Siyasi fırtınalara
barbarlığın təsiri
(XIX əsr
Argentinasının timsalında)
Kəndlərdə qadınlar evə baxır, yemək
bişirir, qoyun qırxır, inək sağır, pendir
qayırır, qaba parçalar toxuyurdular, onlardan paltar tikirdilər.
Uşaqlar
öz əyləncələri üçün lasso (kəmənd)
atmaq sənətini öyrənir, yorulmaq bilmədən
buzovları və keçiləri qovurdular. At
çapmağı öyrəndikdən sonra - buna isə lap
yeriməyə başlayandan yiyələnirdilər - daim bir
veyilliklə məşğul olurdular. Onlar bəzi ev işlərinə köməklik göstərirdilər.
Çox erkən gəncliklərindən onlara
müstəqillik və bekarçılıq öyrədilirdi.
Təhlükənin öhdəsindən gəlmək
adəti, daim özünün təbiətdən güclü
olduğunu sübut etmək istəyi, onu kimisə
döyüşə çağırıb, bu
döyüşdə qalib gəlmək bacarığı fərdin
mühüm əhəmiyyəti olmaqla, bu üstünlüyə
malik olmaq hissi insanı təəccüblü qaydada
inkişaf etdirirdi. Argentinalı hansı
sinfə aid olmasından asılı olmayaraq,
özlüyündə milləti barədə yüksək təsəvvürə
malik olur. Özünə inanmayan
xalqların isə böyük işlər görməyə,
özünü beynəlxalq aləmdə sübut etməyə
gücü çatmır.
Bu adamlar
uşaqlıqdan qaramalı kəsməyə adət etmişlər
və bu zəruri olmaqla təkrarlanan iş onları qanın
görünüşünə öyrətməklə, qan
axıdılmasını onların gözündə adi bir
hadisəyə çevirir.
Beləliklə, kənd həyatı qauçoda fiziki
qabiliyyətləri inkişaf etdirdiyi halda, onun mənəviyyatı
isə yalnız maneələri keçmək, təbiətlə
mübarizə aparmaq adətinə əsaslanır. Heç bir təhsilə
malik olmadan və buna elə bir ehtiyac da duymadan o, öz
kasıblığına və çox saydakı məhdudiyyətlərinə
baxmayaraq, özünü xoşbəxt hesab edir. Qauço, əslində, həyatı təmin etmək
naminə işləmir, qidanı və paltarı öz evində
o, hazır alır. Əgər qaramala
malikdirsə, onların hər ikisini bu heyvanlar verir. Qaramala qulluq etmək isə yalnız at üstündə
pampaya qısa müddətdə getmək, onu otlamağa
ötürmək və öz əylənməsi xatirinə gəzməkdir.
Qauço atın belində oturub, mal-qaranın
damğalanması tamaşasından həzz alır, bu səhnə
ona istənilən teatrı əvəz edir. Əgər
tamaşaçıların ümumi sevinci qauçonu
ilhamlandırırdısa, o, tələsmədən atdan
düşür, yanından qaçıb keçən
öküzə ildırım surəti ilə lasso atıb,
onu kəməndə salır.
Təbii şəraitlər, heç şübhəsiz,
xalqlarda adətləri və vərdişləri yaradır. Yəqin ki,
irqindən, məişətindən, ölkələrinin
coğrafi vəziyyətindən asılı olmayaraq,
bütün geridə qalmış xalqlarda ox və nizəyə
rast gəlinir. Eyni təbii şəraitlər
eyni cür olan vərdişləri, üsulları və vasitələri
yaradır.
Latın Amerikasının çoban adətlərində
bədəvi ərəblərin, digər nomad tayfaların
xüsusiyyətlərində müəyyən oxşarlıq
vardır və bu, onların paltarında, sərt sifətlərində
və pampa sahiblərinin qonaqpərvərliyində özünü
büruzə verir. Bədəvi ərəb gecə vaxtı
tanımadığı yolçu, hətta sayından
asılı olmayaraq, onun alaçığına
yanaşdıqda ona hökmən qida, sığınacaq və
od verir. Pampa sakinləri də
tanımadığı adamlara göstərdikləri qonaqpərvərlikdə
bədəvilərdən və köçəri türklərdən
geri qalmırlar.
Ölkənin təbii şəraitləri və
onların formalaşdırdığı təkrar olunmayan adətlər
poeziya mənbəyi rolunu oynayır. Axı gecələr
ayı, ulduzları müşahidə etmək də insanı
reallıqdan ayırmaqla, onu sehrli aləmi dərk etməyə
cəlb edir. Pampa sakinini belə kasad
mühit əhatə edir, onun daim yanında olan sirdaşı
isə tənhalıq, təhlükə, vəhşi
yırtıcılar və ölümdür. Belə guşənişinliyin özü də onu
poeziyaya cəlb edir. Bu cür nəhayətsiz səhnədə
hərəkət edən insan qorxu anını hiss etsə də,
ona, bu məchul fantastik görünüşlər xəyal
kimi görünür, gecələrin ağır təəssüratı
ona gündüzlər də rahatlıq vermir. Bu
izahlardan görünür ki, Argentina xalqı öz xarakterinə
görə poeziyaya meyillidir.
Adamların çöldə daha çox
ölümünə səbəb olan ildırım barədə
soruşduqda, o, bu atmosfer hadisəsinin mahiyyətinə bələd
olmadığı halda, öz fərziyyəsi ilə
reallıqla anladıqlarını qarışdırıb, bu
sorğuya cavab kimi fantastik dünyaya bənzər bir mənzərə
açır.
Çöllərdə əks-səda kimi yayılan xalq
poeziyası, sadəlövh, qəribə qauço poeziyası
bu ölkədə mövcud idi və o, şəhər
poeziyasından ciddi surətdə fərqlənirdi. Həm də
onlar obrazlı danışmağı, metaforik ifadələri
sevir, nəyisə söylədikdə, söhbətdə bu
naxışlarsız keçinmirdilər.
Argentinalılar həm də musiqi sevəndirlər, elə bil
ki, musiqi onlara qanla, genlərlə irs kimi
ötürülür. Yay gecələri
dükan qapılarının yanında susmaq bilməyən
gitara səsi eşidilirdi, adamların şirin yuxusunu
serenadalar və səyyar dolaşan musiqiçilərin
mahnıları pozurdu. Qauço
özü şeir qoşur, onu musiqiyə, melodiyaya salır və
özü də ilhamla müəllifi olduğu bu
mahnını oxuyurdu. Ədalət naminə
qeyd etmək lazımdır ki, bu incəsənət
növü klassik musiqidən nə qədər uzaq olsa da,
xalq tərəfindən hörmətlə
qarşılanır və sevilirdi.
Qeyri-adi qabiliyyət sahibi olan
qauçolar
Qauçolar xüsusi qabiliyyətlərə sahib
olmağa görə bir-birindən fərqlənir və
qeyri-adi bacarığa malik olanlar məşhurlaşır və
çox vaxt region sahibləri də onlara müraciət etməli
olurlar.
Qauçolar arasında Rastreador və ya izçi xüsusilə
böyük nüfuz sahibidir, bu qeyri-adi adam
fövqəladə vəziyyətlərdə yerli Şerlok
Holms rolunu Konan Doylun qəhrəmanından daha yaxşı
oynayır.
Daxili əyalətlərdəki qauçoların
hamısı izi oxumağı bacarır, bu, onların təkzib
olunmaz vərdişidir. Hər cür istiqamətlərdəki
yolların və cığırların kəsişdiyi
geniş düzənliklərdə bu adamlardan, sayı minlərlə
olan izlərin arasında lazım olanını tapmaq, həm də
heyvanların necə hərəkət etdiyini öyrənməyi
bacarmaq tələb olunur. Qauço bunun
öhdəsindən nəticəyə görə asanlıqla
gələ bilir. Qauço torpağa adi
bir nəzər salır və deyir ki, buradan ala-bula rəngi
olan olduqca yaxşı bir dişi qatır keçmişdir.
Həm də o, sahibinin mindiyi yorğa qaçan
atın ötən axşam buradan keçdiyini bildirir. Həmin
adam öz mal-qara sürüsü ilə
Buenos-Ayresdən evinə qayıdırmış. Qauço nişan verdiyi həmin dişi qatırı o,
yalnız bir il əvvəl görmüşdü, onun izi isə
yarım metr enindəki cığırda digər izlər
arasında itmişdi. Bu, heç də
ağılasığan bir iş deyildir, lakin onun bu qabiliyyətində
qeyri-adi bir şey də yoxdur, həm də həmin peon (muzdur)
sadəcə ilxıçı idi, heç də professional
izçi deyildi.
İzçilərə
hamı ehtiramla yanaşır, kasıb adam
onun böhtan atması və ya çuğulçuluq etməsi
ilə özünə bəla gələcəyindən
qorxur, varlı isə özünün ifşa edilə biləcəyi
ehtimalına görə ondan çəkinir.
Bir dəfə bir oğurluq hadisəsi baş
vermişdi, bu, aşkar olduqda, oğrunun izini tapmağa tələsdilər. İzi
tapdıqda, adətən, onu nə iləsə örtürlər
ki, külək süpürüb məhv etməsin. Sonra izçini çağırdılar. O, izə
baxır ki, günlərlə onun arxasınca gedir,
torpaqdakı nişanələrlə diqqət verir, elə bil
ki, başqalarının görə bilmədiyi həmin izi
öz gözləri ilə aydın görür. O,
küçələrdən keçərək,
müşahidəsini davam etdirir, bir bağdan keçib, evə
girir və oradakı adamı göstərib,
soyuqqanlılıqla deyir: “Bax, bu, odur”. Cinayət
sübut olundu və bu ittihama zidd çıxan
tapılmadı. Nəyisə inkar etmək
də ağılsızlıqdır. Ona
görə də oğru sakitcə tabe olmağa məcbur
olur, başa düşür ki, istəməsə də, bu,
onun taleyinin hökmüdür ki, izçi beləcə onu
ifşa etdi.
Bir dəfə başqa bir izçinin özünün
at yəhərini oğurlamışdılar. Oğrunun
arvadı izi itirmək üçün yəhəri təknə
ilə örtmüşdü. İki ay
sonra geri qayıdan izçi pozulmaqda olan izə nəzər
saldı. İl yarımdan sonra o, şəhərdə
gəzərkən bir evə girib, orada divardan asılan öz
yəhərini gördü. İki il
keçdikdən sonra o, oğrunu tapmışdı.
Həmin izçini həbsxanadan qaçmış,
ölümə məhkum edilmiş bir cinayətkarı
tapmağa cəlb etdilər. O, daha böyük ciddiyyətlə
bu işə girişdi, artıq onun izinə
düşmüşdü. Nəhayət, o, kiçik bir
çayın yanına çatdı, sahili ilə addımlayıb,
otlara baxır və deyirdi: “Burada o, sudan
çıxmışdır, izlər yoxdur, lakin ot
üstündə su damlası vardır”. Sonra o,
üzümlüyə yaxınlaşıb, çəpəri
göstərərək deyir: “Buradadır”. Əsgər
dəstəsi gedib, sonra heç nə tapmadığından
yenə onun yanına qayıdır. İzçi isə
israr edir: “O, buradan çıxmamışdır”. Doğrudan
da, cinayətkar orada gizlənmişdi və sabahısı
günü onun barəsindəki hökm icra olunmaqla, o, edam edildi.
Belə adamların sirrinin nədə olması
çoxlarını düşündürür. Görən,
onların baxışında hansı sehrli, görünməyən
bir güc yuva salmışdır? Onların
gözünü mikroskopla müqayisə etmək olardı.
Belə qüdrət sahibi kimi yaranmış
adamları, yəqin ki, Allah daha çox öz obrazına
uyğun və özünə bənzər
yaratmışdır.
Qauçoların başqa bir hissəsi isə bələdçilikləri
ilə şöhrət tapmışdır. İzçidən
sonra Bakeano - Bələdçi gəlir. O,
özlüyündə görkəmli şəxsiyyətdir,
heç də ayrı-ayrı sakinlərin deyil, bütün
bir mahalın taleyi onun əlindədir. Bələdçi
ciddi və təmkinli qauçodur, ətrafdakı 20 min kvadrat
liqanı (liqa - 3 milə bərabər uzunluq vahididir) öz
barmaqları kimi tanıyır. Bütün
düzənlikləri, meşələri və dağları əzbər
bilir. O, bu sahədə heç bir təhsil görməsə
də, hər şeydən yaxşı baş çıxaran
topoqrafdır, qoşun komandanları onları ən
yaxşı xəritə kimi özləri ilə
götürürlər. Bələdçi daim
onların yanındadır, daim açıq olan və hərəkət
edən xəritədir. Bu təvazökar
və daş kimi dinməz adama bütün hərbi sirlər
tanışdır, hər şey - ordunun taleyi,
döyüşün və bütün kampaniyanın nəticəsi
ondan asılıdır.
Gecənin
qaranlığında, meşədə və ya nəhayətsiz
düzənlikdə hansısa bir dəstə yolu azdıqda, bələdçi
ətrafı dolanıb, ağaclara nəzər salır, əgər
burada heç bir ağac yoxdursa, o, atdan düşüb yerə
əyilir, hansısa kolu öyrənir, ətraf tərəflərə
boylanır, ləngimədən atın belinə
sıçrayır və inamla yol yoldaşlarına deyir: “O
yerə çatmaq üçün düzünə gedincə
bir neçə liqaya bərabər məsafə qət edilməlidir,
həmin evlərin yanına getmək üçün cənuba
tərəf hərəkət etmək lazımdır”. O,
özünü itirmədən, tələsmədən yolu
axtarıb, yoldaşlarının qorxudan irəli gələn
etirazlarına cavab vermədən həmin istiqamətə
yollanır.
Əgər bu tədbirlər kömək etməsə və əgər yolçuları pampada gecə haqlamışdırsa və hər tərəf zülmət qaranlığa bürünmüşdürsə, bu vaxt o, bir neçə yerdə otu torpaqdan çıxarır, onların kökünü və torpağı iyləyir, otu ağzında çeynəyir, həm də bu proseduranı bir neçə dəfə təkrar edir, yaxın məsafədə şirin və ya duzlu suyu olan gölün və ya kiçik çayın olduğuna əminlik tapdıqdan sonra axtarışa yollanır ki, vəziyyətdən düzgün baş çıxara bilsin. Hətta onu da qeyd edirlər ki, general Rosas da Buenos-Ayresdən cənubda olan bütün otlaqlardakı otun dadını bilirmiş.
Düşmən çox yaxınlaşanda bələdçi tozu öyrənir və onun sıxlığına görə düşmən dəstəsinin gücünü müəyyən edib deyir ki, “2 min adamdır” və ya “500”, “200”-dür. Onun bələdçilik etdiyi dəstənin komandiri də bu məlumatlara uyğun olaraq hərəkət edir və onun məlumatları daim səhvsiz olur. Əgər kondorlar (Amerika qrifi növündən olan quş) və qarğalar hansısa bir yerin üstündə uçub dövrə vururlarsa, o deyə bilər ki, orada kimsə gizlənmişdir, yaxud ora tərk edilmiş dayanacaqdır və ya onlar qida kimi tapdıqları leşin üstündə dövrə vururlar. Bələdçiyə bir yerdən digərinə olan məsafə məlumdur, ora getməyə neçə gün və gecə lazım olduğunu da bilir, yaddan çıxmış, heç kəsin bilmədiyi cığırı da yadına salır, məhz bu cığırla da diqqəti cəlb etmədən və ikiqat tez qaydada mənzilə çatmaq mümkündür.
Bəd qauço tipinə bəzi yerlərdə, bir sıra hallarda rast gəlmək olur. Bu qanundan kənar, izqoy adamlar, əslində, mizantropdurlar, insana qarşı nifrətləri ilə seçilirlər. Belə adamı Bəd qauço adlandırırlar, bu epitet onun üzərinə heç də kölgə salmır. Ondan qorxurlar, hətta onun adını yavaşca, ehtiyatla tələffüz edirlər, özü də nifrətlə deyil, daha çox hörmət bəsləməklə. Bu sirli bir adamdır, pampada yaşayır, onun məskəni qanqalla örtülmüş səhra əraziləridir. Kəklik və zireh gəzdirən məməlilərlə qidalanır, əgər birdən ürəyi öküz dili yemək istəsə, heç kəsin köməyi olmadan, öküzü təkbaşına yıxıb öldürəcək, dadlı dilini kəsib götürəcək və qalan öküz cəmdəyini quzğunların şikarı olmaq üçün öldürdüyü yerdə də atıb gedəcəkdir.
Pampa nadir hallarda bu adamı tutmaq üçün onun arxasınca düşür. Hətta mühasirəyə alındıqda o, bıçağı ilə polisin bədəninə və sifətinə zərbə vurmaqla özünə yol açır, atı ilə qovuşub, onu təqib edənlərin güllə atəşindən yayınmaq üçün pampanın genişliklərinə cumur. Beləliklə, onu təqib edənlərdən xeyli uzaqlaşa bilər. Bəzi vaxtlarda bəd qauço kənd rəqs meydanına qaçırdığı qızla birlikdə gəlir, o, qızla bir neçə dövrə vurur, bir qədər rəqs edir, elə gəldiyi kimi də qəflətən yoxa çıxır. Sabahısı günü o, ləyaqəti təhqir edilmiş ailənin evinə gəlir, şirnikləndirib qaçırdığı qızı atdan düşürür və qızın valideynlərinin ünvanladıqları lənətlərə məhəl qoymadan sakitcə öz yaşayış yerinə - ucsuz-bucaqsız çöllərə üz tutur.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.-2018.- 21 iyul.- S.22.