Heydər Hüseynov və Mirzə Kazım bəy xalq haqqında: mükalimə yaxud təfsir

Akademik Heydər Hüseynov-110

 

Akademik Heydər Hüseynovun 1949-cu ildə nəşr olunan "Azərbaycanda XIX əsr ictimai fəlsəfi fikir tarixindən" kitabı qədər qəribə görünsə , milliliyin məzmuna yox, yalnız formaya aid edildiyi sovet məkanında bir millətin fikir tarixinə həsr olunan ilk əsər olub, əslində, milli özünüdərk hadisəsi idi. Bunu anlamış bilavasitə sovet dövlət rəhbərliyinin təzyiqi altında 1950-ci ildə əsərə verilmiş Dövlət (Stalin) mükafatını tezliklə geri alaraq, kitab müəllifi "ifşa edib" cəzalandırmışdılar.

 Maraqlıdır ki, ümumi şəkildə pantürkizm, panislamizmdə - dövrü üçün dəhşətli səslənən "cinayət"lərdə suçlanan müəllif, hər şeydən əvvəl, Şeyx Şamil hərəkatı müridizmi kitabda müsbət yöndən işıqlandırmasına görə ittiham edilmişdi. Görünür, buna görə, onun dramatik ölümü ilə nəticələnən bu olaydan çox-çox sonralar da, elə indinin özündə həmin kitab barədə söz düşəndə bir simvol təki ilk xatirə gələn Şeyx Şamil olur hər dəfə bu igid dağlı obrazı Heydər Hüseynov mərdliyini bizə xatırladır...

Əslində, 50-ci illərdə əsas tənqid hədəfi kimi seçilmiş Şeyx Şamil mövzusu "Azərbaycanda XIX əsr ictimai fəlsəfi fikir tarixindən" kitabının  dünya miqyaslı alim, mütəfəkkir Mirzə Kazım bəyə (1802-1870) həsr edilən dörduncü fəslində kiçik bir hissəsini təmsil edir. Lakin fəslin mətnini diqqətlə oxuduqda burada dövrün siyasiləşmiş ideologiyasına uyğun gəlməyən başqa məqamların da az olmadığı qənaətinə gəlirsən. Bu, artıq fəslin epiqrafı kimi Mirzə Kazım bəyin "Bab babilər" əsərinin müqəddiməsindən iqtibas edilən sözlərdən görünür: "Qərb öz siyasəti ilə Asiyada maarifi dirçəldə bilməz... Ölkə islahatçıları ölkənin özündə doğulmalıdırlar". H.Hüseynov mətndə həmin fikrin "Şərq Asiya xalqlarına münasibətdə Qərbi Avropa müstəmləkəçilərinin siyasəti əleyhinə" yönəldiyini vurğulamasına rəğmən, təbiidir ki, onu, ümumiyyətlə, hər cür müstəmləkəçilik siyasətinin ifşası kimi başa düşmək olardı. Monoqrafiyanın Azərbaycan fəlsəfəsi kontekstini nəzərə aldıqda, iqtibasdakı "Qərb" sözü əslində, bir simvola, "Yad", "Özgə"nin sinoniminə çevrilir. Bu mənada, "Qərb" istilahını, məsələn, "Rusiya", fərqi yoxdur, çar Rusiyası, ya bolşevik, yaxud sovet Rusiyası... kimi da oxumaq olar.

Diqqətli nəzərə əyan olur ki, fəsil öz bətnində Mirzə Kazım bəyin Şərq Asiya xalqlarına dərin məhəbbət hörmət hissi ilə aşılanmış yaradıcılıq ruhununmu, yoxsa bu ruhun Heydər Hüseynov tərəfindən təfsirininmi, bəlkə hər ikisinin birlikdə doğurduğu belə bir ideyanı daşıyır: hər bir xalqın öz tarixi özünəməxsus yolu var, hər bir xalqın azadlıq, müstəqillik uğrunda mübarizə aparmaq, öz dövlətini qurmaq, kənardan müdaxilə olmadan yaşamaq hüququ var, hər bir xalqa elm, bilik, mədəniyyəti özgəsi yox, əlində tutduğu maarif çırağını ürəyinin atəşi ilə yandıran öz doğma övladları gətirə bilərlər. Həm yadellilərin alçaq nəzərlərlə baxıb, həqarət etmələrinə baxmayaraq, Şərq xalqları dövlətləri sivilizasiyalı dünyanın böyük hissəsini təşkil edir özündə, Mirzə Kazım bəyin ibarəsi ilə desək, "tərəqqi sivilizasiya ruhunu gizlədir".

H.Hüseynov görkəmli alimin həyat yaradıcılığını ayrı-ayrı avtobioqrafik faktlar bəzi əsas əsərlərinə istinadla yığcam şəkildə təhlil edir. Bununla belə, oxucuda bütöv bitkin təsəvvür yaratmağa müvəffəq olur. O, Mirzə Kazım bəyin ömrünün - Dərbənddə dünyaya gəlib, gözəl Şərq təhsili alması, artıq 17 yaşında "Ərəb dilinin müxtəsər qrammatikası" adlanan ilk elmi əsərini dərc etdirməsi, gənc yaşında sürgündə olan atasının dalınca Həştərxana getməsi, Həştərxandan Sibirə sürgün edilməsi, yolda xəstələnib Kazanda saxlanılması, professor Fuksla tanışlığı, onun xeyirxahlığı sayəsində Kazan Universitetinə müəllim götürülməsi kimi - məqamlarını, peripetiyalarla dolu taleyinin onu dünyanın məşhur şərqşünasları cərgəsinə çıxaran, əvvəlcə Kazan, sonra isə S.Reterburq universitetinin adlı-sanlı professoruna çevirən qəribə həyat yolunun mərhələlərini ardıcıl izləyir. Həyatının çətin, ağır sevincli, bəxtiyar anlarından xəbər verir.

Müəllif çar Rusiyasının Dağıstanı işğalından sonra yeritdiyi müstəmləkəçilik siyasətinin ağır nəticələrini, yerli əhaliyə əzab iztirab gətirməsini Mirzə Kazım bəyin ailəsinin timsalında çox ustalıqla açıb göstərir. Bunu biz mütəfəkkirin "bir müddət öz əzəməti cürəti ilə şöhrətlənən" qubalı Fətəli xanın Dərbənddə maliyyə naziri olmuş atasının xanın ölümündən sonra Zaqafqaziyaya rusların yürüşü zamanı dünyəvi hərbi həyatdan uzaqlaşması, özünü ruhaniliyə elmə həsr etməsi, başqa sözlə, çar hakimiyyəti orqanlarında işləmək istəməməsi haqqındakı sözlərində, çar hakimiyyəti orqanlarının onu on dörd dostunu bir satqının fitvası ilə mal-mülkü müsadirə edilməklə, Həştərxana sürgün etməsi haqqında məlumatında aydın duyuruq. Heydər Hüseynov burada Mirzə Kazım bəyin "...Rusiyanın həmişəki xeyirxahı, amma rütbəsinə görə xalq hüququnun müdafiəçisi olan atamın (o, həmin vaxt Dərbəndin şeyxülislamı idi - A.H.) Dərbəndin yerli bəylərindən birinin simasında güclü düşməni var idi, o, öz fitnə-fəsadları ilə hökumətin nəzərində atamın birinci ləyaqətinə ikincisi ilə kölgə salmağa müvəffəq olmuşdu" sözlərini təsadüfdən xatırlatmır. Bu sözlərdə müstəqilliyini itirmiş xalqların ümumi bəlası öz əksini tapmışdır. Tarix göstərdi ki, çar Rusiyasından sovet Rusiyasına qədər, "birinci ləyaqət üzərinə həmişə ikincisi kölgə salmışdır", yəni Rusiyanı, rusları qədər çox sevirsən sev, qədər xeyirxahı olursan ol, qədər tərifləyirsən təriflə, öz xalqına sevgini, qayğını, onun müdafiəçisi olmaq istəyini, azadlığı uğrunda mübarizə səylərini onlar - "yadlar" bağışlamır, bəzənsə elə "sapı özündən olan baltaların" əli ilə cəzalandırırdılar. Bunu Heydər Hüseynovun özünə həyatının sonunda yaxşıca hiss etdirdilər.

Heydər Hüseynov Mirzə Kazım bəyi S.Peterburq İmperator Elmlər Akademiyasının həqiqi üzvü, Londonda Böyük Britaniya İrlandiya Kral Cəmiyyəti, Kopenhagendə Şimal Antikvarları Kral Cəmiyyəti s. kimi dünyanın məşhur elm ocaqlarının fəxri üzvü olmuş məşhur alim, Rusiya şərqşünaslıq elminin banilərindən biri kimi təqdim edib, Brokhauz Yefronun ensiklopedik lüğətinə, V.Bartold, İ.N.Beryozin b. görkəmli alimlərin onun barəsində söylədikləri fikirlərə istinadən təsdiq edir.

Professor Mirzə Kazım bəyin çoxlu, o cümlədən ingilis, fransız və alman dillərinə tərcümə edilmiş 100-dən artıq elmi əsərin müəllifi olduğunu qeyd edən H.Hüseynov ilk əvvəl onun "Türk-tatar dilinin ümumi qrammatikası"  (9) əsərindən bəhs edir. Bu, Azərbaycan dilinin elmi qrammatikasının əsas prinsiplərinin yaradıldığı ilk əsər idi. İlk dəfə burada "Azərbaycan dili" istilahı ("aderbidjanskiy" şəklində) elmi cəhətdən əsaslandırılmış və tətbiq edilmişdi. Mirzə Kazım bəyin Azərbaycan dili barədə belə müfəssəl şəkildə yazan ilk şəxs kimi "Mən xoşbəxtəm" deyə milli qürurunu, fərəh, iftixar hisslərini, - hətta sonrakı cümlədə bu işi "gənc oriyentalistlərin rus nəsli üçün" gördüyünü deməsinə, bəlkə də üzgörənliklə deməsinə baxmayaraq, - duymaya, onlara şərik çıxmaya bilmirsən. Təsadüfi deyil ki, B.Dorn bu qrammatika kitabının böyük uğurunu hər şeydən əvvəl onun "özündə Avropa təhsilini təbii dil bilgisi ilə birləşdirən, dilin hətta ən çalışqan və diqqətli avropalının belə gözündən yayınan bir çox incəliklərindən, necə deyərlər, bələkdən agah olan şərqli tərəfindən yazılması"nda görmüşdür. Dorn daha sonra "Dərbənd və daha artıq dərəcədə bu vaxta qədər, demək olar, heç məlum olmayan, lakin indi Mirzə Kazım bəy tərəfindən aydınlaşdırılan “Azerbidjan ləhcəsi" (iqtibasda bu yeri Heydər Hüseynov kursivlə nəzərə çarpdırır) haqqında verilən biliyin xüsusilə Qafqaz məktəbləri üçün zəruriliyi baxımından əhəmiyyətini, hətta "Kazım bəyin yalnız bu ləhcə (yəni Azərbaycan ləhcəsi) haqqındakı qeydlərinə görə kitabın xüsusi dəyər" kəsb etdiyini vurğulayır. Xatırladım ki, bu əsər 1841-ci ildə P.N. Demidov Mükafatına layiq görülmüş və 1846-cı ildə ikinci dəfə nəşr edilmişdi.

 

(Ardı var)

 

Arzu HACIYEVA

AMEA-nın Fəlsəfə İnstitutunun "Azərbaycan fəlsəfə tarixi"

 şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru

525-ci qəzet.-2018.- 18 iyul.- S.6.