Vətənsevər
könüllərdə yaşayan Həsən Azərbaycan
Həsən Azərbaycanın ölüm xəbərini
elə həmin gün aldım. Rəsmi sənədlərdə
soyadı Hərgəli yazılsa da, dost-tanış onu Həsən
Azərbaycan kimi tanıyırdı.
Şeirlərində, konsert afişalarında Həsən
Dəmirçi yazırdı. Görüşəndə
özünü Həsən Dəmirçi kimi təqdim
edirdi. Ailəsinin
dolanışığını dəmir işindən
çıxardığından Dəmirçi ləqəbini
götürmüşdü.
Peşəsini çox sevirdi. Yeniyetməliyində
atası onu zərgərə şagird verir. Ustasının düzəltdiyi zinyət əşyalarının
qızılına mis vurduğunu gördükdə "mən
haram tikə yeyə bilmərəm" deyərək oradan
uzaqlaşır. "Dəmir elə şeydir ki,
heç kim ona ucuz metal qatıb baha
satmır" - deyirdi.
Dünyada ədalətli cəmiyyət
quracaqlarını vəd edən kommunistlərin
yaratdığı ilk dövlətdə nə sosial ədalət
oldu, nə insanların hüquqları qorundu, nə də
xalqlara azadlıq bəxş edildi. Əksinə, Sovetlər
Birliyi sərhədlərini "dəmir pərdə" ilə
qapatmağa çalışdı. Sovet
imperiyası yaşasaydı nə Həsən Dəmirçi
kimi bir vətənpərvəri tanıyacaqdıq, nə də
illər keçəndən sonra onun dünyasını dəyişdiyindən
xəbərimiz olacaqdı. Sərhədlər
açılmamışdan Quzey Azərbaycanda yaşayanlar
Güney Azərbaycanda və İranın digər yerlərindəki
ata-anasının, bacı-qardaşlarının,
doğma-tanışlarının ölümündən illərlə
xəbərsiz qalır, ya da aylar, illər sonra xəbər
tuturdu. İndi texniki imkanlar da hər hansı
bir xəbərin sürətlə yayılmasına kömək
edir.
Həsən Dəmirçinin huşsuz vəziyyətdə
xəstəxanaya aparılması xəbərini Seyid Məhəmməd
Təbrizidən eşitdim. Yaşının
çoxluğu və xəstəliyi onun vəziyyətinin
ağır olduğundan xəbər verirdi. Buna baxmayaraq, Seyid Məhəmməd Təbrizi mənə
təskinlik verərək bildirdi ki, məşhur həkim Cəlil
Şərəbyan xəstəni müayinə edib. Təbriz şəhər bələdiyyəsi sədrinin
müavini Purmehdi də xəstəyə baş çəkib.
Yəni Həsən Azərbaycanın müalicəsi
diqqət mərkəzindədir.
İçimdə onun sağalacağına, yenidən
görüşəcəyimizə bir ümid
yaranmışdı. Həmişə onu şən və
nikbin görmüşdüm. Başına
açılan oyunları gülə-gülə yola
vermişdi. Heç zaman zəmanədən,
sıxıntıdan, basqıdan, xəstəlikdən söz
açmazdı. Düşünürdüm
ki, dəmir iradəli Həsən xəstəliyi dəf edəcək.
O, çox çətinlikləri, istintaqları, təqibləri,
təzyiqləri, həbsləri arxada qoymuşdu.
Həbs edilənlər,
istintaqa çağrılanlar, adətən, oradakı
zorakılıqdan, insanların alçaldılmasından
şikayətlənərlər. Həsən
Azərbaycandan isə bir dəfə də olsun, giley-güzar
eşitməmişdim. Həbsindən,
istintaqından söz salanda incə bir yumorla mövzudan
uzaqlaşardı. Bir dəfə ondan
instintaqa çağrıldığı və həbs
edildiyi haqqında dəqiq bilgi almağa
çalışdım. Mənim
inadımı görüb xatırlamağa başladı.
Yaddaşı, sanki, bilgisayar idi. O dedikcə
mən dəftərcəmə qeyd edirdim. Baxıb-gördüm
ki, mühakimə olunub zindana göndərilməsi və
istintaq edilib üç-beş gün saxlandıqdan sonra
buraxılması hallarının sayı 20-yə
yaxındır.
Təbrizin küçələrinə ana dili ilə
bağlı şüarlar yazdığına görə
1360-cı (miladi 1981) ildə həbs etmişdilər. Onu həbs edəni
də, istintaqını aparanı da, istintaqın gedişini də
təfsilatı ilə xatırlayırdı. İncidilməsini, təqib edilməsini faciəyə
çevirmir, özünü qəhrəman kimi
tanıtmağa da çalışmırdı. Gündəlik məişət söhbəti
edirmiş kimi danışırdı.
Təxminən,
20 il əvvəl Təbrizdə Həsən
Dəmirçi ilə görüşəndə o, gülə-gülə
demişdi:
- Məni
istintaq edən, vətənə xəyanətdə
suçlayan xaricə qaçıb. Ora gedən
kimi də millətçi, insan hüquqlarının
müdafiəçisi olduğunu deyib, İran İslam
rejiminin düşməni kimi xaricə qaçanlardan bir
qisminin ETTELAAT-la (İran İslam Respublikasının Kəşfiyyat
İşləri üzrə Nazirliyi) əməkdaşlıq
etdiyini bildirib. Bunu getdiyi ölkənin
xüsusi xidmət orqanlarına bildirməklə kifayətlənməyib,
şərlədiyi adamların siyahılarını da mətbuatda
dərc etdirib. Özü xəyanətkar
olması azmış kimi, başını götürüb
xaricə qaçanların bəzilərini də güdaza
verib.
Hər dəfə Təbrizə gedəndə, Həsənlə
söhbət edəndə onu incidən, istintaq edən
xüsusi xidmət orqanı işçilərinin birinin və
ya bir neçəsinin bəd əməllərinə görə
cəzalandırıldıqlarını eşidirdim.
Həsən Dəmirçi qorxu hissini çoxdan
özündən uzaqlaşdırmışdı. Avropaya da, Azərbaycana
da dəvət edilən kimi musiqiçi dostları ilə
birlikdə gedirdi.
2014-cü
il aprelin 27-də həbsdən
çıxandan bir az sonra görüşünə getdim. Tanışlar məni qorumaq üçün zəng
vurmamağı, evinə getməməyi məsləhət
görsələr də, ürəyim dözmədi. Zəng vurdum, görüşdük. Bilirdim ki, həbsxanada keçirdiyi günlərin
ağırlığından danışmayacaq, haqsız
tutduqlarından şikayətlənməyəcək. Fikirləşdiyim kimi də oldu. O, gülə-gülə
zindanda adamları başına toplayıb onlara musiqi alətlərində
çalmağı, ana dilində yazıb-oxumağı
öyrətməsindən, şeir əzbərlətməsindən,
ədəbiyyatımızdan, tariximizdən mühazirələr
təşkil etməsindən söz açdı. Sonda da
"zindanda hamamın suyu çox gur gəlirdi, ləzzətlə
duş qəbul edirdim" -
dedi.
Bir dəfə Təbrizdə söhbət edə-edə
gedirdik. Orta boylu bir nəfər bizə yaxınlaşıb
Həsənlə görüşdü. Mənə də
gözucu nəzər salıb, ağızucu salam
verdi. Deyəsən, Azərbaycan
Respublikasından olduğumu hiss etmişdi. Həsən Azərbaycanla çox mehriban
danışdı. Onun üçün
darıxdığını, işlərinin yaxış getmədiyini
söylədi. Xahiş etdi ki, bir şey eləsin
yenə gəlsin. O, olanda işləri yaxşı gedir,
gedəndən sonra ara qarışır,
iş çoxalır. Anlaya bilmədim ki, bu adam
Həsən Azərbaycanı haraya çağırır.
Ayrılandan sonra Həsən Azərbaycan gülümsəyərək,
"zindanbanlardandır" - dedi. Mən
zindanda olanda oradakılar başıma
yığılırlar. Kiminə ana dilində
yazıb-oxumağı, kiminə çalıb-oxumağı
öyrədirəm. Baş
qarışır, dava-dalaş salan, pis işlərlə məşğul
olan, zindanbanları rahatsız edən olmur. Bunların da qulağı dinc olur. Ona görə mənim zindanda olmağımı istəyir.
Yadıma 1950-ci illərdə Təbrizdə
yaşamış Hacızadə soyadlı bir komik artist
haqqında eşitdiklərim düşdü. Haqsız yerə
tez-tez həbs edirlərmiş. Həbs
müddəti bitdikdə zindandakılar müxtəlif bəhanələrlə
onun həbs müddətini yenidən uzadılmasına
çalışırlarmış. "Sən
getsən, biz burada darıxacağıq" deyirlərmiş.
Həsən Azərbaycan da belələrindən
idi. Onun üçün təkcə vətənsevərlər
deyil, həbsdə yatan cinayətkarlar da, zindanın
işçiləri də darıxırdılar.
Həsən Azərbaycanla yaddaqalan və tarixi
tanışlığımız var.
...
İlk dəfə onunla 1990-cı il
yanvarın 25-də Təbrizdə
görüşmüşdük. O, tək deyildi. Rəhmətlik
şair Yəhya Şeyda, şair-memar Yaqub Təqəvi,
radioda işləyən Behruz Sultanpur, Səhər ləqəbilə
şeirlər yazan Əhməd Heydəroğlu və
Hüseyn Vüsiqi ilə birlikdə qaldığımız
"Təbriz İnterneyşn" otelinə gəlmişdilər.
Biz də səkkiz nəfər -
Naxçıvan Nazirlər Soveti yanındakı Beynəlxalq
İqtisadi Əlaqələr təşkilatının rəhbəri
Yadigar Babayev, Azərbaycan Xalq Cəbhəsi Naxçıvan
Şəhər Təşkilatı idarə heyətinin
üzvləri Sülhəddin Əkbər, Sərdar Cəlaloğlu,
Fəxrəddin Şeyxələsgərsoy, Azərbaycan Xalq Cəbhəsi
fəalı Abbasqulu Əmiraslanov, Naxçıvandakı dini
yönlü xeyriyyə təşkilatının sədri Sahib
Axundov, Naxçıvan Cümə Məscidinin axundu Məhəmməd
və Azərbaycan Xalq Cəbhəsi Naxçıvan Vilayət
Təşkilatı idarə heyətinin üzvü kimi mənim
də daxil olduğum bir qrup Naxçıvanın SSRİ-dən
ayrılması haqqında qərarı dünya ictimaiyyətinə
çatdırmaq üçün İrana getmişdik.
Xüsusi xidmət əməkdaşları gəlişimizdən
xəbər tutmuş Təbriz ziyalılarının içəri
keşməsini əngəlləməyə
çalışırdılar. Bizim hay-küylü
etirazımız və onların təkidindən sonra otelin
foyesinə keçə bildik. Lakin söhbət
etməyimizə icazə vermədilər. Onları
yarı zor, yarı xoş otelin ikinci mərtəbəsindəki
bir otağa apardılar. Bizi dəsakitləşdirməyə
çalışdılar. Lakin bu
mümkün deyildi. Bizim əksəriyyətimiz
rəsmi dövlət idarələrində işləmədiyimizdən
diplomatik qaydalara əməl etmirdi. Mitin əhval-ruhiyyəsi
özünü göstərirdi. Az
qalırdı hotelin qarşısına enib orada mitinq təşkil
edək. Xüsusi xidmət əməkdaşları
da bizim davranışımıza təəccüblə
baxırdılar. Tez-tez qonşu otaqdakı
telofonla müxtəlif yerlərə zəng vururdular. Onların kimlərlə
danışdıqlarını, nələri müzakirə
etdiklərini bilməsək də, səslərindən
çox əsəbi və həyəcanlı
olduqlarını hiss edirdik. Bir saata
yaxın höcətləşdikdən sonra görüşə
icazə ala bildik.
Foyedə xüsusi xidmət əməkdaşları nəzarəti
altında söhbətə başladıq. Onlar bizim
görüşümüzü kamera ilə çəkirdilər.
Biz nə üçün çəkdiklərini
xəbər aldıqda "Biz çəkmirik, televiziya
işçiləri çəkir. Sizinlə
Təbriz ziyalılarının görüşünü
televiziyada verəcəklər" deyirdilər. Uşaq başı aldadan bu fikirlərə
gülürdük. Açıq şəkildə
də yalan dediklərini üzlərinə vururduq. Onlar dediklərimizi eşitmir kimi öz işlərini
görürdülər.
Nəzarət altında olmağımıza baxmayaraq, Həsən
Dəmirçigillə çox səmimi və
qızğın söhbət etdik. Öyrəndik ki, Quzey
Azərbaycanda baş verənləri diqqətlə izləyirlər.
Son günlər Bakıda radio-televiziya işləmədiyindən
xəbərləri Naxçıvan və Şuşadan
yayımlanan verilişlərdən öyrənirlər. Bizdən Azərbaycanda baş verən hadisələrin
təfsilatını öyrənməyə
çalışırdılar. Söhbətlərindən
anladıq ki, doğru-düzgün bilgiləri olmasa da, baş
verənlərdən bərk narahatdırlar.
...
1990-cı il yanvarın 17-dən Sədərək
yaxınlığında atışmalar gedirdi. Orada olan SSRİ Daxili İşlər Nazirliyinin
xüsusi dəstələri nizam-intizam yaratmaq əvəzinə,
erməni silahlı birləşmələrinə kömək
edirdilər ki, Kərki kəndini tutsunlar. Kərki
kəndinin işğalı Yerevan-Görus yolunun təhlükəsizliyini
təmin etməklə yanaşı, Sədərək kəndinə
bir neçə yerdən hücuma da imkan yaradırdı.
Naxçıvanın rəhbər partiya-sovet
işçiləri Bakıya, Moskvaya zəng vuraraq vəziyyətin
ağır olduğunu bildirirdilər. Oradan
çox sərt və təhqiramiz cavablar alırdılar.
Vəziyyətin çıxılmaz olduğunu
görən muxtar respublikanın rəhbər işçiləri
yerli xalq cəbhəsinin başında dayananlara "Gedin
xalqı necə bacarırsınız, eləcə də
qoruyun. Bizlik daha bir iş qalmayıb" -
deyirdilər.
Hökümət orqanlarına kömək ümidilə
gedənlərin hamısını Azərbaycan Xalq Cəbhəsi
Naxçıvan Vilayət Təşkilatına yönəldirdilər. Xalq Cəbhəsinin
kiçik qərərgahı arı yuvasını
xatırladırdı.
İki il əvvəl SSRİ Daxili İşlər
Nazirliyindən Naxçıvana göstəriş gəlmişdi
ki, ov tüfəngləri əhalidən zor-xoş
alınsın. Milis işçiləri də vəzifə
borclarını "şərəflə" yerinə
yetirmişdilər. Əhalinin erməni
quldurları qarşısında əliyalın
qaldığını görəndə isə peşmançılıq
keçirirdilər.
Dar gündə nəinki, ov tüfəngləri, 19-cu
yüzildən qalmış köhnə beşatılanlar, hətta
qılınc və xəncərlər də üzə
çıxdı. Beş-on Kalaşnikov avtomatı ilə
silahlanmış milis işçiləri ilə
yanaşı, balta-dəhrə ilə silahlanmış dinc əhali
də Sədərək kəndinə, erməni
quldurlarının qarşısını kəsməyə
getmişik. Hər yerdə, idarə və
təşkilatlarda vəziyyətdən çıxış
yolları müzakirə edilirdi. Yanvarın
19-da Sədərək yaxınlığında
döyüşlər şiddətləndi. Bu tərəfdən də xəbər gəldi ki,
Sovet Qoşunları Bakıya hücum edib.
Azərbaycan Xalq Cəbhəsi Naxçıvan Vilayət
Təşkilatı Naxçıvan Muxtar Sovet Sosialist
Respublikası Ali Sovetinin növbədənkənar fövqəladə
sessiyasının keçirilməsi üçün fəaliyyətə
keçdi. Belə bir sessiyanın keçirilməsi
üçün Naxçıvan Vilayət Partiya Komitəsinin
göstərişi lazım idi. Oradan da belə
bir göstəriş almaq mümkünsüz idi. Ona görə Xalq Cəbhəsi Ali Sovetə təzyiq
vasitəsi kimi fəhlə-kəndli deputatlardan istifadə etməyi
qərara aldı. Yaxşı bilirdik ki, rəhbər
vəzifədə işləyənləri belə bir
sessiyanın keçirilməsinə razı salmaq
mümkün olmayacaq.
Minlərlə insan Ali Sovetin binası ilə Vilayət
Partiya Komitəsinin binası arasındakı meydana
toplanmışdı. Mitinq gedirdi. Həmişə
mitinqləri xalq cəbhəsinin fəalları idarə edirdilər.
Bu gün isə vəziyyət tamam qarışmışdı.
Xalq Cəbhəsinin fəallarının əksəriyyəti
Sədərəkdə idi. Bəziləri
də Xalq Cəbhəsinin qərərgahında telefonla
Bakıdakı hadisələrdən xəbər tutur, meydana gəlib
çıxış edirdilər. Mitinq
Naxçıvanda əsas informasiya mənbəyinə
çevrilmişdi. Sədərəyə
döyüşə getmək istəyənlərin
qruplaşdırılması, dəstələrə
bölünməsi, yaralıların və dinc sakinlərin
köçürülməsi, mitinqin idarə edilməis də
Xalq Cəbhəsinin üzərinə
düşmüşdü.
Bununla yanaşı, cəbhəçilər kəndlərdəki
deputatları Naxçıvan MSSR Ali Sovetinin növbədənkənar
fövqəladə sessiyasına gətirdilər. Sessiya
başladı. Rəhbər vəzifədə
olanların əksəriyyəti qaçıb gizlənmişdi.
Naxçıvan Muxtar Sovet Sosialist
Respubilikası Ali Soveti Rəyasət Heyətinin sədri Səkinə
Əliyeva, necə deyərlər, meydanda tək
qalmışdı. Onun ətrafındakılar
isə yalnız Ali Sovetin Rəyasət Heyətinin
aparatında çalışan bir neçə vətənsevər
gənc idi. Növbədənkanar fovqalədə
sessiyada ediləcək məruzə və
çıxışlar əvvəlcədən
yazılıb, vilayət partiya komitəsində
oxunmamışdı. Qəbul ediləcək
qərarların layihələri də
yazılmamışdı.
Sessiyada Naxçıvanın ictimai-siyasi vəziyyəti
müzakirə edildi. Əvvəllər sessiyanın
toplantılarına buraxılmayan ziyalılar, xalq cəbhəsi
fəalları indi aparıcı natiqlərə
çevrilmişdi. Toplantıda iştirak
edən Naxçıvan MSSR-in, Azərbaycan SSR-in, SSRİ Ali
Sovetinin fəhlə-kəndli deputatları təsəvvürolunmaz
dərəcədə dəyişmişdilər. Onlar indi yuxarılardan əmr və göstəriş
gözləmirdilər. Xalq Cəbhəsi fəallarına
bir xilaskar kimi baxırdılar. "Siz nə məsləhət
görsəniz, hansı qərarı desəniz, onun qəbuluna
səs verəcəyik" - deyirdilər.
Biz də yaranmış imkandan istifadə edərək
istəklərimizi reallaşdırmağa
çalışdıq. Naxçıvan MSSR-ə və Bakıya silahlı dəstələrin
yeridilməsinə təsir göstərmək məqsədilə
1921-ci ildə beş ölkənin Moskvada və Qarsda
bağladıqları müqavilələrə əsaslanaraq,
Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının ləğv
edilməsi, Naxçıvan Respublikası yaradılması və
yeni respublikanın SSRİ-nin tərkibindən
çıxması haqqında qərar qəbul etdik.
Naxçıvan Ermənistanın əhatəsində
mühasirə vəziyyətində idi. Azərbaycanla
yeganə əlaqə təyyarə vasitəsi ilə idi.
Həmin gecə tərslikdən hava sıx
dumanlı olduğundan təyyarə də işləmirdi.
Uçuşlar olsa da, onun bir əhəmiyyəti
yox idi. Bakı hava limanını sovet hərbiçiləri
tutmuşdular. Bakıda xarici ölkələrin
diplomatık nümayəndəlikləri də çox deyildi
ki, qəbul edilmiş qərarı onlar vasitəsilə yayaq.
Qəbul
edilmiş qərarı dünya ictimaiyyətinə
çatdırmaq üçün hər biri beş
nəfərdən ibarət iki nümayəndə heyəti
yaradıldı. Bu heyətin birinin İran
İslam Respublikasına, o birisinin də Türkiyə
Cümhuriyyətinə getməsi planlaşdırıldı.
Sərhədləri sovet əsgərləri
qoruyurdular. Onlar da belə bir qərarı
aparan nümayəndə heyətinin xarici ölkələrə
çıxmasına yol verməzdilər.
Arazda buz salları axan bir dövrdə nümayəndə
heyətinin üzvlərinin bir qrupu səhərə yaxın
Yayıcı kəndi yaxınlığında çayı
gizli keçərək İran Cülfasına gedə bildi. Nümayəndə
heyətinin tərkibinə salınmış dörd nəfər
rəhbər vəzifəli isə bizi qoyub qaçdılar.
Açıq şəkildə dedilər ki, sərhədçilər
icazə verməsə, biz Arazı o taya keçməyəcəyik.
İran İslam Respublikasının xüsusi xidmət
orqanları baş verənləri anlaya bilmir, tez-tez Tehranla
danışırdılar. İran İslam
Respublikasının rəhbərliyi çaşqınlıq
içərisində idi. Nümayəndə
heyətinin təkidi və yerli hakimiyyət orqanlarının
cəsarəti sayəsində Təbrizə getməyimizə
icazə verildi.
Lakin Təbrizdə bizi çox soyuq
qarşıladılar. Hətta nümayəndə heyətinin gəlişini
mətbuat işçilərindən, xarici ölkələrin
diplomatik nümayəndələrindən gizlətməyə
çalışdılar. Təbrizli vətənpərvərlərlə
görüşdə öyrəndik ki, Tehran qəzetləri
Bakıda Sovet qoşunlarının törətdiyi
qırğınla bağlı prezident Rəfsancani və
xarici işlər naziri Vilayətinin bəyanatlarını
veriblər. Bəyanatda deyilirdi ki, İran İslam
Respublikası Rusiyanın (həmin vaxt Sovetlər Birliyi hələ
ləğv edilməmiş, Rusiya Federasiyası da
yaradılmamışdı) dostudur, Rusiyaya qarşı
çıxanlara düşmən kimi baxır.
Onda anladıq ki, nəhəng Sovet imperiyasının
qorxusundan İran rəhbərləri bizim gətirdiyimiz rəsmi
sənədə belə laqeyd yanaşıblar. Buna baxmayaraq,
Güney Azərbaycanda xalq həyacanla Quzey Azərbaycandan gələn
xəbərləri dinləyirdi. Təbrizdəki
bir qrup millətsevər gənc isə mərkəzi hökumətin
mövqeyindən xəbərdar olsalar da, risk edərək
imamcümə Müslüm Məlakütünün qəbuluna
gedib Bakıda yanvarın 19-20-də şəhid olmuş
insanlara yas tutmağa icazə istəyib. Mərkəzi
hökumətin müsəlmanları deyil, onları haqsız
yerə öldürənləri müdafiə etməsi
Müslüm Məlakütünü də əsəbləşdirib.
Təbriz şəhirlərindəki Cümə
məscidində Bakı şəhidlərinə yas
tutulmasına icazə verib. Millətsevərlər
də tez pul toplayaraq vərəqələr çap edərək
xalqı Cümə məscidində keçiriləcək yas
mərasiminə dəvət edirlər.
Belə bir yas mərasimi keçiriləcəyindən xəbər
tutub təkid etdik ki, bizi də oraya aparsınlar. İranın
xüsusi xidmət orqanlarının əməkdaşları
məcbur qalıb bizi məscidə apardılar. Cümə məscidində, həyətində və
ətrafında insan əlindən hərəkət etmək
çox çətin idi. Məscidin ətrafındakı
dirəklərin başına səsucaldanlar qoyulmuşdu.
İçəridə deyilən hər bir
söz, ağlaşma səsi ətrafa yayılırdı.
Orada olanların dediyinə görə, Cümə məscidində
və ətrafında 30 mindən çox adam
vardı.
Tükürpədici ağlaşma səsindən qulaq
tutulur, bəzən danışanların sözünü
eşidilməz edirdi. Toplantı zamanı məsciddəki insanlar bizə
yaxınlaşmağa, görüşüb söhbət etməyə
can atırdılar. Çevrəmizdə bir
sıxlıq yaranmışdı. Hərəkət
edə bilmirdik. Adamlarsa bizə
yaxınlaşıb nəsə vermək, nəsə demək
istəyrdilər. Biz "Təbriz
İnterneyşn" otelində qaldığımızı söyləyə
bildik.
Çətinliklə bizi toplumun arasından
çıxarıb avtobusa mindirdilər. Adamlar otelə
gəlməsin deyə bizi Cümə məscidindən
birbaşa qaldığımız yerə gətirmədilər.
Bu əngəllərə baxmayaraq, Həsən
Dəmirçi və onun məsləkdaşları bizimlə
görüşüb geniş söhbət etdilər. Bir-birimizə ünvan verdik.
1990-cı
il noyabrın 19-da Təbrizə gedəndə
Həsən Dəmirçi ilə yenidən
görüşdük. Şair Rza
Əfşarpurun təşəbbüsü ilə bizim gəlişimiz
şərəfinə 60-70 nəfərlik bir
yığıncaq təşkil etmişdilər. Toplantıya şairlər, rəssamlar, musiqiçilər
və milli ruhlu insanlar qatılmışdılar. Ölkədə musiqi ifası yasaq olsa da, Həsən
Dəmirçi də musiqiçi dostları və tələbələri
ilə gəlmişdi. Diqqətdən
yayınmaq üçün məclisi Təbriz
ETTELAAT-ının binasının qarşısındakı
bir evin zirzəmisində təşkil etmişdilər. Axşamdan başlayan toplantı səhərədək
davam etdi. Orada onlarla yeni milli ruhlu insanla
görüşüb tanış olduq.
Sonralar nə vaxt Təbrizə gedirdimsə,
çalışırdım ki, Həsən Dəmirçi
ilə görüşüm. O da Bakıya gələndə
zəng vurub gəlişini xəbər verirdi. Söhbətlərimizdən bilirdim ki, Həsən
1320-ci (miladi 1941-ci) ilin şəhrivərin ayında anadan
olub. Atası Həbib, anası Kübra Təbriz
yaxınlığındakı Hərgilan kəndindəndir. Təbrizdə beşsinifli məktəbi bitirib.
16 yaşında güləş dərnəyinə
yazılıb. 18 yaşında bir neçə
dəfə mükafata layiq yer tutdub. Lakin
burada da özünü tapa bilməyib. Sərablı
ustad İsa Balanın yanına gedib ondan tar
çalmağı öyrənib. Sonra bölgənin
məşhur musiqiçisi və bəstəkarı Mahmud
Şatirianla birlikdə musiqi kursları açaraq gəncləri
milli ruhda tərbiyələndirmək üçün Azərbaycan
musiqi alətlərində çalmağı öyrədib.
İran İslam İnqilabı zamanı Həsən Dəmirçi
heç bir siyasi cərəyana qoşulmayıb. İnqilabı
da dəstəkləməyib. Fəaliyyətsiz
də qalmayıb. Ana dilində şeirlər
yazıb, milli ruhlu şeirlərə musiqi bəstələyərək
onları məclislərdə oxuyub.
Həsən Dəmirçi milli ruhlu bir insan idi. Musiqi
qadağan olunmuş bir ölkədə qeyri rəsmi kurslar
açıb uşaqlara musiqi alətlərində
çalmağı öyrətməsi də, şeir
yazması da, bəstəçiliyi də milli ruhun
oyadılmasına yönəldilmişdi. "Səhəndiyyə"
adlı opera da yazmış və onun tamaşaya qoyulmasına
nail olmuşdu.
Ana dilinin və milli dəyərlərin qorunmasında bəzən
fanatiklik edirdi.
Buna görə haqqında lətifələr də
qoşurdular. Bu lətifələrin birində deyilir:
Yaraşıqlı
bir qıza gözü düşən oğlan ona
yaxınlaşaraq soruşur:
- Adınız
nədir?
- Pərvanə!
Həsən
Azərbaycanın yaxınlaşdığını görən
qız tez sözünü dəyişərək deyir:
- Farslar mənə
Pərvanə deyirlər, mənim adım Kəpənəkdir!
Həsən Dəmirçinin Azərbaycan sevgisi
böyük idi. Təbrizin mühafizəkar mollaları
onun musiqi kurslarını bağlatdıqdan sonra ruhdan
düşməyib. "Azərbaycan"
adında bir musiqi kursu açıb. Burada
yeniyetmə və gənclərə tarda, qarmonda,
kamançada, nağarada çalmağı öyrədib.
Yaratdığı orkestrlə 1991-ci ildə
"Baba Bağı"nda cüzamlı xəstələrin
nəfinə konsert verib.
Özü
dərin musiqi təhsili ala bilmədiyinə görə
oğlu Mazyarı Bakı Konservatoriyasında oxutdu, bu tay Azərbaycandan da bir qız aldı ki, əlaqələr
möhkəmlənsin.
2006-cı ildə Tehranda çap olunmuş bir karikaturada
türk dili təhqir edilmişdi. Təbriz ayağa
qalxmışdı. Küçə və
meydanlar insan axını ilə dolmuşdu. Etiraz hərəkatı ətraf şəhərlərə
də yayılmışdı. Dil məsələsi
Həsən Azərbaycanın ən həssas yeri olduğundan
o, 30 nəfərlik orkestri ilə mitinq
iştirakçılarına konsert vermişdi. Buna görə onun musiqi kursları və orkestri
dağıdılmışdı. Özünə
də 6 ay həbs cəzası vermişdilər. Həbsdən
çıxandan sonra oğlu Mazyarın adına
bir orkestr qurmuşdu. Bu orkestrlə Almaniyada,
İsveçdə, Türkiyədə, Azərbaycanda konsert
vermişdi.
Lakin hər qastroldan qayıdandan sonra onu istintaqa çəkir,
xarici pasportunu əlindən alır, hədələyirdilər. Borçalı Cəmiyyətinin,
Bütöv Azərbaycan Ocaqlarının üzvləri
qarşısında konsert verib Təbrizə qayıdanda onu
yenə istintaq etmişdilər. Həsən Azərbaycan
isə istintaqı aparanların məntiqsiz
davranışını lağa qoyub gülürdü.
Deyirdi: "Bu ağılsızlar konsertdə nə
oxuduğum, nəyi təbliğ etdiyimlə maraqlanmırlar. Mənə irad tuturlar ki, niyə Bütöv Azərbaycan
Ocaqlarının embleminin qarşısında şəkil
çəkdiribsiniz". Şəkil çəkdirəndə
heç əhəmiyyət vermirəm ki, arxa fonda
nə var.
Həsən Azərbaycan Təbrizdəki Əli Nəsəb xəstəxanasında 2018-ci il iyunun 24-də gözlərini əbədi yumdu. Bir gün sonra minlərlə insan onu "Azərbaycan sənsən mənim ülviyyətim, şan şöhrətim" musiqisinin sədaları altında və "Azərbaycan sənin başın sağ olsun! Böyük ustad, sənin üzün ağ olsun!" şüarları ilə Təbrizdəki sənətkarlar qəbiristanlığında dəfn etdilər.
Bütün
həyatını Azərbaycanın mədəniyyəti və
milli varlığımızın yaşamasına sərf
etmiş Həsən özünü Dəmirçi ləqəbilə
təqdim etsə də, çoxluq onu Həsən Azərbaycan
kimi tanıdı və sevdi.
26.06.2018
Əli
ŞAMİL
525-ci qəzet.-2018.- 19 iyul.- S.8.