Bioqrafiyalarımız çox
şey deyir...
Hər bir insanı, onun həyatı və fəaliyyətini
tərcümeyi-halından tanımaq olur;
yaşadığı həyat onun barometridir, necə var, eləcə,
yaşadığı ömrünü bütün
dolğunluğu ilə əks etdirir. Onu dəyişmək,
redaktə və əlavələr etmək olmur, o,
yazılmır, ancaq yaşanılır.
Aradan illər
keçir, geriyə baxanda yaşanmış ömür bir
daha gözlərinin qarşısından keçir, o zaman
gördüyün işlər haqqında, istər-istəməz
hesabat verməli olursan. Burada bir fikri xatırlatmaq istəyirəm:
"Tarix, əslində, yoxdur, olan-bioqrafiyalardır". Bu mənada
bizim bioqrafiyalarımız keçilmiş yol haqqında
çox şey, bəlkə də hər şeyi deyir... Çoxdan tanıdığım ehtiyatda olan
polkovnik, siyasi elmlər üzrə fəlsəfə doktoru,
dosent Cəlil Xəlilov belə bir bioqrafiyaya malikdir. Nə zamansa xəyallarında zabit olmaq, orduda xidmət
etmək arzusunu quranda Əfqanıstan, Qarabağ müharibələrində
ölümün pəncəsindən
çıxacağını xəyalına belə gətirmirdi.
Ancaq bu ömür yaşandı və tərcümeyi
halına yazıldı. Onun bioqrafiyası yaşadığı ömrü,
fəaliyyəti tamamilə əks etdirir. Təkcə
bioqrafiyanı oxuyub onun keçdiyi yol, yaşadığı
ömür haqqında müəyyən təsəvvürə
malik olmaq olar.
Cəlil
Xəlilovun 60 yaşı tamam olur; bilmirəm
altmışın tez gəlişindən, yoxsa gecikməsindən
danışım?! Çünki
yaşadığı ömür böyük və keşməkeşlidir.
Həm də hərbdə belə bir qayda var;
müharibə zamanı hərbçinin bir günü iki
gün hesab olunur. Məsələyə mənəvi
cəhətdən yanaşsaq, bəlkə daha çox
hesablanmalıdır. Çünki hər
an ölümlə üz-üzə qalan hərbçinin
ömürlüyünü bəlkə də hər hansı
bir təqvimə sığışdırmaq çətindir.
Cəlil Xəlilovun zəngin
bioqrafiyasının böyük bir hissəsinə şahidlik
etmişəm. Bir az da dəqiq ifadə
etsəm, həyatının böyük bir hissəsi gözlərim
qarşısında vətənə xidmətdə
keçib. Onu tanıdığım zaman
(90-cı illərin ortaları) mən Müdafiə Nazirliyinin
orqanı "Azərbaycan ordusu" qəzetinin baş redaktor
müavini kimi hərbi vətənpərvərlik istiqamətində
gedən prosesləri yaxından izləyirdim. C.Xəlilov isə Sərhəd Qoşunları
Silahlı Qüvvələrində xidmət edir, yeni ordu
quruculuğunda peşəkar zabit olaraq
çalışırdı. Tanışlığımıza
qədərki həyat yolunu öyrənmək
üçün isə yenə bioqrafiyasına müraciət
edirəm. Nə yaxşı ki, bu bioqrafiyalar var!.. Hansı ki, onu yenidən yazmaq, redaktə etmək
mümkün deyil... Polkovnikin
ömürlüyünə nəzər salarkən
özünü gənc yaşlarından orduya həsr etdiyini
görürük. Hərbi istedadı və
bacarığı onu Semferopol Ali Hərbi Siyasi Məktəbinə
gətirib çıxarmış və oranı
bitirmişdir. Hərbi təhsillə kifayətlənməyərək
1982-ci ildə Tacikistan Dövlət Universitetinin Hüquq fakultəsini
də bitirmişdir. Həmin ildən
SSRİ DTK-nın Cənub Sərhəd dairəsinin Pamir sərhəd
dəstəsində zastava rəisinin müavini vəzifəsində
hərbi xidmətə başlamışdı. 1985-87-ci illərdə Pamir sərhəd dəstəsində
siyasi şöbədə təlimatçı vəzifəsində
işləmişdir. Sovetlər dönəmində
hər bir əsgər və zabitin ən böyük sınağı
Əfqanıstan müharibəsi hesab olunurdu. Onun da tərcümeyi-halına Əfqanıstan
müharibəsi düşür. Xalq
arasında ən qorxunc müharibə imici qazanan
Əfqanıstanda qulluq etmək, ən çətin vəziyyətlərdən
ağıl və bacarıqla çıxmaq lazım gəlirdi.
C.Xəlilov Əfqanıstan müharibəsindən
də uğurla çıxır. Müharibəyə
gedəndə o, baş leytenant rütbəsi
daşıyrdı. Deyim ki, istedad, elə istedaddır,
istər sənətdə, ədəbiyyatda, musiqidə olsun,
istərsə də hərbdə, ordu quruculuğunda... C.Xəlilovun da ordu quruculuğundakı həyat yolu
onun belə bir istedada malik olduğunu göstərir. O,
harada, hansı vəzifədə xidmət etməyindən
asılı olmayaraq hərbçi bacarığı,
intuisiyası, zəhmətkeşliyi,
intizamlılığı, əmri vaxtında və səhvsiz
yerinə yetirməsi ilə komandirlərin hörmətini
qazanmaqla kifayətlənməmiş, həm də hərb
olimpində addım-addım irəliləmişdir. Gərək ki, filosof, esseist Ralf
Uoldo Emersonun sözləridir: "Zəif adamlar uğura
inanırlar, güclülərsə səbəb və nəticəyə".
Bu baxımdan C.Xəlilovun hərbçi taleyində
səbəb-nəticə komponentləri həmişə paralel
olaraq çıxış edir. Əfqanıstandakı
şücaəti nə qədər qürur doğursa da,
yaxud müharibədən sonrakı Rusiya xidməti uğurlu
keçsə də, onu vətənində gedən proseslər
daha çox düşündürürdü. Ona görə də sovetlərin dağılması
ərəfəsində dərhal vətənə dönərək
ən çətin vaxtda ordu quruculuğu prosesinə
qoşulur və keçmiş Əfqanıstan
döyüşçüsü kimi təcrübəsini yeni
yaranan orduya həsr edir. Əfqanıstan təcrübəsi
Qarabağ döyüşlərində də onun köməyinə
gəlir. Gənc zabitin həyatında
çox qısa bir müddətdə iki fərqli müharibədə
iştirak etməsi həyatının qürur səhifələrini
təşkil edir. Taleyindəki sonuncu müharibə əvvəlkindən
yerlə göy qədər fərqlənirdi: o, doğma vətənini
müdafiə edir, qoruyur, təşkilatçılığı,
siyasi işi ilə əsgərləri də buna
ruhlandırırdı. Daha sonra C.Xəlilovu Azərbaycan
Respublikası Təhlikəsizlik orqanının tərkibində
olan Sərhəd qoşunları sıralarında
görürük. Sərhəd
qoşunlarının yaradılması prosesində bir zabit
kimi təşkilatçılıq və rəhbərlik
işində qüvvə və bacarığını əsirgəmir.
2013-cü ilə qədər Sərhəd Qoşunları və
Milli Təhlükəsizlik Nazirliyində müxtəlif rəhbər
vəzifələrdə, o cümlədən, Azərbaycan
Respublikası Sərhəd Qoşunları Komandanının
şəxsi heyətlə iş üzrə müavini vəzifəsində
xidmət edir. Deyim ki, istənilən Silahlı qüvvələrdə
şəxsi heyətlə iş, hərbi
və milli vətənpərvərlik amili prioritet istiqamətlərdən
biri olub. Bu mənada C.Xəlilovun yeni ordu
quruculuğunda bu sahədə gördüyü işləri
yalnız təqdir etmək olar. Polkovnikin
Silahlı Qüvvələrdəki bu xidməti daim diqqət
mərkəzində olmuş, dəfələrlə dövlətçiliyə
göstərdiyi dəyərli və əvəzsiz əməyi
dövlət tərəfindən yüksək qiymətləndirilmişdir.
Hər bir hərbçinin həyatında bir veteran olmaq
xoşbəxtliyi də var; belə ki, şərəf dolu hərbi
xidmət arxada qaldıqdan sonra C.Xəlilov yenə də həyatını
ordu quruculuğundan kənarda görmədi. Yüz minlərlə
müharibə və əmək veteranının həyatı,
güzaranı onu düşündürdüyündəndir
ki, ömrünü Respublika Müharibə, Əmək və
Silahlı Qüvvələr Veteranları Təşkilatına
bağladı və bu gün də burada əzmlə
çalışır. Vətən uğrunda şəhid
olmuş insanların ailələrinə, müharibə əlillərinə,
Böyük Vətən Müharibəsi, Əfqanıstan,
Qarabağ müharibəsinin veteranlarına diqqət və
qayğı ilə yanaşır və çox az bir müddətdə veteranların hörmətini
qazanır. Erməni
işğalçılarına qarşı müharibə
veteranlarının bu birliyi yeni gənc nəsil
üçün də bir örnək olur. C.Xəlilov 2014-cü ildən Azərbaycan
Respublikası Veteranlar Təşkilatının sədr
müavinidir. O, bu gün ölkə rəhbərliyinin
veteranlarla bağlı həyata keçirdiyi dövlət
siyasətinin uğurla yerinə yetirilməsində, gənclərin
azərbaycançılıq məfkurəsinə uyğun, vətənpərvərlik,
öz tarixinə hörmət ruhunda tərbiyə
olunmasında böyük işlər görür. Respublika Veteranlar Təşkilatının dövlət
orqanları və ictimai təşkilatlarla sıx əlaqələrinin
qurulması, veterenların ölkənin ictimai-siyasi həyatında
fəal iştiraklarına nail olunmasında əməyi
çoxdur. O, ölkənin təhsil ocaqları, müxtəlif
idarə və müəssisələri, xüsusilə, cəbhə
bölgəsində yerləşən hərbi hissələrdə
veteranlarla gənclərin müntəzəm görüşlərini
təşkil edir. Müharibə
veteranlarının cəmiyyətə inteqrasiyası prosesinə
qoşulmasını, vətəndaş cəmiyyətinin
formalaşmasını uğurla təmin edir. Azərbaycan Vətəndaş Cəmiyyətinin
inkişafında, bu sahədə dövlət siyasətinin həyata
keçirilməsində, ölkədə veteran hərəkatının
genişlənməsində və gənc nəslə vətənpərvərlik
ruhunun aşılanmasında fəal rol oynayır. Erməni seperatizminə qarşı mübarizə
yalnız cəbhədə deyil, hər yerdə, eləcə
də beynəlxalq arenada davam edir. Erməni
işğalçılarının yalanlarını ifşa
etmək, işğalın mahiyyətini dünyaya
çatdırmaq üçün səylə çalışır.
Rusiyada, Ukraynada, Belarusiyada və bir çox beynəlxalq tədbirlərdə
erməni separatçılarına qarşı çəkinmədən
etdiyi çıxışlar, gətirdiyi tarixi faktlarla
Qarabağ həqiqətlərini dünya ictimayyətinə
çatdırır.
C.Xəlilov peşəkar hərbçi olmaqla
yanaşı, həm də bir alim ömrü yaşayır;
bu iki amili uzlaşdırmaq və həyatında onun
qovuşuğunu yaratmaq hər bir hərbçiyə müəssər
olmur. O, hərb
sahəsindəki praktik bacarığını elmi sahəyə
də gətirmiş "Milli təhlükəsizliyin təmin
edilməsində milli mənlik şüurunun rolu" mövzusunda
elmi işini uğurla müdafiə edərək siyasi elmlər
üzrə fəlsəfə doktoru alimlik dərəcəsi
almışdır. Bu istiqamətdə
yazdığı məqalələr ölkənin nüfuzlu
elmi jurnallarında dərc edilmişdir.
Məlumdur ki, dünya siyasətinin əsas prinsiplərindən
birini təşkil edən milli mənafe və təhlükəsizlik
məsələləri Azərbaycan müstəqilliyini
qazandıqdan sonra qarşıda duran prioritet istiqamətlərindən
biri olmuşdur. Çünki dövlətin və
xalqın mənafe və maraqlarının özü bunu tələb
edir. Azərbaycan da mürəkkəb
geosiyasi bir coğrafiyada yerləşdiyindən
dayanıqlı, gələcəyə yönəlik bir milli təhlükəsizlik
konsepsiyasına malik olmalıdır. Müstəqilliyini
qazanan Azərbaycanın bu istiqamətdə
hazırladığı davamlı və dayanıqlı
konsepsiyalar onun milli mənafe və təhlükəsizliyini
qorumağa yönəldilmişdir. Lakin
milli təhlükəsizlik və mənafelərin qorunması
həm də bir vətəndaşlıq borcudur, peşədir.
Çünki milli təhlükəsizlik fərdlərin
bu işə münasibətindən asılıdır. Hər bir fərdin milli təhlükəsizliklə
bağlı biliklər sistemində,
dünyagörüşündə bu problem başlıca yer
tutmalıdır.
Azərbaycan
Respublikası Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının dosenti kimi bu sahədəki elmi və
praktik biliklərinin gənc nəsilə
çatdırılması yolunda səylərini heç zaman
əsirgəmir. Dörd kitab, əllidən çox elmi məqalə, bir
proqram və dərslik müəllifi kimi
araşdırmalarını davam etdirir. Praktik və nəzəri
biliklərini ali məktəblərdə
biliklər sisteminə çevirib tədris etmək onun tərcümeyi-halının
ən önəmli səhifələrindən birini təşkil
edir. Ali məktəblərin, universitet və
akademiyaların uyğun bölümlərində bu vəzifə
həyata keçirilsə də, əsas məsələ bu
istiqamətdə yeni proqramların, dərsliklərin və dərs
vəsaitlərinin yazılmasıdır. Bu mənada
siyasi elmlər üzrə fəlsəfə doktoru, Prezident
yanında Dövlət İdarəçilik Akademiyasının
dosenti C.Xəlilovun
"Milli təhlükəsizlik strategiyası" (Bakı,
2016) dərsliyi olduqca böyük əhəmiyyət
daşıyır. İndiyədək C.Xəlilov
milli təhlükəsizlik problemi ilə bağlı bir
çox məqalələr yazsa da, son tədqiqatı
monumentallığı, aktuallığı və əhəmiyyəti
ilə bu sahədəki boşluğu tamamilə doldurur.
Əslində, bu vəsait dərslik
adlandırılsa da, elmi sanbalı, məzmunu, problemlərin
qoyuluşu və ona yanaşma baxımından tədqiqatın
da tələblərinə tamamilə cavab verir və ona
görə də onu cəsarətlə dərslik-monoqrafiya
adlandırmaq mümkündür.
Dərslikdə milli təhlükəsizlik
strategiyası və onun nəzəri əsasları,
formalaşması və inkişaf xüsusiyyətləri, eləcə
də prioritetləri konseptual şəkildə təhlil
edilir. Müasir beynəlxalq münasibətlər
nəzəriyyəsində milli təhlükəsizlik
problemini daha çox nəzəri istiqamətdə
araşdırır və təhlükəsizliyin təmin
edilməsi məsələsində beynəlxalq münasibətlər
nəzəriyyəsi və təcrübəsinə əsaslanır. N.Makiavelli, T.Hobs,
F.Ratsel, X.Makkinder, N.Şpaykmen kimi görkəmli geopolitika nəzəriyyəçilərinin
əsərlərində formalaşan siyasi realizm məsələləri
yeni düşüncə ilə təhlil edilir. Müasir dünyada milli təhlükəsizlik
strategiyasına baxışda müxtəlif yanaşmalar,
konsepsiyaların təhlili ümumi yanaşma üçün
zəngin mənbə olur. Avropa təhlüksizlik
strategiyasının əsaslarının
araşdırılması ona görə yerinə
düşür ki, onun özünəməxsus təhlükəsizlik
strategiyasında bu regionda olan qlobal münaqişələrə
də yer verilir.
Dərslik-monoqrafiyada kollektiv təhlükəsizlik
sisteminin mahiyyəti, məzmunu və xüsusiyyətlərinə
ayrıca bir fəsil ayırması problemin
aktuallığından irəli gəlmişdir. Belə ki,
indiki zamanda kollektiv təhlükəsizlik, dövlətlərin
sülhə təhdidin aradan qaldırılması, təcavüz
aktlarının qarşısının alınması, yaxud
yatırılmasında beynəlxalq sülhün və təhlükəsizliyin
təmin edilməsini şərtləndirən əsas amillərdəndir.
Beynəlxalq təhlükəsizlik sisteminin
universal və regional məsələləri ilə
bağlı son əlli ildə dünyada qəbul edilən qərarlar
və müxtəlif beynəlxalq təşkilatların fəaliyyəti
yeni dünya təhlükəsizik sisteminin formalaşması
istiqamətində dəyərləndirilir. Dərslikdə
dünyada milli təhlükəsizliyin mürəkkəb,
çoxşaxəli bir sistem olduğu və burada şəxsiyyətin,
cəmiyyətin, dövlətin təhlükəsizlik məsələləri
və onların tərkib hissələri, eləcə də
prioritet istiqamətlərinin başlıca yer tutması
çoxsaylı nümunələr və nəzəri fikirlər
əsasında təhlil edilir.
Dosent Cəlil Xəlilovun "Milli təhlükəsizlik strategiyası" dərsliyinin böyük bir hissəsi Azərbaycan Respublikası milli təhlükəsizlik siyasətinin təşəkkülü, formalaşması və inkişaf xüsusiyyətlərinə həsr edilmişdir. Müəllif çox doğru olaraq, müasir geosiyasətdə Azərbaycanın daxili və xarici siyasətinin özünəməxsus yeri olduğunu, 1993-cü ildən başlayaraq milli təhlükəsizliyin təmin edilməsinin formalaşması üçün verilən qərarların, görülən işlərin təkmilləşdirildiyi və sistemli bir fəaliyyət halına gəldiyini əsaslandırır. Azərbaycanın xarici siyasət prioritetləri sırasında beynəlxalq təşkilatlarla əməkdaşlıq, enerji layihələrinin işlənib hazırlanması və ralllaşdırılması, iki qitə arasında nəqliyyat dəhlizi rolunun yerinə yetirilməsində mühüm rol oynaması onun strategiyasını müəyyənləşdirmişdir. Bütün bunlar ölkənin sabit və davamlı inkişafını şərtləndirdiyini, ictimai həyatın bütün sahələrini əhatə edən dinamik dəyişikliklər prosesinə mühüm təsir göstərmişdir.
Cəlil
Xəlilov həmişə olduğu kimi, altmışında
da eyni əzm və işgüzarlıqla, hərbçi
nizam-intizamı ilə Azərbaycan dövlətinə və
xalqına sədaqətlə xidmət edir. Mən burada
onun ömür dayanacaqlarının bəzi məqamları
üzərində dayana bildim. Bu məqamlar onun həyatının
bütün anlarında ürəyinin vətəni, xalqı,
dövləti ilə döyünən yaxşı bir vətəndaş
olduğundan xəbər verir. Mən Cəlili bütün
varlığı, həyatı, fəaliyyəti,
bioqrafiyası ilə xalqına, vətəninə xidmətdə
gördüm. Bu yolda ona uğurlar diləyirəm...
Bədirxan ƏHMƏDLİ
525-ci qəzet.-2018.- 17 iyul.- S.4.