Cümhuriyyət qurucuları: Xudadat bəy Rəfibəyli

 

Tanınmış dövlət xadimi Xudadat bəy Rəfibəyov (Rəfibəyli) 1878-ci ildə Gəncə şəhərində anadan olub. Gəncə Klassik Gimnaziyasında orta təhsilini başa vurduqdan sonra o, Xarkov Universitetinin tibb fakultəsinə daxil olub.

1907-ci ildə Xudadat bəy ailəsi ilə Gəncəyə qayıdır. Həmin ilin noyabrın 15-də o, qubernatorun əmri ilə Afanasyev adına Yelizavetpol xəstəxanasına direktor təyin edilir.

X.Rəfibəyov 1912-1913-cü illərdə Sankt-Peterburqda İmperator Kliniki İnstitutunda 6 ay məşhur professorların apardığı 12 ixtisas kursunun da dinləyicisi olub.

Həmin dövrdə Gəncədə X.Rəfibəyovun təsisçiliyi ilə Aktyorlar Cəmiyyəti yaradıldı. Cəmiyyət tamaşaların quruluşuna kömək edir, teatr  truppalarının təşkilatlarına, aktyorlara maddi kömək göstərirdi.

X.Rəfibəyovun rəhbərliyi ilə 1914-cü ildə Gəncədə Yelizavetpol Tibb Cəmiyyəti adlı ilk qurum yaradılmışdı. Həmin cəmiyyətin katibi Həsən bəy Ağayev olmuşdur.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra X.Rəfibəyov Səhiyyə və Sosial-Təminat naziri vəzifəsində çalışır. 1918-ci ilin  oktyabrın 6-da olan kabinədaxili dəyişikliklərdən sonra onun tutduğu vəzifə belə adlanır: Xalq Səhiyyəsi naziri. Bu onunla bağlı idi ki, F.X.Xoyskinin kabinədaxili dəyişikliklərindən sonra müsavatçı M.Rəfiyev portfelsiz nazirdən yeni yaradılan Sosial-Təminat və Dini Etiqad naziri vəzifəsinə təyin edilmişdi. Yəni N.Yusifbəylinin idarə etdiyi dini etiqad sahəsi ilə  X.Rəfibəyova aid olan sosial-təminat sahəsi birləşdirilib ayrıca nazirlik yaradılmışdı. Həmin kabinədaxili dəyişikliklərdən sonra N.Yusifbəyli  yalnız bir sahə ilə məşğul olaraq Xalq Maarif naziri təyin edilmişdi.

X.Rəfibəyov Səhiyyə və Sosial-Təminat naziri vəzifəsində çalışdığı ilk aylarda hökumət Gəncədə yerləşirdi. Bu dövrdə Azərbaycanın bütün bölgələrində olduğu kimi, Gəncədə də böyük gərginlik yaşanırdı. Bakını və ətraf  bölgələri nəzarətdə saxlayan erməni (qismən rus) hərbi birlikləri (onların sayının 10 minə qədər olduğu yazılır) Gəncəni də təhdid altında saxlamağa çalışırdılar.

Həmin dövrdə yalnız Gəncənin erməni məhəlləsində və ətraf yerlərdə yaşayan ermənilərin üç minə qədər silahlı dəstələri var idi. 1918-ci ilin mayın 25-dən 300 silahlı ilə Gəncəyə gələn Nuru Paşa da bu qüvvələrdən ehtiyatlanırdı.

X.Rəfibəyov bəzilərinin şübhə ilə yanaşdığı Qafqaz İslam Ordusunun komandiri Nuru Paşa ilə səmimi münasibətlər yaratmışdı. O, Qafqaz İslam Ordusunun qəhrəman əsgərlərinə və yaralananlara kömək üçün xüsusi tibbi qruplar təşkil edirdi. X.Rəfibəyov özü də bu qrupların tərkibində yaralı əsgərlərə tibbi xidmət göstərmişdi.

1918-ci ilin sentyabrın 15-də Bakı şəhəri düşmən qüvvələrdən azad edildi. Sentyabrın 18-də Azərbaycan hökuməti Bakıya gəlib fəaliyyətini burada davam etdirdi.

X.Rəfibəyov Bakıya köçdükdən sonra burada səhiyyə sahəsində ciddi işlər gördü. Nazirliyin göstərişi ilə dövlət hesabına pulsuz xəstəxanalar açıldı, yeni tibb ocaqlarının tikintisinə başlanıldı. Kənd yerlərində əhaliyə tibbi xidmət üçün müalicəxana və məntəqələr təşkil olundu.

X.Rəfibəyovun başçılıq etdiyi dövrdə nazirlikdə beş şöbə fəalyyət göstərirdi: şəhər və məhkəmə tibbi şöbəsi; kənd tibbi şöbəsi; tibb statistikası şöbəsi; əczaçılıq şöbəsi; baytarlıq və sanitariya şöbəsi.

X.Rəfibəyovun başçılığı ilə dərman və tibb alətlərinin saxlanılması üçün anbar, ekspertiza aparmaq üçün xüsusi laboratoriya təşkil edilmişdi.

Azərbaycan Hökumətinə aid olan 1919-cu il 6 may tarixli qərarın çıxarışında belə yazılıb: "Eşidildi: Gəncə qubernatorunun təyin edilməsi haqqında məruzəsi; Qərara alındı: Doktor Xudadat bəy Rəfibəyovu Gəncənin qubernatoru təyin etmək. 1919-cu il, 6 may".

X.Rəfibəyov 1920-ci ilin mayında həbsdə olarkən, istintaqa verdiyi ifadədə bildirir ki, qubernator əmrinin 1919-cu ilin mayın 6-da verilməsinə baxmayaraq, fəaliyyətə atasının qırx mərasimi başa çatdıqdan, yəni mayın 17-dən sonra başlamışdır.

X.Rəfibəyov Gəncənin general-qubernatoru vəzifəsində çalışarkən ciddi işlər görməyə başladı. Həmin bölgədə o, sabitliyi qoruyur, hökumət əleyhinə qanunsuz fəaliyyətlərin qarşısını alırdı. Gəncə və Gəncəbasar bölgələrinin silahlı quldur dəstələrindən azad edilməsində onun böyük rolu olmuşdur. Xudadat bəy vəzifəsindən sui-istifadə edən məmurlara qarşı çıxırdı. Onun Gəncə və Gəncəətrafı bölgələri inkişaf etdirmək, məktəblər, xəstəxanalar açmaq, yeni müəssisələr yaratmaqla bağlı ayrıca fəaliyyət planının olduğu qeyd edilir.

X.Rəfibəyov Gəncənin qubernatoru olarkən böyük fəaliyyət göstərmişdir. O, 1920-ci ilin fevralın 5-də Daxili İşlər Nazirliyinə göndərdiyi məktubda yazırdı: "Aşağıdakıları diqqətinizə çatdırmağı şərəf bilirəm: Şamxor qəza rəisinin mənə çatdırdığı 4 fevral 94 saylı məlumatına əsasən onun baş köməkçisi Babayev ezamiyyətdən qayıdarkən belə məlumatlar alıblar ki, yanvarın 22-də bir neçə min nəfərdən ibarət olan erməni hərbi dəstələri müsəlmanlar yaşayan Şişqaya, Sədadaqaç və Hacı Qərib (Gəncə qəzasının keçmiş 9-cu sahəsi) kəndlərində soyğunçuluq etmiş, evləri dağıtmış və guya müsəlmanlar tərəfindən öldürülmüş bir erməni əsgərinə görə 280 min rubl pul istəmişlər. Ermənilər əhalinin mal-qarasını və əmlakını da talayıb aparmışlar. Əhalinin çoxu sağ qalmaq üçün Şamxor qəzası istiqamətinə qaçıb getmişlər. 300-ə qədər adam Burcalı kəndinə doğru getmiş, hava şaxtalı olduğundan 30-a qədər adam yolda həlak olmuş, qalanları isə hazırda Burcalı kəndindədir. Bu faktların yoxlanması üçün Babayev Gədəbəy və Qaramurad kəndlərinin nüfuzlu şəxsləri ilə sorğu aparmış və onlar da bu faktları təsdiq etmişlər. Bundan başqa həmin faktı Yeni Saratovka sərhəd dəstəsinin komandiri də təsdiqləyir.

Burcalıya gələn qaçqınların sayının dəqiqləşdirilməsi və onların vəziyyətinin və ehtiyaclarının öyrənilməsi üçün Babayev növbəti sərəncamla yerli pristavı həmin kəndə ezamiyyətə göndərmişdir. Əlavə edirəm ki, Gədəbəydən Burcalıya qədər olan yol qarla örtülmüş və hər iki məntəqə arasında məlumat yoxdur.

Növbəti məlumatlar gecikmədən diqqətinizə çatdırılacaq.

Qoyulmuş məsələləri məlumatınız və müvafiq sərəncamlarınız üçün çatdırıram. Qubernator Rəfibəyov".

Qeyd edək ki, 1920-ci ilin aprelində ermənilər yalnız Qarabağ bölgəsində deyil, Gəncədə və ətaf yerlərdə gərginlik yaradır, əhaliyə qarşı zorakılıqlar törədirdilər.

X.Rəfibəyov 1920-ci ilin 15 aprelində Daxili İşlər nazirinə göndərdiyi teleqramda yazırdı: "Gəncə qəzasının 2-ci sahəsinin pristavı məlumat verir ki, ermənilər Şişqaya kəndinə hücum edərək, demək olar ki, bütün sakinləri qırıblar. Gədəbəyə yaralılar gəlib. Hazırda ora yaxın kənddə döyüş gedir. Müsəlmanların vəziyyəti ağırdır. Bunu məlumatınız və sərəncamınız üçün çatdırıram".

1920-ci ilin aprelin 27-də Azərbaycan Rusiya bolşevikləri tərəfindən işğal edildi. Bu hadisədən sonra X.Rəfibəyovun Gəncənin general-qubernatoru vəzifəsində işləməsi qeyri-mümkün oldu. O, 1920-ci ilin aprelin 30-da tutduğu vəzifədən uzaqlaşdı. Xudadat bəy bu vəzifədən uzaqlaşarkən 66 saylı son əmrini (əslində, bu, bir müraciət idi) verib, Gəncə Quberniyasının İdarə Heyətinə, dəftərxana qulluqçularına və digər əməkdaşlara təşəkkürünü bildirirdi.

1920-ci ilin mayın 12-də X.Rəfibəyovu həbs etdilər. Onu silahlı əsgərlərin nəzarəti altında Gəncədən qatarla Bakıya gətirdilər. Məlumatlara görə, o, həbs zamanı da özünü çox qürurlu aparmışdır. X.Rəfibəyovun həbs olunmasını eşidən çoxlu sayda gəncəli vağzala toplaşmış, Şəmkirdən 500 nəfərdən ibarət silahlı dəstənin onu azad etmək cəhdinə isə özü razı olmamışdır. Xudadat bəy inanırdı ki, o, günahsızdır və özünü müdafiə edə biləcəkdir.

İstintaq materiallarından aydın olur ki, ona qarşı əsas müqaviməti göstərən, iddiaları qaldıran ermənilərdir.

1920-ci ilin mayın 12-də - Xudadat bəyin həbs edildiyi gün Gəncə sakini Nikolay Qriqoryeviç Babakev-Xyants adlı bir erməninin XI Ordunun xüsusi şöbəsinin müstəntiqinə ifadəsi: "...Rəfibəyov qubernator təyin edildiyi gündən xristianlara qarşı törədilmiş bir cinayət də açılmayıb. Şikayətlərlə bağlı Rəfibəyova müraciətlər bir qayda olaraq yerinə yetirilmirdi. Son vaxtlar Gəncə qəzasının erməni kəndləri Rəfibəyov tərəfindən təşkil edilmiş müsəlman quldur dəstələri tərəfindən talan olunur və yandırılırdı. Dəstələrin başçıları onun tərəfindən təyin edilirdilər və onların adları Qaraçinar dəstəsinin Bakıda yerləşən keçmiş rəisi podpolkovnik Pnakadzeyə yaxşı tanışdır. 1917-ci ildə Türkiyə cəbhəsindən qayıdan rus eşelonlarını güllələyən müsəlman quldur dəstəsinin başında Rəfibəyov dayanmışdı..."

X.Rəfibəyov erməni müstəntiqi Safikyana belə cavab vermişdir: "Mənim fəaliyyətlərim barəsində rəy və xasiyyətnaməni isə yalnız ermənilər deyil, ruslar, almanlar, gürcülər, yəhudilər və digər millətlərdən olanlar, həmçinin, Həmkarlar İttifaqı, Gəncə Həkimlər İttifaqı, Qızıl Xaç kimi təşkilatlar verə bilərlər. Qatı daşnak olduğu üçün dəfələrlə həbsxanaya salınmış Babakevxyansın ərizəsinə gəlincə, o, tamamilə vecsizdir və həqiqətə uyğun deyildir".

X.Rəfibəyovu sorğu-suala tutub istintaq aparan da, saxta ittihamlar əsasında ifadə verənlər də ermənilər idi. Növbəti ifadə verən ermənilər isə aşağıdakılardır: Sərkisov, Ovanes Vartanov, Ambursum Cevorkova, Ovanes Akopov, Yegiş Cevorkova, Arutyunova və b. Onlar X.Rəfibəyovu onun "quldur dəstəsinin - Mustafabəyovun" iştirakı ilə mal-qaralarını apardıqlarından, var-yoxlarını taladıqlarından şikayət edirlər.

Xudadat bəy Rəfibəyovu saxta ittihamlarla günahlandıraraq 1920-ci ilin iyunun 1-də Xəzər dənizindəki adalardan birində güllələdilər.

X.Rəfibəyov həbsdə olarkən - 1920-ci ilin mayın 25-dən 26-na keçən gecə Gəncədə Sovet hökuməti əleyhinə böyük üsyan başladı.

X.Rəfibəyovun qətlindən sonra onun ailəsinə qarşı təzyiqlər davam etdi. 1931-ci ildə İstanbulda azərbaycanlı mühacirlərin nəşr etdikləri "Bildiriş" qəzetinin birinci səhifəsində "Şimaldan günəşin doğmasını bəkləyənlər" adlı bir yazı çap edilmişdi. Yazıda bildirilirdi ki, bolşevik Əliheydər Qarayev Bakıda çap olunan "Kommunist" qəzetindəki bir məqaləsində milli hökumət dövründə Gəncə valisi olmuş doktor Xudadat bəy Rəfibəyovun həyat yoldaşının evi axtarılarkən, oradan qızı Nigar xanımın (sonradan xalq şairi N.Rəfibəyli  - red.) 1928-ci ilin iyun ayında yazdığı bir şeir tapıldığını bildirir. Şeir belə adlanır: "Şimaldan günəşin doğmasını gözləyənlərə". Şeirdə deyilir: "Başında şimal rüzgarları əsən şair, sən İsa şəklini Lenin şəkli ilə əvəz edib, bizi rus mujiki ruhunda tərbiyə edir, ona baş əyməyə məcbur edirsən. Lakin bunu bil ki, şimaldan günəş doğmamış və doğmayacaqdır. Şimal Şərqin qanını içəndir... Günəş Şimaldan deyil, daima olduğu kimi Şərqdən doğacaqdır!!.

Ə.Qarayev bu şeirə görə Pedaqoji İnstitutda təhsil alan Nigarın bütün işlərdən azad olunmasını tələb etmişdir. Sonradan isə şair M.Rzaquluzadə Moskvadan məktub göndərib, şeirin Nigara yox, ona aid olduğunu bildirmişdir.

O zamanın proletar şairlərindən biri isə N.Rəfibəyliyə belə ittiham-şeir yazmışdır:

 

Bağlamışsan ümidini

Şərqdən doğan Günəşə,

Fəqət sənin duymadığın bir günəş var,

ey Nigar!

Biz günəşiz, günəş biz,

O gündən başlayır mübarizəmiz.

 

Başqa bir proletar şair isə Nigarın atası Xudadat bəyə işarə edərək yazırdı:

 

Sən atanın yolunu izləyirsən, deyilmi?

Sən Müsavat dövrünü gözləyirsən, deyilmi?

 

X.Rəfibəyovun oğlu Kamil Türkiyədə yaşamışdır. Nigar Rəfibəyli isə sonradan Azərbaycanın Xalq şairi oldu. X.Rəfibəyovun nəvəsi (Nigar xanımın oğlu) Anar bu gün Azərbaycanın tanınmış ədibi, Xalq yazıçısı, Yazıçılar Birliyinin sədridir.

 

 

Nəsiman YAQUBLU

tarix elmləri doktoru

 

525-ci qəzet.-2018.- 18 iyul.- S.8.