Heydər Hüseynov və Mirzə Kazım bəy xalq haqqında: mükalimə yaxud təfsir

Akademik Heydər Hüseynov-110

 

 (Əvvəli ötən sayımızda)

 

Filosof olduğu üçün Heydər Hüseynov Mirzə Kazım bəyin təkcə sırf dilçilik məsələlərinə dair deyil, həm də dilin mahiyyəti barədə fəlsəfi mülahizələrinə diqqəti cəlb edirdi.

O, mütəfəkkirin dil və xalq, onların varlığı, qarşılıqlı əlaqəsi və təsirinin dialektikası, dilin özünəməxsusluğu və inkişafı, yad ünsürlərlə görüşdə özünü mühafizə etmək qabiliyyəti və gücü haqqında görüşlərinə işıq salan çox uğurlu bir nümunə-fraqment tapır və oxucusunu tanış edir. Bu, 1852-ci ildə "İmperator Elmlər Akademiyası Xəbərləri"ndə dərc olunan "Professor M. Kazımbəyin qeydi"dir. Yeri gəlmişkən, həmin məqalənin birinci səhifəsinin fotoşəklinin surəti H.Hüseynovun kitabının 1949-cu il, yəni birinci (rus dilində) nəşrində verilmişdir. Burada M.Kazım bəy göstərir ki, xalqın dili xalqın özü ilə birlikdə böyüyür və xalqın dünya haqqında anlayışları ilə birlikdə inkişaf edir, digər tərəfdən, xalqın daxili və xarici həyat şəraiti dili zənginləşdirir, elmdə qazandığı uğurları onu təkmilləşdirir. Hər bir xalqın dili iki əsas ünsürdən: xarici təsəvvürlərlə bağlı ideyaları əks etdirən ifadələrdən və daxili, mənəvi həyatın doğurduğu ideyaları əks etdirən ifadələrdən ibarətdir. Birincinin çoxluğu dilin zənginliyinə, ikincinin çoxluğu xalqın elmliliyinə dəlalət edir. Dilin özünəməxsusluğunu yaradan və mühafizə edən, xalqın əxz etdiyi yad olan hər şeyi - səbəbindən asılı olmayaraq - dilin formal quruluşunun öz ruhuna, öz qanunlarına tabe etmək zərurətini dərk etməsidir. Burada dil binası sistemində tez-tez mübarizə və çevrilişlər baş verir, lakin dilin özünəməxsusluğu o yerdə bilinir ki, xalq ruhu bütün çətinlikləri aradan qaldırır və yalnız öz daxili qanunundan yapışır, onu əldən vermir... Bu hissəni Heydər Hüseynov M.Kazım bəyin rus dilinin zənginliyi və özünəməxsusluğu haqqında aşağıdakı mülahizəsi ilə yekunlaşdırır: "Rus dili zəngin, özünəməxsus bir dildir və artıq Avropanın mədəni dilləri arasında mühüm yer tutur. Zənginliyinə görə o, öz köklərinə borcludur; özünəməxsusluğu öz həyatının tarixi nailiyyətidir. Rus dilinin yaranmasına biz bu nöqtədən nəzər salmalıyıq"... Bu son sözlərdən sonra elə təəssürat yaranır ki, dil haqqında irəli sürülən bütün mühakimələr sadəcə olaraq rus dilinə müncər edilmək üçün deyilmişdir. Sanki nəsə yarımçıq qalır. Halbuki burada H.Hüseynovun unutduğundan, ya əhəmiyyət vermədiyindənmi, çox ola bilsin ki, taktiki məqsədlə ixtisara saldığı daha bir cümlə vardır. Həmin cümlə elə kitabda verilən həmin səhifənin fotosurətində görünür. Burada deyilir: "Dilin təkmilləşdirilməsi və uğurluluq şərtləri, ümumiyyətlə, hər yerdə eynidir". Bununla Mirzə Kazım bəy müxtəlif xalqların dilləri arasında, necə deyərlər, bərabərlik işarəsi qoyur.

Demək lazımdır ki, kitabdakı şəkillər, məsələn, elə Mirzə Kazım bəyin  kitablarının və ya məqalələrinin (onlar həmin vaxt Azərbaycan oxucusuna məlum deyildi - A.H.) dərc olunduğu jurnalların titul vərəqlərinin, hansısa səhifələrinin fotosurətlərinin özü də düşünmək üçün material verir. Onların arasında "İmperator Rus Coğrafiya Cəmiyyətinin Xəbərləri"nin ("Vestnik İmperatorskoqo Russkoqo Qeoqrafiçeskoqo Obşestva") (1852) titul vərəqinin və burada Mirzə Kazım bəyin dərc etdirdiyi "Rusiyada yerli türk ləhcələrinin mənimsədikləri rus sözlərinin etnoqrafik cəhətdən araşdırılması haqqında"  ("Ob etnoqrafiçeskom issledovanii russkix slov, usvoennıx mestnımi tyurkskimi nareçiyami v Rossii") adlanan məktub-məqaləsinin iki (birinci və axırıncı) səhifəsinin  mətni aydın oxunan fotosurətləri də yerləşdirilmişdir (bu fotolar kitabın  ikinci, 1958-ci il nəşrində verilməmişdir - A.H.). Birinci səhifədə professor M.Kazım bəy təklif edəcəyi məsələnin rus dilinə aid olsa da, bu aidiyyətin sırf filologiyadan daha çox coğrafi və ya etnoqrafik səciyyə daşıdığını deyib sözünə davam edir: "... çoxdan bəri bizim bəzi filoloqlarımız arasında belə bir fikir mövcuddur ki, rus dili öz təşəkkülündə, əzcümlə, tatar əsarətinin təsirinə də borcludur..." Səhifə bu sözlərdə yarımçıq qalır. Sonuncu səhifənin fotoşəklindən isə M.Kazım bəyin hazırlanması nəzərdə tutulan "Rusiyada qədimdən yerli türk ləhcələrinə daxil olan rus sözlərinin etnoqrafik cəhətdən araşdırılması" adlı tədqiqat əsərinin tərtibçilərinə tövsiyələri ilə tanış oluruq. Həmin hissənin əhəmiyyəti ondadır ki, burada tarixi türk torpaqlarının Rusiya tərəfindən zəbt edilməsi ilə rus sözlərinin türk xalqlarının dilinə keçməsi, eyni zamanda, Şərq dillərinin ("tatar əsarəti" və digər amillərin təsiri altında) "rus dilinin təşəkkülündə" iştirakı, dillərin təbii olaraq bir-birinə qovuşub qarışması prosesində rus dilinin türk dili vasitəsilə zənginləşdiyi qeyd edilir. H.Hüseynov həmin məqalədən ayrıca bəhs etmir, çünki mövzu xətərsiz deyildi, lakin fotoşəkilləri, şübhəsiz, bilərəkdən kitaba daxil etmişdi. Görünür, bu məsələdə oxucusu ilə şəkillərin dili ilə danışmağa üstünlük vermişdir.

Heydər Hüseynov xalq ruhunun özünəməxsusluğunun ifadəçisi olan dildən onun digər komponentinə - mifologiyaya keçib, Kazım bəyin mifoloji təsəvvürləri  barədə maraqlı fikirlər irəli sürür.  Fəslin sonunda onun Şərqin dini-fəlsəfi və sosial-siyasi cərəyanlarının, məhz xalq azadlıq hərəkatlarına ideyaca rəhbərlik etmiş müridizm və babilik təlimlərinə münasibətini araşdırmağa başlayır.

Qeyd etdiyim kimi, Heydər Hüseynov üzərində qurulan ittiham kampaniyası zamanı daha çox hücuma məruz qalan fəslin Şamil və müridizmdən bəhs edən bölümü idi. Bəs bu həcmcə kiçik, cəmi təxminən 4 səhifədən ibarət hissədə nədən söhbət gedir. Diqqət etsək, "tənqidçilər"in "haqlı" olduqlarını görərik, yəni həmin hissəyə yekun vuran "Lakin qeyd etmək vacibdir ki, M.Kazımbəy müridizmin sosial sinfi köklərini aça bilməmişdir. O, Şamili ideallaşdırmışdır" sözlərini istisna etsək, burada Şamil dağlıların milli-azadlıq hərəkatının rəhbəri kimi mədh olunur və artıq həmin hissənin epiqrafına çıxarılan "Şamilin adında bir çox tarixi və vətənpərvərlik oyadan fikirlər gizlənir... o qəhrəmandır və qəhrəmanlar yaradır" sözləri ilə ucaldılırdı, əlbəttə, Mirzə Kazım bəyin dilindən. Bu da kommunist ideoloqların gözündən yayınmır. Müəllif burada mütəfəkkirin bilavasitə "Russkoe slovo"da çıxan "Müridizm və Şamil" (1859, ¹ 12) adlanan məşhur siyasi-tarixi traktatına deyil, əsərin Rusiya ilə yanaşı, Avropada da geniş rezonans doğurmasından həvəslənərək, həmin traktata əlavə kimi  yazdığı "İmamın əhəmiyyəti, onun hakimiyyəti və ləyaqəti haqqında" (1860, ¹ 3) məqaləsinə istinad edir. Burada alimin həmin dövrdə çoxlarını maraqlandıran "Nə üçün Şamil özünü imam adlandırır?" sualına cavabı üzərində dayanır. M.Kazım bəy imaməti "müsəlmanların Elm əl-Kəlam adlanan sxolastik fəlsəfəsinin ... ən mühüm məsələlərindən biri" kimi səciyyələndirərək, imam sözünün leksikoqrafik, filoloji, hüquqi, dini və i.a. məna qatlarına nüfuz edir, xüsusilə, onun xalqın seçdiyi nümayəndə mənasını vurğulayır. M.Kazım bəyin fikrincə, Şamili və Qazı Mollanı da bütün xalq imam seçmişdi, Şamilin imaməti şəriətin gözündə mübahisəli idisə də, Şamil ruhani və dünyəvi hakimiyyətləri öz əlində birləşdirən cəsur rəhbər olub, xalqı  təmsil edirdi.

Heydər Hüseynov müridizmin Azərbaycanda da olduğunu deyib, onu çarizmin müstəmləkəçilik zülmü və yerli feodallar əleyhinə çevrilmiş sosial hərəkat kimi təqdim edir. Lakin o, burada M.Kazım bəyin nə müridizmin tarixinə, islamı yaymaqda roluna, nə siyasi məqsədlərinə, dağlıların azadlıq hərəkatının xarakterinə, nə də müridizmin təməlində duran cihad, təriqət və dəvət institutlarına münasibətinə mövqe bildirmir, halbuki həmin məsələlərdə onunla marksizm-leninizm nöqteyi-nəzərindən və ümumiyyətlə, elmi mübahisəyə girmək olardı. Əksinə, sanki tədqiqatçı Mirzə Kazım bəyin əsərindən Şamil haqqında əldə etdiyi xoş təəssüratı korlamaq istəmir. Peterburqda əsir saxlanılan Şamillə iki dəfə görüşə bilən Kazım bəysə onu məktublarında, məqalələrində "çox maraqlı və görkəmli şəxsiyyət, eyni zamanda, dahi rəhbər, qəhrəman və imam", "sakit və təmkinli, vüqarlı və əzəmətli olduğu qədər də sadə və mərhəmət çeşməsi" insan kimi səciyyələndirir,  ona "bu nurlu zəka, sağlam fitri ağıldır ki, həmişə məftun da edib, hökm də. Bax buna görə Şamil bütün Dağıstanı fəth etmiş, öz hakimiyyəti altında birləşdirmişdi..." deyə yüksək dəyər verirdi.

Heydər Hüseynov narahat deyildi, çünki həmin dövrdə rus sovet tədqiqatçıları Şamil hərəkatını çarizmin əleyhinə azadıq hərəkatı, yəni mütərəqqi hadisə kimi tədqiq edirdilər. Odur ki, siyasi ab-havadakı dəyişiklikləri sezsə də, özünü görməzliyə vururdu. Yoxsa heç olmazsa, Mirzə Kazım bəyin məqaləsindən, dağlıları müridizmlə deyil, rus hökmranlığına nifrətlə birləşdirib arxasınca aparan "Şamilin hələ uzun müddət anaxronizm olmayacağı" haqqında N.A.Dobrolyubovun  fikrini təkrar etməzdi. Təəssüf ki, Şeyx Şamil Heydər Hüseynovun özünə münasibətdə də anaxronizm olmadı...

Heydər Hüseynovun Mirzə Kazım bəyin həyat və irsini təfsiri onunla xalq haqqında məhrəm söhbətindən, bu irsdə xalqın, millətin varlığı, dili, fikri, azadlığı haqqında gizli suallarına aldığı cavablardan ərsəyə gəlir. Bu mükalimədə Mirzə Kazım bəyin dövrü, Heydər Hüseynovun dövrü, müasirliyimiz öz izlərini salmışdır. 

 

Arzu HACIYEVA

AMEA-nın Fəlsəfə İnstitutunun "Azərbaycan fəlsəfə tarixi"

 şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru

525-ci qəzet.-2018.- 19 iyul.- S.6.