“Qoşa qanad”ın sirli cazibəsi

 

İyulun 17-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutu və Mərkəzi Nəbatat Bağında “Qoşa qanad: Elmi idrakla bədii yaradıcılığın sintezi” mövzusunda IV “Fizika və lirika” konfransı, o cümlədən, konfrans çərçivəsində “Qoşa qanad” elmi-ədəbi gecəsi keçirildi. 2014-cü ildən etibarən ənənəvi şəkildə hər il keçirilən konfransda ilk dəfə iştirak edirdim.

 Layihənin mahiyyəti, bundan öncəki konfranslarda müzakirə olunan mövzular, ümumiyyətlə fizika və lirika mövzusunun tarixdəki yeri haqqında qısa araşdırmalarda öyrəndik ki, bu mövzu hələ tarixən aktual olub, keçən əsrin ortalarından etibarən fiziklər və liriklər arasında mübahisələr baş qaldırıb. İki tərəf arasındakı ilk qarşıdurma 1959-cu ildə SSRİ-də yaranır. Həmkarım Pərvin xanım da hələ “Qoşa qanad” elmi- ədəbi gecəsindən öncə məlumat toplamaq üçün oxuduğum III “Fizika və lirika” konfransı haqqındakı yazısında bu tarixi qısa şəkildə belə xatırladır: “Yazıçı-publisist, çox sevdiyim “İnsanlar, illər, həyat” silsilə memuarlarının, “Çexovu təkrar oxuyarkən” irihəcmli essesinin müəllifi İlya Erenburq “Komsomolskaya pravda” qəzetində çap elədiyi “Bir məktuba cavab” məqaləsiylə bu mübahisəni daha da alovlandırmışdı. Nina adlı gənc tələbə Erenburqa məktub yazıb sərgilərə getmək istəməyən, Blokun şeirlərini oxumayan, incəsənətlə maraqlanmayan, bütün bunları mənasız sayıb dəqiq elmləri və elmi tərəqqini dövrün əsas tələbi hesab edən mühəndis dostundan şikayətlənirmiş. Erenburq elə bu məktuba cavab kimi yazdığı məqaləsində sovet vətəndaşlarını hərtərəfli şəxsiyyət olaraq özünü inkişaf etdirməyə çağırır. Fiziklərin sərt müdafiəçisi fizikaçı alim İqor Poletayev bu fikirlərə “Komsomolskaya pravda” qəzetində çap olunan böyük bir məqalə ilə cavab verir”.

Bir müddətlik səngiyən məsələyə 1973-1974-cü illərdə “Komsomolskaya pravda” yenidən qayıtmalı olur. O zaman Moskvadakı Politexnik muzeyində şairlərin və fiziklərin görüşü keçirilir. Başlanğıcda bu mübahisə yalnız fiziklərlə ədəbiyyatçıları əhatə etsə də, zamanla elmi idrak və bədii yaradıcılıq qarşıdurmasına çevrilir (Onların iddiları ilə bağlı akademik İsa Həbibbəylinin konfransdakı çox aydın və səlis izahına növbəti abzaslarda qayıdacağıq). Bütün bunların nəticəsində hər kəs qəbul etməli olur ki, insanın bir şəxsiyyət kimi yetişməyində, cəmiyyətin inkişafında “fizika və lirika” qoşa qanad kimi bir-birinə möhtacdırlar.

Xatırlatdığımız kimi, ilk dəfə 2014-cü ildə keçirilən “Fizika və Lirika” konfransı həmin il Bakı Elm Festivalı çərçivəsində baş tutub. İkinci dəfə konfrans AMEA Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında “Novruz təqvimi: lirikada və astrofizikada” mövzusunda keçirilib. Həmin konfransın iştirakçıları müasir teleskoplar vasitəsiylə səma cismlərini seyr edə biliblər. Keçən ilki üçüncü konfrans isə AMEA-nın Dendrologiya İnstitutunda təşkil edilib. Bu ilki dördüncü konfrasda olduğu kimi onda da konfrans çərçivəsində alim yazarların yaradıcılıq nümunələrindən ibarət almanaxlar, həmçinin alimlərin əl işlərini özündə cəmləşdirən rəsm sərgisi iştirakçıların ixtiyarına verilib. Təşkilatçıların sözlərinə görə, ildən ilə inkişaf edən və genişləndirilən konfrans təbii olaraq, dördüncü dəfəsində daha geniş tərkibdə və daha çox işlərlə əlamətdardır.

 

Nəbatat Bağı yeni təqdimatda

 

Konfransdan öncə Mərkəzi Nəbatat Bağının canlı kolleksiyasını ziyarət etdik. Hələ beş il öncə Bakı Dövlət Universitetində oxuyarkən ilk dəfə tanış olduğum və sonra dəfələrlə gəzdiyim Badamdar qəsəbəsində yerləşən bağ bu dəfə bir başqa ab-havaya bürünmüşdü. Sadəcə gözəlliyinə daldığımız, bəzən yanından etinasızca keçdiyimiz, kölgəsinə sığındığımız, ya da ancaq çəkdirəcəyimiz fotonun fonu olaraq gördüyümüz ağacların, bitkilərin hər biri indi artıq bir tədqiqat obyekti idi. Axı burada həm də AMEA-nın Botanika İnstitutu fəaliyyət göstərir.

Bizə çoxdan ekzotik məkan kimi tanış olan bağ haqqında daha geniş məlumatı bağın direktoru, biologiya üzrə fəlsəfə doktoru Vahid Fərzəliyevdən öyrəndik. O, burada canlı kolleksiyaların zənginləşdirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verdi.

Öyrənirik ki, 1934-cü ilin iyulun 3-də Nəbatat bağı və Nəbatat İnstitutu üçün Dağüstü parkdan başlamış “Qurd qapısı”na gedən yol arasında 80-100 hektar sahə ayrılması və sahənin su ilə təchiz edilməsi barədə qərar qəbul edilib və nəticədə belə bir gözəl məkan yaranıb. Abşeron yarımadasının cənubi-şərq hissəsində salınan Nəbatat bağı Bakının cənub-şərq sisteminin yaşıl zonasına daxil olaraq onun yaşıl mədəni mərkəzlərindən biri hesab olunur. Bu bağda respublikamızda bitki ehtiyatlarının xammal bazasını zənginləşdirmək məqsədi ilə Azərbaycanda və xarici ölkələrdə bitən bəzək, dərman, efir yağlı və digər faydalı bitkilərin iqlimləşdirilməsi, bitki genofondunun, o cümlədən nadir və nəsli kəsilməkdə olan bitkilərin çoxaldılması və mühafizəsi üzərində geniş elmi-tədqiqat işləri aparılır.

Gəzə-gəzə müxtəlif ağacların, kolleksiyaların, eləcə də diqqətimizi çəkən lövhələrin qarşısında dayanırıq, İsa müəllim və digər alimlər ehtiyac duyduqca suallarını verirlər.

Diqqətimizi çəkən lövhələrdən biri “İslam, Səmavi və başqa dinlərdə təbiət sevgisi” adlı lövhə olur. İsa müəllim səsli şəkildə lövhədə yazılanları oxuyur. Bu yerdə “fizika və lirika” mövzusuna din də qoşulur. Elə ordaca dinin də bu məsələyə münasibətini öyrənirik və gəldiyimiz nəticəyə tərcüməçi yenə də İsa müəllim olur: “Tamamilə fizikadır. Həm fizika, həm fəlsəfə, həm də lirika”...

 

Alim-rəssamlar

 

Daha sonra Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə keçirilən bədii sərgi ilə tanış olduq. İnstitutun direktoru Ərtəgin Salamzadə sərgi haqqında məlumat verərkən qeyd etdi ki, AMEA-nın Botanika bağında doqquzuncu dəfə təşkil olunan sərgidə elmin iki əsas istiqaməti - dəqiq və humanitar elmlər bədii sənətkarlıq kontekstində əlaqələndirilir. Sərgidə Memarlıq və İncəsənət İnstitutunun əməkdaşları - direktor müavini Xəzər Zeynalov, Səyyad Bayramov, Leyla Məmmədkərimova (Mali), Aysel Talıbova, Günel Seyidəhmədli və Vəfa Cəsarətin ümumilikdə 26 əsəri nümayiş etdirilir. Bu əsərlərin 11-i ilk dəfə sərgilənir. Əsərlər yağlı boya, sulu boya, linoqravüra, kompüter qrafikası kimi fərqli texnikalarda işlənib. Sərgilənən əsərlərdə xalqımızın milli mədəniyyəti, tarixi keçmişi, memarlıq abidələri, şəxsiyyətlərin portretləri əks olunmuşdu.

Bir-bir əsərlərlə tanış olarkən qəribədir ki, onların estetikasında bir elm, idrak hiss olunurdu. Fikrimizcə, alimlər öz qələmlərini fırçalarının rəngləri ilə də gizlədə bilməmişdilər. İstər mövzu seçimi, istərsə də o mövzuya yanaşma tərzi bizə bunu deməyə əsas verir. Hələ konfrans başlamamışdan və sayğıdəyər alimlərimizin mövzu ətrafındakı düşüncələrini öyrənməmişdən öncə bu əsərlər mövzuya bir növ giriş xarakteri daşıyır və bizdə müəyyən fikirlər formalaşdırır. Həqiqətən də elmsiz təxəyyül, ya da təxəyyülsüz, adicə düsturlara arxalanan elm öləzimiş, sönməkdə olan şam kimidir, öz dibindən başqa heç yeri işıqlandıra bilməz.

 

“Qoşa qanad” layihəsinin elm və ədəbiyyat əlaqələri üstünlük təşkil etsə də, yalnız bədii yaradıcılıq sahəsi ilə məhdudlaşmayıb, elmlə incəsənətin müxtəlif sahələrinin: təsviri sənətin, musiqi sənətinin, xalçaçılıq, oyma və döymə, xəttatlıq sənətlərinin də qarşılıqlı əlaqələrini və zənginləşdirilməsi məsələlərini də özündə cəmləşdirdiyini deyən akademik İ.Həbibbəyli elm və təsviri sənət münasibətlərinin geniş imkanlara malik olduğunu nümayiş etdirən elm adamlarının rəsm əsərlərinin sərgisinin AMEA Memarlıq və İncəsənət İnstitutunun bazasında 2014-cü ildən təşkil olunduğunu diqqətə çatdırdı. O, həmçinin Memarlıq və İncəsənət İnstitutunun ayrı-ayrı elm sahələrində çalışan alimlərin müxtəlif mövzularda təşkil olunmuş 8 rəsm sərgisinə həsr edilmiş sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Zeynalovun 2017-ci ildə işıq üzü görən “Alimlər - rəssamlar” adlı monoqrafik kitabını xatırladı və dedi ki, üç dildə - Azərbaycan, ingilis və rus dillərində nəşr olunan kataloqda zəngin illüstrasiyalar yer alıb. Onun sözlərinə görə, kitab təsviri sənətin inkişafında elmi idrakın yerini və mövqeyini diqqət mərkəzinə çəkir.

 

“Azərbaycanın yaşıl xəzinəsi”

 

Botanika İnstitutunda tanış olduğumuz ilk məkan İnstitutun nəzdində yaradılmış Botanika Muzeyi oldu. Muzeydə açılan “Azərbaycanın yaşıl xəzinəsi” adlı sərgi ilə bizi institutun doktorantı Xanım Həsənova tanış etdi. O, Azərbaycanın Hirkan meşələrinin on əsas klassik relikt ağac növünün yayılma ərazilərini, florası, biocoğrafiyası və ekologiyasını əks etdirən xüsusi nümunələr barədə ətraflı və son dərəcə maraqlı məlumatlar verdi. Bəzi məqamlarda Mərkəzi Nəbatat Bağının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Sadiq Qarayevin yerində müdaxiləsi nümayiş olunan bir çox nümunələr haqqında daha ətraflı məlumatlar əldə etməyimizə səbəb oldu.

Qeyd olundu ki, sərgi AMEA-nın Botanika İnstitutu, İsveçrənin Fribourg Təbiət Tarix Muzeyi, Botanika Bağlarının Beynəlxalq Mühafizəsi və NG Tornay Dizayn Kompaniyasının təşəbbüsü ilə reallaşıb.

Müasir texnoloji vasitələrlə daha da zənginləşdirilən və maraqlı görünüş qazanan sərgi ilə tanışlıq da hamımızda məmnunluq yaradır. Hər bir detalla, nümayiş olunan hər eksponatla ayrı-ayrılıqda maraqlanan İsa Həbibbəyli çıxışda bəzi tövsiyə və təkliflərini də əsirgəmədi. Akademik haqlı olaraq, bu cür müasir şəkildə təşkil olunmuş muzeydə yalnız Hirkan meşələrinin deyil, Azərbaycanın digər zəngin təbii sərvətə, bitki və heyvanat aləminə malik meşələrindən də nümunələr görmək istədiyini dedi. Muzeyin əməkdaşı gələcək üçün belə bir planlarının olduğunu və bu istiqamətdə layihələr hazırlandığını diqqətə çatdırdı.

 

Hörmətli “qoşaqanadlılar”!

 

Daha sonra AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İ.Həbibbəylinin giriş nitqi ilə konfrans açıq elan edildi. İki saatdan çox müddətdə son dərəcə dinamik, səmimi keçən konfransın elə ilk səmimiyyətini İsa müəllim zala olan müraciəti ilə yaradır: Hörmətli “qoşaqanadlılar”!- deyə. Hər kəsin üzündə təbəssüm yaradan bu müraciət məndə maraq doğurur. Bir çoxunu tanıdığım alimlərə, ziyalılara ilk dəfə görürmüş kimi yenidən nəzər salıram. Həqiqətən də həm elmin, həm də incəsənətin təəssübünü çəkən, onları qoşa qanad kimi çiyinlərində gəzdirən bu insanlar özlərinin yorulmazlığı və zəhmətsevərlikləri ilə həm Azərbaycan elminə, həm də incəsənətinə nadir nümunələr bəxş ediblər. Bu “qoşaqanadlılar” öz fəaliyyətləri ilə sübut edirlər ki, fizika və lirika bir vəhdət halında, bütün şəkildə gözəldi, faydalıdır.

Tədbirin fizika və lirikanın qarşılıqlı əlaqəsinə həsr olunduğunu qeyd edən akademik İsa Həbibbəyli ədəbiyyatın bir sıra elmlər ilə vəhdətindən söz açdı. O, konfransın işində ədəbiyyatşünaslarla yanaşı, texnika və təbiət elmləri nümayəndələrinin birgə iştirakının səmərəli və əhəmiyyətli olduğunu bildirdi. Qeyd etdi ki, fizika təbiət hadisələrini müşahidə, eksperiment və nəzəriyyə əsasında öyrənir. Ədəbiyyat isə həyatı bədii obrazlarla əks etdirən söz sənətidir.

Müxtəlif elm sahələri arasında qarşılıqlı tədqiqatların aparılmasının önəmli olduğunu vurğulayan AMEA-nın vitse-prezidenti konfransın həm də fənlərarası əlaqələrin inkişaf etdirilməsində körpü rolunu oynadığını qeyd etdi. Bildirdi ki, artıq dördüncü dəfə keçirilən bu konfrans həm akademiyada elmin inkişafına, həm də bədii ədəbiyyatın, təsviri sənətin, musiqi sənətinin inkişafına əhəmiyyətli təsirini göstərəcək.

Doğrudan da tədbirin qoşa qanad adlandırılması heç də təsadüfi deyil. Şeir və elm özü birlikdə qoşa qanaddır. İnsan bu qanadlarla sonsuz ənginliklərə səyahət edir, göyün yeddinci qatından “xəbər gətirir”.

İsa müəllimin sözləri ilə desək: “Burada fizika sözü şərtidir. Əsas məsələ elmlə poeziyanın vəhdətini ifadə etməkdir. Fiziklərlə liriklərin qarşılıqlı diskussiyası və görüşləri hələ neçə illər bundan öncəyə gedib çıxır. Liriklər iddia edir ki, onlar insanların mənəviyyatını zənginləşdirərək yeni insan yaradırlar. Fiziklər isə iddia edirdilər ki, bütün elmi inkişaf onların adları ilə bağlıdır. Ancaq 1970-ci illərdən sonra bu tərəflər üz-üzə gələrək razılaşdılar ki, fizika və lirika əslində, eyni səviyyədə insana lazımdır. Bu, qoşa qanaddır. Hər ikisinin birgə harmoniyası, birliyi cəmiyyətin inkişafına gətirib çıxaracaq. Fizika təbiətin qanunauyğunluqlarını öyrənirsə, lirika da musiqiyə aid olsa belə, mənəvi aləmin qanunauyğunluqlarını öyrənir. Beləliklə, fizika və lirika bir-birini tamamlayır”.

O, növbəti “Fizika və lirika” konfransının beynəlxalq miqyasda MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu ilə birgə təşkil olunacağını bildirdi: “Bu ilin noyabr ayında Azərbaycan Milli Elmlər Akademiyasında və Rusiya Federasiyasının Dubna Nüvə Tədqiqatları İnstitutunda keçirilməsi nəzərdə tutulan “Fizika və lirika”: dünya təcrübəsi və ölkə reallıqları” Beynəlxalq elmi konfransı Qoşa qanadın hər iki qanadının möhtəşəm bir harmoniyası və hesabatı olacaqdır. Müxtəlif ölkələrdən dəvət olunmuş görkəmli dəqiq və təbiət elmləri üzrə alimlərin bədii yaradıcılıqla məşğul olmağın reallıqları, elmə və ədəbiyyata gətirdiyi böyük dəyişikliklər barəsindəki elmi məruzələri toplusu “Fizika və lirika” adlı tam yeni bir elmi istiqamətin təqdimatına çevriləcəkdir”.

Tədbirdə Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov ədəbiyyat ilə fizikanın qarşılıqlı əlaqəsini ətraflı təhlil edərək maraqlı bir fikir irəli sürdü: “həm ədəbiyyat, həm fizika gerçək dünyanı müşahidələrlə öyrənməklə, əks etdirməklə, təhlillə məşğuldur”. Həqiqətən də bütün mövcudiyyatın başında müşahidə və onu əks etdirmə durmurmu?! Nə fərqi var elmi cümlələr, kəşflər, yoxsa bədii boyalarla?!

Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, millət vəkili, akademik Rafael Hüseynov çıxışında klassiklərimizin yaradıcılığında riyaziyyat, astronomiya, təbabət, kimya, fizika və digər elmlərin mühüm qanunlarının yer alması, bədii-fəlsəfi fikrin texniki və təbiət elmlərinin əsas müddəalarına istinadən istifadə olunması barədə məlumat verdi. Onun mövqeyində isə ədəbiyyata, sözə, necə deyərlər, bir köynək yaxınlıq hiss olunurdu. Elə “Bədii söz qədər insanları birləşdirən dəyər yoxdur” fikri akademikin ədəbiyyata olan dəyərinin göstəricidir.

 

Alim yazarlar bir topluda

 

Hələ bağda təşkil olunmuş sərgidə qonaqlara təqdim olunan “Plyus bədii yaradıcılıq” (II kitab) və II “Qoşa qanad” ədəbi almanaxları haqqında konfransda daha geniş məlumat verildi. AMEA Nizami adına Ədəbiyyat İnstitutunun “Ədəbiyyatşünaslıq plyus” Yaradıcılıq Birliyi və Azad Həmkarlar İttifaqı tərəfindən yenicə çapdan çıxan almanaxların ideya müəllifi və ön söz müəllifi İ.Həbibbəyli, tərtibatçısı “Ədəbiyyatşünaslıq plyus” Yaradıcılıq Birliyinin sədri, professor Vüqar Əhməddir. Hər iki almanaxda AMEA-nın müxtəlif elmi-tədqiqat institutlarında çalışan üzvlərinin ədəbi-yaradıcılıq nümunələri toplanılıb.

Konfransa töhfə olaraq hazırlanan “Qoşa qanad” kitabı barədə AMEA Azad Həmkarlar İttifaqının sədri, hüquq üzrə elmlər doktoru Habil Qurbanov danışdı. Onun sözlərinə görə, Azad Həmkarlar İttifaqı tərəfindən çap olunan kitabda 48 AMEA əməkdaşının şeiri yer alıb.

İ.Həbibbəyli isə mövzuya daha geniş aydınlıq gətirdi: “Keçən il nəşr edilən “Plyus bədii yaradıcılıq” almanaxında 49, “Qoşa qanad” almanaxında isə 37 nəfər Akademiya əməkdaşlarının şeir, hekayə və tərcümələrinin çap olunması və bu ilki ədəbi almanaxlarda həmin göstəricilərin daha da artması bu ali elmi qurumda bədii yaradıcılıqla məşğul olanların geniş miqyasını təsəvvür etməyə imkan yaradır. Artıq Milli Elmlər Akademiyası mühitində ədəbi proses ölkə üzrə gedən bədii yaradıcılıq proseslərinin aparıcı istiqamətlərindən birinə çevrilmişdir. Milli Elmlər Akademiyası əməkdaşlarının bədii yaradıcılıq nümunələrinin çap olunduğu “Qoşa qanad və “Plyus bədii yaradıcılıq” almanaxlarının ardıcıl nəşri Akademiya mühitində çıxan ilk ədəbi toplular kimi mühüm əhəmiyyət kəsb edir. “Fizika və lirika”, “Qoşa qanad”, “Ədəbiyyatşünaslıq, plyus” layihələri tədricən ədəbi yaradıcılıq qruplarına, hətta ədəbi cərəyana çevrilmə prosesini yaşayır”.

 

AMEA-nın 41 əməkdaşı Azərbaycan Yazıçılar Birliyinin üzvüdür

 

Almanaxın təqdimatının davamı kimi akademik AYB-yə üzv olan AMEA əməkdaşlarının da kifayət qədər olduğunu vurğuladı. Hətta AYB-nin katibi Rəşad Məcidə zarafatla dediyi “Birliyin Akademiya filialını da yarada bilərsiniz” sözləri həqiqətən də alimlərimiz arasında kifayət qədər sözə, ədəbiyyata bağlı insanların olduğunu göstərir. Bu, əlbəttə sevindirici haldır. Deməli, “qoşaqanadlılar” hər iki sahədə öz missiyalarını uğurla davam etdirir, bir çoxu kimi alim adından çəkinib, “sandıq ədəbiyyatı” yaratmır, bədii nümunələrini açıqürəkliliklə ictimaiyyətlə bölüşürlər.

Mövzu haqqında daha geniş məlumat isə, təbii ki, R.Məciddən gəldi. O, AMEA-nın 41 əməkdaşının Birliyə üzv olduğunu qeyd etdi. İ.Həbibbəyli R.Məcidin sözlərinə qüvvət olaraq, dedi ki, onlardan 29 nəfəri Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda, 10 nəfər fizika-riyaziyyat, təbiət və yer elmləri bölmələrində, 1 nəfər Folklor və 1 nəfər isə Əlyazmalar İnstitutunda elmi axtarışlarla yanaşı, bədii yaradıcılıqla da ardıcıl şəkildə məşğul olurlar. Akademik qurumlarda çalışan alim-yazıçıların Azərbaycan dilində və xarici dillərdə yüzdən çox kitabları nəşr edilmişdir. Bundan başqa, hələlik Yazıçılar Birliyinin üzvü olmasalar da Milli Elmlər Akademiyasında bədii yaradıcılıqla məşğul olanların kəmiyyət göstəriciləri həmin qurumun üzvlərindən çoxdur.

R.Məcidin Ədəbiyyat İnstitutunun daha iki əməkdaşına - filologiya üzrə fəlsəfə doktorları Aynurə Paşayevaya və Təranə Abdullayevaya Birliyin vəsiqələrini təqdim etməsi isə ötən əsrdən üzü bəri davam edən “fizika-lirika” qarşıdurmasına ən gözəl cavab, “qoşa qanada” doğru dostluq əli oldu.

Bir şairin, Yazıçılar Birliyi təmsilçisinin uzatdığı dostluq əlinə AMEA-nın əməkdaşlarından da səmimi cavab gəldi. Belə ki, konfransın sonrakı dəqiqələrində AMEA-nın müxtəlif elmi-tədqiqat institutlarının əməkdaşlarından Sevinc Rəcəbova, Aytən Şərifli, Leyli Əliyeva, Tünzalə Zeyvəliyeva, Şakir Albalıyev, Aynur Nəcəfzadə, Oqtay Rza öz şeirlərini səsləndirdilər.

 

Elmdən ədəbiyyata - məruzələr

 

Xəzər Universitetinin rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet İsaxanlı “Əlkimya və əlfizikadan böyük ədəbiyyata”, professor Tahirə Məmməd “Simvollar: ədəbiyyatda və elmdə”, “Ədəbiyyatşünaslıq plyus” Yaradıcılıq Birliyinin sədri, professor Vüqar Əhməd “Elmi idrakla bədii təxəyyülün qovuşuq məkanında”, AMEA Mərkəzi Nəbatat Bağının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Sadiq Qarayev “Bədii yaradıcılığın inkişaf dialektikasında təbiət elmlərinin rolu: Təbiətdən ədəbiyyata”, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının böyük elmi işçisi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Bəhram Quluzadə “Astrofizika və lirika” mövzularında məruzə etdilər. Onların son dərəcə maraqlı və fərqli sahələrə həsr olunmuş geniş məruzələri bayaqdan davam etməkdə olan və konfransın əsas qayəsini təşkil edən müzakirələrə bir növ yekun xarakteri daşıyırdı.

Məruzələrdən sonra çıxış edən akademik Vaqif Abbasov, professor Hikmət Mahmud, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə və başqalarının mövzu ətrafındakı fikirləri də mövzunun əhatə dairəsini bir az da genişləndirirdi. Hər çıxış sanki yeni üfüq açır, hər fikir yeni izahlar ortaya qoyurdu.

Hələ konfransın əvvəlində çap olunan iki almanaxdan danışan İ.Həbibbəyli qeyd etmişdi ki, keçən ilki almanaxda durğu işarələrindən sual (?) daha çox idisə, bu dəfə ən çox tireyə (-) rast gəlinir. Bu da alimlərimizin, elm adamlarımızın artıq suallara cavab axtarmaqdan daha çox elmi izahlara meyilləndiyinin göstəricisidir. Alimlərimiz şeirləri kimi məruzələrində, çıxışlarında da buna sadiq qaldılar.

Sonda çıxış edən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli və AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov isə poeziya elminə, poetika məsələlərinə aid elmi konfransların daha çox keçirilməsi, Hamlet İsaxanlının elmi əsəri kimi “fizika və lirika”nın vəhdətindən bəhs edən kitabların təqdimatlarının keçirilməsi kimi irəli sürdükləri təkliflər də konfrans iştirakçılarının marağına səbəb oldu.

 

P.S. Konfransın balaca qonaqları

 

IV “Fizika və lirika” konfransının ən balaca qonaqları akademik İsa Həbibbəylinin nəvələri idi. Bu qədər vacib və önəmli bir mövzuya akademikin öz azyaşlı nəvələrini də cəlb etməsi çox sevindirici haldır. Gördükləri hər şeylə maraqlanan, müzakirələrə böyük maraq və səbrlə qulaq asan uşaqlar bilmək istədikləri haqqında sual verməkdən çəkinmir, hər şeyi ən incə detallarına qədər öyrənməyə cəhd edirdilər. Məsələn, onların Botanika muzeyində sərgilənən nümunələrlə bağlı verdikləri suallar az yaşlarına rəğmən geniş dünyagörüşlərindən, yeni məlumatlara adekvat reaksiyalarından xəbər verirdi.

Konfransdan sonra isə hərəsi səsləndirdikləri şeirlər və mahnılarla mövzunun hələ ki, lirika tərəfində olduqlarını göstərdilər. Ancaq biz inanırıq ki, indidən elmin, mədəniyyətin ağuşunda böyüyən, tərbiyələnən bu kövrək fidanlar sabah elm və incəsənətin “qoşa qanadları” ilə pərvazlanacaq, cəmiyyətimiz, dövlətimiz üçün faydalı şəxsiyyətlərə çevriləcəklər.

 

Müşfiq, Şahanə.

525-ci qəzet.-2018.- 22 iyul.- S.16-17.