni dərəcədə
vacib və əhəmiyyətlidir. Böyük Nizami Gəncəvinin
“Çox iti zehinlər yatan oldular, Axırda saxsı qab satan
oldular” misralarında
ifadə olunan mətləb alim üçün nə
qədər zəruridirsə, yazıçıdan ötrü
də həmin səviyyədə qiymətlidir. Yaradıcı insanlardan elmi idrakı
üstünlük təşkil edənlər elm yolunu tutur, bədii
təxəyyülü ağır gələnlər isə
yazıçılıq fəaliyyəti ilə məşğul
olurlar. Dünyada və ölkəmizdə
ayrı-ayrılıqda elm, yaxud bədii yaradıcılıq
yolunu tutub, hər biri öz sahəsində tanınan, məşhur
olan alimlər və yazıçılar çoxluq təşkil
edirlər. Həm elm, həm də bədii
yaradıcılıq yolları ilə addımlayan
yaradıcı ziyalılar da az deyildir. Lakin elmi idrakla bədii təxəyyülün
imkanlarını sintez halında özündə üzvi surətdə
cəmləşdirib, həm əsl alim kimi, həm də
böyük yazıçı səviyyəsində qəbul
olunan yaradıcı şəxsiyyətlər barmaq ilə
göstəriləcək qədər nadir simalardır. Belə insanlar elmə də, ədəbiyyata da
şöhrət gətirən, özü də cəmiyyətdə
xüsusi xidmətləri ilə fərqlənən görkəmli,
daha doğrusu, qüdrətli şəxsiyyətlərdir.
Azərbaycan cəmiyyətində həm
yazıçı və həm alim kimi bərabər, yaxud
yaxın səviyyədə qəbul olunan yaradıcı
simalar daha çox humanitar və ictimai elmlərdə təmsil
olunan ziyalılardır. Məsələn, akademik Mirzə
İbrahimov böyük elm xadimi və həm də görkəmli
xalq yazıçısıdır. Akademik
Teymur Bünyadovun tanınmış etnoqraf alim, eyni zamanda, nəsr
əsərləri və bayatılar müəllifi olan
yazıçı kimi fəaliyyəti bir-birinə
yaxındır. Akademik Kamal Abdulla ciddi bir
dilçi alim olmaqla bərabər, həm də eyni səviyyədə
(bəlkə də daha çox - İ.H.) qəbul olunan
yazıçıdır. Azərbaycan ictimaiyyəti
adlıq cümləyə və sintaksisə aid qiymətli əsərlərin
müəllifi olan professor Kamal Abdullanı həm də
“Yarımçıq əlyazma” romanı kimi dünyanın
otuzdan çox dilinə tərcümə edilmiş bədii əsərin
yaradıcısı kimi yüksək qiymətləndirir. Professor Paşa Qəlbinurun da oftalmologiya sahəsindəki
xidmətləri ilə şairliyi arasında bərabərlik
işarəsi qoymaq mümkündür. Qasım
Qasımzadə, Arif Abdullazadə, Atif Zeynallı, Rəhim
Əliyev və başqaları elmdə də, ədəbiyyatda
da bərabər mərtəbədə dayanırlar.
Elm sahəsində də özünəməxsus xidmətləri
olan xalq şairi Bəxtiyar Vahabzadə, xalq
yazıçısı Elçin və başqaları daha
çox yazıçı və şair kimi şöhrət
qazanmışlar. Nəinki Azərbaycan cəmiyyəti, hətta
həmin sənətkarların özləri də bədii
yaradıcılıqlarını elmi fəaliyyətlərinə
güzəştə getməzlər. Filologiya elmləri
üzrə akademik olan xalq şairi Bəxtiyar Vahabzadə bu məsələyə
münasibətini aşağıdakı kimi ifadə
etmişdir:
Bəxtiyaram,
iki fəxri adım var,
Alim Bəxtiyaram,
şair Bəxtiyar.
Qatlayıb
dizinin altına qoyar,
Alim Bəxtiyarı şair Bəxtiyar.
Lakin elm və ədəbiyyat sahəsində qoşa
qanadın bir istiqamətində üstün xidmətləri
olan yaradıcı ziyalılara daha çox misal göstərmək
mümkündür. Belə məqamlarda həmin şəxsiyyətlər
elm və ədəbiyyatın hər iki cəbhəsində təmsil
olunsalar da, onların adı bunlardan birində “görkəmli”lər
sırasına daxil edilir. Sovet
yazıçılarının II Ümumittifaq qurultayında
poeziya haqqında məruzə etmək səviyyəsində dərin
elmi idraka malik olan, Azərbaycan Milli Elmlər
Akademiyasının vitse-prezidenti vəzifəsində
çalışan Səməd Vurğun müqayisədə
görkəmi xalq şairi kimi daha çox şöhrət
qazanmışdır. Bədii yaradıcılıq sahəsindəki
çoxcəhətli və səmərəli fəaliyyətlərini
heç də aşağı salmadan qətiyyətlə demək
mümkündür ki, akademik Məmməd Cəfər Cəfərov,
akademik Həmid Araslı, akademik Teymur Kərimli, professor Məmmədhüseyn
Təhmasib, professor Məhərrəm Qasımlı və
başqaları elm adamları olaraq daha çox xidmət
göstərmişlər. Onların şəxsində
tərəzinin hər iki gözü dolu olsa da, son nəticədə
elm gözü ağırlıq təşkil edir.
Akademik Rafael Hüseynovun, müxbir üzv Yaşar Qarayevin... fəaliyyətində
bədii yaradıcılıq geniş yer tutmasa da, onların
obrazlı təfəkkürünün masştabını təsəvvür
etməyə imkan verən səviyyədədir.
Dəqiq elmlər və təbiət elmləri sahəsində
qoşa qanadın hər iki qütbünü bərabər səviyyədə
inkişaf etdirmək vəzifəsinin eyni miqyasda öhdəsindən
gələnlər nadir yaradıcı simalar hesab edilirlər. Həm dünya təcrübəsində,
həm də Azərbaycan reallığında az da olsa
yaşayıb-yaratmış belə simalar, məsələn,
akademik Şəfayət Mehdiyev geologiya üzrə ölkə
miqyasında tanınmış alim olduğu kimi, həm də
şeir və dramaturgiya ilə ardıcıl məşğul
olan, bu sahədə də mühüm nailiyyətlər
qazanan görkəmli yaradıcı şəxsiyyətdir. Zəngin şeir yaradıcılığına
görə fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet
İsaxanlı haqqında “Müstəqillik dövrü Azərbaycan
ədəbiyyatı” ikicildlik monoqrafik tədqiqatında
ayrıca portret oçerk verilmişdir.
Geologiya-mineralogiya elmləri doktoru, professor
Hikmət Mahmudun bədii əsərlərinin 3 cildliyinin
çap olunması mühüm ədəbi hadisədir.
Bununla belə,
ölkəmizdə və onun hüdudlarından kənarda
görkəmli alimlər kimi tanınmış akademik Ziya
Bünyadovun, müxbir üzv Xudu Məmmədovun bədii
yaradıcılığı onların fəaliyyətində
obrazlı qavrayışın miqyasını əks etdirsə
də, aparıcılıq təşkil etmir.
Botanika
İnstitutunun əməkdaşı, biologiya üzrə fəlsəfə
doktoru Sadıq Qarayev son illərdə “Sahilsiz təzadlar” və
“Sahibsiz kölgələr” adlı iki geniş həcmli
romanını çap etdirməklə bədii
yaradıcılıq sahəsində ardıcıl surətdə
və məsuliyyətlə məşğul olduğunu
nümayiş etdirir. Burası da
maraqlıdır ki, Sadıq Qarayevin romanlarında Akademiya
mühitindən, elm adamlarının həyatından bəhs
olunur və dünyanın görkəmli elm xadimlərinin
fikirlərinə, böyük elmi ideyalara istinad edilir. Bu mənada Sadıq Qarayevin bədii
yaradıcılığı elmi idrakla bədii təxəyyülün
sintezinin imkanlarını real olaraq əks etdirir.
Göründüyü kimi, dəqiq və təbiət
elmləri sahəsində bədii yaradıcılıqla
ardıcıl məşğul olub, böyük nailiyyətlər
qazanmaq mümkündür. Bu, onların
simasında Qoşa qanadın hər iki qanadının
qüvvətli olmasının göstəricisidir. Bu, - bədii yaradıcılıqla yanaşı,
elmin də xeyrinədir. Səmərəli
elmi fəaliyyətlərinə görə daha çox təmsil
etdikləri ixtisas sahibləri arasında tanınan dəqiq və
təbiət elmlərinin nümayəndələri bədii
yaradıcılıq istiqamətindəki nailiyyətləri ilə
ölkə miqyasında geniş ictimai rəy qazana bilirlər.
Bundan başqa, elm adamları idrakın bədii
dərkinin aparıcılıq təşkil etdiyi yeni tipli ədəbiyyat
yaratmağa nail olmuşlar. Bu isə öz
növbəsində ədəbiyyatın yeni ideyalarla və
üslubi müxtəlifliklərlə zənginləşdirilməsinə
xidmət edir.
Qoşa qanad - elm və ədəbiyyatın, elmi idrakla bədii
təxəyyülün sintezi və vəhdəti deməkdir. Fikrimizcə, fundamental elmə
aid olan riyaziyyat, fizika, kimya, coğrafiya, astronomiyanın
inkişafında bədii fantaziyanın, geniş mənada ədəbiyyatın
rolu problemi müstəqil bir elmi tədqiqatın mövzusu ola bilər.
Eyni zamanda, ədəbiyyatın və ya bədii
yaradıcılığın inkişaf etdirilməsinə
elmi idrakın, dəqiq və təbiət elmlərinin, elmi
ideyaların təsiri məsələləri də xüsusi
araşdırmalar üçün zəngin material vermək
imkanlarına malikdir. İnanırıq ki,
bu istiqamətlərdə aparılacaq tədqiqatlar elmin və
ədəbiyyatın inkişafında həmin sahələrin
qarşılıqlı əlaqəsinin müstəsna rolunu
aşkara çıxaracaqdır. Ona
görə də Milli Elmlər Akademiyası baxımından
yanaşdıqda elmi mühitdə bədii düşüncəni
inkişaf etdirmək elmi idrakın yeni keyfiyyətdə təkamülündə
mühüm rol oynaya bilər. Ədəbi
düşüncənin, bədii təfəkkürün
inkişaf etdirilməsində elmin yeri və rolu isə
müstəsna dərəcədə əhəmiyyətlidir.
Böyük qəlb şairi Məhəmməd
Füzulinin “Elmsiz şeir əsası yox divar olur” misrası
riyazi dəqiqliklə ifadə olunmuş ədəbi
düsturdur.
Bütün bunlara görə Milli Elmlər
Akademiyasında “Qoşa qanad” layihəsinin ardıcıl olaraq
həyata keçirilməsi və inkişaf etdirilməsi
müasir dövrdə elmin və ədəbiyyatın yeni hədəflərə
çatdırılması üçün mühüm əhəmiyyətə
malikdir.
“Qoşa qanad” layihəsində elm və ədəbiyyat əlaqələri
üstünlük təşkil etsə də, bu baxış
yalnız bədii yaradıcılıq sahəsi ilə məhdudlaşmayıb,
elmlə incəsənətin müxtəlif sahələrinin:
təsviri sənətin, musiqi sənətinin,
xalçaçılıq, oyma və döymə, xəttatlıq
sənətlərinin də qarşılıqlı əlaqələrini
və zənginləşdirilməsi məsələlərini
də özündə cəmləşdirir. Azərbaycan
Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət
İnstitutunun bazasında 2014-cü ildən təşkil
olunan elm adamlarının rəsm əsərlərinin sərgiləri
elm və təsviri sənət münasibətlərinin
geniş imkanlara malik olduğunu nümayiş etdirir. Memarlıq və İncəsənət
İnstitutunun ayrı-ayrı elm sahələrində
çalışan alimlərin müxtəlif mövzularda təşkil
olunmuş 8 rəsm sərgisinə həsr edilmiş sənətşünaslıq
üzrə fəlsəfə doktoru Xəzər Zeynalovun “Alimlər
- rəssamlar” adlı monoqrafik kitab hazırlayıb 2017-ci ildə
nəşr etdirməsi təsviri sənətin
inkişafında elmi idrakın yerini və mövqeyini diqqət
mərkəzinə çəkir. Məhəmməd
Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı,
tanınmış xəttoyma sənəti ustası, Əməkdar
mədəniyyət işçisi Seyfəddin Məsimoğlunun
bu sənətə dair “Xəttin sənət möcüzəsi”
kitabı da (2016) ağac üzərində xəttoyma sənətinin
elmi sirlərini əyani şəkildə meydana qoyur. Kitaba
ön söz yazmış Əməkdar incəsənət
xadimi, sənətşünaslıq üzrə fəlsəfə
doktoru Ziyadxan Əliyev ağac üzərində xəttoyma sənətinin
yaradıcısı olan Seyfəddin Məsim oğlu Məmmədvəliyevin
bu nadir sənət sahəsində qazandığı nailiyyətlərin
əsas səbəbini haqlı olaraq
onun “ağacoymanın ənənəviləşən
forma-biçimini və məna-məzmun tutumunu yeni bədii-texniki
məziyyətlərlə zənginləşdirməsi,
başqa sözlə desək, “novatorluq nümayiş etdirməsi”
ilə əlaqəli olduğunu bəyan etmişdir. Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunda fəaliyyət göstərən
“Ədəbiyyatşünaslıq, plyus” Yaradıcılıq
Birliyinin rəhbəri, fillogiya üzrə elmlər doktoru,
professor Vüqar Əhmədin “Ədəbiyyat İnstitutunda ədəbi
proses” mövzusundakı araşdırmaları və məruzələrində
ədəbiyyat haqqında elmin yaradıcılarının bədii
yaradıcılığındakı elm amilinin mahiyyəti
konkret bədii nümunələrlə əsaslandırılır.
Fizika-riyaziyyat
elmləri doktoru, professor Hamlet İsaxanlının 2018-ci ildə
nəşr etdirdiyi “Əlkimya: elm, sənət və mistika”
kitabı elmi idrakla bədii düşüncənin sintezi və
vəhdəti problemlərinə həsr olunmuş
mühüm elmi əhəmiyyətə malik ciddi monoqrafik tədqiqatdır.
Bu, - dünya miqyasında geniş mənada ədəbiyyatdan
elmə, konkret mənada isə bədii
yaradıcılıqdan əlkimya və əlfizikaya, yaxud da əksinə
olan elmi-ədəbi prosesləri dərindən
araşdırıb ümumiləşmiş şəkildə
təqdim edən sanballı tədqiqat əsəridir. Bu, - Azərbaycan elminin bədii təxəyyüllə
elmi idrakın qarşılıqlı əlaqələrinin nəzəriyyəsi
və təcrübəsinə qiymətli töhfəsidir.
Ümumiyyətlə, “Qoşa qanad” layihəsi Azərbaycan
Milli Elmlər Akademiyasında 2014-cü ildən həyata
keçirilən “Fizika və lirika” tədbirlərinin üzvi
tərkib hissəsidir. “Fizika və lirika” konfransları dəqiq
və texniki, habelə təbiət elmləri sahəsində
çalışıb, həm də bədii
yaradıcılıqla məşğul olmağın elmi
laboratoriyasını, nəzəri mahiyyətini öyrənən
və təqdim edən yeni bir platformadır. “Fizika və lirika” - elmlə ədəbiyyatın
müttəfiqliyinin elmi-nəzəri təqdimatıdır.
“Fizika və lirika” - fundamental tədqiqatlarla məşğul
olan alimlərin bədii fantaziyasının miqyası və əhəmiyyətin
şərh edən fərqli elmi baxışdır. “Fizika və lirika” həm də bədii
yaradıclıqla məşğul olan ədəbiyyat
adamlarının elmə istinad etməklə hansı
yaradıcılıq nailiyyətləri qazana biləcəklərinin,
fərqli bədii əsərlər yazmaq istedadının
mühüm göstəricisidir. Bu, vaxtilə
ustad Məhəmməd Füzulinin dediyi kimi, “elmsiz şeir əsası
yox divar olur” düsturunun uğurlu bədii həlli deməkdir.
İlk dəfə Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunda, ikinci dəfə Şamaxı Astrofizika Rəsədxanasında,
sonra isə Mərdəkan Dendrologiya parkında təşkil
olunan “Fizika və lirika” konfransları “Qoşa qanad”
adlandırılıb, elmdə təmsil olunan idrak sahiblərinin
bədii yaradıcılıqlarını təqdim edən ədəbiyyat
ocağının funksiyaları bir-birini tamamlayır. Bu mənada
“Qoşa qanad” layihəsi “Fizika və lirika”nın təcrübi
istiqaməti, əksinə, “Fizika və lirika” isə “Qoşa
qanad”ın nəzəriyyəsidir. Bu ilin noyabr
ayında Azərbaycan Milli Elmlər Akademiyasında və
Rusiya Federasiyasının Dubna Nüvə Tədqiqatları
İnstitutunda keçirilməsi nəzərdə tutulan
“Fizika və lirika”: dünya təcrübəsi və ölkə
reallıqları” Beynəlxalq elmi konfransı Qoşa
qanadın hər iki qanadının möhtəşəm bir
harmoniyası və hesabatı olacaqdır. Müxtəlif
ölkələrdən dəvət olunmuş görkəmli
dəqiq və təbiət elmləri üzrə alimlərin
bədii yaradıcılıqla məşğul olmağın
reallıqları, elmə və ədəbiyyata gətirdiyi
böyük dəyişikliklər barəsindəki elmi məruzələri
toplusu “Fizika və lirika” adlı tam yeni bir elmi istiqamətin təqdimatına
çevriləcəkdir.
Nəzərə almaq lazımdır ki, hazırda Milli Elmlər Akademiyasının müxtəlif elmi-tədqiqat institutlarında Azərbaycan Yazıçılar Birliyinin 41 nəfər üzvü vardır. Onlardan 29 nəfəri Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda, 10 nəfər fizika-riyaziyyat, təbiət və yer elmləri bölmələrində, 1 nəfər Folklor və 1 nəfər isə Əlyazmalar İnstitutunda elmi axtarışlarla yanaşı, bədii yaradıcılıqla da ardıcıl şəkildə məşğul olurlar. Akademik qurumlarda çaılaşn alim-yazıçıların Azərbaycan dilində və xarici dillərdə yüzdən çox kitabları nəşr edilmişdir. Bundan başqa, hələlik Yazıçılar Birliyinin üzvü olmasalar da Milli Elmlər Akademiyasında bədii yaradıcılıqla məşğul olanların kəmiyyət göstəriciləri həmin qurumun üzvlərindən çoxdur. Keçən il nəşr edilən “Plyus bədii yaradıcılıq” almanaxında 49, “Qoşa qanad” almanaxında isə 37 nəfər Akademiya əməkdaşlarının şeir, hekayə və tərcümələrinin çap olunması və bu ilki ədəbi almanaxlarda həmin göstəricilərin daha da artması bu ali elmi qurumda bədii yaradıcılıqla məşğul olanların geniş miqyasını təsəvvür etməyə imkan yaradır. Artıq Milli Elmlər Akademiyası mühitində ədəbi proses ölkə üzrə gedən bədii yaradıcılıq proseslərinin aparıcı istiqamətlərindən birinə çevrilmişdir. Milli Elmlər Akademiyası əməkdaşlarının bədii yaradıcılıq nümunələrinin çap olunduğu “Qoşa qanad və “Plyus bədii yaradıcılıq” almanaxlarının ardıcıl nəşri Akademiya mühitində çıxan ilk ədəbi toplular kimi mühüm əhəmiyyt kəsb edir”. Ona görə də bundan sonra Akademik çevrədə yaranan ədəbiyyatın inkişafı qayğıları ilə məşğul olmaq, ümumiyyətlə, Azərbaycan ədəbiyyatının inkişafı məsələlərinə diqqət yetirmək missiyasını həyata keçirmək deməkdir. “Fizika və lirika”, “Qoşa qanad”, “Ədəbiyyatşünaslıq, plyus” layihələri tədricən ədəbi yaradıcılıq qruplarına, hətta ədəbi cərəyana çevrilmə prosesini yaşayır.
Beləliklə, “Qoşa qanad” layihəsi davam edir və əhatə dairəsini genişləndirir. “Qoşa qanad”ın 2018-ci ilə aid ədəbi təqdimatları elmin və ədəbiyyatın inkişafı üçün əhmiyyətli olan bu layihənin böyük və geniş imkanlarını nümayiş etdirir.
Uzun müddət Milli Elmlər Akademiyasında çalışıb, elmi fəaliyyətlə məşğul olduqları üçün bədii yaradıcılıqlarını elmi mühitdən gizli saxlayanların, yaxud bədii əsərlərini çap etdirməyə risk etməyənlərin bu gün şeir və hekayələrinin “Qoşa qanad”, “Plyus bədii yaradıcılıq” almanaxlarında yer almasında israrlı olmaları artıq fundamental tədqiqatlar aləmində ədəbiyyat faktorunun da özünəməxsus yer tutduğunu nümayiş etdirir. Akademik çevrədə bədii yaradıcılığa meylin qüvvətlənməsi ölkəmizin ali elmi təşkilatında böyük alimlərlə yanaşı, görkəmli yazıçıların da yetişib formalaşacağına geniş üfüqlər açır.
1 iyul 2018-ci il
525-ci qəzet.-2018.- 14 iyul.- S.10-11.
İsa HƏBİBBƏYLİ
Azərbaycan Milli Elmlər
Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil
Komitəsinin sədri, akademik
“Həqiqi şeir fantaziyası
olmadan böyük fizika yaratmaq mümkün deyildir”.
Lev Landau Nobel mükafatı
laureatı