Ovçu” romanının müzakirəsi keçirildi

 

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda tanınmış yazıçı-publisist Yunus OğuzunOvçutarixi romanının müzakirəsi keçirilib.

Trend-in məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Y.Oğuz müstəqillik dövründə bədii nəsr sahəsində ardıcıl fəaliyyət göstərən, tarixi romanlar yazan istedadlı yazıçıdır.

Akademikin sözlərinə görə, yazıçının bu günə qədər 20-yə qədər nəsr əsəri olub ki, onun da əksəriyyəti tarixi romandır: "Yunus Oğuzun yazdığı tarixi əsərlər oxucu üçün çox maraqlıdır. Onun əsərləri tariximizi yenidən qabartdığına görə, milli dövlətçilik prinsiplərini özündə əks etdirdiyinə görə oxucu üçün çox oxunaqlıdır. Yunus Oğuzun yazdığı əsərlər bu gün Türk dünyasında, xüsusilə Orta Asiya respublikalarında çox populyardır. Onun "Əmir Teymur" romanı Özbəkistanda çap edilib orada bu əsərə böyük reaksiyalar verilib. Bu, Azərbaycan ədəbiyyatının yaratdığı imkanların nəticəsidir".

İ.Həbibbəyli "Ovçu" romanını Y.Oğuz yaradıcılığının yeni keyfiyyətinin üzə çıxdığı bir əsər hesab edib.

Ədəbiyyat İnstitutunun Ədəbi cərəyanlar sektorunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elnarə Qaragözova bildirib ki, "Ovçu" romanı 2016-cı ilin aprel döyüşlərinə həsr olunub:

"Bu tarixi roman Milli Qəhrəman Murad Mirzəyevdən bəhs etsə , ümumən Qarabağ döyüşlərində şəhid olmuş bütün igid oğlanların əziz xatirəsinə elegiyadır. Yunus Oğuz bu romanında bu günlə keçmiş arasında bir əlaqə yaradıb. Bu əsərin böyük ideoloji mənası var. Əsərdə 3 dövr - Alp Arslan, Nadir şah müasir dövr öz əksini tapır. Bu əsərdə 3 Muradla qarşılaşmaq mümkündür - XI əsrdə Alp Arslanın Ani qalasını almasına öz yeni silah icadı ilə kömək edən dəmirçi usta Murad, XVIII əsrdə Nadir şahın hərbi məsləhətçisi olmuş Murad xan bizim günlərin qəhrəmanı - "Ovçu" ləqəbli hərbi kəşfiyyatçı Murad Mirzəyev. Əsərdən görünür ki, Muradın qəhrəmanlığı birdən-birə yaranmayıb. Bu qəhrəmanlıq əsrlərdən əsrlərə ötürülüb. Qəhrəman Murad əvvəlki Muradlardan daha güclüdür o, tam yeni qəhrəman kimi ortaya çıxır".

AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu bildirib ki, Y.Oğuz digər tarixi romanlarında olduğu kimi "Ovçu" romanında da mövcud olan boşluqları tapıb onları doldurub. Onun sözlərinə görə, Y.Oğuzun bu əsərində müasirliklə tarixilik bir vəhdət təşkil edib.

T.Əlişanoğlu əlavə edib ki, Azərbaycan Ordusu 2016-cı il aprel ayının ilk günlərində bir tarix yaradıb: "Yunus Oğuz da "Ovçu"da həmin tarixi yazıb. Azərbaycan ədəbiyyatını bir-birinin ardınca qələmə aldığı tarixi romanlarla zənginləşdirən Yunus Oğuz "Ovçu" romanında müasir dövrün hadisələrinə müraciət etməklə bu günün tarixinə daha da yaxınlaşmaq, tarixdə bu günü, bu gündə isə tarixi anlamaq istəyib".

Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Əlizadə Əsgərli bildirib ki, Azərbaycan tarixi ilə bağlı bədii, tarixi kitabların yazılmasına ehtiyac var. O bu kitabı Y.Oğuz yaradıcılığının dəyərli əsərlərindən biri sayıb: "Aprel döyüşləri barədə bundan sonra da çox yazılacaq. Yunus Oğuzun əsərinin dəyəri həm onunla müəyyən edilir ki, o, ilk böyük işi görüb, ilk uğurlu ideya-bədii təfsir modeli yaradıb".

Milli Məclisin deputatı, yazıcı Aqil Abbas deyib ki, Y.Oğuz türk tarixini dərindən öyrənərək romanlar yazır: "O, evində oturmaqla əsər yazmır. O, qəhrəmanların keçdiyi yolları tam araşdırır. Yunus Oğuz tarixi şəxsiyyətləri öyrənən bir yazıçıdır. Buna görə onun əsərləri maraqlı olur".

A.Abbas əlavə edib ki, belə tarixi kitabların kitabxanalara, xüsusilə məktəb kitabxanalarına paylanması gənclərin vətənpərvərlik hisslərinin gücləndirilməsində mühüm rol oynaya bilər.

Murad Mirzəyevin atası Telman Mirzəyev "Ovçu" tarixi romanının ərsəyə gəlməsinə görə Y.Oğuza təşəkkür edib. O, Aprel döyüşlərində qazanılan qələbənin ardı olacağına da ümid etdiyini söyləyib.

Tədbirin sonunda çıxış edən kitab müəllifi Y. Oğuz Ədəbiyyat İnstitutunda ikinci romanının müzakirəyə çıxarıldığını söyləyib. O, müzakirədə iştirak edən hər kəsə təşəkkürünü bildirərək əlavə edib ki, Aprel döyüşləri ilk dəfə olaraq ermənilərin "qalib" sindromunu sındırdı.

Yazıçı-publisist Azərbaycanda vətənpərvərlik mövzusunda əsərlərin yazılmasını da çox vacib sayıb.

 

Müşfiq, Şahanə

525-ci qəzet.-2018.- 20 iyul.- S.7.