"Azərbaycan Tərcümə
Ensiklopediyası"nın dəyəri və önəmi
Bugünlərdə çox sanballı və gərəkli bir nəşr olan "Azərbaycan tərcümə
ensiklopediyası"nın
təqdimatı keçirildi.
Kitabın adındakı sözlərin
hamısı adidir.
Qeyri-adi olan kitabın adı və məzmunudur.
Bakı Slavyan Universitetinin ilk günlərindən burada
universitet həyatının
bütün sahələrini
əhatə edən coşqun fəaliyyət başlayıb. Elə o zaman üç
nəhəng layihənin
əsası qoyulub.
Bakı Slavyan Universitetinin ilk rektoru, akademik Kamal Abdullanın təşəbbüsü
ilə "Azərbaycan
tərcümə ensiklopediyası"
üzərində iş
başlanıb. Əsas ideya
ondan ibarət idi ki, heç
kəs unudulmasın və hər bir kəsin etdiyi tərcümə kitabda əksini tapsın. İkinci böyük layihə
dünya filologiyasının
ən əzəmətli
əsərlərinin Azərbaycan
dilinə tərcüməsi
ilə bağlı idi. Nəhayət, üçüncü layihə BSU-da dilləri tədris olunan ölkələrin mədəniyyət mərkəzlərinin
açılması ilə
bağlı idi.
Lakin fikrimcə, digər bir ciddi addım
dünya universitetlərində
Azərbaycan dili və mədəniyyətinin
tədrisi və təbliği ilə bağlı mərkəzlərin
açılmasıdır. Bu gün Azərbaycan
dilini və Azərbaycan mədəniyyətini
təbliğ edən mərkəzlər Avropanın
və Asiyanın bir çox universitetlərində fəaliyyət
göstərir. Üç layihənin
üçü də
müasir Azərbaycan
tarixinin mühüm fraqmentlərindən birini
təşkil edir.
Son dərəcə əhəmiyyətli məsələ
odur ki, layihələrin üçü
də müvəffəqiyyətli
olmuşdur.
"Azərbaycan tərcümə
ensiklopediyası"nın
birinci hissəsini sırf elmi məqalələr təşkil
edir. Burada K.M.Abdullayev, M.Nağısoylu,
L.Əliyeva, R.Əliyev,
A.Rüstəmova, A.Ələkpərli
kimi görkəmli Azərbaycan alimlərinin məqalələri dərc
olunub. Məqalələrdə tərcümələrin həqiqi bilik xəzinəsi olduğu, tərcümənin xüsusi
elm sahəsi, tərcümənin
nəzəri və praktik prinsipləri, fəlsəfi əsasları,
tərcüməşünaslığın
poblemi və problematikası, Azərbaycanda
tərcümə ədəbiyyatının
tarixi haqqında bəhs olunur. Beləliklə, Ensiklopediyanın bir hissəsi birbaşa elmi tədqiqat səciyyəsi
daşıyır.
Ensiklopediyanın əsas hissəsini personaliyalar təşkil edir. Burada tərtibçilər heç bir kəsi unutmamağı qarşılarında duran
əsas vəzifə kimi görmüşlər.
Azərbaycan tərcümə tarixində azacıq xidmətləri olan şəxslər Ensiklopediyada
yada salınır.
Məqalələr tərcüməçilərin
həyatları və
yaradıcıqları haqqında
nadir məlumatları əks
edir. Qeyd etməliyəm ki,
burada verilən faktların əksəriyyəti
bizə məlum deyil. Beləliklə, Ensiklopediya təkcə
mədəni və tarixi yox, eyni
zamanda, böyük elmi əhəmiyyətə
malikdir. Yığılan material gələcəyin müxtəlif
səpkilərdə aparılan
tədqiqatları üçün
nadir mənbədir.
Dünya kədəri poeziyasının əsasını qoyan Tövratın Ekkleziast adlı kitabında "heç bir şey yadda qalmır, keçmiş haqqında xatirələr yoxdur, gələcəkdə baş verənlər haqqında da sonralar yaşayanların xatirələrində heç nə qalmayacaq" yazılıb. "Unudulma" bizim təcrübəmizə zidd olan universal qəlibdir. Lakin bu ziddiyyətə baxmayaraq, "unudulma" qanunauyğun şəkildə idrak strukturuna daxil olur. Dünyanın insan şüuru tərəfindən dərkində unutmaq qabiliyyəti xüsusi və mühüm yer tutur. Yaddaşı zərrə-zərrə toplayan bəşər beləliklə, ölümə müqavimət göstərir. Lakin ləyaqət iddiasında olan insan daha mürəkkəb yol da seçir. Mədəni faktlar üzərində fikrini cəmləşdirəndə, Haydegger demişkən, onlara, fikrin obyektinə, minnət edir. Həyat ötəridir, diqqətə layiq hadisələr saysızdır, lakin hər şeyə diqqət yetirmək olmur, mümkün deyil, ona görə fikir həmişə seçkiyə məruz qalır. Haydegger fundamental "was heibt Denken" sualına belə cavab verir: "düşünmək - hər şeyi unudub yalnız bir şey üzərində fikrini cəmləşdirməkdir". Hər şeyi unudub bir şey üzərində fikrimizi cəmləşdirəndə biz ona minnət edirik. Beləliklə, yalnız diqqətimizi yox, həyatın özünü düşündüyümüzə bəxş edirik.
Bizi mənəvi varlıq edən bizim baş verənlər üzərindəki fikrimizdir. Bizi mədəni millət edən milli mədəniyyətimiz üzərindəki düşüncələrimizdir. Əldə etmək malik olmaq demək deyil. Malik olmaq iddiası mübarizəyə əsaslanır. Ensiklopediyada olanlar zərrə-zərrə toplanıb. Ensiklopediyada xalqın zaman və məzmun etibarilə zəngin mədəni təcrübəsi əks olunub. Keçmişin yaddaşıdır bizi mədəni xalq edən. Ensiklopediyanın kollektiv əməyin bəhrəsi olması çox vacib faktdır. Onun yaranmasında görkəmli alimlərlə yanaşı, tələbələr, magistrantlar, doktorantlar iştirak edib. Çox böyük praktik iş görülüb, tərtibçilər evlərə gedib, ailələrlə tanış olub, keçmişin tərcüməçilərinin qohumlarından nadir informasiya toplayıb.
Bir məqamı da qeyd etmək lazımdır. Ensiklopediya yaşlı nəsil və gəncləri eyni şövq ilə birləşdirdi. Həqiqi ictimai birlik yalnız bu növ işlərdə müşahidə olunur. Yalnız bu cür nəhəng layihələr həqiqi ictimai əhəmiyyətə malikdir.
Aslan MƏMMƏDLİ
BSU-nun professoru
525-ci qəzet.-2018.- 19 iyul.- S.7.