"Dağınıq
duyğular"ın poetik nizamı
Fikrət Qoca o şairlərimizdəndir ki, bu gün onun
adı fəxrlə klassik söz ustalarımızla
yanaşı çəkilir.
Əsərləri haqqında yüzlərlə elmi məqalələr,
resenziyalar, monoqrafiyalar yazılmış, bu gün də
yazılmaqdadır. O, poeziya aləmində öz sözünü
çoxdan demiş, ona öz sənətkar
möhürünü vurmuş, ecazkar qələminin qüdrətilə
çağdaş poeziyamızın ən dəyərli
nümunələrini yaradaraq geniş oxucu auditoriyası
toplaya bilmişdir.
Ustad sənətkarın poeziyası hər şeydən
öncə öz aktuallığı, yüksək şeiriyyəti,
emosionallığı, fikir və duyğuların dərinliyi
ilə diqqəti cəlb edir. Əgər belə
olmasaydı, bu şeirlər zamanın süzgəcindən
keçib bu günümüzə qədər gəlib
çatmazdı. Çünki bu şeirlərdə
günümüzün reallığı öz bədii əksini
tapmışdır. Şair həyatda
görüb duyduğu, hiss etdiyi hər hansı bir hadisəni
bədii boyalarla poetik rəsm edib, onu mənalandırmağı
bacarır. Bu isə hər şeydən
öncə şairin böyüklüyündən xəbər
verir.
Şairin böyüklüyünün bir sirri də
ondadır ki, o, sözə qənaət etməklə dərin
bədii - fəlsəfi ümumiləşdirmələr
apararaq öz fikirlərini lakonik bir şəkildə oxucuya
çatdıra bilir.
Fikrət Qoca təkcə lirik şair deyil, həm də
yüksək əxlaqi dəyərlərə söykənən
poemaları ilə ədəbiyyat tariximizdə yeni bir səhifə
açmışdır. Şairin "4 addım", "Bayraq tutan
oğullar", "Cənnətdən qovulanlar", "Oddan
keçənlər", "Ünvansız məktub",
"Adi həqiqətlər", "Qaranquş yolu" və
digər poemaları oxucuların dərin rəğbətini
qazanmışdır. Şairin bu əsərləri içərisində
"Dağınıq duyğular" ("Azərbaycan"
j. 2017, say 2) poeması öz müasirliyi ilə diqqəti daha
çox cəlb edir.
Düzdür, bu poemada vahid süjet xətti yoxdur. Lakin
ayrı-ayrı hadisələrin bir vəhdət halında
birləşərək böyük bir panoram yaratması
oxucunun diqqətindən yayınmır. Çünki
əsərdə qaldırılan problemlər qloballaşan
dünyamızda ümumən bəşəriyyəti dərindən
düşündürən, narahat edən problemlərdəndir.
Əsərdəki psixoloji durum da bunu deməyə əsas
verir. Poemada təsvir olunan hadisələrdə bilavasitə
nəzm və nəsrin birgə sintezi fonunda öz yüksək
bədii həllini tapır. Bu isə
müdrik bir şəxsiyyətin düşüncələrinin
dərinliyindən xəbər verir.
Poemanın mərkəzində şər qüvvə
kimi tanınan şeytan dayanır. O, nə qədər ki, cənnətdədir,
mələklərlə bir yerdədir, keyfi
yaxşıdır. Allah insanı yaratdıqdan
sonra şeytanın əhvalı dəyişir. Allah
insanı cənnətdə yaratdığı
üçün onlara cənnət meyvələrindən yeməməyi
tapşırır:
Adəmlə
Həvvanı Allah yaratdı,
Ruh verdi, can verdi, sonra ayıltdı.
Cənnət
meyvələrdən yeməyin - dedi,
Yesəniz,
"bilmədik" deməyin - dedi.
Ancaq şeytan bununla barışa bilmir. O, cənnətdə Adəm
ilə Həvvanı aldadıb yolundan çıxarır. Allah məsələdən agah olandan sonra onları
cənnətdən çıxarıb yer üzünə
atır. O vaxtdan şeytan insanların qəlbinə girib
nifaq salmaqla məşğuldur.
Şair bu məlum əfsanədən sonra uzaq Afrika qitəsində
- Qvineyada ezamiyyətdə olarkən zəncilərin
ağır şəraitdə yaşadıqlarının
şahidi olur.
Acından ölməmək üçün körpəsini
belinə sarıyıb günün qızmar istisində
balıq tutmaq istəyən zənci qadının ağır
və dözülməz həyatı şairin qəlbində
silinməz izlər qoyur. Bu qadının halına ürəkdən
acıyan şair ona kömək etmək istəyir. O
sürücüyə:
Deyirsən bu yazıq günün istisində
ölsün?
Al bu on dolları ver ona - deyir.
Öz
istiqlalını yenicə əldə etmiş bu ölkədə
hamı dilənçi günündə yaşayır:
Mənim
yolda gördüyüm qadın
Qara dərili
Adəmin
Qara dərili Həvvası idi.
İnsanların
acınacaqlı halda, dözülməz şəraitdə
yaşamağına səbəb isə şairin təbirincə
desək "şeytanın özü idi":
Ağlımızı
Allah alıb,
Meydan
şeytana qalıb...
Şair
Qvineyadan - oradakı insanların acınacaqlı həyatından
bəhs edərkən yarıya bölünmüş o
taylı - bu taylı vətənimizi də yaddan
çıxarmır:
Eh... min
illərdi bir can olan,
Parçalanıb
iki Azərbaycan olan
Vətənimiz
birləşə bilmir...
- deyə acı
bir təəssüf hissi ilə köks ötürür.
XX əsrin sonunda böyük güclər kiçik
dövlətlərdə onların özlərində
kamikadzelər, terrorçu dəstələr
hazırlayırlar. Bəşəriyyəti ölümə sürükləyən
bu dəstələr isə "quyruq"dan başqa bir
şey deyil:
İndi məlum
olub
Müsəlmanın
terror adlı
Quyruğu varmış.
Bu gün
də bu terrorçu dəstələr şərqdə
müsəlman ölkələri arasında ədəvat
toxumu səpib şəhərləri dağıdır, kəndləri
viran qoyur, qardaş qanı tökməkdən çəkinmirlər:
Günahsız insanlar qırmaq.
İnsanda
quyruğa bax...
Ölən
də deyir "ya Allah",
Öldürən
də deyir "ya Allah"
Bu gün Şərq dünyasında yaşayan
bütün dövlətlərin, o cümlədən, Suriya,
İraq... kimi dövlətlərin də "quruğu"
var.
Şair poemada şeytanı yenidən ön plana çəkir. O, bu dəfə okeanın o
tayında - Amerikada "Əkizlər"in üstündə
oğlu ilə oturub fitnə-fəsad salmaqla məşğuldur.
Ancaq Allah bütün bunların
hamısını görsə də, hələ səbr edir.
Şair
vaxtı ilə Amerikanın özünün dəstəklədiyi
"Əl-Qaidə" terror təşkilatından, onun
başçısı Üsamə bin Ladenin törətdiyi dəhşətli,
11 Sentyabr hadisələrindən söhbət açır:
Mən
Bakıdan baxdım
Amerikanın
ən böyük şəhərinə
Söz
demək heç ağlıma da gəlmirdi
Şeytanın
bu boyda işlərinə,
Bu boyda şərinə.
İnsanlar
diri-diri od alıb yanır. Bu
qırğının səbəbkarı isə
qucağında avtomat gəzdirən, onunla "birgə
yatıb, birgə duran" Üsamə bin Ladendir. Onun gəzdirdiyi "silah" rusundur, baş
ingilisin, bacı - qardaş ərəbin, göz yaşı isə
müsəlmanındır.
Terror kor
ilandı,
Toxunduğunu çalandı.
Bədəni
var,
Vətəni yoxdur.
Şair terroru və terrorçuluğu lənətləyir,
onu şeytan əməli adlandırır. Onlar elə qiyafələnib
ki, onları heç kim tanıya bilmir.
Bunların görəsən:
Hansı qadın, hansı kişidir?
Bunlar
Allah bəndəsi deyil,
Bunları
şeytan yetişdirib,
Bunlar şeytan işidir.
Poemada diqqət çəkən məqamlardan biri də
"Burunduq ilə ayının dostluğu"ndan bəhs edən
əfsanədir.
Burunduq kiçik, ayı isə nəhəng bir
heyvandır. Burunduq həmişə ayıya meyvə, ləpə
gətirir. Ayı bunları rahatlıqla
oturub yeyir.
Bir gün ayı burunduğa təşəkkürünü
bildirmək üçün əlini onun belinə çəkir. Bu zaman
ayının uzun dırnaqları burunduğun belində dərin
yaralar açır. Burunduq özünü danlayıb
deyir ki, niyə özümə dost seçəndə
tay-tuşlarımdan seçmədim?
Burdan belə
bir məntiqi nəticə çıxır ki, Suriya, İraq
kimi kiçik dövlətlərin böyük dövlətlərlə
nə dostluğu ola bilər? Onların
kiçik dövlətlərdə olsa-olsa ancaq marağı ola bilər.
Hər kəs
özünü
Olduğu
boyda görə bilsə,
Hər kəs
özündə
Ədəb
- ərkan görə bilsə...
Adəm
olar həmdəm
Olmaz kədər, qəm.
Bununla yanaşı,
şair poemada iki əsrdən artıqdır ki, yarıya
bölünmüş qüzey və güney Azərbaycanı
haqqında da ürək yanğısı ilə söhbət
açır:
İki
qonşumuzun sözü çəp düşdü,
Günahsız, günahkar saydılar bizi.
Oturub masada bizi böldülər,
Bakımdan ayırdı anam Təbrizi.
Bu gün Araz çayı bir qılınc kimi iki
qardaş xalqı yarıya bölüb, onları bir - birinə
qovuşmağa qoymur. Axı bu insafdan deyil:
Vallah
insafsızlıq bu boyda olmaz,
Ölüb o illərin hökmü, hakimi.
Culfa-Astaranı
öz çayım Araz
Bölüb iki yerə bir qılınc kimi.
İndi böyük güclər od ilə oynayır. Onlar başa düşmək istəmirlər ki, bir gün gələcək, bu xalq öz qanı bahasına da olsa, öz azadlığına qovuşacaq. Daha əsəblər yay kimi gərilib:
Od ilə oynayır bu dövran, cahan,
Yay kimi gərilib əsəbi zaman.
Mən də
od oğluyam, oddandır canım,
Canımdı, qanımdı Azərbaycanım.
Bundan sonra şair Azadlıq eyforiyasından söhbət
açır.
Bir nəfər
tutuquşu ilə dost olur. Ancaq o tutuquşunu qəfəsdə
saxlayır. Tutuquşu qəfəsdə
dustaq olduğunu anlayır. O, azadlığa
çıxmağa can atır. Son anda o
"ölməklə" öz azadlığına
qovuşur. Çünki azadlıq qurban tələb
edir. Şair poemanın sonluğunu bu cümlələrlə
bitirib: "Biz - azərbaycanlılar XX əsrdə iki dəfə
Azadlıq uğrunda ölüb - dirilmişik".
Uğrunda ölüb-dirilmişik.
Azadlığın
dadını
Hələ indi bilmişik.
Bir də
ölən deyilik!!!
Biz
hamımız bir canda
Bütöv
Azərbaycanda
Yaşamağa
gəlmişik!
Bu gün ustad sənətkar, yaşı 80-i ötməsinə
baxmayaraq, poeziyanın enişli-yoxuşlu yollarında yorulmaq
bilmədən inamla addımlayır. Biz ona sağlam can,
daha uzun ömür arzulayırıq. İnanırıq
ki, yeni poeziya nümunələri ilə oxucuları dəfələrlə
sevindirəcək.
Vəliyulla NOVRUZ
525-ci qəzet.-2018.- 20 iyul.- S.8.