Müasir gömrüyün
inkişafı və perspektivləri
Hər bir dövlətin iqtisadi təhlükəsizliyinin
qarantı olan gömrük xidməti müasir dünyanın
ildən-ilə qloballaşan və şaxələnən
çağırışlarına cavab verən ən
etibarlı keşikçidir.
Təsadüfi
deyil ki, ölkədə həyata keçirilən
uğurlu iqtisadi strategiyanın keşiyində
ayıq-sayıq dayanan Azərbaycan gömrüyü dövlətçilik
təməlinin möhkəmləndirilməsində önəmli
mövqeyə malikdir. Məhz sərhəddən
başlayaraq gömrük xidməti Azərbaycanın quru, hava
və dəniz yollarında ölkənin iqtisadi mənafeyini və
təhlükəsizliyini qoruyaraq qaçaqmalçılıq
və digər iqtisadi cinayətkarlıqla barışmaz
mübarizə aparır, üzərinə düşən vəzifələrin
öhdəsindən layiqincə gəlməyə
çalışır. Bu bir danılmaz faktdır ki, xalqımızın
Ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti
nəticəsində Azərbaycanın dövlət müstəqilliyi
dönməz xarakter alıb. 1993-cü ilin
ikinci yarısından etibarən Azərbaycanın dövlət
suverenliyinin təmin edilməsi, onun yüksələn xətlə
inkişafı ölkədə aparılan uğurlu
gömrük siyasəti ilə də bilavasitə
bağlıdır. "Gömrük xidməti
hər bir dövlətin müstəqilliyinin əsas
atributlarından biridir" - deyən Heydər Əliyev
gömrük xidmətinin ölkə iqtisadiyyatının
inkişafında rolunu yüksək qiymətləndirir və
bu orqanın fəaliyyətini daim diqqətdə
saxlayırdı.
Dövlət
Gömrük Komitəsi müstəqilliyin bərpasından cəmi
üç ay sonra - 1992-ci il yanvarın
30-da yaradılıb. O zaman dövlət quruculuğu sahəsində
təxirəsalınmaz vəzifələrdən biri də
ölkənin iqtisadi maraqlarının və mənafelərinin
qorunması, səmərəli xarici-iqtisadi fəaliyyət və
idxal-ixrac əməliyyatlarına dövlət nəzarət
sisteminin yaradılması, sərhədlərin iqtisadi təhlükəsizliyinin
təmin edilməsi idi. Qısa zaman kəsiyində
ölkənin milli gömrük xidmətinin yaradılması
və formalaşdırılması bütün kəskinliyi
ilə qarşıda dururdu. Həmin illərdə
Dövlət Gömrük Komitəsi yaradılsa da, mürəkkəb
ictimai-siyasi vəziyyət gömrük orqanlarının
formalaşmasına imkan vermədi. 1991-1992-ci illərdə
və 1993-cü ilin birinci yarısında Azərbaycanda
hökm sürmüş mürəkkəb şəraitdə
zəruri hüquqi-normativ bazaya malik və normal gömrük
sisteminin formalaşdırılması mümkün ola bilməzdi. Gömrük
orqanları qarşısında duran vəzifələr, demək
olar, icra edilmir, neqativ hallar baş alıb gedirdi.
Həmin
şəraitdə Naxçıvan MR Ali Məclisinin sədri
Heydər Əliyevin 24 fevral 1992-ci il tarixli qərarı ilə
Naxçıvan MR Dövlət Gömrük Komitəsinin
yaradılması və əsl milli gömrük xidmətinin
formalaşdırılması sahəsində görülən
tədbirlər isə nəinki Naxçıvanı
düşdüyü blokada vəziyyətindən
çıxarmaq və yerli iqtisadiyyatı möhkəmlətmək
üçün imkan yaratdı, eləcə də
bütün Azərbaycanda siyasi münasibətlərə əhəmiyyətli
təsir göstərmiş oldu.
1991-1993-cü illərdə ölkənin ictimai-siyasi həyatındakı
qeyri-sabit vəziyyətə Ümummilli lider Heydər
Əliyevin yenidən siyasi hakimiyyətə
qayıdışı ilə son qoyuldu. Məhz onun rəhbərliyi
ilə dövlət quruculuğunun bütün sahələrində
iqtisadi inkişafa və sosial-siyasi gərginliyin aradan
qaldırılmasına xidmət edən geniş miqyaslı
islahatlar həyata keçirildi.
1995-ci il
yanvarın 9-da Azərbaycan Prezidentinin yanında gömrük işinin təşkilinə
həsr olunmuş müşavirə respublikada gömrük
xidmətinin inkişafının əsas istiqamətləri və
prinsiplərini müəyyən etdi.
Heydər
Əliyev iqtisadi məsələlərə həsr edilmiş
müşavirə və yığıncaqlarda, xüsusilə,
1997-ci il yanvarın 30-da Dövlət Gömrük Komitəsinin
yaradılmasının 5-ci il dönümünə və
gömrük əməkdaşlarının peşə
bayramı gününə həsr edilmiş təntənəli
yığıncaqdakı nitqində gömrük
orqanlarının fəaliyyətini dəqiqliklə təhliledərək,
bu sistemdə yaranmış problemlərin həlli yolunun tələbkarlıq
və nizam-intizam, peşəkarlıq mühitinin
formalaşdırılması, kadrlarla işin yenidən
qurulması, hər bir gömrük işçisinin öz
dövlətinə sadiqlik prinsipinin əsas meyara çevrilməsi
sayəsində mümkünlüyünü göstərmişdi.
Azərbaycan Prezidentinin 10 yanvar 1997-ci il
tarixli sərəncamı ilə yanvarın 30-nun gömrük
əməkdaşlarının peşə bayramı
günü elan edilməsidə Heydər Əliyevin bu
orqanın fəaliyyətinə verdiyi çox yüksək dəyərin
əyani nümunəsidir.
Dövlət
Gömrük Komitəsinin sədri, gömrük xidməti
general-leytenantı Səfər Mehdiyev deyib ki, Azərbaycan gömrük xidmətinin
formalaşmasında və qurulmasında Ümummilli lider Heydər
Əliyevin əvəzsiz rolu var. Azərbaycan xalqının
Ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti
bu gün prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir: "Müstəqil Azərbaycanın qurucusu,
Ümummilli lider Heydər Əliyevin məqsədyönlü
və uzaqgörən siyasəti nəticəsində
gömrük orqanları ölkəmizin ən mühüm
dövlət təsisatlarından biri kimi formalaşıb. Ulu öndərin siyasi kursunun layiqli
davamçısı prezident İlham Əliyevin rəhbərliyi
ilə reallaşdırılan davamlı iqtisadi inkişaf
strategiyasına uyğun olaraq, hərtərəfli dövlət
qayğısı ilə əhatə olunan gömrük xidməti
hazırda ölkənin ən dinamik inkişaf edən
qurumlarından biridir".
Nazir
vurğulayıb ki, 26 il əvvəl yaranmasına baxmayaraq,
beynəlxalq gömrük ailəsində özünə
layiqli yer tutan, fəaliyyəti nəinki regional, hətta beynəlxalq
səviyyədə təqdirlə qarşılanan Azərbaycan
Gömrük Xidmətinin uğurlarının ən
başlıca səbəblərindən biri də ixtisaslı
gənc kadrların seçilməsi, kadr siyasətinin
günün tələbləri səviyyəsində
qurulmasıdır: "Dövlət
başçısının bütün sahələrdə
olduğu kimi, gömrük orqanlarında həyata
keçirdiyi mütərəqqi islahatlardan biri də
savadlı və bacarıqlı gənc kadrların işlə
təmin olunması, onların potensialından maksimum dərəcədə
istifadə edilməsidir. Prezident İlham
Əliyevin göstəriş və tövsiyələrini rəhbər
tutan gömrük orqanlarının kadrların seçilməsi
prosesində daim şəffaflığa xüsusi önəm
verib".
Nazirin
sözlərinə görə, son dövrlər gömrük
sistemində aparılan islahatlar nəticəsində gömrük
infrastrukturu modernləşdirilib, dövlət büdcəsinin
gəlirləri artıb, idxal-ixrac əməliyyatlarında
müasir tarif və qeyri-tarif tənzimlənməsi tədbirləri
daha geniş tətbiq edilib, gömrük sistemində
avtomatlaşdırılmış idarəetmə və
informasiya texnologiyaları tam tətbiq edilib, gömrük nəzarətinin
həyata keçirilməsinin səmərəliliyi artırılıb, gömrük
tarif siyasəti təkmilləşdirilib və inkişaf
etdirilib, gömrük işi sahəsində hüquqpozmalara
qarşı mübarizə gücləndirilib. Həmçinin
ölkənin sosial-iqtisadi inkişafında gömrük
sisteminin rolu artırılıb, gömrük tənzimlənmə
vasitələri beynəlxalq miqyasda qəbul edilən tənzimlənmə
vasitələrinə uyğunlaşdırılıb, ticarət-iqtisadi
münasibətlərdə idxal və ixrac əməliyyatlarının
rəsmiləşdirilməsinin sadələşdirilməsində əlverişli şərait
yaradılıb.
Prezident
İlham Əliyev gömrük xidmətini daim diqqətdə
saxlayır və hər bir gömrükçü dövlətin
qayğısını hiss edir. Bu gün Azərbaycan
gömrük xidməti mükəmməl hüquqi bazaya,
inkişaf etmiş infrastruktura malik olmaqla, ölkədə
fiskal siyasəti uğurla həyata keçirir, onun quru, hava və
dəniz yollarında respublikanın iqtisadi mənafeyini və
təhlükəsizliyini qoruyur. Dövlət
Gömrük Komitəsi, eyni zamanda, hüquq-mühafizə
orqanı olaraq qaçaqmalçılıq və digər
hüquqpozma hallarına qarşı mübarizənin gücləndirilməsi
istiqamətində məqsədyönlü tədbirlər həyata
keçirir.
Həyata keçirilən islahatlar nəticəsində
Azərbaycan gömrüyü keyfiyyətcə yeni inkişaf
mərhələsinə daxil olub və onun müasir siması
formalaşıb. Azərbaycanın dövlət büdcəsinin
formalaşmasında Dövlət Gömrük Komitəsinin
rolu mühüm dərəcədə artıb, gömrük
işinin iqtisadi göstəriciləri xeyli yüksəlib.
Azərbaycan
Gömrük Xidmətinin əsas funksiyalarından biri olan
fiskal siyasətin həyata keçirilməsi istiqamətində
görülən tədbirlərin nəticəsi olaraq
büdcə daxilolmalarının həcmində hər il
artım qeydə alınır.
Bu ilin yanvar-iyun ayları ərzində Dövlət
Gömrük Komitəsinin xətti ilə dövlət
büdcəsinə 1 mlrd. 618 mln. 996,90 min manat daxil olub. Gömrük
daxilolmaları ötən ilin yanvar-iyun ayları ilə
müqayisədə 447 mln. 770,39 min
manat və ya 38,23% artıb. Ötən 6 ay ərzində
gömrük rüsumları üzrə dövlət büdcəsinə
daxilolmalar 412 mln. 167,80 min manat, idxal
edilən malların əlavə dəyər vergisi üzrə
1 mlrd. 114 mln. 300 min manat,
aksizlər üzrə 75 mln. 257,20 min
manat, yol vergisi üzrə isə 17 mln. 271,90
manat təşkil edib.
Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanın
xarici ticarət əməliyyatlarının həcmi 13 mlrd. 322 mln.
757,33 min ABŞ dolları təşkil
edib. Bu, ötən ilin müvafiq dövrünə
nisbətən 4 mlrd. 644 mln. 334 dollar
və ya 53,52% çoxdur. Ötən
6 ay ərzində idxal əməliyyatları 4 mlrd. 660 mln. 330,28 min dollar olub ki,
bu da 2017-ci ilin yanvar-iyun aylarının göstəriciləri
ilə müqayisədə 1 mlrd. 250 mln.
656 min dollar və ya 36,68% çoxdur. Hesabat dövründə ölkənin ixrac əməliyyatları
üzrə 8 mlrd. 662 mln. 427,05 min dollar olub ki, bu da 2017-ci ilin yanvar-aprel
aylarının göstəriciləri ilə müqayisədə
3 mlrd. 393 mln. 678 min dollar və ya 64,41% çoxdur. Nəticədə
4 mlrd. 2 mln. 96,77
min dollar məbləğində müsbət saldo yaranıb
ki, bu da 2017-ci ilin 6 ayı ilə müqayisədə 2 mlrd. 143 mln. 21 min dollar və ya 2,15
dəfə artım deməkdir.
Gömrük Xidmətinin missiyası mövcud qanuvericiliyin tələblərinə uyğun olaraq, ölkənin suverenliyini, iqtisadi və milli təhlükəsizliyini, habelə ölkə əhalisinin sağlamlığını qorumaqdan, beynəlxalq aləmdə mövcud olan qabaqcıl təcrübələrdən bəhrələnməklə xalqımızın sosial rifahının yüksəldməkdir. Beynəlxalq ticarətin asanlaşdırılmasından, eyni zamanda, təhlükəsizliyin təmin olunmasından, məmur-vətəndaş təmasının minimuma endirilməsindən, gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsindən, elecə də gömrük sahəsində hüquqpozmalara və beynəlxalq terrorizmə qarşı mübarizə aparmaqdan ibarətdir. Xidmət bu missiyanı uğurla yerinə yetirir.
Son illərdə də gömrük sistemində aparılan islahatlar nəticəsində idxal-ixrac əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilməsi, elektron xidmətlərinin sayının artırılması, gömrük işinin beynəlxalq standartlara uyğun aparılması, normativ-hüquqi bazanın yaradılması istiqamətində məqsədyönlü işlər görülüb. Qısa zamanda "Yaşıl dəhliz" buraxılış sistemi tətbiq olunub, ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunmasında, münbit biznes mühitinin formalaşması və sahibkarlıq fəaliyyətinin inkişafında mühüm rol oynayan tədbirlər həyata keçirilib. Daxili bazarın qorunması, yerli istehsalın və ixracın stimullaşdırılmasında əhəmiyyətli rol oynayan Azərbaycan gömrük orqanları dövlət başçısı İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində, xüsusən bu sahənin inkişafına dair müvafiq dövlət proqramı çərçivəsində reallaşdırılan genişmiqyaslı tədbirlər nəticəsində ilbəil təkmilləşməkdə və müasirləşməkdə davam edir. Dövlət Gömrük Komitəsinin fəaliyyətində biznes-gömrük əməkdaşlığında mühüm addımlardan biri də xarici ticarət dövriyyəsinin artırılması məqsədilə gömrük prosedurlarının sadələşdirilməsi və bəyannamələrin elektron qəbuludur. Gömrük rəsmiləşdirilməsinin asanlaşdırılması, şəffaflığın təmin edilməsi, gömrük əməkdaşı ilə vətəndaşların təmasının minimuma endirilməsi məqsədilə informasiya texnologiyalarının tətbiqi daha da genişləndirilir, e-hökumət portalı vasitəsilə Dövlət Gömrük Komitəsinin təklif etdiyi xidmətlərin sayı artırılır. Qətiyyətlə demək olar ki, Azərbaycan gömrük xidmətinin ümumi fəaliyyət strategiyası regionda qanuni ticarətin inkişafına əlverişli şəraitin yaradılması, beynəlxalq ticarət-təchizat zəncirinin təhlükəsizliyinin təmin edilməsi və xarici iqtisadi fəaliyyətin stimullaşdırılması yolu ilə ölkədə ticarət-investisiya mühitinin daha cəlbedici olmasını təmin edib.
Sevinc QARAYEVA
Yazı "Azərbaycan
Gömrüyü - bu gün və sabahın
çağırışları"
mövzusunda yazı müsabiqəsinə
təqdim olunur
525-ci qəzet.-2018.- 17 iyul.- S.6.