"Əkinçi" - milli
oyanışa, tərəqqiyə yol açan qəzet
"...
Görkəmli ziyalı, publisist, təbiətşünas
alim Həsən bəy Zərdabi
tərəfindən Azərbaycan dilində nəşr
olunmağa başlayan "Əkinçi" qəzeti
milli mətbuatımızın
ilk nümunəsi kimi öz adını tarixə yazmışdır"
İlham
ƏLIYEV
"Həsən
bəy Zərdabi haqqında danışmaq bütün ürəyinin
odu-közü ilə, ətiylə, qanıyla, vicdanıyla Azərbaycan
torpağına, Vətənə, xalqa, millətə, onun
keçmişinə, bu gününə, gələcəyinə
qırılmaz tellərlə bağlı yüksək əqidə
və məslək sahibi, təmiz və saf vicdanlı həqiqi
vətəndaş haqqında danışmaq deməkdir".
Ürəkdən gələn
bu sözləri mərhum professor Famil Mehdi milli mətbuatımızın
125 illiyində deyib. Bəli, türk dünyasının
böyük oğlu, millət atası, böyük alim,
pedaqoq, jurnalist - publisist Həsən bəy Zərdabi
haqqında danışmaq həm də ilk milli mətbuatımız
"Əkinçi" haqqında danışmaq deməkdir.
Şirvan torpağının Zərdab kəndində
doğulmuş Həsən bəy Zərdabi
yaradıcılığında, Azərbaycan mətbuat tarixinə
şərəfli səhifələr açmış
"Əkinçi" qəzeti mühüm yer tutur. Mətbu
orqanın yazılarında Zərdabinin cəsarətli
obrazı görünür. Qəzet Azərbaycan
ictimai fikir tarixində böyük rol oynamışdır.
Həsən
bəy Zərdabi xalqın maariflənməsində, tərəqqisində
qəzetə yüksək qiymət verirdi. Odur
ki, qəzet buraxmağı qarşısına məqsəd
qoyur. Zərdabi "Həyat" qəzetinin 28 dekabr
1905-ci il tarixli sayında "Rusiyada əvvəlinci
türk qəzeti" məqaləsində yazırdı:
"Hər kəsi çağırıram gəlmir, göstərirəm
görmür, deyirəm qanmır. Axırda
gördüm ki, onları haraylayıb çağırmaqdan,
onlara deməkdən başqa bir qeyri əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən,
heç bir qanan olmasın. Necə ki, bir
bulağın suyunun altına nə qədər bərk
daş qoysan, bir neçə ildən sonra su tökülməkdən
o bərk daş mürur ilə əriyib deşilir, habelə
söz də, ələlxüsus doğru söz belədə
qəzet çıxarmaqdan savayı bir qeyri əlac
yoxdur".
Bu
böyük insan çox çətinliklə də olsa
"Əkinçi"ni nəşr edə
bildi. Qəzetin ilk sayı 1875-ci il iyulun
22-də işıq üzü gördü. "Hər vilayətin
qəzeti" olan "Əkinçi" "dərviş
kimi nağıl deyə bilməz"di, çünki
savadsız, dünyadan bixəbər insanları
oyatmalıydı, "onun borcudur işlərin yaxşı və
yamanlığını ayna kimi xalqa göstərsin, ta xalq
öz nik bədindən xəbərdar olub onun əlacının
dalınca olsun".
Qəzet birinci sayının proqram məqaləsində
yazırdı ki, zəmanə dəyişilməyi tələb
edir. "O kəslər
ki, həmişə bizə etibar edib bizim sözlərimizə
əməl ediblər, zəmanə dəyişildiyinə
görə gün-gündən tərəqqi edib irəli
gedirlər". Zərdabi köhnə həyat
tərzini pisləyib, yeni mütərəqqi həyata
çağırırdı insanları. Yazıları
oxuduqca biz onun şahidi oluruq.
"Əkinçi" ictimai həyatın aynası
kimi cəmiyyətdəki nöqsan və bəlaları öz
səhifəsində təsvir etməklə kifayətlənməyib,
onları aradan qaldırmağın yollarını da göstərirdi. Köhnə həyat
tərzini pisləyən qəzet xalqı yeniliyə səsləyir,
onları elmə çağırırdı.
"Doğru sözə" düşmən olan ictimai
quruluş belə bir qəzetin nəşrinə üç
illik zəhmətdən sonra icazə verdi.
Azərbaycan
dramaturgiyasının banisi, böyük mütəfəkkir,
ictimai xadim M.F.Axundov ilə Həsən bəy Zərdabi
arasında aparılan yazışmalarda
"Əkinçi" barəsində qiymətli, dəyərli
fikirlər söylənilmişdir. M.F.Axundov qəzetin nəşrindən
əvvəl 1875-ci il aprelin 21-də Zərdabiyə
göndərdiyi məktubda "Əkinçi"nin
qarşısında duran vəzifələri müəyyənləşdirərək
yazırdı ki, qəzetinizin əsas məziyyətlərindən
biri ifadənin gözəlliyi, ibarələrin zərifliyi və
aydınlığı, orfoqrafiyanın
düzgünlüyü olmalıdır. Çünki
Azərbaycan yazısını düzgün olmayan ifadələrdən
təmizləməyə çalışmalı bu dildə
yazan bütün adamlar üçün nümunə
olmalıdır.
"Əkinçi" fəaliyyət göstərdiyi
dövrdə dilimizin saflığına çalışmış,
maarifçilik mədəniyyətinin tərkib hissəsi olan
kitab çapına diqqət yetirirdi. Başqa dillərdə olan
kitabların ana dilimizə tərcüməsini vacib
sayırdı: "Bir neçə ildir ki, Osmanlı dövləti
məktəbxanalar açıb hər bir elmi öz dillərində
xalqa öyrədir. Çünki onların kitablarını
bizim adama oxumaq çətindir, ona binaən yaxşı olurdu
ki, bizim millət qeyrəti çəkən qardaşlar bir
icma bina edib, ol kitablardan gətirib, bir az dəyişdirib,
çapxana açıb öz dilimizdə çap elədib,
xalqa müftə, ya bir az qiymətə paylasın ki, bizim məktəbxanalarda
şair kitablarının əvəzində ol kitablar
oxunsun... Elm
kitablarımız olsa, onları oxurlar və necə ki, su
damcı-damcı düşmək ilə daşı deşər,
habelə ol kitabları oxumaqdan elm və ədəb mürur
ilə xalqın könlündə nəqş bağlayıb
möhkəmlənər" ("Əkinçi", 29 mart
1876, ¹ 6).
"Əkinçi" zəmanəsinin mühüm
elmi, texniki, kənd təsərrüfatı, mədəni
yenilikləri, nailiyyətləri haqqında müntəzəm
məlumat verə bilmiş, öz səhifələrində
Azərbaycan ictimai fikrinin inkişafı baxımından
faydalı polemika açmış, yeni elmi
dünyagörüşünün parlaq nümunələrini
vermişdi. Həsən bəy Zərdabi öz yüksək
arzularını həyata keçirmək yolunda mübarizədə
o dövrün görkəmli ziyalıları Seyid Əzim
Şirvani, Nəcəf bəy Vəzirov, Əhsənül-Qəvaid,
Əsgər ağa Görani, Ələkbər Heydəri və
başqalarına arxalanırdı.
Həsən bəy Zərdabi qəzetin məzmununun
izahını verərkən bildirmişdir ki, orada elmi xəbərlərlə
yanaşı, təzə xəbərlər də
olacaqdır.
O, axıra kimi nizamnaməsinə sadiq qalaraq, elmi və təzə
xəbərləri verməklə Azərbaycan xalqının
ölkə və dünya hadisələrindən xəbər
tutmasına, maariflənməsinə, bir sözlə,
xalqımızın dünya xalqları ilə
inteqrasiyasına böyük xidmət göstərmişdi.
Qəzet dünyada baş verən problem xarakterli xəbərlərdən
bolluca istifadə etmişdir. İstifadə olunan xəbərlər
fakta söykənirdi. Xəbərlərin
coğrafiyası da olduqca genişdir, dünyanın çox
ölkələrini əhatə edir. Seyid Əzim
Şirvani "Qəzet nədir?" şeirində bu barədə
yazırdı:
"Xassə
ol kim, "Əkinçi"yi-dana,
Əhli-islamı
eyləyib ehya
Gah
Peterburqdan olur guya,
Gah olur Hindi-Şərqdən peyda.
Gah
Dünyadan qəzet verir xəbəri,
Gah Parisdən gəlir onun əsəri.
Kəşf
edir karxanədən səməri,
Söyləyir hər kraldan xəbəri".
Dünyanın
aparıcı ölkələrində çıxan qəzetlər
haqqında müntəzəm yazılar dərc edən
"Əkinçi", onların çap mədəniyəti,
yayılması barədə məlumatlar verməklə
"müəyyən ziyalı dairələrində təəssübkeşlik
hissini oyatmağa çalışırdı". Qəzetin
"Daxiliyyə"sində dərc olunmuş bir yazıya
qısa ixtisarla diqqət yetirək: "Avropa tayfasının
hər birinin bir neçə qəzeti və jurnalı olur
...bizim həmçeşmimiz
gürcülərin bir neçə qəzetləri var, amma
onilə indii Kutaisi şəhərində bir icma bina olub 5 min
manat cəm edib ki, gələn ildən həftəlik qəzet
çap etdirsin...
Məgər
bizim tavanalı şəxslərimiz yoxdur ki, belə icma bina
edək və nə ki bir, bəlkə 5-10 qəzet çap edək?.. Bəzi qəzet oxumağı
günah hesab edir ki, güya qəzet oxumaq şəriətə
namüvafiqdir. Bunun qabağinda sizə nə
deyim? Sizdə taxsır yoxdur. Allah lənət eləsin ol kəslərə ki, bu
böhtanı bizim şəriətə deyib, şəriətimizi
bihörmət və sizi sərgərdan ediblər!" ("Əkinçi" 25 iyul 1876, ¹ 14).
"Əkinçi" yaxşı ilə pisi, xeyirlə
şəri ayırmağı məsləhət görür,
cəmiyyətdə haqq və ədalətin,
azadlığın zəfər çalacağına
inanırdı. Bu şərtlə ki, insanlar qul
psixologiyasından azad olsunlar. Qəzet
yazırdı ki, "Şərq zəmində azadlıq
olmadığına biz Avropa əhlindən geri
qalmışıq və nə qədər belə olsa, biz tərəqqi
etməyəcəyik və edə də bilmərik".
Həsən bəy dövrünün mənasız
şeirlər yazan şairlərini məzəmmət etməkdən
də çəkinmirdi. O, şairlərdən xalq həyatını əks
etdirən şeirlər yazmağı tələb edirdi. Zövqü oxşamayan, heç bir məna kəsb
etməyən şeirlərə bəslənən mahnılar
Zərdabini çox narahat edirdi. "Əkinçi"
millətin oyanması işində mahnı və nəğmələrin
rolunu xüsusi qeyd edərək yazırdı: "Hər
tayfanın vətəndaşlıq və millətin
keçmişində olan yaman və yaxşı günlərini
şərh edən mahnılar olur ki, bu mahnılar
ağızdan-ağıza düşüb milləti birləşdirməyə
bais olur. Amma bizim mahnılara baxan gərək təəssüb
eləsin ki, xudavəndə, onları kim və
nə üçün düzəldib. Onların
çoxunu ki, avam çağırır, heç mənası
olmur. Məsələn,
Ağacda
oturub sərçə,
Niyə uzunsan, ay kücə?
Sən
harda qaldın, ah beçə,
Ey yar, ey yar, ay qaragöz".
("Əkinçi",
1 sentyabr 1877, ¹ 18)
Həsən bəy Zərdabi təkbaşına bir necə
adamın işini görürdü. Bu fədəkarlıq
onun Vətəninə, xalqına bəslədiyi məhəbbətdən
irəli gəlirdi. O vaxtlar Bakıda olmuş fransız
jurnalisti də Zərdabinin fədakarlığına heyran
qalmış "Siz əsl qəhrəmansınız",
"Siz öz xalqınızı çox istəyirsiniz"
demişdi.
Böyük
mütəfəkkir Əli bəy Hüseynzadə milli mətbuatımızın
banisi Zərdabinin əsas amalının nədən ibarət
olduğunu belə ifadə etmişdi: "Aləmi - islam bir
qaranlıq içərisində qaldığı zaman Həsən
bəy Zərdabi əlinə məşəl alıb qaranlığı
işıqlandırmağa çalışırdı. Bu məşəl "milli
oyanışa, tərəqqiyə, istiqlala yol açan maarif
işığı idi".
"Əkinçi" qəzetinin Azərbaycan xalqı
qarşısında xidmətləri olduqca böyükdür. Qəzet
mübariz ideyalar yayır, mülkədar - bəy
ağalığına qarşı çıxır, ictimai
şüuru formalaşdırırdı. 1877-ci
ilin mart ayında çıxan 6-cı sayında Azərbaycan
bəylərini, onların puldan başqa ayrı
qayğıları olmadığını, günlərini
eyş-işrətlə keçirdiklərini kəskin tənqid
edirdi. Qəzet yazırdı ki, "yeyib,
içib, geyinib, durub-oturmaqla özlərini xaricilərə
oxşadıb, əslən elmdən bixəbər" olan bu
ağalar "xalqın xoşbəxtlik fikrini çəkməzlər".
Maarifçilik mövzusu qəzetin ən çox
müraciət etdiyi sahə idi. Təsadüfi deyil ki,
"Əkinçi" deyəndə, biz ən çox onun
maarifçilik missiyasını qabardırıq və qeyd
edirik ki, qəzet daha çox maarifçilik işi
üçün həyata atılmışdı. Bu da təbiidir. O dövrdə zərərli adət
və ənənələrinin girovuna çevrilmiş
müsəlmanları oyatmaq lazım idi. M.Ə.Rəsulzadə
Həsən bəyin dəfn mərasimindəki nitqində
demişdi: "Cəmaəti ayıltmaq, onu dərrakəli
etmək üçün nə lazımdır? - maarif, maarif, maarif! Ancaq elm və
bilik ilə cəmaət özünün nə olduğunu və
nə edə biləcəyini bilər".
Həsən bəy gənclərə müraciət edərək
çətinliklərdən qorxmamağa
çağırırdı. O, bütün ümidini gənclərə
bağlayırdı. Bilirdi ki, Azərbaycanın gələcəyini
məhz gec-tez bu elmli gənclər təmsil edəcək və
millətin maraqlarını müdafiə edəcəklər:
"Ey elm təhsil edən cavanlarımız! Doğrudur, bizim
Vətən qardaşlarımız ilə üns tutmaq çətindir,
siz danışdığınızı onlar başa
düşməyib əfalınızı şəriətə
namüvafiq hesab edib, sizə kafir deyib incidəcəklər
... qoy şüəralar sizi həcv etsin, mollalar lənət
oxusun, əvamünnas daşa bassın, siz millət
üçün zəhmət çəkirsiniz və bişəkk
gələcəkdə millətin gözü açılanda
sizi şəhid hesab edib, sizə rəhmət oxuyacaq"
("Əkinçi", 11 iyun 1876, ¹ 11).
Təəssüflər olsun ki, bəzi jurnalistlər "Əkinçi"nin Azərbaycan jurnalistikası tarixindəki rolunu düzgün qiymətləndirmir, onun təkcə kənd təsərrüfatından yazan qəzet kimi qələmə verirlər. Belə düşünənlər qəzetin adının "Əkinçi" olmasını əsas gətirirlər. Bu, yanlış fikirdir. Unutmaq olmaz ki, o vaxt qəzet buraxmaq, xüsusilə də müsəlmanlar üçün çətin idi. Elə buna görə də Həsən bəyə məsləhət görürlər ki, qəzeti "Əkinçi" adlandırsın ki, onun çapına icazə ala bilsin. O, bu barədə yazırdı: "Mən ona (Staroselski nəzərdə tutulur) dərdimi deyəndən sonra ... məsləhət gördü ki, qəzetin adını "Əkinçi" qoyam ki, guya məhz əkin və ziraətdən danışacaq". Əslində isə Həsən bəy kənd təsərrüfatı ilə yanaşı, xalqın mədəni səviyyəsini və onu maarifləndirməyi qarşısına məqsəd qoymuşdu.
"Əkinçi" az yaşadı, cəmi 56 sayı işıq üzü gördü. Lakin buna baxmayaraq, təkcə Azərbaycanda deyil, Rusiya müsəlmanlarının həyatında da böyük rol oynadı, "onun milli mətbuat tarixində açdığı yol, yaratdığı ənənələr çox uğurlu, uzunömürlü oldu" (Əziz Mirəhmədov). Azərbaycanın tanınmış ədəbiyyat və mətbuat xadimləri sonralar da "Əkinçi"nin ideyalarını inkişaf etdirdilər.
"Əkinçi" haqqında çox deyilib, çox yazılıb. Görkəmli alimlər Abbas Zamanov, Əziz Mirəhmədov, Ziyəddin Göyüşov, İzzət Rüstəmov, Nazim Axundov, Vəli Məmmədov və başqaları Zərdabi və onun "Əkinçi" qəzetini müxtəlif aspektlərdən tədqiq etmişlər. Lakin buna baxmayaraq, milli mətbuatımızın qaranquşu "Əkinçi"dən öyrəniləsi hələ çox şey var. Mətbuatımzın ağsaqqalı professor Şirməmməd Hüseynov məqalələrinin birində yazır ki, "Əkinçi" qəzetinin ənənələrindən təkcə qələm ustaları deyil, hamımız yenidən öyrənməliyik. O, əsl xalq demokratik mətbuatının nümunəsi kimi bu gün də, heç bir şübhəsiz, sabah da yeni biliklər və yeni təcrübə mənbəyi olaraq qalacaqdır.
Bəli,
əminliklə deyə bilərik ki, alim, böyük
maarifçi, jurnalist Həsən bəy Zərdabi tərəfindən
əsası qoyulmuş milli mətbuatımız
"Əkinçi"nin ideyaları bu gün də
yaşayır və heç zaman unudulmayacaq.
Akif RÜSTƏMOV
BDU-nun professoru
525-ci qəzet.-2018.- 17 iyul.- S.6.