Xalq
artisti Şahmar Ələkbərov
yad edildi
"Artıq neçə
dəfədir ki, Şahmar Ələkbərovun
yubileyini onsuz qeyd edirik. Amma buna
baxmayaraq, onun xatirəsinin işığına
hər zaman yüzlərlə insan yığışır. Bu,
bir daha onu göstərir ki, əsl sənətkarlar
heç vaxt ölmür, onların qoyub getdiyi zəngin
irs əbədiyaşardır".
Bu fikirləri görkəmli
kino aktyoru və kinorejissor, Xalq artisti Şahmar
Ələkbərovun 75 illiyinə
həsr edilən tədbirdə Azərbaycan
Respublikası Kinematoqrafçılar
İttifaqının birinci
katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev deyib.
İyulun
17-də Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Film Fondu və Azərbaycan Respublikası Kinematoqrafçılar
İttifaqının təşkilatçılığı
ilə Muzey Mərkəzində reallaşan
tədbirdə C. Quliyev
aktyorun sənət yolundan danışıb. Qeyd edib ki, Azərbaycanın
çoxəsrlik zəngin
mədəni ənənələrindən
lazımınca bəhrələnən
Şahmar Ələkbərov
fitri istedadı və zəhməti sayəsində səhnəyə
yeniliklər gətirməklə
öz üslubunu yaradıb və milli mədəniyyət salnaməsinə parlaq səhifələr yazıb.
Sənətkarın çoxsaylı ekran
əsərlərində böyük
ustalıqla canlandırdığı
müxtəlif xarakterli
obrazlar barədə məlumat verən C.Quliyev deyib ki, onun çəkildiyi
filmlər ölkə
kinematoqrafiyasının nailiyyətləri
sırasında həmişəlik
yer tutmuş qiymətli sənət inciləridir.
Tədbirdə Xalq artisti Əminə
Yusifqızı, Əməkdar
artist Elxan Qasımov və başqaları Şahmar Ələkbərovla
bağlı xatirələrini
bölüşüb, onun
sənət dünyasından
söz açıblar.
Bildirilib
ki, Ş. Ələkbərov
1943-cü il avqustun 23-də Gəncədə
dünyaya göz açıb. Cəmi 50 il yaşayıb.
Amma bu müddətdə yaratdığı obrazlarla,
çəkdiyi filmlərlə
adını əbədi
olaraq kino tariximizə yaza bilib.
O, Azərbaycan İncəsənət
İnstitutunun aktyorluq
fakültəsində Rza
Təhmasibin kursunda təhsil alıb. Hələ üçüncü kursda
oxuyarkən Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrına işə götürülüb.
Teatrda
ilk dəfə Şekspirin
"Lope de Veqa" tamaşasında
çıxış edib.
"Ustalar" tamaşasında qazandığı
uğurdan sonra böyük tamaşaçı
auditoriyasının rəğbətini
qazanıb. Bundan sonra
məşhur sənətkar
Adil İsgəndərov
onu kinostudiyanın nəzdində özünün
yaratdığı "Kino aktyorluğu" studiyasına
dəvət edib.
Şahmar Ələkbərov "Azərbaycanfilm" kinostudiyasında
aktyor və rejissor kimi fəaliyyət
göstərib. Təhsilini başa
vurduqdan sonra müəllim-assistent kimi institutda saxlanılıb.
Şahmar Ələkbərov teleradio sahəsində də fəal olub. O, radioda ilk dəfə "Ulduz" proqramının aparıcısı
kimi çıxış
edib. Bundan başqa, onlarla
televiziya tamaşasında
yaddaqalan obrazlar yaradıb, "Molla Nəsrəddin" radio verilişinin
aparıcısı olub,
bir çox filmlərin dublyajında iştirak edib.
Vurğulanıb ki, Şahmar Ələkbərovun yaradıcılıq
bioqrafiyasında elə
filmlər var ki, onlar milli
mənəvi dəyərlərimizin
ən qiymətli nümunələri sırasındadır. Bunun səbəbi
isə bu filmlərin milli mənəvi dəyərlərimizə
söykənərək tariximizin
müəyyən dövrünün
real ab-havasını canlı
əks etdirməsidir.
Bildirilib ki, ümumiyyətlə, 20 illik yaradıcılığı dövründə müxtəlif rejissorlarla işləmişdi Şahmar Ələkbərov. "Dağlarda döyüş"dən başlamışdı onun ilk aktyor karyerası. Şahmar Ələkbərovun yaratdığı Qəzənfər ("Yeddi oğul istərəm"), Oğul ("İntizar"), İman ("Axırıncı aşırım"), Arif ("Həyat bizi sınayır"), Azad ("Bakıda küləklər əsir"), Qatır Məmməd ("Gəncəbasarlı qisasçı"), Feyzi ("Firəngiz"), Gündüz Kərimli ("Arxadan vurulan zərbə"), Cavidan ("Babək"), Nuru ("Qəribə adam"), Tahir ("Gözlə məni"), Xaliq ("Qocalar, qocalar..."), Cümşüd ("Avqust gələndə"), İbrahim ("Atları yəhərləyin") kimi obrazlar bir-birindən fərqli, xarakter və dünyagörüşcə müxtəlif insanlardır. Ancaq onları birləşdirən Şahmar Ələkbərovun aktyor istedadı, gözəl ifa tərzi və bir də sənətinə olan hədsiz məhəbbətidir.
Şahmar Ələkbərovun elə qəhrəmanları var ki, onları xatırlamamaq mümkünsüzdür. "Yeddi oğul istərəm" filminə tamaşa edəndə hamımız Qəqəninin "Ölmə, Qəzənfər dayı, ölmə!" deyə onu yaralı halda qucaqladığı səhnəni səbirsizliklə gözləyirik. Bu çox nadir səhnələrdəndir ki, hətta ölüm anında aktyor tamaşaçını faciənin içərisindən qoparıb təbəssümə qovuşdurur. O, bunu bacarırdı və bu, hər aktyora xas olan keyfiyyət deyildi.
Şahmar Ələkbərov kinoda rejissor kimi də sözünü deyib. Onun bu sahədə ilk işi Gülbəniz Əzimzadə ilə birgə çəkdiyi "İmtahan" filmi olub. Sonra "Sahilsiz gecə"ni çəkib. Şahmar Ələkbərovun ssenarisi əsasında ekranlaşdırılan "Qəzəlxan" filmi də uğurlu alınıb. Bu film Azərbaycanın görkəmli şairi Ə.Vahidin həyat və yaradıcılığının müxtəlif anlarını canlandırır.
Xalq artisti, Dövlət mükafatı laureatı Şahmar Ələkbərov 1992-ci il avqustun 12-də vəfat edib.
Tədbirdə
sənətkarın həyat və
yaradıcılığını əks etdirən fotosərgi
açılıb, çəkildiyi filmlərdən kadrlar
nümayiş olunub.
525-ci qəzet.-2018.- 19 iyul.- S.7.