Kiyevdə Müslüm
Maqomayev parkının
açılışı oldu
Ukrayna
paytaxtı Kiyev şəhərinin mərkəzi ərazisində
dünya şöhrətli müğənni və bəstəkar,
SSRİ Xalq Artisti Müslüm Maqomayev adına parkın təntənəli
açılış mərasimi olub.
Azərbaycanın
Ukraynadakı səfirliyindən 525.az-a verilən məlumata
görə, açılış mərasimində Azərbaycan
və Ukraynanın mədəniyyət nazirləri
Əbülfəs Qarayev və Yevgeni Nişuk, Diasporla
İş üzrə Dövlət Komitəsinin sədri Fuad
Muradov, Kiyev şəhər Dövlət
Administrasiyasının rəhbərinin müavini Aleksandr
Spasibko, xarici ölkələrin Ukraynadakı səfirləri,
Üzeyir Hacıbəyov adına Bakı Musiqi
Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Rəssamlar
İttifaqının sədri Fərhad Xəlilov, Azərbaycan
Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə,
aparıcı KİV nümayəndələri iştirak ediblər.
Azərbaycanın
Ukraynadakı səfiri Azər Xudiyev bildirib ki, Azərbaycan
prezidenti İlham Əliyevin tapşırığı və
tövsiyəsi əsasında şəhərin mənzərəli
yerində belə bir park salınıb. O vurğulayıb ki, səfirlik
Ukrayna ərazisində bir neçə bu cür istirahət
parklarının salınması üçün işlərini
davam etdirəcək.
Kiyevin
mərkəzində belə bir parkın
açılmasının tarixi hadisə olduğunu qeyd edən
nazir Ə. Qarayev bildirib ki, Azərbaycan prezidentinin göstərişi
ilə parkın açılışı ilə
bağlı ölkəmizdən böyük nümayəndə
heyəti iştirak edir. Nazir qeyd edib ki, bu park kiyevlilər və
şəhərin qonaqları üçün gözəl
istirahət məskəni olacaq: “Parkda Müslüm Maqomayevin
heykəli şəhərə xüsusi gözəllik verir.
Müslüm Maqomayev dünya xalqlarının sevimlisi olub”.
M.
Maqomayevin Azərbaycanın dünya şöhrətli
musiqiçisi, ecazkar vokal ifaçılığı ilə
milyonların qəlbini fəth etdiyini vurğulayan Ukrayna mədəniyyət
naziri isə deyib ki, o bir çox xalqların sarsılmaz mədəni
əlaqələrinin təcəssümüdür. Y.
Nişuk bildirib ki, M.Maqomayev bütün dünya mədəniyyətinə
məxsus ifaçı olub.
Kiyev
şəhər Dövlət Administrasiyasının rəhbərinin
müavini Aleksandr Spasibko çıxışında bu
cür ecazkar parkın kiyevlilərin əsl istirahət yerinə
çevriləcəyinə inandığını bildirib.
Heykəlin
müəllifi tanınmış heykəltəraş,
Ukraynanın Xalq Rəssamı Seyfəddin Qurbanov Müslüm
Maqomayev kimi dahi şəxsiyyətin heykəlinin müəllifi
olduğu üçün özünü xoşbəxt
saydığını bildirib.
Tədbir
Azərbaycan, Özbəkistan, Ukrayna və digər ölkələrin
incəsənət xadimlərinin çıxışları
ilə davam etdirilib. Daha sonra Kiyevin Milli Musiqi Akademiyasında
Müslüm Maqomayevin xatirəsinə həsr olunan “Sən mənim
nəğməmsən!” adlı konsert keçirilib.
525-ci qəzet.-2018.- 20 iyul.- S.7.