Brüssel sammiti: Azərbaycanın
uğuru
ERMƏNİSTAN
ÜÇÜN NÖVBƏTİ TƏRS SİLLƏ
Azərbaycan müstəqillik əldə etdikdən sonra
Avropaya və Qərbə inteqrasiya siyasətini aparmağa
başladı.
Bu siyasət yalnız sözdə deyil, konkret
addımlarla həyata keçirildi.
Ölkəmiz Avropa İttifaqı, NATO, Avropa
Şurası və digər beynəlxalq qurumlarla sıx əməkdaşlığa
başladı.
Təbii ki, Azərbaycan ikitərəfli və
çoxtərəfli əməkdaşlığı bərabər
hüquqlu prinsiplər əsasında aparır. Ölkəmiz
hər zaman müstəqil siyasi xəttini qoruyub saxlayıb.
Bu gün həm Avropa, həm də Qərb Azərbaycanı
özünün ən yaxın müttəfiqi hesab edir.
Azərbaycan öz müttəfiqləri tərəfindən etibarlı tərəfdaş
kimi qəbul edilir.
Bu mənada Azərbaycan prezidenti İlham Əliyevin
Brüsselə səfəri böyük əhəmiyyət
daşıyır. İlham Əliyev NATO-nun baş katibi Yens
Stoltenberqin dəvəti ilə NATO-nun Zirvə toplantısında
iştirak etmək üçün iyulun 10-da Brüsselə səfər
edib. Dövlət başçısının
keçirdiyi görüşlər, imzalanmış sənədlər
Azərbaycanla Avropa İttifaqı və Qərb arasında
münasibətlərin, siyasi, iqtisadi, energetika, nəqliyyat və
digər sahələrdə uğurlu əməkdaşlıq əlaqələrinin
daha da dərinləşməsinə xidmət edir.
Azərbaycan Avropa ilə müxtəlif sahələrdə
uğurlu əməkdaşlıq edir, xüsusilə,
Avropanın enerji təhlükəsizliyinin təminində
mühüm rolu var. Azərbaycanın liderliyi ilə həyata
keçirilən transmilli enerji layihələri Avropanın
enerji təhlükəsizliyinin təmin olunmasına vacib
töhfədir.
Prezident
İlham Əliyevin Brüsselə səfəri zamanı Azərbaycanla
Avropa İttifaqı arasında “Tərəfdaşlıq
prioritetləri” sənədi paraflandı ki, bu da ikitərəfli
tərəfdaşlıq əlaqələrinin gələcək
inkişafı üçün yeni imkanlar açır. Sənədin birinci bəndində qeyd edilir ki, əməkdaşlığın
daha da gücləndirilməsi məqsədilə
qarşılıqlı maraq və birgə dəyərlərə
əsaslanaraq Azərbaycan və Avropa İttifaqı tərəfindən
birgə tərəfdaşlıq prioritetləri
razılaşdırılıb. Eyni zamanda,
birinci bənddə hər iki tərəfin ölkələrin
ərazi bütövlüyü, müstəqilliyi və
suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq
sərhədlərin toxunulmazlığının dəstəklənməsinə
sadiqliyi ifadə olunur.
Tərəfdaşlıq və qarşılıqlı
hörmətə əsaslanan sənəd, həmçinin, Azərbaycanın
öz iqtisadiyyatının şaxələndirilməsinə
yönəlmiş siyasətini, ölkəmizdə iqtisadi
islahatlar gündəliyinin dəstəklənməsi istiqamətində
görülən işlərə Avropa İttifaqının
mümkün töhfəsini qeyd edir.
Sənəddə Azərbaycanın əlverişli geostrateji
mövqeyə malik olması, ölkəmizin Şərq-Qərb
və Şimal-Cənub nəqliyyat və enerji layihələrinin
həyata keçirilməsinə verdiyi töhfə də
Avropa İttifaqı tərəfindən vurğulanır. Eyni zamanda, “Cənub
Qaz Dəhlizi” layihəsinin tezliklə tam
yekunlaşmasının və bunun nəticəsində Avropa
bazarlarına təbii qazın
çatdırılmasının əsas prioritetlər
sırasında olduğu bildirilir.
Sənəddə Azərbaycanın mədəniyyətlərarası
dialoqun inkişafına verdiyi töhfənin əhəmiyyəti
vurğulanır və bu sahədə Avropa
İttifaqının Azərbaycanla əməkdaşlığa
xüsusi marağı olduğu bildirilir. Eyni zamanda,
paraflanan sənəddə Azərbaycan ilə Avropa
İttifaqı arasında vizaların ləğvi sahəsində
dialoqun perspektivləri də əksini tapıb.
Prezident İlham
Əliyevin Brüsselə səfəri Azərbaycanla NATO
arasında güclü tərəfdaşlıq əlaqələri
regional təhlükəsizlik və sabitlik məsələlərində
mühüm rol oynayır.
Dövlət başçısı
Brüsseldə NATO-nun müttəfiq və tərəfdaş
ölkələrinin dövlət və hökumət
başçıları üçün qəbulda və NATO-nun Əfqanıstanda həyata
keçirdiyi əməliyyata töhfə verən tərəfdaş
ölkələrin dövlət və hökumət
başçılarının və potensial əməliyyat tərəfdaşlarının
iştirakı ilə Qətiyyətli Dəstək
missiyası üzrə Şimali Atlantika Şurasının
görüşündə iştirak edib.
Prezident iclasda çıxışında deyib ki, Azərbaycanla
NATO arasında güclü tərəfdaşlıq əlaqələri
regional təhlükəsizlik və sabitlik məsələlərində
mühüm rol oynayır. 2002-ci ildən
başlayaraq Azərbaycan sülhməramlıları NATO hərbçiləri
ilə Əfqanıstanda çiyin-çiyinə xidmət
edirlər. 2018-ci ilin yanvar ayından Azərbaycan
Qətiyyətli Dəstək missiyasındakı hərbçilərinin
sayını 30 faiz artıraraq 120 nəfərə
çatdırıb.
Dövlət
başçısı əlavə edib ki, Ermənistanın təcavüzündən
əziyyət çəkən və bu təcavüz nəticəsində
beynəlxalq səviyyədə tanınmış ərazisinin
20 faizi işğal olunmuş, bir milyon soydaşına
qarşı məlum acınacaqlı etnik təmizləmə
törədilmiş Azərbaycan işğalın və dağıntının
iqtisadi və humanitar nəticələrini yaxşı
anlayır.
Bir
sözlə, Azərbaycan prezidenti Brüsseldə yüksək səviyyədə
qarşılandı, nəzərdə tutulmuş bütün
məsələlər uğurla həll olundu. İstər
Aİ ilə Azərbaycan arasında ikitərəfli
münasibətlərin inkişaf etdirilməsi, istər
Dağlıq Qarabağ münaqişəsinin həlli
baxımından, istərsə də digər məsələlərdə
Avropa İttifaqı rəsmiləri Azərbaycana və onun
liderinə yüksək hörmət, etimad, böyük diqqət
nümayiş etdirdilər.
Ermənistanın baş naziri Nikol Paşinyan isə
Brüssel səfərindən məyus və əli boş
qayıtdı.
Paşinyan inqilabın lideri kimi Avropa
İttifaqından və Aİ rəsmilərindən
özünə və ölkəsinə qarşı
böyük diqqət gözləyirdi. Amma
Ermənistan mediasının iddia etdiyi kimi qırmızı
xalçalar sərilmədi, Paşinyan təntənəli
şəkildə, alqışlarla qarşılanmadı.
Paşinyanın Ermənistanla Azərbaycan
arasında danışıqlar prosesinə Dağlıq
Qarabağın separatçı rejimini cəlb etmək cəhdləri
iflasa uğradı. Aİ-nin ali nümayəndəsi Federika Mogerini
açıq şəkildə bəyan etdi ki,
danışıqlar prosesi heç bir şərt qoyulmadan
davam etdirilməlidir.
İstər Azərbaycanla Avropa İttifaqı
arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri”
sənədində, istərsə də NATO sammitinin yekun sənədində
Azərbaycanın ərazi bötüvlüyünə birmənalı
dəstək ifadə olundu. Hətta Ermənistanın
NATO-nun yekun sənədinə xalqların öz müqəddəratını
təyinetmə prinsipini daxil etmək cəhdi də iflasa
uğradı.
Paşinyan Brüsselə səfəri zamanı ciddi cəhdlə
Aİ-dən 70-80 milyon avro pul almaq istəyirdi. Bu vəsait
büdcəsi boş olan Ermənistanda yeni seçkilərin
keçirilməsi üçün vacibdir. Paşinyan hələ ki nüfuzu qaldığı
müddətdə seçkilər keçirib məsələni
tez həll etmək istəyir. Avropa
İttifaqı isə açıq şəkildə bəyan
etdi ki, belə bir vəsait yoxdur və Paşinyana hələlik
islahatların nəticəsinin gözləndiyi bildirildi.
Mövzunu
şərh edən Milli Məclisin
deputatı Asim Mollazadə deyib ki, prezidentin Brüsselə səfəri
ölkəmizlə Avropa İttifaqı arasında əməkdaşlığın
daha da dərinləşməsinə xidmət edir. Dövlət
başçısının səfər zamanı NATO
toplantısında iştirakını xüsusi vurğulayan
deputat söyləyib ki, NATO-nu öz bəyanatında Azərbaycanın
ərazi bütövlüyü və suverenliyini
tanıyıb, müstəqilliyinə dəstək ifadə
edib: “Azərbaycanla NATO arasında güclü tərəfdaşlıq
əlaqələri regional təhlükəsizlik və sabitlik
məsələlərində mühüm rol oynayır”.
A.Mollazadənin
sözlərinə görə, prezident İlham Əliyevin
Brüsselə səfəri zamanı Azərbaycanla Avropa
İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri”
sənədinin paraflanması hər iki tərəf
üçün böyük əhəmiyyət kəsb edir:
“Bu sənəd bizim Aİ ilə gələcək əməkdaşlığımızın
daha geniş və çox şaxəli olması
üçün zəmin yaradır”.
Səfərin Azərbaycanın Aİ ilə ticarət əlaqələrinin
inkişafı baxımından da mühüm olduğunu dilə
gətirən deputat söyləyib ki, Aİ Azərbaycan ticarətinin
ən əsas tərəfdaşıdır və tərəfdaşlıq
daha da genişləndirilməlidir.
Deputat əlavə
edib ki, Aİ ilə Azərbaycan arasında ikitərəfli
münasibətlərin inkişaf etdirilməsi, istər
Dağlıq Qarabağ münaqişəsinin həlli
baxımından, istərsə də digər məsələlərdə
ölkəmizin əhəmiyyətli və söz sahibi
olduğunu ortaya qoyur: “Bu reallıq prezident İlham Əliyevin
Azərbaycanın milli maraqlarına uyğun
yürütdüyü məqsədyönlü və
prinsipial siyasi kursun nəticəsidir”.
Millət vəkili Aydın Mirzəzadə isə deyib
ki, dünya birliyi bir qayda olaraq ciddi, nüfuzlu fəaliyyəti
ilə stabilliyi möhkəmləndirən ölkələrə
üstünlük verir. Təbii ki, Ermənistan barəsində
bunu danışmaq olmaz.
Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətə gəlməsi dünya birliyində müəyyən bir ümid doğurmuşdu ki, o, Koçaryan, Sarkisyan cinayətkar rejimindən fərqli hümanist bir hakimiyyət qura biləcək: “Amma göründüyü kimi, o, hakimiyyətə gələndən sonra öz oğlunu qonşu dövlətin işğal etdirdiyi torpağa hərbi xidmətə göndərməsi, Dağlıq Qarabağ probleminin həlli üçün heç bir iş görməməsi, qonşu dövlətlərlə münasibətlərin qurulması üçün hər hansı bir addım atmaq niyyətində olmadığını ortaya qoydu. Həmçinin, onun Ermənistanın inkişafı üçün Aİ-dən 70 milyon istəməsi belə göstərir ki, Aİ, NATO Paşinyanın pul kisəsi rolunu oynamaq fikrində deyil. Paşinyanın dünyanı onu “qəhrəman” kimi qarşılayacağı ideyası da baş tutmadı.
Dünya ayaq üstdə durmağı bacaran, öz resursları hesabına iqtisadiyyatını gücləndirən, qonşu dövlətlərlə mehriban qonşuluq siyasəti yeridən, stabilliyə öz töhfəsini verən dövlətlərə hörmətlə yanaşır. Necə ki, biz bunu Azərbaycanla münasibətdə görürük. Paşinyandan fərqli olaraq Azərbaycan prezidenti İlham Əliyev Brüsseldə yüksək səviyyədə qarşılandı, ölkə başçısının ABŞ prezidenti ilə görüşü təşkil edildi, Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sazişi imzalandı. Brüssel sammiti əslində, tək Paşinyan üçün deyil, Ermənistan üçün növbəti bir tərs sillə oldu”.
O bildirib ki, Paşinyan yenə də Azərbaycan barəsində yalan məlumat verməyə, beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Amma beynəlxalq ictimaiyyəti heç vaxt aldada bilməyəcək. Ortada BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Millət vəkili qeyd edib ki, Paşinyanın hərəkəti Sarkisyanın siyasətini məntiqi cəhətcə davam etdirdiyini göstərir: “Sarkisyanı hansı aqibət gözləyirsə, Paşinyanı da eyni aqibət gözləyir. Çünki Ermənistanın problemlərini həll etmədən, ölkənin beynəlxalq aləmdə layiqli yerini təmin etmədən heç bir Ermənistan rəhbəri cəmiyyət tərəfindən dəstəklənə bilməz”.
PƏRVANƏ
525-ci qəzet.-2018.- 14 iyul.- S.7.