Vətən, millət və ədəbiyyat sevdalısı: Kərim Məşrutəçi Sönməz

 

Çağdaş Cənubi Azərbaycan poeziyasında, o taylı-bu taylı Azərbaycan ədəbi fikrində orijinal siması, dəst-xətti ilə seçilən Kərim Məşrutəçi Sönməzi ədəbi ictimaiyyət şair, tənqidçi, publisist və tərcüməçi kimi tanıyır.

İran İslam inqilabından sonra bir şair kimi şöhrət qazanan K.M.Sönməz 1928-ci ilin baharında Azərbaycan şəhərlərinin anası hesab edilən Təbrizdə anadan olub. Maddi sıxıntılar ucbatından 14-15 yaşlarında ikən əmək fəaliyyətinə başlayan gələcək şair, sistemli təhsil almağa, sözə və sənətə güclü meyl göstərmiş, Təbrizdə orta məktəbi bitirdikdən sonra Tehran Universitetinin hüquq fakultəsində oxumuşdu.

Cavanlıqdan elmə və maarifə yüksək qiymət verən, maarif və mədəniyyəti hər bir millətin səviyyə və inkişafının başlıca atributlarından hesab edən K.M.Sönməz bir müddət məktəbdarlıqla məşğul olmuş, vətənində ikisinifli bir məktəb açaraq millətimizin balalarına yazmaq, oxumaq və milli düşüncə tərzini öyrətməyə çalışmışdır.

K.M.Sönməzin bir şair kimi üzə çıxmasında, geniş oxucu kütləsinin rəğbətini qazanmasında İrandakı Bəhmən inqilabından sonra dünya şöhrətli doktor Cavad Heyətin şəxsi təşəbbüsü ilə nəşrə başlayan və indiyə qədər də fəaliyyətini uğurla davam etdirən "Varlıq" jurnalının əhəmiyyətli dərəcədə rolu olub. Jurnalın nəşrə başladığı ilk illərdən onunla müntəzəm əməkdaşlıq edən şairin dərginin səhifələrində çoxlu sayda ədəbi və elmi yazıları çap edilib. İranda Azərbaycan ədəbiyyatı və mədəniyyətinin təbliği sahəsində mühüm xidməti olmuş Sönməz dahi bəstəkarımız və qüdrətli publisistimiz olan Üzeyir Hacıbəyovun "Azərbaycan xalq musiqisinin əsasları" kitabını və xalq şairi Bəxtiyar Vahabzadənin "Atılmışlar" poemasını ərəb əlifbasında nəşr etdirib.

Ustad Şəhriyarın "Heydərbabaya salam" poemasını fars dilinə uğurla tərcümə edən Sönməzin həm Cənubda, həm də Şimalda kitabları işıq üzü görüb, "Ağır illər", "İsanın son şamı", "Qaranquş yazı gözlər" və s. bu kimi kitablarında toplanan poetik nümunələri geniş oxucu kütləsinin dərin rəğbətini qazanıb. Filologiya elmləri doktoru Sabir Əmirov "Sönməzin poeziyası", "Hərarəti səngiməyən ocaq", "Həsrət çələngi" adlı silsilə yazılarına və şairin poetik yaradıcılığına yüksək dəyər verərək yazır: "Sönməz Cənub poeziyasında yüksək ədəbi-bədii şeirlərin, bayatıların, qəzəllərin sənətkarlıqla yazılmış poemaların müəllifidir".

Filologiya elmləri doktoru, professor Vüqar Əhməd də, Kərim Məşrutəçi Sönməzin poeziyası haqqında özünün "Cənubi Azərbaycan poeziyası" adlı monoqrafiyasında yazır: "Sönməz də xalq şeiri formalarına olduqca incəliklə yanaşır və qəliblərin ahəngini heç vaxt pozmur. Onun istər qoşma, istər də bayatı formalarında qələmə aldığı şeirlər heyrətamizdir". Filologiya üzrə fəlsəfə doktoru Esmira Fuad (Şükürova) "Kərim Məşrutəçi Sönməz" adlı məqaləsində göstərir: "Ayrılıq, həsrət, Vətəndə vətənsizlik dərdi nisgilli qələm sahiblərinin ən kövrək, həssas mövzularındandır. Sönməz də Vətənin, xalqın mənliyini, ləyaqətini öz mənliyi, dərdini şəxsi dərdi ələmi sayan, fəryad qoparan, duyğuları üsyan edən vətənpərvər söz ustadıdır". X. Hümbətova "İsanın son şamı" və "Qaranquş yazı gözlər" məqaləsində şairin yaradıcılıq xüsusiyyətlərini, Güney Azərbaycanın keçmişini, bu gününü əks etdirmişdir. Akademik Mirzə İbrahimov Sönməzin "Mənsizləmişəm" şerini də təhlil etmişdir. Onun qələm yoldaşları kimi ürək sözlərini duymaq çətin deyil:

 

Dərd məni yandırır, amma odu yox,

Odu ağzımda həyatın dadı yox.

Demirəm dərdlər içində adı yox,

Deyirəm mən belə mənsizləmişəm...

 

Kərim Məşrutəçi Sönməzin İranda lirik şerləri toplanmış bir neçə kitabı çap olunub ki, onlardan biri "Şeh muncuğu" adlanır. 1995-cı ildə Təbrizin "Ərk" nəşriyyatının nəşr etdiyi bu Kitab şairin "Bir neçə ürək sözü" adlı qeydləri ilə başlayır.

"... Bu kiçik dəftərə, adından bəlli olduğu kimi, bir çox qısa və kiçik şeirlərim daxildir. Bu kiçik şeirlər sizin böyük lütfünüzə və yüksək estetik zövqünüzə layiq olmasa da, müəllif tərəfindən sonulmuş bir yaşıl yarpaq kimi qəbul edəcəyinizə inanıram".

Bu cümlələr də həmin "Bir neçə ürək sözü" adlı müqəddimədən götürülmüşdür. Sönməz kimi ilhamlı filosof şairin təvazökarlıqla söylədiyinin əksinə olaraq, biz belə düşünürük ki, "Şeh muncuğu" kitabında toplanan bu əsərlər saralmış yarpaq deyil, əsl sənət nümunəsi, çiçəkləri təzətər qalacaq gülüstandır.

Şeirlərin birində oxuyuruq:

 

Əlim gəlmir kağız yazım yarımçün,

Ona kağız yaza-yaza ağlaram,

Birdən-birə sönən arzularımçün,

Özüm məzar qaza-qaza ağlaram.

 

Kim görüb ki, mən özümdən boy deyim?

Sınamamış hər məclisə toy deyim!

Urmu gölü nədən şordur? Qoy deyim!

Mən o göldə üzə-üzə ağlaram.

 

İzaha ehtiyac görmürük. Bizcə, bu kimi ilk baxışda adi, əslində, çox qeyri-adi poetik kəşflərin geniş şərhə lüzumu yoxdur.  Şairin həcmcə böyük olmayan kitabında elə şeirlər tapmaq mümkün deyildir ki, orada şair qəlbinin çırpıntıları ilə yanaşı, oxucuları dərin-dərin düşündürən fikir və ifadələrə təsadüf olunmasın.

Sönməz o qəbil şairlərdəndir ki, onlar ürəklərinin hökmünə xilaf heç nə yazmaz, düşündüklərini şerə gətirmək üçün yüz ölçüb, bir biçərlər. Söz yazsan əgər həqiqətə xatir yaz. Bir kəlmə də söz yazma fəqət alqış üçün -  tezisi ilə sənət kredosunu elan edən şair şerlərinin birində yazır:

 

Dərdimin yox adı, ünvanı desəm.

Heyrətə daldırar insanı desəm.

Başqa bir sözlə bu mənanı desəm:

Öz diyarımda vətənsizləmişəm!

 

Nümunə gətirdiyimiz bu dörd misranın şərhi az qala kitab həcmində olan məna yükünə malikdir.

Düşünürsən: Adam öz diyarında necə vətənsiz ola bilər? Bu vaxt dünyanın müxtəlif güşələrinə səpələnən, İranda öz dillərində məktəbləri, elm və təhsil ocaqları olmayan qan-qardaşlarımız, qəsbkar və üzdəniraq qonşularımızın iddiası ucbatından ev-eşiklərindən, yurd-yuvalarından didərgin düşən soydaşlarımız gözümüzün önündə canlanır.

Sönməz böyük lirikdir. O, az sözlə, həcmcə kiçik olan şeirlərlə, dördlük və bayatılarla böyük mənaları əks etdirən incə qəlbli və mütəfəkkir bir şairdir. Fikrimizi təsdiq üçün dörd misralıq "Varlığım" şerinə diqqət edək:

 

Dilim-dilim doğra qızıl almanı,

Ver hər gələn yesin ondan bir dilim.

Üç kəlmədir varlığımı bildirən,

Bir vətənim, bir mənliyim, bir dilim.

 

Bəşər övladının varlığını bildirmək üçün başlıca şərtlər məhz şairin söylədikləridir.

Mükəmməl cinaslara malik silsilə şeirlər yazmaq hər şairə nəsib olmur. Bunun üçün şairdən yüksək istedad və zövqlə yanaşı, mənsub olduğu xalqın dilini və mənəviyyatını da dərindən bilməsi tələb olunur. Sönməzin lirikasında diqqəti cəlb edən məsələlərdən biri də onun cinaslardan ustalıqla və yerində istifadə etməsidir.

Sönməz klassik ədəbiyyatımızdakı və folklorumuzdakı məlum cinaslardan mümkün qədər uzaqlaşır və tamamilə orijinal, özünəməxsus cinaslı şeirlər yazır. Kiçik bir nümunəni nəzərdən keçirək:

 

Qorxuram ki, bir söz deyəm yar gülə,

Mən məsəldə göz kimiyəm, yar gilə.

Heyrətdəyəm, yar bağrımda yaşarkən,

Özüm necə sığışmışam-yar gilə?!

 

Şairin dördlüklərinin və bayatılarının əksəriyyəti, məhz bu cür uğurlu cinaslarla yaradılmışdır. Sönməz lirikasının bir cəhətini də qeyd etmədən keçinmək olmaz. Lirik növün bayatı janrı Sönməzin poetik irsinə xas olan ən ümdə keyfiyyətlərdən biri olduğundan, bu barədə bir neçə kəlmə söyləməyi vacib hesab edirik.

Bayatı ədəbiyyatımızın ən işlək, çevik, ilk baxışda sadə görünən janrlarından biridir. Bu lirik növün Sarı Aşıq kimi qüdrətli nümayəndəsi, xalq və yazılı şeirlərimizdə çox dəfərli və hikmətamiz nümunələrinin olması bəllidir.  Cəsarətlə demək olar ki, Sönməz ulu sənətkarlarımızın xofundan çəkinməyərək bu növdə də əsl sənət nümunələri yaratmış, xalqımızın qan yaddaşının tərcümanı olan bayatı xəzinəmizi orijinal, lakonik və dərin mənalı əsərləri ilə zənginləşdirmişdir.

 

Məsələn:

 

Bu qasid haradan gəlib,

Hansı diyardan gəlib.              

Məktubları iylə, gör, 

Hansıdı yaradan, gəlib?

 

Və yaxud: 

 

Yaz gələ, gülə bağlar,

Sarına gülə bağlar.

Şəhidin qəbri üstə,

Səpilən gülab ağlar.

 

Sönməz istək və arzularını yüksək pafos və hay-harayla deyil, incə, təmkinli, həm də çox arifanə bir şəkildə dünyaya bəyan edir. O, boğazdan yuxarı "Birlik-birlik" deyənlərdən fərqli olaraq”:

 

Hər qayçının qadağını açanda,

Ayrılıqda tiyələri küt gördüm.

Keçən quşlar dəstə-dəstə uçarlar,

Onların da ən azını cüt gördüm

 

- deməklə ayıq oxucusunun düşünməyə, Azərbaycan həqiqətlərini dünyaya bəyan etməyə çağırır.

 

Sönməzin lirik qəhrəmanı kamil insan, yetkinləşmiş şəxsiyyətdir. O, öz tarixi keçmişi ilə öyünən, gələcəyinə ümidlərlə baxan vətəndaşdır. Əyilməzlik xarakterinin ən başlıca keyfiyyəti və meyarıdır. Arzusu isə bütün insanlara sülh və səadət, bəşəriyyətə əmin-amanlıqdır. Onun qəhrəmanı şəxsi səadətdən çox ictimai mənafeyi düşünülürdü.

Sönməz mütəfəkkir şair olmaqla yanaşı, gözəllik nəğməkarı, məhəbbət şairidir. "Dayandı qarşımda bir çinar kimi" misrası ilə başlanan qoşmasında şair çox gözəl səhnə yaradır. Sahildə qaçışan dalğalar kimi sevgilisinin bircə an üzünə gülüb getməyini ustalıqla təsvir edir. Şair sinəsində boy atan, onula öyünən, fəqət əli-əlinə çatmaq ərəfəsində ikən ondan qaçan, uzaqlaşan sevgilisi barədə belə deyir:

 

Yalvardım, danışsın mən qulaq asım, 

Qəmlərim dağılsın, toy olsun yasım.

Dinmədi, istədim bağrıma basım,

Əlim kölgəsinə yetişdi getdi.

 

Şairin "Oxudum cinas indi...", "Yanmasam ərimərəm", "Əriməsəm yanmaram",

 

Bu dağlar ərən dağlar,

Uzağı görən dağlar.

Xoyda bir igid ölsə,

Yasında Mərənd ağlar.

 

"Şeh muncuğu başlıqları altında toplanan şeirləri ədəbiyyatımızın zəngin xatirəsinə layiqli töhfələrdir və bu şeirlər şairin təxəllüsü kimi sönməz, əbədiyaşardır.

 

Mahmizər MEHDİBƏYOVA

AMEA-nın Ədəbiyyat İnstitutu Cənubi Azərbaycan

 Ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi

525-ci qəzet.-2018.- 20 iyul.- S.6.