Özün söz vermisən...
Akademik
Hüseyn Əhmədovun əmək fəaliyyətinin 75
illiyi münasibətilə
Əlinə qələm, kitab-dəftər
aldığın vaxtdan söz vermisən ki,
ömrünün sonuna qədər, yoruldum, usandım deməyərək
çalışacaqsan.
Xalqımızın
qadir olduğu elm-təhsil aləminin keşməkeşli
yollarına işıq tutacaqsan. Bəri başqan deyirəm,
əhdinə sadiqsən, Hüseyn müəllim - əziz
müəllimimiz! Qədirbilən yetirmələrin,
çoxsaylı oxucuların duaçıdırlar Sizə.
Xeyirxah işlərinə, diqqət və qayğına
görə... Vətən elmini, təhsil
quruculuğu yollarındakı başlıca istiqamətləri
post sovet məkanında, habelə bir sıra xarici ölkələrdəki
mötəbər nəşrlərdə ünvanlar
çatdırıldığına görə.
1926-cı il iyulun 17-də Qərbi Azərbaycanın
Göyçə mahalının Toxluca kəndində el
ağsaqqallarından sayılan Mustafa kişinin ailəsində dünyaya gələndə
doğmaların, yaxınların sevinci yerə-göyə
sığmadı. Həyata, ətraf aləmə
böyük marağı ilə yaşayan körpə ilbəil
böyüyürdü. Bir də
görürlər ki, 6 yaşı tamamdır. 1932-ci ildə
1-ci sinifdə
oxumağa başladı. 1941-ci ildə
başlanan amansız müharibə minlərlə uşaq və
yeniyetmə kimi gənc Hüseyni də yetim qoydu.
Atası Mustafa kişi müharibənin ilk
günlərindən səfərbərliyə alındı. Böyük qardaşları da ordu sıralarında
vətənin azadlığı uğrunda döyüşlərdə
vuruşurdular. Atasını vaxtsız
itirməsi gənc Hüseyni çətin sınaq
qarşısında qoydu. Fikirlər
haçalanır, o dövrün xarakterindən asılı olaraq
meydana çıxan suallara ağılla, təmkinlə cavab
vermək məcburiyyətində qalırdı. Təhsilini davam etdirməli, yoxsa onsuz da çətinlik
qarşısında qalan Mələk anaya kömək etmək?
İndi qanlı-qadalı o illəri xatırlayarkən
belə qənaətə gəlirik ki, seçim çox yerində,
düz olub. Gənc Hüseyn arxa cəbhədə
çalışmaq qərarına gəlir. Doğma kənddəki
kolxozda iki il çalışıb, evə-ailəyə
kömək edib. Bax elə o bir ildəki
müstəqil əmək fəaliyyəti ona olan inam və
etimadı doğrultdu. 1947-ci ildə
SSRİ Ali Soveti tərəfindən arxa cəbhədə
göstərdiyi əmək fəaliyyətinə görə
medalla təltif olundu. Amma bu təltif onu
illər sonra tapdı.
1943-cü ilin sentyabrında doğma kənddəki məktəbdə
sinif müəllimi və erməni dili müəllimi kimi
pedaqoji fəaliyyətə başladı. Doğrudur,
belə bir mövqe bir tərəfdən müharibə
dövrünün qanlı-qadalı illəri, müəllimlərin
döyüşən ordu sıralarında olmaları ilə əlaqədar
idi. Digər tərəfdən isə
etiraf edək ki, hər orta məktəb məzununu oxuduğu
məktəbə müəllim təyin etmirdilər. Belə bir mövqe Hüseyn Mustafa oğlunun zəkası,
biliyi, intellektual səviyyəsi ilə sıx bağlı
olmuşdur.
Əziz məsləhətdaşımız,
ən başlıcası isə inam-güvənc yeri
saydığımız Hüseyn müəllimin elmi-pedaqoji əmək
fəaliyyətinin 75 illiyini (böyük şərəf
işi, böyük səadətdir) qeyd etdiyimiz bu günlərdə
sevinməyə, iftixar hissi keçirməyə
haqqımız var. Bəs necə? 75 il müddətində
elmimizin-təhsilimizin inkişafı naminə yorulmadan, can
başla çalışmaq, sayılıb seçilmək -
pedaqogikanın - pedaqoji
fikir-əməl tarixinin şəbəkə
bölümlərini işıqlandıran, fikir ayrılıqlarına
son qoyan, fundamental əsərlər meydana çıxarmaq hər
adama nəsib olmur. Bu, Qadir Allahın
xalqımıza bəxş etdiyi qənimət insanların -
Hüseyn müəllim kimi insanların - ziyalıların sayəsində
mümkün olmuşdur.
Hüseyn Mustafa oğlunun elmi-pedaqoji əmək fəaliyyətinin
uğurları onun ixtisas təhsili aldığı məktəblərlə
də sıx bağlı olmuşdur - desək
yanılmarıq.
1947-ci ildə
Gəncə şəhərində K.Setkin adına Pedaqoji
Texnikumunun son (üçüncü) kursuna daxil olur. Elə həmin
ildə də bu ixtisas təhsil ocağını əla qiymətlərlə
bitirərək Həsən bəy Zərdabi adına
Pedaqoji İnstitutun tarix fakultəsinə qəbul edilir. Əzmkarlıq, səylə, müntəzəm
çalışmaq, zəngin mütaliə həvəsi daha
çox nəzərə çarpır. İnstitutun
direktoru H.Hacıyevin 22 sentyabr 1948-ci ildə verdiyi əmrə
əsasən II kurs tələbəsi Hüseyn Mustafa oğlu
Əhmədov təhsil illərində ictimai fəallığına
və əla qiymətlərlə oxuduğuna görə Lenin
komsomolu adlı təqaüdə layiq görülür.
Uğur - uğur gətirər deyənlər
haqlıdırlar. Bu mükafat, bu təltif
daha bir uğurlu cəhətin zəmini kimi dəyəndirilir.
1951-ci ildə ali təhsilini əla qiymətlərlə
başa vuran Hüseyn Əhmədov elmi şuranın
müvafiq qərarı ilə SSRİ tarixi kafedrasına
baş laborant vəzifəsinə təyin edilir. Ancaq Bakıya gəlmək, pedaqoji təhsilimizin
böyük məbədi olan Azərbaycan Dövlət Pedaqoji
İnstitutunun aspiranturasında təhsil almaq həvəsi, səyi
daha da artır. Çox keçmir ki, bu
arzusu da yerinə yetir. 17 noyabr 1952-ci ildə V.İ.Lenin adına APİ-nin pedaqogika kafedrasının
aspirantı kimi elmi araşdırmalara başlayır. Axtarışlarını uğurla davam etdirir.
Bu o vaxtlar idi ki, kafedra pedaqogika elminin ən
mötəbər ocağı kimi tanınırdı. Azərbaycanda və onun hüdudlarından kənarda
yaxşı tanınan professorlar Əhməd Seyidov, Mehdi
Mehdizadə, Mərdan Muradxanovda həmin kafedrada
çalışırdılar. Tədris
prosesinə və elmi pedaqoji kadr hazırlığı
prosesinə istiqamət verirdilər. Yeri gəlmişkən
deyək ki, Hüseyn müəllim də bu ocağın
layiqli yetirməsi kimi tanındı, sevildi.
1955-1956-cı illərdə institutun Komsomol Komitəsinin
birinci katibi vəzifəsində həvəslə
çalışanda da həm tələbə gənclərin,
həm də onların müəlimlərinin dərin rəğbətini
qazandı.
Daima axtarışda olan Hüseyn Mustafa oğlu 1958-ci ildə
o dövr üçün çox aktual olan mövzuda namizədlik
dissertasiyasını müdafiə etdikdən sonra da
elmi-pedaqoji fəaliyyəti ilə ürəkdən
bağlandığı kollektivə başucalığı gətirdi. O, pedaqogika elminin möhtəşəm
bazalarından sayılan pedaqogika kafedrasında assisent, baş
müəllim, dosent, professor, kafedra müdiri vəzifələrində
ləyaqətlə çalışdı. 1972-ci ildə doktorluq dissertasiyasını
uğurla müdafiə etdikdən sonra elmi-pedaqoji kadrların
hazırlanması işinə xüsusi diqqət yetirdi. Bəli, məhz bu cür vətən-xalq sevərliyin
nəticəsidir ki, onun elmi rəhbərliyi ilə 60 nəfərədək
elmlər namizədi və doktoru (indiki yönümlə fəlsəfə
doktoru) yetişmişdir.
Pedaqogika üzrə elmlər doktoru elmi dərəcəsi
alanlardan 8 nəfərinin elmi məsləhətçisi
olmuşdur.
Keçmiş SSRİ məkanında fəaliyyət
göstərən sahə elmlər akademiyasının həqiqi
üzvü seçilən Hüseyn Mustafa oğlu Əhmədovun
elmi-pedaqoji fəaliyyəti geniş və çoxcəhətlidir. Daha aydın olmaq
üçün görkəmli alimin pedaqoji əmək, elmi fəaliyyətinin
aşağıdakı cəhətlərinə,
başlıca istiqamətlərinə diqqət edək:
1974-1977-ci illərdə orta məktəbin fənn müəllimlərinin
ixtisasartırma fakultəsinin dekanı, bir müddət isə
Respublika "Bilik" cəmiyyəti "Pedaqogika"
bölməsinin sədri olmuşdur. Təkcə Aərbaycanda deyil, Qərbi
Azərbaycan və Gürcüstanın şəhər və kəndlərində
elmi-pedaqoji biliklərin yayılmasında və bu sahədəki
xidmətlərinə görə Ümumittifaq "Bilik" cəmiyyətinin
idarə heyəti tərəfindən "Fəal işinə
görə" döş nişanı ilə təltif
edilmişdir. Avropa, Afrika və Cənubi - Şərqi
Asiya ölkələrində olmuş, Tbilisi və
Naxçıvan pedaqoji institutlarında mühazirələr
oxumuşdur. Səmərəli elmi-pedaqoji fəaliyyətinə
görə dəfələrlə Azərbaycan SSR Ali Soveti Rəyasət
Heyətinin, Respublika və SSRİ Maarif nazirliklərinin,
SSRİ PEA-nın, RTA-nın Fəxri Fərmanları ilə təltif
edilmişdir. Azərbaycan komsomolunun, Respublika "Bilik" cəmiyyətinin
və müəllimlər qurultaylarının nümayəndəsi olmuş,
pedaqoji elmlər üzrə ixtsaslaşdırılmış
müdafiə şuralarının sədri kimi səmərəli
fəaliyyət göstərmişdir. Qələbənin 40,
50 və 60 illiyi medalları ilə təltif edilib.
Azərbaycan
Rusiya elmi-pedaqoji əlaqələrinin inkişafındakı
xidmətlərinə görə "Dolq i çest"
("Borc və şərəf") ordeninə, K.D.Uşinski
adına medala layiq
görülmüşdür. Azərbaycan
Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.
RTA-nın "Elmdə nailiyyətlərinə
görə" "Qızıl medal"ı ilə, həmçinin,
"Türk dünyasına xidmət" Qızıl
medalı ilə mükafatlandırılmışdır.
Müharibə və
əmək veteranıdır. 1990-cı ildə
SSRİ PEA-nın müxbir üzvü, 1993-cü ildə Beynəlxalq
Pedaqoji Akademiyasının həqiqi üzvü, 1996-cı ildə
Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki, 1999-cu
ildə Rusiya Təhsil Akademiyasının xarici üzvü
kimi tanınır, inamlı söz sahibi kimi dəyərləndirilir.
Akademik Hüseyn Əhmədov 700-dək elmi-pedaqoji əsərin müəllifidir. Əsərləri bir sıra xarici ölkələrdə, o cümlədən, Rusiya, İran, BƏƏ, Çexiya, Almaniya, Ermənistan, Gürcüstan, Özbəkstanda çap edilib. O, özünün elmi məktəbini yaradan alimlərdəndir. Onun "XIX əsr Azərbaycan məktəbi", "Nəriman Nərimanov" monoqrafiyaları, "Azərbaycan məktəbi və pedaqoji fikir tarixi" dərsliyi Azərbaycan pedaqoji elminin qızıl fonduna daxil olmuşdur.
Keçmiş SSRİ məkanında keçirilən elmi-pedaqoji konfrans və simpoziumlarda Azərbaycan pedaqoji elmini ləyaqətlə təmsil etmişdir.
Elmi pedaqoji fəaliyyətinin 75 illiyi münasibətilə bu yazını hazırlayarkən hələ 2012-ci ildə nəfis şəkildə nəşr olunan "Müasirləri Hüseyn Əhmədov haqqında" kitabını bir də nəzərdən keçirdim. 38 nəfərin ürək sözləri əks etdirilib bu kitabda. Bir-birindən gözəl, səmimi ürək sözləri əks etdirilib bu kitabda. Həmin deyilənləri, fikirləri orta məxrəcə gətirəndə bir fikir cəlbediciliyi ilə daha çox diqqəti cəlb edir:
Hüseyn müəllim ömrünün - gününün bir saatını belə boş keçirən alim deyil. Həmişə düşünən, tədqiq etdiyi sahə, problem üzrə axtarışda olan ziyalıdır.
Sözümüzün-söhbətimizin sonunda bir cəhəti də nəzərə çatdırmaq yerinə düşər. Bu günlərdə həmkarım-pedaqogika üzrə elmlər doktoru, professor İntiqam Cəbrayılovla birlikdə Hüseyn müəllimə baş çəkdik, hal-əhval tutduq. Yenə də yazıb-yaratmaqdan danışırdı, unudulan cəhətləri dilə gətirirdi. Nə qədər canım sağdı, əlim qələm, dilim söz tutur, yazıb-yaradacağam - deyirdi.
Yeni əsərlərini gözləmək ümidiylə əzizimiz Hüseyn müəllim! Daha nə deyək özün söz vermisən ...
Vidadi
XƏLİLOV
pedaqogika üzrə
elmlər doktoru, professor
525-ci qəzet.-2018.- 17 iyul.- S.8.