Mahir N. Qarayev: bu ömür necə
keçdi?!
HƏMİŞƏ
TƏLƏSƏN ADAMIN 60 YAŞINA
... Tələbəlik illərimdə universitetin
qonşu fakültəsində oxuyan, indi nə fakültəsini,
nə də adını xatırladığım bir
xanımla salam-kalamımız vardı. Necə tanış olduğumuz da yadımda deyil,
rastlaşanda ayaqüstü bir neçə kəlmə kəsirdik,
vəssalam. O xanımla bağlı başqa niyyətim-filan da
yox idi.
Günlərin
birində dərsdən çıxıb yataqxanaya gedirdim ki,
qabağımı boyca məndən hündür,
qaraşın, gözü-başı oyur-oyur oynayan bir
oğlan kəsdi, salamsız-kalamsız:
- Bura bax,
- dedi, - səni bir də o qızla yanaşı görməyim,
başa düşdün?
Tez-tez
danışdığından, həm də söylədiyinin
məndən ötrü gözlənilməz olduğundan, əslində,
heç nə başa düşməmişdim, amma xasiyyətimdə
dalaşqanlıq olmadığına görə, tərsə
getmədim:
- Başa
düşdüm, - dedim, - narahat olmayın.
- O
qız mənim qohumumdu, - oğlan təhdidkar nəzərlərini
üzümə dikdi. - Sənə bir də xəbərdarlıq
eləməyəcəm... - Sonra donüb sürətlə
uzaqlaşdı.
Həmin
gündən o xanımla rastlaşanda elə-belə salam verib ötürdüm. Yəqin, belə
bir soyuqluğum onu da təəccübləndirmişdi...
Sonralar tələskən
və döyüşkən oğlanla da bir-iki dəfə
üz-üzə gəldik, baxışlarından hiss elədim
ki, məni tanımayıb, ola bilsin, o əhvalatı
da unudub.
Daha sonra
hansı qəzetdəsə şəklindən tanıdım,
şeirlərini oxudum...
Belə tələskən
və döyüşkən adamın o cür duyğulu hissləri
necə təsvir elədiyinə təəccüb elədim...
Çağdaş
ədəbiyyatımızın bənzərsiz qələm
sahiblərindən biri, şair-tərcüməçi Mahir
Qarayevi belə tanıdım...
Onda
heç ağlımıza da gəlməzdi ki, nə vaxtsa
yollarımız kəsişəcək, eyni qurumda - Azərbaycan
Tərcümə Mərkəzində işləyəcək,
hətta bir otaqda
üzbəüz oturacağıq. Bir neçə il əvvəl o "toqquşma"nı da
yadına saldım, xatırlamadı, görünür, Mahirin
öz yaddaşını xoşagəlməz hadisələrdən
təmizləmək qabiliyyəti də var...
lll
Mahir
Qarayevlə eyni vaxtda oxumuşuq, sonra o, filologiyayla kifayətlənməyib,
jurnalist təhsili də alıb, "Türkologiya"
jurnalında, "Elm" və "Tarix" qəzetlərində;
Milli Məclisin orqanı olan "Azərbaycan" qəzetində,
bir sıra müstəqil nəşrlərdə
çalışıb. Bütün bunlardan
sonralar xəbər tutdum.
Mahirlə ilk təmaslarımız isə Azərbaycan
Ədəbi Əlaqələr və Bədii Tərcümə
Mərkəzinin "Yol" ədəbi qəzetinin və
ingiliscə çıxan "WEEK-END" həftəliyinin
redaktoru, Mərkəzin nəşriyyat-redaksiya şöbəsinin
baş redaktoru işlədiyi vaxtlarda olub. Məti Osmanoğlu və
Əlisəmid Kürdən sonra "Yol" qəzetinin necə
çıxacağı, az qala,
bütün ədəbi aləmi maraqlandırırdı. Məncə,
həmin məqamda Mərkəzin sədri Afaq Məsud
çox düzgün seçim eləmişdi, Mahir də
gözlənilməz gedişlə onun etimadını
doğrultdu: "Yol"u xüsusi buraxılışa
çevirdi. Kiçik formatda, çox səliqəli
və maraqlı sayların daimi oxucusuydum, indi də
hamısı şəxsi arxivimin dəyərli
eksponatlarındandı. O vaxtdan Mahirin seçimi, ədəbi
zövqü, müəllifləri və əsərləri təqdim
eləmək bacarığı məndə heyranlıq
doğurub...
Mahir Qarayevi əvvəlcə şair kimi
tanımışam. Sözün düzü, xasiyyətcə
tələskən və döyüşkən adamın
öz yazılarına bu qədər səbirli, hətta bir qədər
vasvası münasibəti məni çox təəccübləndirib.
O, yaradıcılıqda özünü "xırda
despot" yox, "böyük despot" sayır, yazıya
qarşı çox amansız, xüsusilə, bədii əsərin
dilinə çox tələbkar olduğunu deyir:
"Sözüm - mənim möhürümdür. Müəllifin
sözlə davranışı da mənimçün həlledicidir.
Özümdən asılı deyil, sözün
yerində işlənmədiyini görən kimi, yazı
gözümdən düşür, ardını oxuya bilmirəm.
Öz yazımdırsa, cırıb atıram.
Mənim cırıb atdıqlarım yazıb
saxladıqlarımdan bəlkə on qat çoxdur..."
Elə bu
səbəbdəndi ki, Mahir altmış yaşın
astanasında cəmi iki kitab üzə çıxarıb,
"Tənhalıq" adlı şeirlər və poetik tərcümələr
toplusu 50 yaşında - 2008-ci ildə işıq üzü
görüb, üç il sonra da "Poetik silsilələr
toplusu"nu çap etdirib.
"Hər
şairin və ya yazıçının əksər hallarda
bir qalan və unudulmayan kitabı olur, - deyir. - Sən də
vaxt gələcək ki, bütün yazdıqlarının
içindən gələcəyə və əsrlərə
layiq bildiyin bir kitabı seçib-sonalayıb ortalığa
çıxaracaqsan. Yəni yazıçı
on kitabla da bir kitab yazmış olur. Ona
görə də mən elə yaza biləcəyim bir
kitabı gec də olsa, ərsəyə gətirdim.
Əsas odur ki, bu yazıların ümumi ədəbiyyat
fonunda yerini görürəm..."
Mahirin özünəməxsus poetik nəfəsi elə
"Sevgi məktubu" adlandırdığı topludakı,
ənənəvi formalarda qələmə aldığı
şeirlərində də açıq-aşkar duyulur. Onun ən böyük
eşqi SÖZDÜ:
Mənim
sözdən ayrı bir tilsimim yox,
nə
sevgi ovsunu,
nə
eşq inadı;
Selə-suya
dönmək qismətimdə yox,
qonmaz
çiynimə də bir quş qanadı...
Mahirin
"İt ömrü" adlandırdığı poetik
silsilələr toplusuna "Əcəl zəngləri -
Oğuz boyları", "Vəsiyyət məqamları",
"Anlamaq dərdi", "Dəmirqapı Dərbənd"
və eyniadlı silsilə daxildi. O silsilələrin hər
biri oxucunun qarşısında sirli-sehrli bir aləmin
qapısını açır. Onun ən
çox sevdiyim şeirlərindən biri də elə
"İt ömrü"dü. Ötüb-keçən
ömrün ağrısını bu qədər incəliklə
çatdırmaq hər kəsə nəsib olmur:
Bu ömür necə keçdi?!
Necə keçdi bu ömür?!
Tramvayda,
gəmidə, təyyarədə sərasər;
Oğurluq
qatar kimi, gecə keçdi bu ömür -
Çatammadım
dalınca,
qaçammadım bərabər.
Xoşbəxtlikdən, Mahir bədii sözün
başlıca funksiyasını aydın dərk eləyir,
forma və məzmun oyunlarına aludə olmur, ilahi mütənasibliyə
daha çox diqqət göstərir. Onun fikrincə, "...forma çox
vacibdir, amma onu zorlayanda mütləq süni şey alınacaq. Məzmun əsasdır, ya forma? - sualının elə mahiyyəti səhvdir. Məzmun
nə qədər əsasdırsa, forma da o qədər əsasdır:
nə ondan çox deyil, nə ondan əskik. Öz
formasını məzmun özü tapmalıdır, yoxsa
şair onu özünə xoş gələn hansısa
formaya təpişdirməməlidir..."
Ən başlıcası da, Mahir öz poetik mətnlərinə
görə arxayındı. Məncə, bu, qələm
adamı üçün çox vacib məqamdı, əslində,
elə yaradıcılığın mahiyyətini ifadə eləyir.
"Janrından asılı olmayaraq, yazılan hər
şey ilk növbədə mətndir. Yazılarımın
içində ən yaxşı alınanı,
düşünürəm ki, poetik mətnlərdir. Şeir yazdığıma görə yox, daha
çox ona görə ki, söz duyumum güclüdür.
Mən o şairi şair sayıram ki, sözü hiss eləsin,
duysun, sözü sözün yanına düz oturtsun..."
Gizlətmirəm, həmişə nəsr yazan şairə
ehtiyatla yanaşmış, poeziyasında duyduğum siqləti
nəsrində tapmamaqdan qorxmuşam. Amma Mahirin oxuduğum cəmi-cümlətanı
bir nəsr əsəri - "Quzu" hekayəsi mənə
kifayət qədər bitkin təsir bağışlayıb,
obrazlı təsvirlə yadımda qalıb.
"...Ölüm
düşərgəsindən xilas olan adamlar uzun-uzun illərdən
sonra öz dustaq nömrəsini eşidəndə necə
diksinirsə, mən də pilləkənə çatanda eləcə
diksinib dayandım: səksən üç..."
Neçə illərdən bəri hələ üzə
çıxara bilmədiyi roman yazdığından da bu
yaxınlarda xəbər tutmuşam.
"Mən romanı bitirdim, roman da məni bitirdi, -
deyir. - Heyim
qalmayıb. Qoy bu mənə dərs olsun, bir də
romana girişmərəm. O boyda materialı hər dəfə
bir ovqatla oxuyasan, pozasan, düzəldəsən... Təxminən 250 səhifədi. Çiy variantı 1800 səhifə idi. Bu neçə ildə poza-poza axır ki, istədiyim
həddə gətirdim. Yazmağa nə var, çətini
pozmaqdır..."
Əminəm
ki, Mahir o romanı da səbirlə, tamam cilalayandan sonra üzə
çıxaracaq, SÖZə özünəxas münasibətini
bir daha sübut eləyəcək...
lll
Mahir Qarayevi tərcüməçi kimi, 90-cı illərin
ortalarından tanımışam, - o vaxt Afaq Məsudun rəhbərliyi
altında Frans Kafka və Qabriel Qarsia Markesin sanballı
kitablarını nəşrə hazırlamışdı. Həmin nəşrlərə
təkcə bədii əsərlər yox, həm də esselər,
müsahibələr, gündəliklər... daxil edildiyindən
oxucunun yazıçıyla bağlı təsəvvür
dairəsini genişləndirir.
Sonra Mahir Mədəniyyət və Turizm Nazirliyi mətbuat
xidmətinin rəhbəri "Antinarkotizm" Beynəlxalq
elmi-analitik Mərkəzin direktoru, eyni zamanda, "Azərbaycan-Rumıniya
Dostluq Cəmiyyəti" ictimai birliyinin sədri olub.
Amma o illərdə də yaradıcılıq hissini
itirməyib, xüsusilə, tərcümə sahəsində
intensiv çalışıb. Hər halda, 2010-2014-cü illərində
onun tərcüməsində işıq üzü görən
Çingiz Abdullayevin 10 kitabı, Ernest Heminqueyin
"Seçilmiş əsərlər" və
"Klimancaro qarları", "Ya var, ya yox", Cek Kenfild və
Mark Viktor Hansenin "Cana məlhəm hekayələr",
Andre Moruanın "Seçilmiş əsərlər" və
"Yad qadına məktublar", "Hekayələr",
Uilyam Folknerin "Emili üçün
qızılgül", Qabriel Qarsia Markesin "Saat altıda gələn
qadın", Frans Kafkanın "Vəsiyyət", Frans
Teodor Çokorun "Axınla birgə" kitabları bunu
söyləməyə əsas verir. 2014-cü ildən
çalışdığı Azərbaycan Tərcümə
Mərkəzində nəşr olunmuş Ernest Heminqueyin
"Qadınsız kişilər", Patrik Modianonun
"Seçilmiş əsərlər" kitabları,
"Çexovdan Markesə qədər" seçmə
hekayələr toplusu, eləcə də Alberto Moravianın,
Nikolay Leskovun, Ukrayna və Norveç
yazıçılarının seçmə hekayələri
artıq Mahirin yaradıcılıq bioqrafiyasına
yazılıb.
Onun
çevirdiyi müəlliflər arasında Anton Çexov,
Şervud Anderson, Volfhanq Borhert, Peter Handke, Akutaqava
Rünöske, Valentin Rasputin, Kamilo Xose Sela, Oskar Yellinek, Con
Qolsuorsi, Mario Benedetti... də var.
Üstəlik, Mahir Qarayevin poetik çevirmələri də
bədii səviyyə və peşəkarlıq sarıdan nəsr
tərcümələrindən heç də geri qalmır. Poeziyada da
maraq dairəsi genişdi, bununla belə, ispandilli şairlərin
yaradıcılığını özünə daha
doğma sayır.
Frederik
Qarsia Lorka, Rafael Alberti, Sesar Valyexodan çevirmələri, eləcə
də, rus ədəbiyyatından Fyodor Tütçev, Mixail
Lermontov, Anna Axmatova, Sergey Yesenin, Boris Pasternak, Osip
Mandelştam, Marina Svetayeva, Andrey Voznesenski, Yevgeni Vinokurov,
almandilli ədəbiyyatdan İohann Volfhanq Höte, Fridrix
Rükkert, eləcə də çex Vitezslav Nezval, fransız
Anri Abril, qazax Oljas Süleymenovun... şeirləri
çevirdiyi poetik nümunələr "Mahirin dilində"
kifayət qədər doğma səslənir...
lll
Mahir Qarayevin yaradıcılıqda olduğu kimi, həyatda da formalaşmış prinsipləri var. Neçə illərdi ki, o prinsipləri göz bəbəyitək qoruyur, şəxsi yaşamında da, ədəbi mühitdə də tünlükdən qaçır, mütəmadi çap olunmağı, kürsülərə çıxmağı, böyük məclisləri sevmir.
Hətta axına düşüb soyadının "yev" sonluğunu atmamaq, yazılarına "Mahir N. Qarayev" imzası qoymaq da ondan ötrü prinsip məsələsidi...
Ədəbi mübahisələrdə Əli Kərimi, Vaqif Səmədoğlunu, Ramiz Rövşəni, Vaqif Bayatlı Odəri, Kamal Abdullanı, Afaq Məsudu, Saday Budaqlını, Etimad Başkeçidi, Salam Sarvanı, Fəxri Uğurlunu... müdafiə eləməyi də özünə borc sayır...
Mahir, elə bil dünyanı nizama salmaq üçün doğulub: hətta ona heç dəxli olmayan şeylərdə də nizam, səliqə-sahman yaratmağa can atır, buna da ömrünün saatlarını, günlərini, aylarını xərcləyir...
Bir də ki, doğum günlərində gözdən yayınmaq şakəri var...
Əslində, bu yazı Mahir Qarayevin 60 illiyinə - iyulun 17-sinə nəzərdə tutulmuşdu. Amma bilirəm ki, yubileyində belə, Vətəndən, qələbəlikdən uzaqda olacaq: indidən özünəxas cidd-cəhdlə, dəqiqliklə məzuniyyət planı qurur...
Hər
necə olsa da, poeziyamızda və tərcümə sənətimizdə
hörmət doğuran "Mahir N. Qarayev" imzası var, elə
bu faktın özü bizə bəsdi...
Kulis.az
24 may 2018
Əbdülrəhmanlı, Nəriman
Hacı oğlu.
525-ci qəzet.-2018.- 17 iyul.- S.7.