“Molla Nəsrəddin”
Ensiklopediyası: böyük salnamənin
işıqlı səhifələri
Böyük ədibimiz Cəlil Məmmədquluzadə özünü
ifadə etməyin ən münasib yolunu tapana qədər
müxtəlif sahələrdə
çalışmışdı. Ona isə
ömürlük damğasını
vuracağı bir ocaq lazım idi.
Nəhayət, həyatdakı hər şeyə Molla Nəsrəddinsayağı yanaşmağı
qərara alır. Onun bu adı seçməsi və Mollanın kimliyi barədə ədəbiyyatşünaslıqda bir sıra tədqiqatlar
aparılmışdır. Hənəfi Zeynallı “Molla Nəsrəddin” məqaləsində bu məsələyə toxunaraq
yazır ki, “Nəsrəddin Xocanın nüfuzuna gəldikdə Köprülüzadənin göstərdiyinə
görə o, serblərin,
bolqarların, arnavudların,
buşnakların, rumların,
ermənilərin belə
“ruhuna qədər gömülmüşdür”. Digər tərəfdən
Mollanın lətifələri
rus, fransız, ingilis və başqa dillərə də tərcümə edildiyi qeyd edilməlidir”.
Belə bir obraz rəssamların
da fırçasında
xalqın qəbul edə biləcəyi qiyafədə təqdim olundu. Bu barədə
jurnal yeni çap olunduğu dönəmlərdə Firudun
bəy Köçərlinin
yazdıqları maraqlıdır:
“...Jurnalın bütün
nömrələrində eyni
qaydada təsvir olunan Molla Nəsrəddin
isə əlinin hərəkəti və izahlı bir heyrət ifadə edən baxışı ilə bu mənzərəni
seyr edir və görür ki, bütün mömin müsəlmanlar müxtəlif vəziyyətlərdə
və paltarlarda yuxu allahı Morfeyin ağuşundadırlar”.
Anlaşılan odur ki, Mirzə
Cəlil ən nüfuzlu “imza”dan yararlanmağa qərar vermişdi. Bu ad altında yayımlanan jurnalın tarixçəsi barədə
Ü.Hacıbəyov “Molla
Nəsrəddin haqqında
bir neçə söz” məqaləsində
qeyd edir ki, “Hələ iyirmi ildən bəri davam etmədə olan “Molla Nəsrəddin” məcmuəsi nəfasət
məzhəkəsi ilə
tarixi Mollanı bir yüz məruf
etdi. Xalqımız Mollanı o qədər
sevir ki, onun azərbaycanlı olduğunu belə rədd edir, Cəbrail qəzasında yaşadığını belə
söyləyirlər”. Göründüyü kimi,
bu molla kim idisə,
nəçi idisə
artıq onu həm bəşəri, həm də milli qiyafəsində sevdirə bilmişdilər.
7 aprel 1906-cı ildən 7 yanvar 1931-ci ilə qədər çap olunmuş ilk Azərbaycan satira jurnalı “Molla Nəsrəddin” müəyyən fasilələrlə
25 il nəşr
olunmuşdur. Tiflisdə “Qeyrət”
mətbəəsində ilk nömrəsi çapdan çıxan dərgi sanki yolu gözlənilirmiş
kimi bir çox ziyalılar tərəfindən sevinclə
qarşılandı. Abdulla
Şaiq “Molla Nəsrəddin” məqaləsində
bu barədə yazır ki, “Birinci nömrəsindən
başlayaraq yüzlərcə
azərbaycanlıdan biri
tək mən də bu məcmuənin
oxucusu oldum. Demək olar ki, onun bütün
nömrələri məndə
yüksək hiss və
fikirlər oyadırdı...
Mən tək deyildim. Çoxları belə idi”.
Bununla belə, bir çox həmkar mətbu orqanları da jurnala xeyir-dua
verməkdən çəkinməmişlər.
Əlibəy Hüseynzadə
“Molla Nəsrəddin”
və “Dəbistan” məqaləsində öz
mövqeyini bu cür ifadə etmişdir: “...Hər halda “Molla Nəsrəddin”in
müdiri və Molla Nəsrəddinin müridi Cəlil Məmmədquluzadə cənablarını
müvəffəqiyyətdən təbrik və qəzetəsinin qiraətini
bütün qarelərimizə
tövsiyə edəriz”.
Fəaliyyəti zamanı mövhumat
və cəhalət əleyhinə “susmağın
əhəmiyyəti”dən, müsəlman ruhanilərinin
və müsəlman arvadlarının özəl
həyatından, “Qızıl
İranın” və
imperialist dövlətlərin “sarsılmaz qüdrətindən”,
uşaqların təhsil
problemlərindən və
s. bəhs edən jurnal müəyyən “xeyirxahlar” da qazanmışdır. Qafqaz general-qubernatoru
və başqa vəzifəli şəxslər
“Molla Nəsrəddin”
jurnalını məhkəməyə
vermiş, bir sıra nömrələrinin
mətnini ruscaya çevirib yuxarı dairələrə göndərmişdilər.
Tiflisdən sonra Təbrizdə
çap olunan dərginin “Təbriz üzrə abunə dəftəri”nin sıra nömrəsində
qeyd olunan 252 nəfər jurnalın abunəsini qran, tümən, qəbz, abbası ilə ödəmişlər. Abunəçilər sırasında şahzadə,
general, ağa, xan, bəy, tacirbaşı, konsul kimi titullarla
yanaşı, hacı,
məşədi, seyid
kimi titullar da olmuşdur. Təbrizdən sonra jurnal bağlanana kimi Bakıda nəşr olunmuşdur.
Molla Nəsrəddin jurnalı təkcə Azərbaycanda,
Qafqazda və Rusiyada deyil, Asiya və Afrikanın,
Şərqi Avropanın
bir çox mərkəzlərində, Daşkənd,
Aşqabad, Həştərxan,
Ufa, Səmərqənd, Tehran, İstanbul, Qahirə və s. kimi şəhərlərdə də
yayılmışdır. Jurnal bütün
uğurları ilə
yanaşı, daim “düşmən əhatəsində”
yaşamağa məhkum
edilmişdi. Bu barədə
Üzeyir Hacıbəyovun
“Molla Nəsrəddin”
adlı yarımsəhifəlik
yazısında oxuyuruq:
“...Və Haqq və həqiqət acı olduğuna görə. Bizim həmişə “şirni” yeməyə öyrənmiş hökumətimizin
xoşuna gəlmədi
və gəlməyən
surətdə “hökumət”
hökumətə danos
verib, haqq və həqiqət ağzını yumurdu”.
Mirzə Cəlilin vəfatından
sonra jurnal çıxmasa da, onun qoyduğu iz bir çox
yollara bələdçilik
etmişdir. İstər bədii, istərsə
də elmi yaradıcılıqda mollanəsrəddinçilərin
fəaliyyəti daim diqqət mərkəzində
olmuşdur.
Ə. Haqverdiyev “Molla
Nəsrəddin” haqqında
xatiratım” əsərini
yazmış, bir sıra müəlliflər
jurnalla bağlı keçmişlərindən söz
açmışlar. Xalq şairi Rəsul Rzanın Mirzə Cəlil əsərlərinin
motivləri əsasında
qələmə aldığı
lirik-fəlsəfi silsiləyə
“Bəhlul, İsgəndər
və mən”, “Kefli İsgəndər”, “İsgəndər, Çatski
və Çayld
Harold”, “Ölülər”, “Zeynəbin qisası”, “Bəlkə də qaytardılar”, “Kamança”,
“Nazlılar”, “Anamın
kitabı” şeirləri
daxildir. Mir Cəlalın
“Yolumuz hayanadır”
(1957) romanında mollanəsrəddinçilərin
obrazları yaradılmış,
onun “Dirilən
adam” romanını Həmidə xanım Məmmədquluzadə rus
dilinə çevirmişdir.
T.Hacıyevin “Molla Nəsrəddin”in
dili və üslubu”, Ə.Mirəhmədovun
“Azərbaycan Molla Nəsrəddini”, F.Hüseynovun
“Molla Nəsrəddin”
və mollanəsrəddinçilər”,
Mir Cəlalın “Cəlil
Məmmədquluzadə realizmi
haqqında”, Qulam Məmmədlinin “Molla Nəsrəddin salnaməsi”,
Nazim Axundovun “Molla Nəsrəddin” və s. tədqiqatlarda jurnalın gördüyü
böyük işlərdən
bəhs edilmişdir. Bütün bunlarla yanaşı, Azərbaycan
Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun
Mətbuat tarixi və publisistika şöbəsində “Molla
Nəsrəddin” ensiklopediyası
hazırlanır.
Ensiklopediyada jurnalın gizli
imzalarından Hop-hop, Sancaq,
Cırcırama, Dabanı
çatdax xala, Hərdəmxəyal, Xortdan,
Kefsiz, Qızdırmalı,
Lağlağı, Məşədi
Mozalan bəy, Mozalan, Filankəs, Molla Nəsrəddin, Dəmdəməki, Məşədi
Sijimqulu, Heyvərə,
Dərviş, Cüvəllağı,
Teleqraf Güllü, Mirzə Qoşunəli, Qəmişqulu, Anaş qurbağa, Əbunəsr Şeybani və s. haqqında ətraflı bilgilər verilir. Bundan başqa, ensiklopediyada jurnalın əsas janrları olan “Felyeton”, “Karikatura”, “Elanlar”, “Atalar sözləri”, “Tapmacalar”, “Ordan-burdan”, “Səyahətnamələr”, “Lüğət”,
“Poçta qutusu”, “Bəhri-təvil”, “Yoldaşlıq
şarjı”, “Taziyanə”
və s. haqqında da yazılar yer alır.
Jurnalın müxbir və publisistlərindən Nəsrulla Qənbərov, Əli Razi Şəmçizadə, Rzaqulu Nəcəfov və başqaları ilə yanaşı, nisbətən az tədqiqata cəlb olunmuş Bayraməli Abbaszadə (Mirzə Gülzar Sərabi), Həbibulla Səmədzadə, Əli Səbri, Hüseyn Minasazov, Şürbi Mirzəyev, Fərhad Ağazadə, Əbdülxalıq Axundov, Mirzə Məhəmməd Axundov kimi mollanəsrəddinçilər də ensiklopediyaya daxil edilən mövzulardandır. Həmçinin, şairlərdən Mirzə Ələkbər Sabir, Əli Məhzun, Əli Razi, Mirzə Əli Möcüz, Əliqulu Qəmküsar, Əliabbas Müznib, Molla Mahmud Çakər və s. rəssamlardan O.Şimerlinq, İ.Rötter, Əzim Əzimzadə, Seyidəli Behzad, Xəlil Musayev, İsmayıl Axundov, Qəzənfər Xaliqov və başqaları haqqında məlumatlar da ensiklopediyada yer alır. Ensiklopediyanın önəmli tərəflərindən biri də odur ki, jurnalla bağlı tədqiqat aparmış Qarayev Yaşar, Kamal Talıbzadə, Əli Nazim, İsa Həbibbəyli, Mir Cəlal, Məhəmməd Əmin Rəsulzadə və b. kimi tədqiqatçılar barəsində də məqalələr vardır.
Bütün bunlarla yanaşı, ensiklopediyada jurnalın əməkdaşlıq etdiyi və ya hər hansı bir formada əlaqəsi olduğu mətbu orqanları barədə də yazılar nəzərdə tutulub. Belə jurnallara “Kukureku”, “Əqrəb”, “Zənbur”, “Füyuzat”, “Çayan” gülgü jurnalı (Kazan), “Nəsrəddin Xoca” (Türkiyə) və s. aid etmək olar. Qəzetlərdən isə “Kavkazski raboçi listok”, “Nəsimi-Şimal” (Tehran-Şiraz), “Təbriz”, “Türkmənistan” (Aşqabad), “Zəhmət” (Aşqabad), “Məzhər” (Tiflis), Yeni fikir” (Tiflis), “Açıq söz”, “Novruz”, “Qoç-Dəvət” və s. adlarını çəkə bilərik.
Günümüzdən baxanda
isə “Molla Nəsrəddin” bu gün də öz həmkarları ilə əməkdaşlıq
edir. Mirzə Cəlilin “doğrunu
yazmaq” tövsiyəsinə əməl etməklə
onun əbədi
yaşarlılığını təmin etmək olar.
Gülnar SƏMA
525-ci qəzet $g 2018.- 21 iyul.- S.19.